Fəlsəfənin arxa pilləkənləri – 3

“Lampe unudulmalıdır!” yazılı kağıza hər baxışı ona xidmətçisini qovduğunu xatırladıb evindəki yeni nizama uyğunlaşmağa kömək etsə də, dəqiqlik “xəstə”si olan Kant üçün metafizikanın ənənəvi sualları ilə bərabər insan davranışında yaranan qəti-imperativliklə əxlaqa yeni baxış səciyyəvidir və numen vasitəsilə xəyalın ardında görünən şeyin özündə mövcudluğu – ‘Ding an sich’, insan qavrayışından (fenomen) ayrılır və idealist uçuruma yuvarlanmaqla “Sapere aude!” mottosunun üstündən xətt çəkir.

“Qara kvadrat” (1915), Kazimir Maleviç

***

Tələbələrə mühazirəsi zamanı daş atılıb qırılan pəncərə hadisəsi üzərinə “Bu hərəkətə yalnız doğru deyən kəs məruz qala bilərdi” deyə reaksiya bildirən Fixte üçün mütləq Mən’in xəyali dünyadan qopması, ki, filosofumuz fikirlərilə idealizmin mihəng daşlarından biridir, uzunmüddətli reallıq-Mən mübarizəsinin ardından sonlu olanın azadlıq içindəki – kökü vicdan olan əvvəlcədən müəyyənləşdirilmiş həyat yolu – yaşamının bitimində Tanrıya qovuşması ilə hədəflənən “ruhların dünyası” tablosu tamamlanmış olur.

“Kor adam” (1896), Qustav Klimt

***

Reallığı dərk etmək üçün Mən’in dibinə varmağı söyləyən Şellinq təbiətin şüursuz pilləsi ilə insan ruhunun şüurlu pilləsini ‘Bir’də görərək ətraf aləmi Tanrı ilə eyniləşdirən portuqal yəhudisini xatırlatmaqla yanaşı “Dünyanın və insanın xarakteri tragikdir” ifadəsindən yola çıxaraq ümidsizliyin yaratdığı narahatçılığı Tanrıda boğmağa çalışmışsa da, sonra gələnlərin ‘mistik qəraiblərin izləyicisi’ damğasından qurtula bilməmişdir.

Egon Schiele - Self-Portrait with Physalis - Google Art Project.jpg

“Yergilası ilə avto-portret” (1912), Eqon Şile

***

Reallığın mütləq Geist’ın sərgilənişi olduğunu bildirən Hegel‘in düşüncələrinin konkretləşdirilməsi amalımızdır: Sevgi prosesində sevən şəxs özünü müəyyən etməli, formal olaraq sevgisini bildirməlidir ki, bu tezisdir; Bu prosesə sevən şəxsin özündən çıxması, sevilənə yönəlməsi, onda özünü unutması daxildir ki, bu da özə yadlaşmanın səbəbi olaraq anti-tezdir; Prosesin son mərhələsində sevən şəxs özünü unutduğu sevgilisində yenidən tapır və şüurlu şəkildə mədh edilmə şüurlu şəkildə oyanış və özə qayıdışla bitir ki, bu da sintezə uyğun gəlir.

Похожее изображение

“Ad günü” (1915), Mark Şaqal

***

Otağında daima silah saxlayıb bərbərlərdən boğazının kəsiləcəyi qorxusu ilə uzaq qalan Şopenhauer‘in məzmununda ‘qadına nifrət’ və ‘ağrıya məhkum subyekt’ naxışlarının göz deşdiyi mizantropik əsməcələrindən başlayaraq “Dünya mənim təsəvvürümdür” fikrindən bizlərə ürcah edilən animal metaphyisic‘lə idealist-pessimist baxışın kökünə lövbər salması, bəlkə də fəlsəfəsində “obyektləşdirilmiş iradə” şəkli alan insanın ölümlü dünyadakı “zəfər” ehtirasını doyurması üçün görünməyən sadizmi yaratmışdır.

“Oturmuş şeytan” (1890), Mixail Vrubel

***

Atasının Tanrıya küfr etməsini melanxolik həyatı üzərində lənətli qara bulud hesab etmiş Kyerkeqor (ki, şəxsən [Ki:rkeqa:rd] kimi təntənəli səslənişinə üstünlük verirəm) “Subyektivlik gerçəkdir” ifadəsilə insanı problematikə çevirib ekzistensializmə əvəzsiz əlavəsini edir və qorxu situasiyasını azad seçimə bazis götürərək xristianlıq fonunda kütləvi inancın kəskin tənqidini ‘fərdi mənəvi sıçrayış’ konsepti ilə məntiqi sonluğa çatdırır.

Штюк.Грех.jpg

“Günah” (1893), Frans fon Ştuk

***

Həyatının erkən dönəmlərində “Ölüm və ölümsüzlük üzərinə düşüncülər” başlıqlı yazısını anonim çap etdirərək “Dəccalın ətə-sümüyə bürünmüş halı” deyə tənqid edilən Feyerbax dinin başlanğıcı-mərkəzi-sonu olan insana yer verdiyi antropolojik fəlsəfəsində bəşər tərəfindən Tanrı məfhumunun yaradılmasını psixolojik yollarla açıqlamağa çalışır və bütün ilahi məfkurələrin fərdi eqoizmin nəticəsi olaraq ‘bədbəxtin çoxdan arzuladığı xoşbəxtlik’ naminə formalaşdırdığı fiksiya kimi başa düşür.

Rembrandt Harmensz van Rijn - Return of the Prodigal Son - Google Art Project.jpg

“Sərsəri oğulun qayıdışı” (1666-69), Rembrandt van Reyn

***

Reallığın qavranılmasını mistisizmdən təmizləyib düşüncələr dünyasından yerə endirən Marks‘a görə insanlar izolyasiya olunmuş varlıqlar deyil, əksinə, iqtisadi və sosial təsirlərin onların şüurlarının müəyyənləşdiricisi olduğu cəmiyyətlə daima bağlıdır ki, bu həqiqətin gec dərk edilməsi də ‘siniflərin mübarizəsi’ olan tarixə diyalektik qanunauyğunluqlardan fərqli olaraq təsadüfi zəncirləmə hadisələrin cəmi kimi qeyri-adekvat bir yanaşmadan doğulurdu.

“Paltaryuyan qadın” (1899), Anri de Tuluz-Lotrek

***

Atası öləndən sonra feminin çevrədə – nənəsi, anası, iki xalası, bacısı – böyüyən “qadın düşməni” Nitsşe‘nin “Daima uçurumun kənarındayam” sözlərilə düşmə (turn inside out) ehtirasına işarəsi 45 yaşında ikən Turində reallığa çevrilir və bu düşüş Avropadakı mədəni deqredasiyanın ‘gerçəyə inam-din-əxlaq’ triosu üzərindən tənqidinin Zərdüşt vasitəsilə kütlələrə çatdırıla bilinməməsinin uğursuzluğundan deyil, hər şeyin ‘əbədi dönüş’ünü göz önünə alan ilk nihilist filosofun yaşadıqlarını qəbullanmasıdır, yəni “amor fati“.

Caspar David Friedrich - Wanderer above the sea of fog.jpg

“Duman dənizi üzərindəki səyyah” (1818), Kaspar David Fridrix

***

Kütlədən uzaq gəzməyə çalışan – bioqrafik qeydlərə görə cəmi bir dəfə kinoya, bir dəfə də teatra gedibmiş – Yaspers‘in başqalarına münasibətdə üzə çıxan azadlığın motivator rolu oynadığı ekzistensializmlə “insansız fəlsəfənin fəlsəfə olmadığını” bildirsə də, davamlı suallarla əhatə dairəsi daralan ruh halımızın nihilizmə sürünməsi qaçılmaz hal alır ki, filosof bu “uğursuz” mövcudluq halını aşmaq üçün fikirlərinə Tanrı – “fəlsəfi inanc” -dozası əlavə etməyə məcbur qalır.

Nighthawks by Edward Hopper 1942.jpg

“Yuxusuzlar” (1942), Edvard Hopper

***

Xizək dərslərində istiqamətini dəyişmək istəyərkən sürüşüb yıxılmasını fəlsəfəsindəki potensial düşüşlərindən daha təsirli olduğu güman edilən Haydeqqer ‘varlıq’ və ‘var olan’ arasındakı ontolojik fərqi aşkarlaması ilə qürrələnsə də, insanın məcburi olaraq “həyat səhnəsi”nə itələnməsi və ölümdən xilasın olmayışı kimi fikirlərilə “Dasein”ın özünü gerçəkləşdirməsi yolundakı maneələrə ilişməsi, gələcək nasist rejiminin qulluqçusunun idealizmdən tam qopa bilməməsinə səbəb olmuşdur.

The Enigma of the Hour.jpg

“Saatın tapmacası” (1911), Corco de Kiriko

***

“Onlara xoşbəxt həyat yaşadığımı söyləyin!” deyərək Dublindəki otel otağında can verən Vitqenşteyn yaşadığı dünyanı obyektlərin deyil, faktların cəmi kimi qavrayır və istifadə etdiyimiz cümlələri reallığın məntiqi forması baxışından izah edərək təbiət elmləri sırasından çıxartdığı fəlsəfənin sərhədlərini məhdudlaşdırır, onun tədqiqdən çox təsvirə yönəlməsini faydalı hesab edir, “Bir şey haqqında danışmaq mümkün deyilsə, o barədə susmalı” mottosu ilə modern fəlsəfənin son nöqtəsini qoyur.

“Evdə cinayət” (1890), Yakub Şikaneder

***

Yuxarıdakı abzaslar Vilhelm Vayşedel’in “Fəlsəfənin arxa pilləkəni” kitabından yararlanılaraq alınan ümumiləşdirmələrdir…

“Angst” (1983), Gerald Kargl

Atası alkoqol aludəçisi olan avstriyalı cinayətkar Verner Knisek, ailənin qeyri-qanuni doğulmuş uşağı idi. 14 yaşında olarkən özündən böyük bir qadınla yaşadığı sado-mazoxist əlaqələrinin çıxış nöqtəsi, bəlkə də anası ilə soyuq münasibətləri olmuşdu. Knisek ilk həbs nəzarətini hələ 16 yaşında, anasına vurduğu 10 bıçaq zərbəsilə yaşayır. 10 il sonrakı fahişə ilə evliliyindən 4 ay keçmişdi ki, səbəbsiz yerə güllələdiyi 73 yaşlı qadına görə 7 il yarım daha “sevimli yer”inə göndərilir.

Angst (1983) | MUBI

1980-ci ilin yanvar ayında, həbsdən buraxılışına bir ay qalmış, qanuni şəkildə 3 günlük iş axtarışına icazə verilən Knisek, yeni bir cinayət fikrini beyninə qoyur. Vyanadakı ilk günündə silah alan “qəhrəman”ımızın həmin gecəni harada keçirdiyi ilə bağlı məlumat yoxdur. Bir gün sonra St. Poltendə mindiyi taksidə, özünü xalça satıcısı kimi təqdim edən Knisek, sürücüdən onu hansısa dəbdəbəli malikənələrin – yəni, potensial müştərilərin olduğu yerə aparmağı tapşırır. Hədəf olaraq orta sinif burjua havası olan Altrayter ailəsinin evi seçilir. 56 yaşlı Gertrud Altrayterə məxsus mülkdə ondan əlavə 25 yaşlı tələbə qızı İnqrid və əzələdaxili distrofiya nəticəsində arabaya məhkum olmuş 27 yaşlı Uolter yaşayırdılar. Ev sakinlərini qorxutmaq üçün əvvəlcə pişiklərini öldürən Knisek, ona təklif edilən çoxlu pul (Gertrudun 20000 şillinq dəyərindəki çekini götürsə də) və qızıl daş-qaşları rədd edir. İnqridin ailəsini qorumaq üçün cinayətkara özünü təklif etməsi də bir işə yaramır.

Əvvəlcə Uolteri, bacısı və anasının gözü qarşısında qətlə yetirən Knisek, sonra Gertrudu və nəhayət sona saxladığı İnqridi əzab çəkdirərək öldürür. İşini bitirən cinayətkar, həmin gecəni cəsədlərlə bir yerdə yatır.

Səhərisi cansız bədənləri maşının baqajına daşıyan Knisek barəsində, əlcəkli əllərilə səhər yeməyini yediyi restorandan şübhəli şəxs olaraq polisə məlumat verilir. Polis gəldikdə isə cinayətkar oranı çoxdan tərk etmiş olur.

Buna baxmayaraq Salzburq dəmiryoluna yaxın yerdə polis şübhəli şəxsi maşınının seriya nömrəsilə saxlamağa müvəffəq olur. Törətdiyi cinayəti heç bir emosiya bildirmədən qəbul edən Knisek müqavimətsiz təslim olur və ömürlük həbs cəzası ilə Vyana psixi-klinikasına göndərilir.

Anası, tutulan Knisek barəsində “ailənin balaca oğul kimi ən sevimli fərdi” olduğunu deyir. Onun sözlərinə görə 13 yaşında olarkən Knisek internat məktəbindən qaçmışdı. Psixi qayğıya ehtiyacı olduğu bildirilən uşaq məktəbə qayıtmaq əvəzinə intihar etməyə cəhd edib. 14 yaşında yaşadığı intim hadisələri anasına etirafında, qamçıdan istifadə etdiyini bildirən Knisekin bu arzuları, sonralar ətrafdakılara, əsasən də qadınlara yaşatdığı əzabların fantaziyası üçün özül rolu oynamışdı…

***

Yuxarıdakı kiçik amma kifayət qədər şiddətdolu bioqrafik motivlər, 1983-cü ildə Cerald Karqlın lentə aldığı tək uzunmetrajlı filmi olan “Angst”ın sujet xəttini təşkil edir. “Tanqo” adlı işilə qısa film nominasiyasında Oskar almış polşalı Zbiqniev Rıbçinskinin qeyri-ənənəvi operatorluğu və baş rol ifaçısı Ervin Lederin gözəgirən aktyorluğu sayəsində kultluq dərəcəsinə yüksəlmiş 75 dəqiqəlik bu ekran əsəri, şiddətin təhrifsiz və birbaşa təsvirini gözlər önünə sərir.

Əslində şiddət mövzusu üçün istinadgah kimi əsasən Haneke filmləri diqqətə alınır. Və elə bu filmin izləyicisinin hansısa məqamda “Funny games” filmini (1997) xatırlaması mümkün haldır. Ancaq arada ciddi fərq var. Belə ki, sonuncuda Hanekenin kamerası səbəbsiz şiddət vasitəsilə ‘medianın patoloji çöküşü’nə göndərmələr edirsə, “Angst”da isə rejissor izləyicini, fərdin daxili gərginliyindən yaranan nəticələrin hansı səbəblərə dayandığını araşdırmağa sövq edir. Belə demək mümkünsə ilk film (“Funny games”) çərçivədaxili formalist analizə ehtiyac duyursa, ikincisi bununla yanaşı həm də müəyyən təyinati nöqtələrə (əsasən psixoloji) əsaslanır.

***

‘Angst’ sözünün ekzistensial terminologiyaya daxil edilməsi ilk dəfə danimarkalı Sorn Kyerkeqorun (1813-1855) “Narahatlığın konsepsiyası” adlı kitabında istifadəsilə mümkün olmuşdur. İngiliscəyə tərcümədə “dread” ilə əvəzlənən sözün dilimizdə qorxu, narahatlıq, təşviş, həyəcan, ürəkbulanma, can sıxıntısı kimi qarşılıqlarını tapmaq olar. Kyerkeqora görə ‘dünyanın qeyri-mütləq təbiəti’ni (burada ‘təbiət’ təsvir və ya profil olaraq) dərk edən fərd, təklik və azadlığının fərqinə varır. Azadlığının idrakı əslində insanı müəyyən mənada müsbət sonsuzluqdakı sərbəstliyə dartmalıdır. Ancaq elə paradoks da burada yaranır. Artıq qeyri-müəyyən gələcəyin özünün seçimlərində gizləndiyini başa düşən fərddə mütəmadi qorxu – ‘angst’ işə düşür. İnstinktlə hərəkət edən heyvanlardan fərqli olaraq o, həm də seçimlərinin məsuliyyətini də daşımağa məcburdur.

Kyerkeqor ‘angst’ın klassik bir nümunəsini verir: Sıldırım qayada dayanmış bir insan. Bilməyərəkdən yıxılma qorxusu ilə yanaşı, həmin insanda özünü bu boşluğa buraxmaq kimi irrasional impulslar da yarana bilər. Filosof bu cür emosiyanın yaranmasını məhz ‘angst’ın nəticəsi hesab edir və bu vəziyyəti “azadlıqdan başgicəllənmə” kimi qiymətləndirir. Yəni ‘angst’, azad iradədən doğulmalı olan moral seçimlər üçün maneədir.

XX əsrin ateist-ekzistensializmindən fərqli olaraq Sorn Kyerkeqor bu fikirlərə dini inanc çərçivəsində baxmağa çalışırdı. Onun təsəvvür etdiklərində hansısa bir tanrı var (!) və ‘angst’ həm də ilahi qüvvədən qorxunu ifadə edir. Fərd bunu nəzərə alaraq özünə aid bir dəyərlər sistemi müəyyənləşdirməli və yol seçməlidir.

Martin Haydegger isə ‘angst’ı fərdin mənasız kainatdakı məna axtarışı ilə bağlı mümkünsüzlüyünü göstərmək üçün istifadə edirdi. Onun fikrincə insan həyatda daima qərar verməli olduğu vəziyyətlərlə qarşılaşır. Bu məqamlarda edilən seçimlərin doğruluğunu müəyyənləşdirəcək hansısa etalon və ya dayaq nöqtəsi yoxdursa, subyektiv qərarların rasional izahı mümkün deyil.

Filmin adının fəlsəfi izahından yola çıxaraq filmboyu cinayətkarın hərəkətlərindəki təlaşı açıqlamaq olar. Aksiya-reaksiya arasındakı əlaqə Vernerin özündən çıxmasına səbəb olur. Onun məqsədi qorxutmaqdır, amma o, özü də qorxur. Bu qorxu isə seçimlərindəki azadlıqdan qaynaqlanır: “Öldürmək ya öldürməmək?”. Şekspirvari bu sualın Verner üçün əhəmiyyəti böyükdür. Çünki ‘öldürməmək’, qayədən kənarasapmadır. Özünü bu cür realizə edən şəxsin, fəaliyyətini dayandırması, bir növ özünü öldürməsidir. Filmdəki həyəcan və təşvişin altında yatan fikirlərin sublimasiyası isə fiziki şiddətlə mümkün olur…

***

Angst (1983)

Yerə düşən su damcılarının səsi fonunda açılan ilk səhnədə qəhrəmanımızı öz hücrəsində yeməyini qaşıqlayarkən görürük: “Gözlərindəki qorxu və sinəsindəki bıçaq. Anama dair son xatırladıqlarım bunlardır…”. Bu səhnədəki “səssiz” monoloq Vernerin mental vəziyyətini öyrənərək filmin gedişatında baş verənləri daha yaxşı analiz etmək üçün əsas nöqtədir. Belə ki, psixoloqların yuxularından yola çıxaraq müalicə etməyə çalışdığı qatilin onlara verdiyi yeganə cavab ‘çiçəklər’dir.

Çiçəklərin psixoloji açıqlamasının Ziqmund Freydin “Psixoanalizə ümumi giriş” (1920) adlı mühazirələr toplusunun ikinci hissəsindəki ‘yuxularda simvolizm’ mətninə uyğun olaraq ‘qadın’, ‘qadın cinsi orqanı’ və ya ‘bakirəlik’ mənalarına gəldiyini qeyd edək. Lakin freydizmə şübhə ilə yanaşacaq olan Karl Qustav Yunqa görə isə çiçəklər fərdin açıq şəkildə ifadə edə bilmədiyi emosiyalarını boşaltma ehtiyacını simvolizə edir. Filmdə cərəyan edən hadisələrin hər iki arqumentlə asossasiyası danılmazdır.

Əvvəla Vernerin əsas cinayət aktından öncə sırf qadın qurbanlar seçməsini nəzərə alaraq Edip kompleksindən əziyyət çəkdiyini düşünmək olar ki, bu da onun qadınlarla bağlı şüuraltındakı hansısa travmatik “boşluq”larını fiziki şiddət vasitəsilə doldurmasına səbəb olur. Onun taksi sürücüsü qadını görərkən sevgilisini xatırlaması və sadist fikirlərə qapılmasını da bura aid etmək olar. Bu səhnədə ayaqqabı bağları, cinayətkarın realda yaşadığı qamçılı arzulara göndərmədir. İkinci arqumentin (K.Q. Yunqun interpretasiyası) doğruluq payı üçün qəhrəmanın öz dilindən: “Emosiyalarımı yalnız izhar edərək nəzarətdə saxlaya bilərəm…“

Jan Pol Sartrın freydizmdən təsirləndiyini bilsək də, bir müddət sonra filosof həmin nəzəriyyənin analiz üçün ancaq şüuraltı determinizmə müraciətini kifayətedici saymır və ondan uzaqlaşır. Bu cür deterministik metodu əsas götürən psixoanaliz Sartrın azad iradə və azad seçim prinsiplərindən formalaşdırdığı ekzistensial konsepsiyasının əleyhinə idi. Filmdəki sadist xarakterli cinayətkarın ‘yuxu-Edip kompleksi-Freyd’ üçbucağından izahının yerinə, Sartrın həmin humanist aspektini qoysaq, o zaman Vernerin doğru (moral) və yanlış (immoral) arasındakı azad seçim imkanlarını tanımış oluruq. Yox əgər biz, postmodernizm çətiri altına sığınaraq amoralist dəyərləndirməni işə salırıqsa, doğru-yanlış dixotomiyasının olmadığı (sərhədlərin qalxması) və Markiz de Sadın o ənənəvi əxlaqi çərçivəni dağıdaraq bir növ şəffaflıq yaratmasına göz yumuruqsa, o zaman Verner üçün hansısa hökmdən (əsasən ictimai) söhbət gedə bilməz. Çünki Sad üçün zövqün qaynaqları cinayət və pislikdir. Deməli film, abstrakt şəkildə həm də Lakanın ‘Kant-Sad diyalektikası’na da eyham vurur. Ancaq “zövq üçün heç vaxt cinayət işləməmişəm” deyən Vernerin Sadın fikirlərilə uyğunsuzluq təşkil etdiyini düşünməməliyik, çünki o etdiyi hərəkətləri cinayət (‘zövqün qaynağı’) hesab etmir. Və yaxud onun üçün bu qətiyyən zövq deyil, monoloqunda ‘işgəncə etmək instinkti’ adlandırdığı bir “şəxsiyyət artıqlığı”dır sanki. Və əslində filmdə olduğu kimi reallıqda da həyata keçirilən sadist fəallığın mövcud zövqə hesablanmadığı, keçmişə olan intiqam hissindən doğulduğunu deyə bilərik.

***

Gündəlik problemlərdən əlavə bir də ‘angst’ adlandırılan ekzistensial ağırlıqdan əziyyət çəkirik. Üzərimizə hopmuş və hər zaman bizi izlər olsa da, ümumən barəsində düşünmək istəmədiyimiz və uzaq dayandığımız bir şeydir ‘angst’.

Haydeggerə görə “qorxu ‘heç’i ortalığa çıxardır…”. ‘Angst’dan qeyri-rasionallığı doğuran insan üçün, ‘heç’lə üzləşmək, irrasionallığın sonlu olub-olmadığına dair təcrübə ola bilər…

“Siddartha” və hər şey haqqında

I

“Yaradan özündən üz çevirmək istəyirdi, Dünyanı yaratdı.” Fridrix Nitsşe

Proloq üçün söz yığını

Başqa gözlərlə baxmaq, gözü bağlı baxmaqdır. Hər yeni günlə yenilənən bir arzum: tək olan Günəşi istədim. Xəyallara sığınıb əlçatmaz olanlarla boş olan Dünyamı doldurmağa çalışdım…Yenə “baxmaq”a qayıtdım: sona qədər özümdə həkk etdirmək üçün bir baxışı(n)m yetər. Və beləcə bir Günəşdən bir neçəsini yaratdım, ona baxıb gözümü bağladıqdan sonra…

***

“Uçuruma yuvarlanırıq, cənnətə ya cəhənnəmə, nə fərqi var?
Düşürük zamanla, insanla, həyatla. Bir yerlərə düşürük. O uçurumun dibindəki quyuya, nə edəcəyimizin bəlli olmadığı gələcək adlandırdığımız o quyunun içinə.”

Şarl Bodler

“Siddarthanın qarşısında yeganə məqsəd dururdu:  heç olmaq, arzu və istəklərini, sevinc və ağrılarını boğmaq. Özü üçün ölmək, Mən’inə son demək, boşalmış ürəyinin hüzuruna tapınmaq, fədakar düşüncələrində möcüzə ilə rastlaşmaq – bu idi onun məqsədi. Öhdəsindən gəldiyi Mən’i öləndə, ürəyindəki son damla ehtiras quruyanda , bax onda əsasların əsası, ilahi sirr, Mərhəmin qapıları onun üzünə açılacaq.”

Sörn Kyerkeqor’in, Hegel’in insanı və tarixi rasional formada açıqlayan və bütün fəlsəfi sualları cavablandıran monolitik tərzdəki (hər şey İDEA’dan ibarətdir fikri) fəlsəfəsinə qarşı münasibəti, öz deyimi ilə ekzistensial fəlsəfəni inkişaf etdirməyə şərait yaratdı.

Ekzistensiyalizm fərdi müəyyən (edilmiş) sistemin daxilində incələməkdən qaçınaraq həyata suallar yağdırmağı seçdi. Bu fəlsəfədə insan məsuliyyəti dərk etdi (!) və özünü tanımaq və reallaşdırmağın ən uyğun variantına yiyələndi…və nəhayət qərara alıram: “İnsan Yaradan’ın günahıdır.”

Kyerkeqor insan təbiətinin paradoksal və təyini mümkün olmayan xüsusiyyətlərini qeyd edərək ən böyük gerçəyin Hegel fəlsəfəsinin ortaya çıxartmağa çalışdığı kimi obyektiv’də deyil, subyektiv’də olduğu qənaətinə gəlmişdi.

Məhz qeyri-müəyyənliklərin həyatımıza diktə etməsi monotonluqdan yeganə çıxış yolumuzdur. Qərarlarının (sənin) seçimlərinin arasında əriyəcəyi vaxt, səbəbsiz yerə qışqırmaq istədiyin vaxt gələcək və o zaman dərk edəcəksən: əvvəlcədən nəticəsini bildiyin bir oyunu oynamaq necə də ikrah hissi oyadır.

Kyerkeqor, 1845ci ildə yayımlanan “Həyat yollarındakı pillələr” adlı əsərində konkret bir işə bağlılığın fərdi məsuliyyəti kənara itələdiyini görərək yeni bir yol tövsiyyə edirdi: “Din yolunda insan Tanrının iradəsinə qeyd-şərtsiz boyun əyir və nəticədə “həqiqi azadlığa” qovuşur.”

“Nədir daxiləvarma? Özünü bədənindən kənarda hiss etmək nədir?* Ya oruc, ya nəfsi saxlama? Bunların hamısı Mən’in qarşısında qorxudan başqa bir şey deyil. Ondan qaçmaq üçün bircə dəqiqəlik yalançı azadlığın təqibi, həyatın mənasızlığını azacıq müddətə unutmaqdan savayı heç nə. Vəssalam! Bu cür azadlığa çarvadarlar karvansarada bir fincan düyü arağı içməklə də çatırlar. Bircə fincan bəs edir ki, hansısa müddətə bütün ağrı-acılardan qurtulsunlar.”

Daxiləvarma irrasionallığın mənbəyidir, ama qaçılmazdır. Bədəndənkənar hiss yalnız yuxulardadır, digər hal isə ikiləşməyə səbəb ola bilər (“Döyüş klubu” filmi)*. “Mən” eqodur və eqo mən (şəxs əvəzliyi) dediyin andan başlanır; və ya “Mən”=mən bərabərsizliyi…

1846cı ildə Sorn, özünün növbəti, “Qorxu və titrəmə” kitabını yazır. Əsərində Tanrının İbrahimdən oğlu İsanı qurban etməsini istəyəndə, İbrahimin içində yaşadığı cəmiyyətin əxlaq normalarına heç də uymayan bu əmri öz inancı sayəsində sorğu-sualsız yerinə yetirməsi (“Siz ona inanc deyərsiniz, bir qorxu”, Henrik İbsen) “imanda sıçrayış” (“leap of faith”) – ağlı imandan kəskin xətlə ayıran bir uçurum – adı ilə qeyd olunur. Kyerkoqor’a görə insan məhz bu cür şəraitdə formalaşmışdı: mövcudluğun boşluğunda yaşanılan kədər və ümidsizlikləri dəf etmək istəyən insan, ağlı bir kənara qoyub, yalnız öz içində hiss etdiyi imana istinad edərək qarşısında uzanan paradoksal, mistik və riskli dünyaya qədəm qoymalıydı.

“Müəllim və nəzəriyyələrin sənə çatdıra bilmədikləri nədir? Mahiyyətinə və mənasına varmaq istədiyim Mən. Həmişə Mən’imdən qaçmağa, ona üstün gəlməyə cəhd etmişəm. Amma əldə etdiyim cüzi qələbə yalnız onu aldada bilməyim, ondan qaça bilməyim və ən nəhayət, ondan gizlənə bilməyimdir. Əslindəsə yer üzündə heç bir şey Mən’im qədər düşüncələrimə qarşı çıxmayıb. Yaşadığım bu sirr, bu möcüzə, başqalarından ayrılan, fərqlənən mənəm – Siddarthayam! Və yer üzündə özümdən, Siddarthadan çox heç nəyi bilmirəm.”

Kyerkeqor’un “qorxu konsepsiyası” (1846) ilə çıxartdığı nəticə belə idi: İnsanı çarəsizlik və depressiyaya istiqamətləndirən güc böyük bir qorxudan ibarətdir, “heç bir şey olmamaq qorxusu” (“fear of nothingness”).

İstinadgahı olan özünüifadə silsiləsindən:

“Mən heç vaxt bir şey olmaq istəmərəm,
Mən heç vaxt bir şey olmaq istəyə bilmərəm,
Mən heç vaxt bir şey olmaq istəməyəcəm.
Amma məndə Dünyanın bütün xəyalları var.”

Fernando Pessoa

***

Yaşamağa səbəb tapmayanlar üçün epiloq

Yenə dərs vaxtı saatı dayandırmağa çalışırdım, bəzən mümkün olurdu. Və bir cümlə sezdim: “Həyata məna qazandırmaq cəhdlərimdən doğan yazıqlığın yaratdığı absurd mühit…” Mürəkkəb cümlənin sadə izahı üçün Qodard’a (“Son nəfəsdə” filmi) müraciət etdim:

– “What is your greatest ambition in the life?
– To be immortal, then die.”

II

“Nə olacağımı hardan bilə bilərəm ki, mənki nə olduğumu bilmirəm,
Düşündüyüm bir şeymi olmaq? Amma mən o qədər çox şey düşünürəm ki!”*

İnsan ruh ilə bədənin bir sintezidir. Həm də zaman və sonsuzluğun birləşməsidir. Sonsuzda zaman anlayışı yoxdur, yalnız “indi” var, bitməyən indiki zaman. Bədən bir yerə qədər var, ruh isə sonsuzdur. Yəni “gedən cismimdir, ruhum sizinlədir”.

“Özüm haqda heç nə bilməməyim, Siddarthanın hələ də mənə naməlum qalmağının yeganə səbəbi var: həmişə özümdən qorxmuşam, qaçmışam! Atmanı (subyektiv ruhani başlanğıc, “Mən”), Brahmanı axtararkən Mən’imi parçalamağa hazır olmuşam. Sonuncunun, Atmanın, İlahinin mahiyyətinə varmaq üçün Mən’imin bütün pərdələrini cırmaq iqtidarındayam. Və axtararkən özümü itirdim.”

Bilmədiyim bir şeyə çevirdim özümü,
Başqa neyləyə bilərdim ki, bilmədiyim özümdən?*

Kitabdakı qayıqçının çayı təsviri bizləri mümkün qədər düşünməyə vadar edir. Düşüncədən doğulan cümlələri yazmağa çalşıram: başlanğıc, orta, son, hamısı bir yerdədir; keçmiş, indi, gələcək ayrımı yoxdur. Ayrımın ortadan qaldırılması üçün “indi”ni ələ keçirmək lazımdır. İndini tuta bilmədiyimiz üçün keçmiş yoxdur, gələcək isə var olmayacaq. Sonsuzluq özündə keçmiş, indi və gələcəyi birləşdirən “an”ın uzadılmış formasıdır.

“Əgər öz qəlbinin xilası barədə narahat olan bu qədər adam dərk etmək vasitəsilə allaha doğru yol axtarırsa, deməli, həqiqət – kitablar kitabında, ilahi vəhydədir.”

Özünüdərk üçün əsas amil digərlərinin yoxluğudur və ya “cəhənnəm başqalarıdır” (J.P.S.).

“Qaranlıq işıqdan qorxan tək mərhəm məna da sözdən qorxur. Nəyisə sözlə ifadə edən kimi əsas məğz sürüşüb aradan çıxır və dilimizdə axmaq bir şeyə çevrilir.”

Həmişə şikayətləndiyim mövzu: Dil hələ də kifayət qədər inkişaf etməyib. İdeal dil, insanın istənilən hisslərini və ona paralel olaraq fikirlərini tam şəkildə çatdırmağı bacarmalıdır. Bir baxış və ya bir söz, ruhu rahatlatmağa qadirdir. Çünki bu ruhun daşıdığı ağır yük sözlərə çevriləndə keçmişə aid bir şey olur. Bəlkə də Tarkovski “keçmiş daha dayanıqlıdır” deyərkən səhv etmirdi. Onun baxışı məsələn. Keçmişdə qalaraq gələcəyə daşınacaq o kadr. An’ın cismə büründüyü o əsrarəngiz portret.

“Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.”

Ömər Xəyyam

İbn Sina belə bir fikirdən çıxış edir ki, zəruri varlıq və ehtimal olunan varlıq arasında daim səbəb-nəticə əlaqəsi mövcuddur, “xaliq və onun yaratdıqları arasında belə əlaqə yoxdur. Zəruri varlıq səbəb, ehtimal olunan varlıq isə onun nəticəsidir. Lakin səbəb-nəticə əlaqələri sonsuz müddətdə davam edə bilməz. Ali ilkin səbəb olmalıdır ki, bununla da bütün səbəblər başa çata bilsin. Allah səbəblər səbəbidir.”

Sual 1. İlkin səbəb nəticə ola bilər mi?

Durkhayma görə səbəb cəmiyyət idi, İbsenə görə qorxu, Sartra görə isə tənhalıq. Ya da Kubrik filmdəki o qara “domino daşı”nı açıqlasa nolardı ki?!

Sual 2. Nəticə özü bir səbəb ola bilərmi?

Nəticə (insan) səbəbin (tanrı) yaradıcısıdır. Nitsşe hər şeyi düzgün qiymətləndirmişdi və ya dialektikanı əsas götürərək “azad olmağın yeganə yolu ateizmdir” (Hegel).

III

Onların düşüncə və dərketməyə əsaslanmamış, yalnız arzu və instinktlərdən ibarət həyatları üçün…

“Ay’dan soruşdular:
– Ən çox nəyi istiyirsən?
Cavab verdi Ay:
– Günəşin qeybə çəkilməsini və əbədi olaraq buludlarla örtülü qalmasını.”

Fərüdəddin Əttar

“İnsanın insan və dünya ilə olan əlaqəsinin də insani olduğunu hesab edək. Bu halda sevgi sevgi ilə dəyişdirilə bilər, inam inamla və s. Sənəti sevmək üçün bədii cəhətdən fundamentə malik olmalısan; başqa insanlara təsir etmək istəyirsənsə, onların üzərində həvəsləndirici nüfuzun olmalı. Təbiətlə və insanla olan bağların hər biri sənin fərdi həyatının və istəyinin obyektlə eyniləşməsindən doğulur. Əvəzində sevgi alacağını ağlına gətirmədən sevsən, məsələn sən kiməsə aşiq biri kimi sevilən insan ola bilmirsənsə, o zaman sevgi acizdir və bu bədbəxtlikdir.”*

“Necə də kar və hissiyyatsız olmuşam! Məktub oxuyan məna axtarışında hərflərə və işarələrə nifrət etmir, onları yalan, heç bir anlamı olmayan örtük saymır və gördüyünə hörmətlə yanaşır. Mənsə həyatımın kitabını vərəqləməyə çalışarkən əvvəldən ehtimal olunan məna xətrinə hərf və işarələrdən iyrənir, dünyanı yalan adlandırır, gözlərimi və dilimi mənasız və yararsız bir şey sayırdım. Artıq oyanmışam və yalnız indi həyata tapınmışam.”

“Edqar, aşiq ya da sevən insanı, sevgi insanına çevirərək, sevgini bir tanrıya, zalım bir tanrıya dəyişir, beləliklə sevgi insandan ayrı bir varlıq halına düşür. Bu qısa vaxt ərzində, predikat özünü subyektə çevirir, insan insan olmaqdan uzaqlaşır.”*

Sevgini ‘sevdiyi insan’ olaraq görənlə ‘sevdiyindən ayrı görən’ arasında dağlar qədər fərq var. İlki sahiblənmə istəyini boğa bilmədiyi halda, digəri onsuz belə sevgi hissini yaşad(y)a bilir. Biri sevgisini görüb, eşidib, danışıb, toxunub ortaya çıxartmağı hədəfləyir, digəri isə onu zatən özündə yaşadır. Birinci özünü itirdiyinin iztirablarından külə çevirdiyi halda (hissin materiyaya qovuşduğu an), ikinci sevgini yeni başdan yazır (fikrin sözə büründüyü an). Ortaq cəhət isə barmaqların saçlara keçməsidir…

“İnsana, özü xaricindəki obyektlərin dünyasına inanmağı öyrədən yeganə şey, sevgidir.”*

Ətraf aləmin idraki baxımdan illuziya olduğunu qəbul etsək (Con Lok’dan Devid Yuma qədərki fəlsəfə, sonradan Spinoza düzəliş vermişdi), sevgi özü də təxəyyül – illuziyadır. Yəni Leyli artıq Məcnun’a gərək deyil.

““Sən sevməyi bacarmırsan. ” Həmin vaxt o sevgilisi ilə razılaşmış, özünü ulduza, uşaqlara oxşayan adamları isə yerə düşən yarpağa bənzətmişdi. Həm də qızın sözlərində məzəmmət hiss etmişdi. O, həqiqətən də, heç vaxt özünü bütövlükdə başqasının ixtiyarına verə bilməmiş, qarşısındakına olan sevgisindən irəli gələrək ağılsızlıq etməmiş, elə bu səbəbdən də uşaqlara oxşayan adamlarla özü arasında dərin uçurumu həmişə hiss etmişdi.“

“Və o, nə vaxtsa özünün də atasını tərk edib samanların yanına getdiyini, bir daha geri qayıtmadığını yadına saldı. Məgər həmin vaxt atası da eyni ağrıları çəkməmişdimi? Məgər atası da oğlunun həsrətini çəkərək ölməmişdimi? Məgər özünü eyni sonluq gözləmirmi? Məgər bir qəribə və axmaq təkrar, dairəvi qaçış, bi qəddar dövran komediya deyilmi?”

Bu komediyadan çox tragediyaya uyğun gəlir. Təkrarçılıqdan dizlərinin büküldüyü anı hiss edəcəksən.

“Axtarmaq məqsədi olmaq deməkdir. Tapmaqsa məqsəddən qurtuluş.”  Yəni bu həyatda azad olmaq istəyirsənsə, axtarmadan çayın axını ilə getməlisən. Yağış damcılarının yerdə qaldığı harada görülüb ki?!

İnsanı ifadə edən bir cümlə üçün kitabxanadan götürdüyün kitabın vərəqini cırmağa dəyər: “..ətə – sümüyə bürünmüş bir həbsxana idi sanki..”

İnsan həyata öyrəşdiyi üçün deyil, sevdiyi üçün yaşayır. Sevginin kimə (insan və Tanrı) və nəyə (Meta) qarşı olduğunun fərqi yoxdur. Əsas odur ki, səhər yuxudan durmaq üçün səbəb olsun.

Klassik Alman ideologiyasından: “Həyatı müəyyənləşdirən şüur deyildir, şüuru təyin edən həyatdır. İnsanın öz ətrafında və bilavasitə öz gerçək günəşi ətrafında fırlanması üçün, əqlini dərk edib, xəyal qırıqlığına uğramış fərd olması mütləqdir.”

J. P. Sartrın təkidilə özünüifadə üçün qələmi əlimə aldım, yazdım. Bu dəfə arqumentimi gücləndirməyə çalışacam: “Rorşax ləkələrini xatırladım, hərə məni bir cür xatırladıqca.”