Diplom

“Sənət uzun, həyat qısa; hökm vermək çətin, fürsət qaçağandır. Etmək asan, düşünmək çətindir. Düşünüləni etmək isə darıxdırıcıdır. Hər başlanğıc həzzdir. Gözləmə yeri eşikdir. Uşaq heyrətlər aləmindədir, onu formalaşdıran isə təəssüratlardır. Oynayaraq öyrənir; ciddilik qarşısında təəccüblənir. Təqlid bizdə anadangəlmə var. Təqlid ediləcək şeyi tanımaq isə asan deyil. Mükəmməli tapmaq nadirən olur, təqdir olunması isə daha aztapılandır. Bizi dartan pillələr deyil, yüksəkliklərdir. Düzənlikdə olarkən gözlərimiz təpələrdə gəzməyi sevirik. Sənətin yalnız bir qismi öyrənilə bilər, sənətkar isə bütünə möhtacdır. Sənəti yarı tanıyan daima yanılar və mənasız laqqırtı vurar. Ona tamamilə yiyələnmiş şəxs isə yalnız əməlilə görsənər; az və ya axırda danışar. Onlar sirr və qüvvədən xalidir. Nəzəriyyələri şişmiş çörək kimi ləzzətli və bircə günlük doyurucudur; fəqət onu torpağa əkmək mümkün deyildir. Toxumluq buğda da üyüdülməməlidir. Söz yaxşıdır, amma ən yaxşı deyildir. Ən yaxşını isə sözlə aydınlatmaq mümkün olmaz. Ən yüksək qüdrət bizi hərəkətə gətirən ruhdadır. Hərəkətlər yalnız mənəviyyatla qavranılır və təkrar təsvir edilir. Dürüstün hərəkətində heç nə gözə çarpmır; haqsız hərəkətlərimizi isə hər zaman tanıyırıq. Təkcə nümayişlə təsir oyatmağa çalışan şəxs ya dikbaş, ya riyakar ya da şarlatandır. Bu cür kəslərə çox yerdə rast gəlmək olar. Onlar toplu halda bəyənərlər. Onların laqqırtıları, tələbənin inkişafını ləngidən bayağılıqları ən yaxşıları hürküdür. Zehinləri açan isə gerçək sənətkarın tutduğu yoldur; zira sözün olmadığı yerdə işdən danışar. Xalis tələbə bilinməyənin bilinəndən çıxdığını öyrənər və ustasına bir az da yaxınlaşar.”

Y.V.Götenin “Usta Vilhelmin şəyirdlik illəri” romanından

Coup d’Etat

Dövlət ağlının işləmə prinsipi və analiz etmə formasını göstərmək üçün müəyyən bir nümunədən, yəni çevriliş (‘coup d Etat’) nəzəriyyəsindən danışacağam. Çevriliş konsepti XVII əsr sonu üçün, haqqında çoxlu kitabların yazıldığı çox vacib bir qavramdır. Misalçün, Node (Gabriel Naude) 1639-cu ildə “Çevrilişlər üzərinə siyasi mülahizələr” əsərini nəşr etdirmişdir. Bundan bir neçə il əvvəl isə Sirmonun (Jean Sirmond) daha mübahisəli və birbaşa hadisələrə toxunan bir mətni yayımlanıb: “XIII Luinin Çevrilişi”, ki, bu da əslində XIII Luiyə qarşı deyildir, əksinə. Zira XVII əsrin əvvəllərində çevriliş kəlməsi kiminsə dövləti, indiyə qədər əllərində saxladığı digərindən tutub zorla alması mənasına gəlmir. Çevriliş tamam başqa bir şeydir. Bəs bu dövrdə çevriliş deyiləndə nə nəzərdə tutulur? Bu əvvəla qanunların və qanunvericiliyin dondurulmasıdır. Çevriliş ictimai hüququ aşan bir şeydir. “Excessus iuris commutiis” deyir Node. Ya da (çevriliş) ictimai hüququn əleyhinə fövqəladə bir aktdır. Bu akt öz içərisində heç bir nizama və ya ədalət formasiyasına uyğun gəlmir. Görəsən bu xarakteri etibarilə, çevriliş, dövlət ağlına yad bir şeydirmi? Dövlət ağlı perspektivindən bir istisnadırmı?

Şübhəsiz ki, xeyr. Çünki dövlət ağlının özü – bu başa düşülməli olan təməl nöqtədir – heç bir formada leqallıq və ya legitimlik sistemi ilə üst-üstə düşmür. Dövlət ağlı nədir? Çemnits (Philipp von Chemnitz) bu cür açıqlayır: “Dövlət ağlı, formasından – ictimai, şəxsi, təməl – asılı olmayaraq bütün qanunlardan kənarda qalmağa icazə verən şeydir”. Dövlət ağlı ‘qanunlara uyğun idarə etməməlidir’, yeri gələndə ‘qanunlara da hökm etməlidir’ və ‘bu qanunlar cümhuriyyətin o andakı halı ilə uyuşmalıdır’. Yəni çevriliş, dövlət ağlına nəzərən bir qopma demək deyil. Əksinə, dövlət ağlının ümumi formasına, ümumi üfüqünə yaraşan bir element, bir hadisə, bir qurğulama tərzidir, qanunları aşan ya da qanunlara tabe olmayan bir şeydir. Yaxşı, bəs dövlət ağlını bu qədər xüsusiləşdirən və onu dövlət ağlının təzahürlərindən biri olaraq görməyə maneə olan nədir? Təbiəti etibarilə qanunlar qarşısında boyun əyməyən dövlət ağlı, işləyişi çərçivəsində ictimai, şəxsi, təməl qanunlardan kənarda olan dövlət ağlı, normal vəziyyətində qanunlara hörmətlə yanaşır. Ona görə yox ki, pozitiv, əxlaqi, ilahi qanunlar ondan daha güclüdür. Dövlət ancaq istədiyi müddətcə, qanunları öz oyununun bir hissəsi gördüyü müddətcə onlara hörmətlə yanaşır. Dövlət ağlı zatən bu qanunlara nəzərən təməldir, oyunda onları istifadə edir, çünki bunu gərəkli və faydalı görür. Ancaq dövlət ağlının artıq bu qanunları istifadə etməyəcəyi, hansısa bir təcili məsələ, bir zərurət səbəbilə bu qanunlardan xilasının şəksiz olduğu anlar vardır. Nəyin naminə? Dövlətin qurtuluşu adına. Dövlətin özünə dair ortaya qoyduğu bu zərurət, dövlət ağlını indiyi qədər tanıdığı və öz oyununda istifadə etdiyi mədəni, əxlaqi, təbii qanunları tapdalamağa sövq edir. Dövlətin özünün zəruri olması, təcililiyi, qurtuluş ehtiyacı bu qanunları xaric edir və dövlətin özü ilə zərurət və qurtuluş perspektivindən qurduğu müəyyən bir əlaqə yaradır. Dövlət özü üzərində sürətli və qaydasız şəkildə, gözləmədən, təcilən və zəruri olaraq, dramatik formada bir akt gerçəkləşdirir. Bax, çevriliş budur.

Çevriliş kiminsə başqasının əleyhinə dövləti ələ keçirməsi deyil. Çevriliş, dövlətin özünü ortaya qoyması, özünü bildirməsidir. Çevriliş dövlət ağlının təsdiqlənməsidir – dövləti xilas etmək üçün nə gərəklidirsə onun edilməsini, dövlətin istənilən halda xilasını təsdiqləyən dövlət ağlının. Deməli çevriliş, dövlət ağlının təsdiqlənməsi və dövlətin özünü ortaya qoymasıdır. Dövlət qavramına dair bu araşdırmada vacib olan bir neçə faktor var. İlk olaraq zərurət anlayışı. Dövlətin qanundan üstün olan bir zərurəti var. Ya da belə deyək: “dövlət ağlı” adlandırılan, dövlətə xas olan bu ağlın qanununun məramı odur ki, dövlətin qurtuluşu hər hansı başqa bir şeydən daha vacibdir. Əslində bir qanun olmayan bu təməl qanun, yəni bu zərurət qanunu, istənilən təbii hüququ aşır. Nəzəriyyəçilərin “ilahi qanun” deməyə dillərinin dönmədiyi, yəni birbaşa Tanrının buyruğu ilə ortaya sərilən hüququ aşır. Lakin nəzəriyyəçilər bəzi şeyləri ört-basdır etmək üçün bu qanunun “fəlsəfi” olduğunda israr edirlər. Node isə bu cür vurğulayır: Çevriliş “təbii, universal, alicənab və fəlsəfi ədalətə” – buradakı “alicənab” kəlməsi ironiyadır və “fəlsəfi” kəlməsi də başqa şeyə eyhamdır – tabe deyildir; çevriliş “dövlətin zərurətinə bağlı olan, süni, özəl, siyasi ədalətə” tabedir. Deməli siyasət, hər hansısa legitimliyə ya da qanunlar sisteminə daxil olan bir şey deyildir. Siyasət zərurətlə əlaqəlidir. XVII əsrin əvvəllərinin siyasi mətnlərində zərurətin bir növ, fəlsəfəsi deyil də, necə deyim… bir növ tərifi, müqəddəsləşdirilməsi var. Məsələn, Le Bre (Cardin Le Bret) adlı şəxs o dövrün elmi düşüncəsinə görə olduqca təəccüblü, hətta bu elmi diskursla birbaşa təzadda olan belə bir şey söyləyir: “Zərurətin gücü o qədər yüksəkdir ki, dünyada geri qaytarılması mümkünsüz qərarnamələrin qoruyuculuğundan başqa heç bir müqəddəs şeyə malik olmadığından, hökmdar, bir demiurq kimi ilahi və insani olan hər şeyi öz gücünün ağuşuna alır. Zərurət qanunları susdurur. Zərurət, ona itaət edilməsi məqsədilə, hər kəsin imtiyazlarını ləğv edir”. Burada artıq leqallıq baxımından idarəçilik/hökumət yox, zərurətlə əlaqəsi baxımından dövlətdən danışılır. 

İkinci vacib qavram, əlbəttə ki, şiddətlə bağlıdır. Zira çevrilişin təbiətində şiddət var. Dövlət ağlı adi, öyrəşilmiş icrası zamanı şiddət ehtiva etmir, çünki özünə iradi formada çərçivə və forma olaraq qanunları götürür. Ancaq zərurət doğulanda dövlət ağlı çevriliş halına gəlir və o anda olduqca şiddətlidir. Şiddətlidir, ona görə ki, qurban verməli, şikəst etməli, haqsızlıq etməlidir, haqsız və cani olmalıdır. Bu da bildiyiniz kimi hər bir şəxsin təhlükəsizliyinin hamının təhlükəsizliyi və hamının təhlükəsizliyinin də hər bir şəxsin təhlükəsizliyi olduğunu deyən pastoral fikrin tamamilə əksidir. Bununla da dövlət ağlı pastorallığının bir seçmə pastorallığı ilə, bir xaricetmə pastorallığı, bir kəsin bütün uğruna fəda edildiyi, digərinin dövlətə fəda olunduğu bir pastorallıqla qarşılaşırıq. Şaron (Pierre Charron) Nodenin təkrarladığı bir cümlədə belə ifadə edirdi: “Böyük şeylərin haqqını vermək üçün kiçik şeylərdən əl üzmək gərəkdir”. Çemnits isə Şarlmanın saksoniyalılarla döyüşüb onların torpaqlarını işğal etməsini çevrilişlərin zəruri şiddətinə uyğun bir nümunə olaraq görürdü. Çemnits, Şarlmanın saksoniyalıların üsyanını yatırtmaq və maneralarının qarşısını almaq üçün həmin yerlərə hakimlər təyin etdiyini və bu hakimlərin ilk xüsusiyyətinin də yerli əhali tərəfindən tanınmaması olduğunu vurğulayır; belə ki, sizə kimlərin hökm çıxardığını bilmirsiniz. İkincisi, həmin hakimlər hökmlərini səsləndirərkən məlumatdan məhrumdurlar, yəni hökmünü verdikləri insanların nə ilə təqsirləndirildiklərindən xəbərsizdirlər. Üçüncüsü, hökmlər məhkəmə formasında bəyan edilmir, yəni heç bir ədliyyə ritualı yoxdur. Çemnits bunu demək istəyir: Şarlman saksoniyalılara qatillər yollayıb və onlar da istədikləri şəxsi istədikləri formada, kiməsə izah vermədən öldürürlər. Kimi öldürməlidirlər? Dövlət və ictimai asayişi pozan şəxsləri. Bu cür tarixi anda peyda olan, genişləyən, olduqca vacib bir qavram olduğu üçün analiz edilməsi mütləq olan “dövlət cinayəti” fikri də belə ortaya çıxır. Əlbəttə, deyə davam edir Çemnits, Şarlmanın bu çevrilişində bir sıra ədalətsizliklər olmuş, məsum insanlar məhkum olmuşlarsa da, bu sistem qısa müddət sonra gücdən düşmüş və saksoniyalıların da qəzəbi yatmışdır. 

Yəni çevriliş şiddətlidir. Necə ki, çevriliş dövlət ağlının təzahürüdür, məsələ dövlət olanda da ağıl ilə şiddət arasında heç bir təzad yoxdur. Hətta belə demək də olar ki, dövlətin şiddəti, təkcə öz ağlının şiddətli bir təzahüründən ibarətdir. Aradakı təzadı görmək baxımından – ki, əgər Genenin (Jean Genet) sentyabr ayında Le Monde qəzetində yayımlanan yazısını oxumusunuzsa, bunu rahatlıqla başa düşəcəksiniz – XVII əsrin birinci yarısında, Rişelye dövründə yazılmış anonim bir mətndə belə bir şeylə rastlaşırıq: Şiddətlə qəddarlıq (brutalite) arasında fərq qoymaq lazımdır, zira qəddarlıq yalnız xüsusi insanların kaprizləri nəticəsində meydana gələn şiddət aktıdır, amma müdriklərin bir yerdə törətdikləri şiddət aktlarına isə çevriliş deyilir. Bossyue (Jacques-Benin Bossuet) də qəddarlıqla şiddət arasındakı bu ixtilafı dərhal mənimsəyir. Gene fikri tərsinə çevirir, XVII əsrin nəzəriyyəçilərinin qəddarlıq dediyi şeyi şiddət, dövlət şiddətini isə qəddarlıq adlandırır.

Zərurət və şiddətdən sonra vacib olan üçüncü bir qavram da, belə düşünürəm ki, çevrilişin məcburi olaraq teatral olmasıdır. Doğurdan da çevriliş dövlət ağlının qəflətən ortaya çıxan təsdiqi kimi dərhal tanınmalıdır. Yəni ona haqq qazandıran zərurət əzəmətləşdirilməli, həqiqi xarakteristikasında özünü bəlli etməlidir. Əlbəttə ki, çevriliş, uğurlu olması üçün gizliliyi nəzərə almalıdır. Lakin insanların razılığını almaq üçün, dövlət, icbari formada bağlandığı qanunların qüvvədən düşürülməsi onun əleyhinə çıxmasın deyə çevriliş, birbaşa (açıq) həyata keçirilməli və dövlət ağlını necə lazımdırsa, o cür səhnələşdirməlidir. Çevriliş, təbii ki, üsul və yollarını gizlətməlidir, amma nəticələri və onu ayaqda saxlayan səbəblərilə birgə nümayişkaranə formada təzahür də etməlidir. Çevrilişin səhnələşdirilməsinin mütləqliyi də buradan qaynaqlanır. Buna həmin dövrlərin siyasi praktikasında, Dupes günlərində (la journée des Dupes), şahzadənin tutulmasında, Fukenin (Nicolas Fouquet) həbsə atılmasında şahid oluruq. Bu nümunələr çevrilişin, suverenlik və dövlət ağlının qəflətən peyda olması və onların legitimlik üzərindəki ağırlığını göstərən tərəfləridir. Nə qədər marjinal da olsa bir şeyi də qeyd etmək istərdim: Siyasətdəki teatral praktika ya da dövlət ağlının teatral tətbiqi məsələsi. Teatr, yəni bu teatrlaşdırma və teatral praktika, dövlətin və dövlət iqtidarının təmsilçisi kimi suverenliyin təzahür forması olmalıdır. Hesab edirəm ki, krala dair rituallara – kralın təqdisindən tacqoymaya, şəhərə girişindən cənazəsinə qədər, onun dini obrazını göstərən və iqtidarını teologiya vasitəsilə dini iqtidara əlavə edən ənənəvi kral mərasimləri – əks olaraq, krallığın özünü göstərdiyi və cisimləşdiyi modern teatrı düşünmək olardı və kralın şəxsən özünün çevriliş etməsi bunun ən vacib təzahürlərindən biridir. Yəni burada siyasi teatr və teatrın işləmə prinsipinin, terminin həqiqi mənasında siyasi pyesin və xüsusilə də çevrilişə dair pyesin bir mənzərəsi olaraq üzə çıxdığını görmək olar. Nəticədə Şekspirin tarixi əsərlərinin bir hissəsi çevriliş teatrıdır. Kornelə, hətta Rasinə baxın. Bunlar, şübhəsiz, çevriliş təmsilləridir. Bəlkə də bir az şişirdirəm, amma çox vaxt çevrilişə uyğundurlar. “Andromax”, “Ataliya”, “Berenis” çevriliş pyesləridir. Fikrimcə, klassik teatr çevriliş mövzusu ətrafında qurulub. Eynilə siyasətdə dövlət ağlının özünü bir növ teatrallıqla göstərməsi kimi, teatr da dövlət ağlının, çevrilişin dramatik, kəskin və şiddətli formada nümayişi ətrafında formalaşır. Və XIV Luinin sarayı (la cour) olduğu halında intriqalarla, xəyanətlərlə, seçimlərlə və sürgünlərlə teatrlaşdırılan yerdir; saray həm də teatrın dövləti təmsil etdiyi bir yerdir.

Qısa olaraq belə ifadə edə bilərik: Kainatın imperatorluğa bənzəyən birliyinin dağıldığı, təbiətin dramdan, hadisədən, tragik olandan xilas olduğu dövrdə, siyasi arenada bu prosesə tərs gələn bir şeyin yarandığını düşünürəm. XVII əsrdə, dini müharibələrin sonunda – böyük müqavilələr, Avropadakı nizam axtarışlarından sonrakı Otuzillik müharibələr dövründə – yeni bir tarixi perspektiv açılır: Hüdudsuz idarəçilik perspektivi, sonu və vədəsi olmayan dövlətin davamlılığı perspektivi. Sonu olmadığı üçün ümidi olmayan tarixə boyun əymiş, qeyri-davamlı bir sıra dövlətlər peyda olur; bunlar qanuniliyini sülalə ya da dinmərkəzli legitimlikdən alan ağlın yox, planlanmış olsalar belə risk daşıyan çevrilişlərdəki zərurətdən alan ağlın nizamladığı dövlətlərdir. Hərəkətlənmə, dövlət ağlı, zərurət, riskli çevriliş… Siyasət və tarixin yeni tragik üfüqünü formalaşdıran faktorlar bunlardır. Mənə elə gəlir ki, dövlət ağlının doğuşu ilə eyni anda, indiyə və keçmişə dair şikayətlərin toplandığı əlyazmalardan fərqlənən yeni bir tarix tragediyası doğulub – siyasi praktikanın birbaşa özü ilə bağlı olan tragiklik. Çevriliş də müəyyən mənada bu tragikliyin, elə gerçəklik məkanında səhnəyə qoyulmasıdır. Çevrilişin və tarixin bu tragikliyini, sonu olmayan amma yeri gələndə teatral və şiddətli tərzdə büruzə verən idarəçiliyin bu tragikliyini, nəzəriyyəçi Node çevrilişi konseptləşdirərkən çox yaxşı təsvir etmişdir. Həmin mətndə son dərəcə napoleonçu bir şey var, hitlerçi rejimin “Uzun Bıçaqlar Gecəsi”ni xatırladan bir şey. Node deyir: “Çevrilişlərdə göy gurultusu eşidilməmiş ildırımlar çaxır. Zənglər səslənməmişdən qabaq eşidilir, icra qərardan öncə gəlir. Hər şey Musəvi bir şəkildə baş verib bitir… Kimsə vurduğunu zənn edərkən zərbə alır, kimsə təhlükəsizliyə çıxdığını düşünərkən ölür, kimsə ehtimalı belə olmadığı halda səfilə çevrilir; hər şey gecənin zülmətində, sis və qaranlıqlar içində baş verir.” Bütün səfalətlərə, asketizmin iradi səfalətinə belə dözülməsinə imkan verən pastorallığın böyük vədini, artıq dövlətin teatral və tragik sərtliyi əvəzləyir. Dövlətin daima təhlükədə olan və heç vaxt dəqiqləşməmiş qurtuluşu naminə bəzi şiddət aktları dövlət ağlının ən saf forması olaraq qəbul edilir. Sizlərə dövlətin qurtuluşu və çevrilişlə bağlı demək istədiklərim bunlar idi.

Mişel Fukonun dərs mətnlərindən bir hissə 

Vivre sa vie

“Həyatın mübadiləsinin mümkünsüzlüyü qarşısında başqa bir həll yolu da onu ikili həyata dəyişməkdir.

90-cı illərdə bir cinayət işinin qəhrəmanı Romansın etdiyi kimi: Tibb imtahanındakı uğursuzluğunu ailəsinə demə cəsarətini tapmadığı üçün paralel bir həyat yaşayır, guya ki, tibb sahəsində karyera qurub. Hər cür maliyyə hiyləsilə bir müddət ailəsinə baxdıqdan sonra hamısını qətlə yetirir: ana-atasını, yoldaşını və uşaqlarını; səbəbi bilinməsə də, son anda məşuqəsinə toxunmamağı qərara alır.

Bu qətliamın səbəbi nə ola bilər? Maskası düşməzdən əvvəl, o ana qədər ona güvənən insanların inamlarını itirmələri dözülməzdir – həqiqəti ifşa etməməlidirlər. Bunun bircə yolu var: Onları aradan götürmək. Zira intihar etməsi belə bu fırıldaqçılığı ailəsinin zehnindən silməyə bəs etməyəcək. Olduqca məntiqli: Romans, onları, həqiqəti öyrəndiklərində duyacaqları utancdan xilas etmişdir.

Yalnız bu hadisəyə məxsus olmayan başqa bir ehtimal: hər cinayət gizlindən kəşf edilməyini istər. Ancaq bu dəfə simulyasiya çox uğurlu olmuşdur və Romansın qəzəbi də, ailəsinin həqiqəti ortaya çıxara bilməməsidir; bütün bir həyat boyunca həqiqəti vaxtında aşkarlamamış və Romansın, özünün qurduğu aldanışa getdikcə daha çox batmasına şərait yaratmış, onun gerçək bir simulyasiya maşınına çevrilməsinə səbəb olmuşlar. Romansın məşuqəsi isə eyni məntiq çərçivəsində həyatını xilas edə bilmişdir; çünki bir müddət sonra əməkdaşlıqdan boyun qaçırmışdır. Zatən Romans da, axırlara yaxın, sırf bu ikili rolun gətirdiyi sehrli atmosferi, bu dramatik köləliyi parçalamaq üçün onu özünə məşuqə kimi tutmuşdur. Gerçək bir cinayət törədərək öz məsuliyyətini sərgiləmə imkanını qazanır nəhayət. Buradakı fiqur, maskasını düşürə biləcək şəxsləri məntiqə əsasən aradan götürən öyrəşdiyimiz qatil fiqurunun tərsidir. Belə ki, ayaqlarını gerçək psixoloji məntiq zəmininə basan ədalət Romansa bu nöqtədə qarşı çıxır: “İnsan sevdiklərini aradan götürməz (çünki Romans həm cinayət əsnasında həm də cinayətdən sonra onlara qarşı bəslədiyi sevgidən heç bir şey itirmədiyini söyləyir). Ən pis ehtimalla intihar edər.” Onları aradan çıxarmaqla onların məyusluğa düçar olmasının qarşısını almağa çalışmasına heç cür inanmırlar. Bütün bunlar bir-birinə sıx şəkildə bağlıdır: Romansa bu qədər inanmamış olsaydılar, o da onları öldürməzdi.

Zəif, melodramatik, mahiyyətdə ikiüzlü olmayan bir şəxsiyyət – cinayətkar mayasını daşımadığı mütləqdir. Bu ikili həyata əvvəlcədən heç bir planlama olmadan girir və digər sadə insanlar kimi həyatını yaşayırdı. Bir mənada ailəsi və yaxınları getdikcə onun ikinci həyatına çevrilirdilər və Romans onları aradan götürməklə bəlli bir gerçəkliyə və kimliyə qovuşur. Zatən onlar da, həyatda olduqları günlərlə müqayisədə, Romansın qatil olaraq yaşadığı ağrılı günlərdə varlıqlarını daha çox hiss etdirirlər. Ya da bəlkə, gerçəklə gerçəyin surətinə eyni anda yer verməyən qaydaya görə gerçək həyatını paralel həyatına fəda edir.

Hər mənada bunun bir qısqanclıq dramına bərabər olduğu deyilə bilər. Romans, yaxınlarının zehnindəki öz imajını qısqanır. Bu imaj onların nəzərində əl dəyməmiş olaraq qalmalıdır və baş vurduğu yol da ölümə qədər buna imkan verəcək. Ehtiras dramındakı məntiqlə eynilik. Əgər obyekt sizdən uzaqlaşırsa, mütləq olaraq varlığını itirməli, yəni yox edilməlidir.

Hadisəyə əsasən radikal bir şübhə oyadılmağa çalışılır: Bəlkə hər bir “normal” varoluşun arxasında uğurlu bir simulyasiya – pozulmuş ya da romanesk bir simulyasiya yox, bütünlüklə adi bir simulyasiya -, digərilə kəsişməyən paralel bir varoluş var (bəzən də olsa, bu paralel varoluşların kəsişmələrinin nəticəsi fəlakətdir)? Xəyali ehtimal: Ətrafımız mitomanlarla dolubmuş və bizim xəbərimiz yox imiş; “normal” bir insanı hər hansısa saxta olanından ayırd etmək mümkün deyil və o da üzüyola formada aramızda dolaşır (eynilə xarici ölkədə “yatmış” və günlərin bir günü “oyadılan” xəfiyyələr kimi). Bu perspektivdən baxanda vətəndaşlarımızın ən boş olanları belə şübhəlilər sırasına girir. Bütün fərdlər, sırf həqiqətin ortaya çıxmamasından ötrü potensial olaraq öz ailələrini qətlə yetirəcək gücə qovuşurlar. Hər bir həyat, bir digərini gizlədə biləndə hər şey mümkün görünür. Həyatı dəyişdirməyə ehtiyac yoxdur – iki dənə olması kifayətdir.

İynədən sapa qədər hər şeydən şübhələnmək üçün siyasi və ictimai dünyaya baxmaq ən yaxşıdır; bu dünyada hər şeyin, saysız hiləli və paralel karyeradan, heç bir vaxt ifşa olunmayan spekulyasiya və fırıldaqçılıqdan, yeni başlayanların etdiyi “koralmış” cinayətlərdən, əslini heç vaxt tapmayacağımız aldanışlardan ibarət olduğunu təxmin etmək asandır. Bütün bu saxtakarlıqlar və qazanc, sistemin özü içində silinib gedərkən öz psixodramanın kiçik bir aktyoru olan Romans, sonda gerçəklə üz-üzə gəlməyə məcbur qalır.

Ədalət, Romansın şəxsiyyətini məhkum etməklə, əslində onun şəxsi kimliyini, yəni bütün bir ictimai nizamın belinə yüklədiyi fövqəladə şübhəni məhkum edir. Romansın işlədiyi bu cinayət ömür boyu həbs cəzasına layiqdir.

Doğurdan da Romansın xətası, əxlaq qarşısında işlədiyi xəta deyil, gerçəklik qarşısında törətdiyi – yəni çox daha təhlükəli olan – bir xəta idi. Simulyasiyadakı zəncirləməni açıqlaya bilmədiyini deyərkən səmimi idi. Çünki bu simulyasiya, lap əvvəldən, digərlərinin cinayətə ortaqlığı sayəsində formalaşmışdı. Simulyasiya bir kəhanət kimidir; duyulduğu andan etibarən gerçəklik gücü qazanır.

İlk təkan üçün hər hansısa bir şeyə ehtiyac duyulmur; səbəb-nəticə əlaqəsi olmadan, proses boyunca öz-özünə hərəkətlənir. Buna görə də Romansı bu cinayətin səbəblərilə bağlı sorğulamaq ya da ona hər hansısa bir şeyi etiraf etdirməyə çalışmaq mənasızdır; çünki yalnız səbəblər qarşısındakı məsuliyyətdən danışıla bilər; halbuki Romans, ölümcül zəncirləmə ilə bağlı, nəticələrin qarşısıalınmaz – mənasız, amma effektli – zəncirləməsilə bağlı cavabları bilir. Mükəmməl cinayət, gizlin düşüncə olmadan törədilən cinayətdir; düşüncənin öz axışını izləyərək törədilən cinayət…”

Jan Bodriyarın “Mümkünsüz mübadilə” (1999) kitabından

Papillon

…. Kəpənəklər haqqındakı şeir nümunələrindən əlavə eyni mövzuda yapon nəsrindən çox qəribə bir nümunə də var. Sərbəst tərcüməsinə girişdiyim, orijinalı Muşi-İsame (“Böcək nəsihətləri”) adlı kitabda olan bu mətn bir kəpənəyə nitq formasında yazılıb. Əslində bu mətn ictimai yüksəliş və çöküşün mənəvi tərəfi üzərinə öyrədici bir satiradır:  

İndi bahar günəşi altında küləklər o qədər xoş, çiçəklər çəhrayılara bürünmüş, çəmənlər yumyumşaq, insanların könülləri oxşanır. Hər tərəfdə kəpənəklər nəşə içində qanad çırpır; hər kəs kəpənəklər üzərinə çin və yapon dillərində misralar yazır. 

Və bu mövsüm, ey kəpənək, doğurdan da sənin ən firavan dövründür; indi elə cəlbedicisən ki, dünyada səndən savayı məftun olunan bir şey yoxdur. Buna görə də digər həşəratlar sənə heyrandır, aralarında sənə qısqanclıq bəsləməyən qalmayıb. İnsanlar da sənə heyrandır, onlar da səni qısqanırlar. 

Çinli Soşu yuxusunda sənin qılığına büründüyünü görmüş; yapon Sakoku öləndən sonra sənin cildində qeybə çəkilmiş. Oyandırdığın qısqanclıq hissi təkcə həşəratlarda və insanlarda görsənmir, ruhu olmayan əşyalar belə sənin formana qovuşmağa can atır; kəpənəyə bənzəməyə çalışan arpa otuna bax bir. 

Və elə bu səbəbdən “Yer üzündə məndən üstün heç bir məxluq yoxdur!” deyərək qürurla dik tutmusan başını. Eh! Qəlbindəkiləri təxmin edirəm; öz-özündən o qədər xoşhalsan ki… Elə buna görə hər küləyin qabağına düşüb xəfifcə süzülürsən, elə buna görə bir yerdə dayanmırsan, çünki ağlında həmişə eyni düşüncə var: “Dünyada məndən bəxtəvəri yoxdur!”

Ancaq indi dayanıb öz tarixinə nəzər yetirməyinin vaxtıdır. Xatırlamaq faydalı olacaq, çünki sənin tarixində bayağılıq da var. Necə bir bayağılıq? Bilirsən də, doğulduqdan sonra bir müddət görkəminlə iftixarlanacaq halda deyildin. Adi bir böcək, tüklü bir qurdcuq idin, görünüşün başdan-ayağa iyrənc idi və üstəlik çılpaqlığını örtə biləcək bir paltarın belə yox idi. O zamanlar səni görənlər çiyrinərdi səndən. Doğurdan da özündən utanmaqda haqlı idin. O qədər utanardın ki, çör-çöp toplayıb içinə girərdin. Sonra da içində gizlənə biləcəyin bir yuva qurub budaqdan asardın. Həmin vaxt səni görənlər “sürfə böcək” deyə qışqırardılar. Həyatının o dövrlərində çoxlu günahlara da batmısan. Gözəl albalı ağaclarının yumşaq yarpaqları altında dostlarınla birlikdə fövqəladə bir çirkinlik sərgiləyərdiniz. Həmin albalı ağaclarına baxmaq üçün ta uzaqlardan gələn insanların maraqdolu baxışlarını incidər, çirkinliyinizlə onları qüssəyə salardınız. Hələ başqa günahlar da var… Yoxsul, olduqca yoxsul insanların tarlalarında daikon (bəyaz turp cinsi) yetişdirdiklərini, qızmar günəş altında daikon ilə əlləşərkən ürəklərinin necə bir ağrı ilə dolduğunu çox yaxşı bilirdin. Bununla belə dostlarını aldadıb daikon yarpaqlarının və o yoxsul insanların əkdikləri başqa bitkilərin üzərində toplaşardınız. Acgözlüklə yarpaqları talan edər, hamısını gəmirib iyrənc hala salanda həmin yoxsul insanların çəkdiyi əziyyət vecinizə belə olmazdı. Bəli, bir vaxtlar bu cür əməllər törədən, belə bir məxluq idin sən.

Artıq gözalıcı görkəminlə ortalıqda dolaşırsan, köhnə dostlarına nifrət edirsən, onlardan biri ilə qarşılaşanda tanımamış (“heç bilmirəm ki, kimdir bu?”) kimi davranırsan. Artıq yalnızca zəngin və üst sinifdən dostlarının olmasını istəyirsən. Eh! Köhnə günlərini tez bir zamanda unutdun, deyilmi? 

Bir çoxları sənin əvvəlki görünüşünü unutmuş, indiki görkəminin, bəyaz qanadlarına məftun olmuşlar; bəziləri də haqqında çincə ya yaponca şeirlər yazmaqda davam edir. Üst sinifdən olan xanımlar sənin köhnə vəziyyətinə tab gətirə bilməzkən indi səni xoşluqla seyrə dalırlar; saçlarındakı broşkaya qonmağını istəyirlər; yelpiklərilə yolunu kəsib səninlə qarşılaşmağa ümid edirlər. Lakin bu vəziyyət sənin haqqında heç də xoş olmayan çin hekayəsini xatırladır mənə: 

İmperator Genso dövründə sarayda yüzlərlə gözəl xanım var imiş. Sayları o qədər çox imiş ki, aralarından hansının gözəl olduğuna qərar vermək belə çətin olurmuş. Belə bir çarə tapmışlar: bir-birindən gözəl bu xanımlar bir yerə toplaşır, sən də onların arasına buraxılırmışsan. Saç broşkasına qonduğun xanım imperatorluq otağına çağrılma şərəfinə yiyələnirmiş. O vaxtlar bir qanun varmış: Birdən çox xanım imperator ola bilməzmiş. Amma sənin ucbatından imperator Genso ölkədə çoxlu pis əməllər törətmişdir. Zira sənin ağlın xəfiflikdə, yüngüllükdədir; oradakı gözəl xanımlar arasında bəziləri təmizqəlbli, xoşniyyətli olsa da, sən gözəllikdən başqa bir şeyə baxmarsan. Əlbəttə ki, xarici görünüşü gözəl olanları seçirdin. Buna görə də xanımların çoxu namuslu, əxlaqlı düşünmək əvəzinə, kişilərin gözünə qəşəng görünmək üçün nə edəcəklərini bilmədilər. Sənin yüngülxasiyyətliliyinə görə imperator Genso sonunda iztirab içində, acınacaqlı halda öldü. Əslində sənin gerçək xarakterin başqa mövzulardakı davranışından da başa düşülür. Məsələn, həmişəyaşıl ağaclar vardır, yarpaqları saralıb tökülməz, həmişə yaşıl qalar. Bunlar cəsurürəkli, güclü xarakteri olan ağaclardır. Halbuki sən onları qaba və formalist görərsən, görkəmlərinə nifrət edər, səmtlərinə belə yaxın getmərsən. Sən albalı ağacına, kaidoya (Çin və Yaponiyada yetişən ərik ağacı növü), piona, sarı güllərə qonmağı sevərsən; onların nazı ilə oynamağının yeganə səbəbi nümayişkaranə olmalarıdır. Əmin ol ki, bu davranışın qəbuledilməzdir. Qonduğun bitkilərin həqiqətən gözəl çiçəkləri var amma aclığı doyuran meyvələri yoxdur, həm də o bitkilər nümayişdən, lüksdən xoşu gələnlərə üz verirlər. Sənin zərif formandan, qanadlarını çırpışından xoşlanmalarının tək səbəbi də budur; ona görə sənə yaxşı münasibət göstərirlər. 

İndi, bahar mövsümündə, varlı şəxslərin bağçalarında nəşə içində rəqs edir, çiçəklənmiş albalı ağaclarının ortasında yellənirsən və öz-özünə, “Dünyada heç kəs həyatdan mənim qədər zövq almır, heç kimin mənimkilər qədər mükəmməl dostları yoxdur. Kim nə deyir desin, pion da, qızıl rəngli güllər də mənim sevgililərimdir. Onların bir sözünü iki eləmərəm; çünki mənə həm qürur həm də zövq verirlər” deyirsən. Söylədiklərin, bax, bunlardır. Halbuki çiçəklərin bol olduğu bu mövsüm çox qısa çəkər, bütün çiçəklər qısa zamanda quruyub tökülər. Sonrasında isti yay günlərində təkcə yaşıl yarpaqlar qalacaq. Çox keçməmiş payız küləkləri əsməyə başlayacaq; bir sürü yarpaq yağış təki yerlərə səpələnəcək. Həmin vaxt eynilə bu atalar sözündəki kimi sənin taleyin də bəxtsiz olacaq: Tanomi ki no şita ni ame furu (Yağışda sığındığım ağacdan belə su sızar). Çünki kök gəmirici köhnə dostların olan tırtılları axtarmağa başlayacaq, yuvalarına sığınmaq üçün icazə istəyəcəksən. Lakin artıq qanadların olduğuna görə o dəliklərə sığmayacaq, nə cənnətdə, nə də cəhənnəmdə başını soxa biləcəyin bir yer tapmayacaqsan. Bütün yaşıl çəmənlərin sararıb solduğunu görəcəksən; üstəlik damağını islada biləcəyin bir damla şeh belə olmayacaq. Artıq ölümü gözləməkdən başqa çarən qalmayacaq. Hamısı sənin uçarılığın, yüngüllüyün ucbatından. Necə də qəlbi dağlayan bir son!

Lafkadio Hern’in kəpənəklər üzərinə yazdığı essedən bir hissə

***

Şəxsi təlatüm üzərinə qısa qeyd

Yuxusunda havada süzülən Çjuan Tszı oyandığında “röyamda kəpənək olduğumu gördüm yoxsa röyasında insan olduğunu görən kəpənəyəm?” deyə karıxmışdı. So pathetic, no?

Təkərrür

K r a l i ç a. Bəs nədən sənə
Bu matəm görünür təkcə?

H a m l e t. Görünür! Yox, xanım, düzü, belədir.
                  “Görünür?!” sözünü bilmirəm qəti.
Nə qara plaşım, nə yas paltarım,
Nə acı fəryadım, sonsuz göz yaşım,
Nə də ki üzümü tutan qəm-kədər,
Dünyada əzabı, dərdi əks edən
Heç bir şey, heç bir şey mənim qüssəmi
Heç vaxt həqiqətən göstərə bilməz.
“Görünmək”, bu özü bir tamaşadır,
Bunu hər bir adam oynaya bilər.
Mənim qəlbimdədir dərdim, möhnətim
Göstərmək deyildir onu adətim…

1600 – 1601-ci illərdə yazılmış və Uilyam Şekspir’in ən irihəcmli əsəri olan “Hamlet” pyesi mövzu etibarilə  Danimarka şahzadəsinin faciəsindən dahasını ehtiva edir. Və düşünənlər üçün əsrlərdir protaqonistin dilindən deyilən o məşhur sözlərin arxasında hansı fikirlərin yatdığını anlamağa çalışmaq özü bir analitik məşğuliyyətə çevrilib: “Olmaq ya olmamaq…”. Bütün məsələnin bu cümlədə olduğunu düşünən Hamletin veriləcək cavaba da həqiqət gözü ilə baxması şübhə doğurmur.

Ənənəvi yanaşma: olmaq/yaşamaq, olmamaq/ölmək. Hamletə görə ‘olmaq’ kəlməsinin ziddi yalnız ‘ölmək’ deyildir. Və ‘olmamaq’ ikinci bir məna kimi eyni zamanda ‘görünmək’ deməkdir. Əsərdə günbəgün çürüyüb çökən Danimarka krallığı təsvir olunur. Başda anası Gertrud olmaqla hər kəs Hamletin atasına yas tutmalı və oğul taxta keçməlidir. Lakin əmisi Klaudius Gertrudla evlənərək hakimiyyətə gəlir. Hamleti ən çox qıcıqlandıran şey insanların yas tuturmuş kimi etməsi, rola bürünməsi, yəni görünüşləridir; cənazə münasibətilə qaralar geyinmiş vətəndaşların toy ziyafətinə olan ikrahdolu həvəsləridir. O, bu cür bir dünyadan imtina edir, təqlidə boyun əymir, ‘görünməy’i rədd edir.

Daha sonra atasının cinayətini öyrənən Hamlet intiqam andı içir. Və bu andan etibarən görünüşlər dünyasına daxil olur. Teatr truppasının oyununa etdiyi müdaxilə ilə atasının qatili olan əmisinin günahını boynuna almasını hədəfləyir:

H a m l e t. (Horatsioya) …İndi bir tamaşa göstərəcəklər
Onun bir yerində mənim atamın
Ölümünə bənzər bir səhnə vardır…

Hamlet üçün ‘olmaq ya olmamaq’, ‘olmaq ya mövcud olmamaq’ demək deyil, ‘olmaq ya da görünmək’dir. Verəcəyi qərar bundan ibarətdir.

H a m l e t. …Bu gündən sonra
Özümü mən necə, nə cür aparsam,
                    Qəribə, əcaib hallara düşsəm
Arabir dəlilik, təlxəklik etsəm…

‘Görünmək’ bir fəaliyyətdir; rola bürünmək, təqlid etmək, aldatmaq. Həll yolu da burada qarşımıza çıxır: ‘olmamaq’ ‘görünmək’, ‘görünmək’ isə hərəkətdir; performativ aktdır. Deməli ‘olmaq’ hərəkətsizlikdir. Hamletin çıxılmaz vəziyyətə düşməsi də məhz bundan qaynaqlanır. O, ‘olmaq’ istəyirdi, görünməməyə iddialı idi və bu da əsla hərəkətə keçməmək mənasını verirdi. Və ya pasifist tərzdə tərki-dünya olmaq, əl-ətək çəkmək, uzaqlaşmaq, qabığına çəkilmək, mövcud diskursun boğuculuğunu arxada qoymaq, bir mənada da özünü aldatmaq. Atasının intiqamını almaq iddiasında olan Hamlet isə ‘olmağ’ı deyil, ‘görünməy’i seçməli olur.

H a m l e t. Olum ya ölüm, budur məsələ.
Hansı şərəflidir? Azğın taleyin
Müdhiş oxlarına susub dözməkmi,
Yoxsa fəlakətlər nəhrinə qarşı
Silaha sarılıb üsyanmı etmək:
Ya qələbə çalmaq, ya həlak olmaq?
Ölmək – yuxulamaq, yalnız budur, bu!
Bununla ürəyin ağrılarını,
Əzəldən insanın nəsibi olan
Minlərlə dərdləri, iztirabları
Bir anın içində unuduruq biz…

Quramanın belini yerə vuracaq yeganə şey mütləq ölümdür. Hər kəsin bayağı tamaşaya batdığı bir məkanda mövcud auradan xilasın yolu barmağın çərtilməsi ya da illüziyadan oyanmaq üçün möhkəm bir çimdikdir; ya da Taylerin ofisdə meneceri qarşısında özünə atdığı yumruqdur…

***

İtalyan bəstəkar Rucero Leonkavallo’nun ikipərdəli “Təlxəklər” (1892) operası səfeh Taddeonun dilindən auditoriyaya ünvanlanan aktyorların gerçək insanlar olduqları, hiss-həyəcana qapıldıqlarını bildirən üvertüra ilə başlayır. Səhnə reallığın panoramı idisə, bu elandan sonra səhnə reallığın özünə çevrilir. Hadisələri qabaqlayan giriş isə həzm-rabeyə kömək etmir, tamaşaçıya badalaq gəlir. Artıq izlənilənə dolayı yolla yanaşmaq lazımdır: reallığın nominal dəyərlərini hesablamaq.

İlk pərdədə Kanionun rəhbərlik etdiyi komediya truppası bir kəndə gəlir. Məqsəd yerli camaatı əyləndirmək üçün tamaşa göstərməkdir: “Təlxəyin müsibəti”. Baş rolun ifaçısı Kanio, tərəf müqabili isə Silvio ilə gizlin eşq yaşayan arvadı Neddadır. Tamaşa vaxtı günbatımından bir saat əvvələ təyin olunur.

Kanio aktyor Beppe ilə meyxanada içərkən ətrafdakılar ona Tonionun Neddaya göz qoyduğuna eyham vuraraq sataşırlar. Arvadının sədaqətindən şübhəsi olmayan Kanio canlandıracaqları pyesdə səfeh ər rolu oynamasına baxmayaraq gerçək həyatda bu mövzuda heç kimə güzəştə getməyəcəyinə dair xəbərdarlıq edir. Ərinin təlatümündən qorxuya qapılmış Nedda özünə gəlməmiş heç kimin saya salmadığı Tonionun sevgi etirafını dinləməyə məcbur olur. Aciz Tonionun şallaq payını verən Neddanın görüşünə sevgilisi Silvio gəlir. Görüş zamanı oğlanın tamaşadan sonra birgə qaçmaq təklifindən duyuq düşən Tonio, gizlinin ortaya çıxması ümidilə xəbəri tez Kanioya yetirsə də, ikinci, hadisə yerinə vaxtında çatdırmır və yalnız arvadının kimin arxasıncasa “Mən həmişə sənin olacağam!” qışqırığını eşidir. Neddanın Kanio ilə səmərəsiz mübahisələrinə tamaşa hazırlığı bəhanəsi ilə Beppe son qoyur.

İkinci pərdə. İzləyicilər yığışdıqca Kolombina paltarındakı Nedda pul yığmaq üçün gəzir və onların arasında dayanmış Silvioya nəsə pıçıldayır. Hər kəsin alqışı ilə tamaşa başlayır.

Kolombinanın əri Təlxək (Kanio) sabaha qədər evdən uzaqda, Taddeo (Tonio) isə bazarda hərlənir. Qız, onun pəncərəsinin altına gəlib serenada oxuyan aşiqi Arleççinonu (Beppe) gözləyir. Bu məqamda Taddeo daxil olur və zəhlətökən sevgi etirafı ilə baş aparır. Sevgilisi Arleççinonu pəncərədən içəri alan Kolombina Taddeonu zərbələrlə evdən çölə atır. Yerlilər gülüşür.

Arleççino ona yuxu dərmanı verir ki, əri Təlxək qayıdanda onu yatırtsın və aşiqlər birgə qaça bilsinlər. Təlxəyin gəlişindən duyuq düşən Arleççino ordan uzaqlaşarkən arxasınca sevgilisinin “Mən həmişə sənin olacağam!” qışqırığı eşidilir. Eyni sözləri yenə eşidən Kanio tamaşanı davam etdirməyə çalışsa da, qısqanclığını cilovlaya bilmir və arvadının ona kimlə xəyanət etdiyini öyrənməyə çalışır. Çıxılmaz vəziyyəti hiss edən Neddanın Kanionu səhnə adı Təlxəklə çağırmasının cavabı kəskindir: “No! Pagliaccio non son!” “Yox! Mən təlxək deyiləm!” Kanio üzünün solğun görünməsinin səbəbinin makyaj deyil, ona arvadının gətirdiyi biabırçılıq olduğunu oxuyur. Kütlə isə aktyorun performansından cuşa gəlir və onu alqışlayırlar. Tamaşanı davam etdirməyə çalışan Nedda ziyarətçisinin Arleççino olduğunu qəbul etsə də, hiddətlənmiş Kanio ondan başqa ad tələb edir. Məsələnin qarışdığını görən Beppe Toniodan müdaxilə etməsini istəyir, lakin ikinci bu mənada nə özünə, nə də Beppeyə icazə verir. Silvio kütləni yararaq səhnəyə yaxınlaşmağa başlayır. Stoldan bıçağı götürən Kanio isə Neddaya zərbə vurur. “Silvio! Kömək elə!” nidaları ölən qızın son sözləridir. Kanio yaxınlaşan Silvionu da öldürür. Dəhşətə düşmüş auditoriya isə son cümləni eşidir: La commedia è finita!” – “Komediya bitdi!”…

***

Cəfər Cabbarlı’nın 1921-ci il tarixli “Oqtay Eloğlu” pyesi xəyanətə uğramış qəhrəmanın gerçəkliyə rəddiyəsidir. Mövcud vəziyyəti qəbul etməyən, onu dəyişməyə çalışan və bu yolda qurban olmaqdan, həm də qurban etməkdən çəkinməyən aktyorun tale yoludur.

O q t a y. Хalq və “mən” – bu iki söz bir yеrə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün хalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baхdım, ikinci yolu götürdüm. Və o gündən Oqtay bir şəхsiyyət olmaq üzrə yoхdur, O, еl oğludur. O, böyük bir vahidin kiçik bir parçasıdır.

Qəhrəman ilk pərdədə mövqeyini nümayiş etdirir. Fərd ümumidə, ümuminin xatirinə qurban edilir. Məqsəd xalq kütlələrinin teatr vasitəsilə maarifləndirilməsidir. Mövcud vəziyyət isə əlverişsizdir. Tənqid-təhqirlərə hədəf olan truppa üçün fəaliyyətin davamlılığı problemi var. Bu halda teatr gerçəkliyə dirənişin istehkamıdır; ifadə haqqını tələb edən, dörd tərəfi acı reallıqla əsarətlənmiş bir adadır. Gerçəklik, yeniliyi dar çərçivəsində boğan şərdir.

O q t a y. Firəngiz, gеt, yavrum! Sən bu süni həyata alışma. Mən Qurbanlara möhtac bu gözəllik məbədinə öz bacımı vеrərdim, fəqət sən gəlmə! Öyrənmə! Buraya gələnlər zəhərli gülüşləri, acı töhmətləri, böhtanları qəbul еtməli, əfkarümumiyyəni, hər bir şеyi ayaqlar altında tapdamalı, özünü pərvanələr kimi, bu sənət atəşgahının alovlu bağrına atmalıdır. Fəqət sən burada gözlədiyin həyatı görə bilməyəcəksən. Gördüyün bu gözəl paltarlar, parlaq cavahirat, sеvimli adamlar hamısı boyalı, hamısı sünidir. Orada padşahlıq еdər, fərmanlar vеrər, altunlarpaylarlar, çıхınca bir parça çörək arar da, tapmazlar. Sən bu həyatın görünüşlərinə aldanma. O bir həqiqət dеyil, еlə görünür. O bir oyuncaqdır!

İkinci pərdədə protaqonist sevgisi xatirinə teatrı müttəhim masasına oturdur. Səhnə həyatı əks etdirən güzgüdürsə, gerçək yox, bir proyeksiyadır. Min-bir məziyyətlərlə doğulan teatrda hadisə yoxdur, hər şey reallığa oxşamağa çalışan ssenariləşdirilmiş hərəkətlərin yenidən təqdimatıdır. Bu mənada vasitədir, məqsəd deyil; dəyişikliyə köməyin xidmətindədir. Süni olanla reallığa toxunmaq, ona nüfuz etmək ehtirasıdır. Ümumi olaraq gerçəkliyə sadiqlik mütləqdir.

O q t a y. Süni, hər şеy süni! Sanki bu süni bəzək olmazsa, işlər kеçməz. Aхı nеçindir bu süni bəzəklər? Zavallı bəşəriyyət, nеçin həqiqəti gizlədirsiniz? Cırın onu! Baх, bеlə! Qoyun bu çirkin qara daşlar olduğu kimi, bütün dəhşətilə görünsünlər. Daşdır, qoy daş görünsün. Nеçin gizlədirsiniz? O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!

Dördüncü pərdədə onillik sürgündən qayıdan qəhrəmanın həqiqət axtarışı barədə kəskin çıxışları müşahidə edilir: “Elə bir şey ki, olduğu kimi görünsün, göründüyü kimi görünməsin”. Hər şeylə  ixtilafda, mübarizədədir. Yedəyindəki sənəti ilə şərə qarşı çarpışan nevrotikin yerini, cavabsız suallarla şübhə dəryasına daha da batan isterik alır. Həm sünilikdən (teatr), həm də gerçəklikdən (insanlar və sürgün) payını götürmüş qəhrəman qərarvermə qabiliyyətini itirir; mühakimə bacarığının itirilişi, uzunqapanma. Nəticə faciəvidir: səhnədə cinayət. Hər şey kökünə qədər yalandırsa, soykötüyə getməyin mənasızdır. Sevgi etirafı vurulan bıçağın şiddətini artıra bilərdi. İllərlə intizarında olunan həqiqət qan bahasına zühur edir.

O q t a y. Bəli, doğrudan! Bütün həyatını süni görünüşlərlə kеçirən, varlığı məchul zavallı bəşəriyyət! Nə istəyirsiniz bu sünilikdən? Həm də nə qədər gözəl! Qaldırın bu divarları, bеlə… (Qələni vurub yıхır.) Еlə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şеy bir həqiqət olsun. Hər şеy göründüyü kimi dеyil, olduğu kimi görünsün. Bеlə, bеlə! (Divarları yıхır.) Sən də еy böyük sahir, söndür bu günəşləri, ay, ulduzları! Süni işıqlara lüzum yoх! Dünya qaranlıqdır, qoy qaranlıq görünsün. Qaldır bu güzgüləri! Qoy bu şaşqın bəşəriyyət bir dəfə də olsa həqiqəti görsün, görsün ki, o bir hеçdir. Sən özün də bir hеçsən, yaratdıqların da!..

***

Real cinayətlər qurama müstəvisində aşkar olur. Sui-qəsd səhnəciyi ilə “günah çıxardan” Hamlet də, şübhələrinə yetərli qənaət gətirə bilməyən Kanio da, şəxsi mübarizəsinin boşunalığına üzülən Oqtay da qurama ilə gerçək arasında get-gəldədirlər. Ağrılı insan həyatları sənətdə əksini tapmır, əksinə, sənət birbaşa həyat olur. Sərhəd aradan qalxır. Məsələlər rasional həllinə qurama ilə qovuşur.

Psixoanalizdə abreaksiya termini katarsisin bir növü kimi götürülür: xəstənin xəstəliyə səbəb olan o ilk anı yenidən yaşayaraq xəstəlikdən azad olması prosesi. Müraciət olunan üç əsərdə isə abreaksiya terapevtik olmaqdan çox şiddətyönümlü katalizatordur. Təkrarçılıq soyuqbaşlı mühakimə gücünə güc qatmır, əksinə, intiqam hissini böyüdür. Təkrar orijinalı üstələyir və ikincisindən fərqli olaraq fərdin gerçəkliyində dəlik açır. Bu cür keyfiyyət dəyişikliyilə əllərin qana bulaşacağı ya ciyərlərə təmiz hava çəkiləcəyi seçimi isə ağılın iqtidarındadır. Ağılın iqtidarı. Birləşmənin pafosundan qorxanlar yenicə addımlayan uşağın dağıtdığı mürəkkəblə iqtidar sözünün silinəcəyinə ümid edə bilər…

İncəsənətdən bizə ithafən

“Bizim zəmanəmizdə qələmə, fırçaya və ya klarnetə daxili meyl duyan bir kəs, əsasən, hansı xəyallara düşür? İlk öncə o, sənətkar olmaq arzusuyla yanır. Sənət əsəri yaratmaq eşqiylə yanır. Gözəllik, Xeyirxahlıq və Həqiqət vasitəsilə özünü və həmvətənlərini zənginləşdirəcəyi xəyallarına qapılır, öz istedadının xəzinəsini əzabkeş bəşəriyyətə qurban verərək xadim və peyğəmbər olmaq istəyir. Eləcə, həm də, güman ki, öz istedadını İdeya və Xalqın xidmətinə sərf etməyi arzulayır. Necə də böyük məqsədlərdir! Necə heyrətamiz niyyətlərdir! Məgər Şekspirlərin, Şopenlərin rolu bundan ibarət olmayıbmı? Ancaq bir düşünün, bütün müəmma da buradadır, siz axı hələ Şopenlər, nə də Şekspirlər deyilsiniz – sizi hələ sənətkar və sənət xadimləri kimi tam realizə olunmamısınız – siz ən yaxşı halda yalnız yarım Şekspir və dörddəbir Şopensiniz (ey, lənətə gəlmiş hissələr!) – ona görə də sizin iddianız sizin bütün miskin əhəmiyyətsizliyinizi ifşa edir – bu da ona oxşayır ki, siz bədəninizin qiymətli və həssas hissələrini təhlükə altına ataraq bir sıçrayışla abidənin pyedestalına tullanmaq istəyəsiniz.

Mənə inanın: artıq özünü sübut etmiş sənətkarla hələ yenicə söz demək istəyən yarımsənətkar və dörddəbir peyğəmbər arasında fərq var. Və o şey ki, artıq sözünü demiş sənətkara yaraşır, sizin simanızda başqa cür görünür. Ancaq siz öz gerçəkliyinizin ölçüsü ilə öz inkişafınızın konsepsiyasını yaratmaq əvəzinə, özgələrin yerişini yeriyirsiniz – bax ona görə də namizədə, əbədi fərsizə, əbədi üç alana çevrilirsiniz, siz sizi dəhlizdən o yana buraxmayan İncəsənətin nökəri və epiqonçuları, heyranı və pərəstişkarısınız. Həqiqətən də, sizin necə çalışdığınızı və necə sizdə heç bir şeyin alınmadığını, necə hər dəfə sizə hələ o qədər də alınmayıb deyildiyini, sizin isə yeni bir əsəri soxuşdurduğunuzu, bu əsərləri necə zorla qəbul elətdirmək istədiyinizi, necə müdhiş ikinci dərəcəli uğurlarla özünüzü təmizə çıxarmağınızı, bir-birinizə kompliment payladığınızı, bədii gecəciklər təşkil etdiyinizi, özünüzü və ətrafdakıları fərsizliyinizin elə hey yeni xırda məmulatları ilə doladığınızı görmək bir dəhşətdir. Siz hətta yazdığınızın və başdansovdu etdiyinizin nəsə bir əhəmiyyət kəsb etdiyini dərk etmək sevincindən belə məhrumsunuz. Çünki bütün bunlar, təkrar edirəm, yalnız təqliddir – hamısı ustadların işindən gözaltı edilib – yalnız xəyallardır ki, guya bunların nəsə dəyəri var, guya bu artıq bir dəyərdir. Sizin vəziyyətiniz yanlışdır və yanlış olduğundan zəruri olaraq acı məhsul verir – və sizin mühitinizdə artıq qarşılıqlı düşmənçilik, etinasızlıq, acıdillik çiçəklənir, hər bir kəs başqasına, üstəlik də özünə nifrət edir, siz özünənifrət qardaşlığısınız – belə ki, sizin özünüzə etinasızlığınız nəticə etibarilə sizi məhv edəcək. Zira mahiyyət etibarilə ikinci növ yazıçının vəziyyəti hamını bürüyən böyük müqavimətdən, zərbədən başqa, daha nəyin üstündə qərar tutur ki? Birinci və amansız zərbəni ona onun əsərlərindən qəti olaraq zövq almaq istəməyən sıravi oxucu vurur. İkinci və biabırçı zərbəni ona onun ifadə edə bilmədiyi öz gerçəkliyi vurur. Hamısından birabırçı olan üçüncü zərbə və təpiyi isə içində gizləndiyi, ancaq ona fərsiz və qanmaz kimi nifrət edən sənəti vurur. Bu da biabırçılığın son həddidir. Burada artıq tam sahibsizlik başlayır. Bu ona gətirib çıxarır ki, ikinci növ ümumi gülüş obyektinə çevrilir, çünki çarpaz rəddolunma atəşi altına düşür. Doğurdan da, üç dəfə biri o birindən biabırçı zərbə almış adamdan nə gözləyəsən? Məgər bu cür rədd olunmuş adam çıxıb getməli, hər hansı bir küncə qısılmalı, gözdən uzaq olmalı deyilmi? Məgər özünü hamıya nümayiş elətdirən, şan-şöhrət acgözü olan miskin adam sağlam ola bilərmi və o, təbiətdə hıçqırıq doğurmamalıdırmı?…

…Onda siz soruşa bilərsiniz ki, bizim reallıqla uzlaşdırılmış, deməli, daha suveren konsepsiyamız necə olmalıdır? Cənablar, bizim ixtiyarımızda deyil ki, bax belə, çərşənbə axşamından çərşənbəyə keçən gecə ərzində yetkin sənətkarlara çevrilək, ancaq siz, sizə belə zəhlətökən yancaq pərçimləyən İncəsənətdən uzaqlaşmaqla müəyyən mənada öz ləyaqətinizi xilas edə bilərsiniz. İlk növbədə qəti və həmişəlik olaraq “incəsənət” və eyni zamanda fürsətdən istifadə edib “sənətkar” sözündən əl çəkin. Zəhlətökən bir daimiliklə vird etdiyiniz bu sözün içində çimməyinizi boşlayın getsin. Məgər hər bir kəsin bir qədər sənətkar olmağı həqiqət deyil? Məgər doğru deyil ki, bəşəriyyət incəsənəti təkcə kağız və kətan üzərində deyil, gündəlik həyatın hər dəqiqəsində yaradır: gənc qız saçına gül taxanda, söhbət vaxtı dilimizdən zarafat qopanda, biz işıq-kölgənin ala-toran qammasında əriyib itəndə – bu, sənət əsəri yaratmaq deyil də, nədir? Bəs onda bu qəribə və cəfəng “sənətkar” və yerdə qalan bəşəriyyət bölgüsü nə üçündür? Və özünü qürurla sənətkar adlandırmaqdansa, daha doğru olmazdımı ki, siz, sadəcə olaraq, deyəsiniz: “Ola bilsin, mən başqalarına nisbətən incəsənətlə bir az çox məşğul oluram?” Bir də, necə deyərlər, “əsərlər”ə aid etdiyimiz bu sənət kultu nəyinizə lazımdır, – bu, haradan ağlınıza gəlib və xəyalınıza düşüb ki, guya insan incəsənət əsərlərinə belə heyrandır, guya biz Baxın fuqasına qulaq asanda ilahi bir zövqdən donub-qalırıq? Yəni heç bir vaxt ağlınıza belə bir fikir gəlməyib ki, mədəniyyətin – sizin öz adi frazeologiyanızın içində əsir etmək istədiyiniz – bədii sahəsi necə zibillənib, bulanıb, yetkinlikdən uzaqdır? Sizin ağına-bozuna baxmadan və daima buraxdığınız səhv ondan ibarətdir ki, siz insanın incəsənətlə ünsiyyətini ifrat fərdiyyəçilik aktı kimi başa düşərək istisnasız olaraq bədii emosiyaya bağlayırsınız, sanki bizim hər birimiz başqalarından keçilməz bir divarla ayrılmış vəziyyətdə məxsusi olaraq əlimizlə, ayağımızla incəsənətdən zövq alırıq. Ancaq gerçəklikdə biz burada emosiya çoxluğundan ibarət bir qatışıqla, üstəlik insanların bir-birinə təsir edərək kollektiv bir yaşantı yaratması ilə qarşılaşırıq.

Belə deyək, pianoçu estradada Şopendən bir şey dınqıldadanda siz təsdiq edirsiniz ki, Şopen musiqisinin ecazkarlığı dahi pianoçunun uyğun interpretasiyasında dinləyiciləri məftun etdi. Ancaq ola bilər, əslində, heç bir dinləyici məftun olmayıb. Onu da istisna etmək olmaz ki, Şopenin, eləcə də pianoçunun böyük dahi olduğu onlara məlum olmasaydı, onlar bu musiqini daha az maraqla dinləyərdilər. Həm də onlardan hər birinin coşqunluqdan əl çalaraq sıçrayıb qışqırmağının ətrafında hər bir kəsin eynilə o cür qışqırıb sıçramasına bağlı olduğunu söyləmək də mümkündür, zira hər bir kəs düşünür ki, başqaları olmazın bir ləzzət, ilahi bir heyranlıq yaşayır, bu səbəbdən onun şəxsi heyranlığı da özgələrin mayası hesabına qıcqırır; ona görə də çox rahat mümkündür ki, heç kəs öz-özlüyündə heyranlıq yaşamadığı halda, hamı heyranlıq bildirir – zira hər bir kəs qonşusuna istina edir. Və yalnız o vaxt ki, onlar hamısı eyni zamanda lazımi dərəcədə qarşılıqlı coşğunluğa çatacaq, yalnız o vaxt, mən deyirəm, zahiri emosiya ifadəsi onlarda həyəcan doğuracaq – çünki biz zahirən ifadə etdiklərimizə uyğunlaşmağa məcburuq. Ancaq o da düzdür ki, bu konsertdə iştirak etməklə biz bir növ dini mərasim həyata keçiririk (eynilə sübh, ya günorta ibadətində olduğu kimi), sənət Bütününün qarşısında pərəstişlə diz çökürük; bu halda isə bizim heyranlığımız yalnız sitayiş aktı və mərasimi həyata keçirmək işinə uyğun olacaqdır. Buna baxmayaraq kim deyər, bu Gözəllikdə həqiqi gözəllik payı nə qədər, tarixi-sosioloji proseslərin payı nə qədərdir? Bəli, bəli, yaxşı məlumdur ki, bəşəriyyətin miflərə ehtiyacı var – o, çox sayda sənətkarların arasından birini seçərək (ancaq kim bu seçimə aparan yolu tədqiq və təsvir etmək qabiliyyətindədir?), onu başqalarından üstün tutaraq əzbərləməyə, onda öz sirlərini açmağa, öz hisslərini ona tabe etməyə başlayır – ancaq əgər biz eyni inadkarlıqla başqa sənətkarı göylərə qaldırsaydıq, onda bizim Homerimiz o olardı. Yəni siz görmüsünüz ki, sənətkarın və əsərlərin böyüklüyü nə qədər müxtəlif və çox vaxt estetik olmayan elementlər (bunların siyahısını mən tərəf tutmadan saysız uzada bilərəm) çoxluğundan yaranır? Və bizim incəsənətlə bu şübhəli, ziddiyyətli və çətin birgə yaşayışımızı siz “ilhamlı şair oxuyur, heyran dinləyici qulaq asır” kimi sadəlövh bir kəlmə içinə salıb əsir etmək istəyirsiniz?

Bəsdir bu incəsənətin nazı ilə oynadınız, əl çəkin – Tanrı xatirinə! – bütün bu onu şişirtmə və göylərə qaldırma sistemindən; əfsanələrə uymayın, imkan verin faktlar sizi yaratsın. Tək bircə elə bu, sizi Gerçəkliyə açaraq sizə xeyli yüngüllük gətirməli idi, – ancaq, bununla bərabər, qorxudan da qurtulun, guya bu, miskinliyə və ruhunuzun aşılanmasına gətirəcək – zira Gerçəklik həmişə sadəlövh illüziyalarla və yalançı uydurmalarla zəngindir. Və mən indi yeni yolda sizi hansı sərvətlər gözlədiyini göstərəcəyəm…”

Vitold Qombroviç’in “Ferdidurka” romanından bir hissə

***

Həyat/Ölüm

“Mən həyatımdan tam razı, fit çala-çala çəkmələrimin bağını bağlayıram və birdən hiss edirəm ki, bədbəxtəm. Bu dəfə səni tuta bildim, qüssə, mən hələ səni beynim qeydiyyatdan keçirməzdən öncə, o, sənə öz mənfi hökmünü çıxaranadək hiss etmişdim. Əgər boz rəng ağrı, mədə ağrısı olsaydı, nə olardı?! Və demək olar ki, dərhal (lakin sonra, bu dəfə sən məni aldada bilməzsən) vərdiş etdiyimiz izahat ortaya çıxır: “Hə, bir gün də yaşamalıyam və s.” Bundan sonra da: “Canım saxılır, ona görə ki … və s.”

Düşüncələr bütün yelkənlərdə çaparaq gedirlər, ancaq əsas yelkənləri üfürən küləkdir ki, aşağıdan əsir (aşağıdan – xalis fiziki əlamət). Lakin külək dəyişən kimi (onun istiqaməti nəyi dəyişir ki?) rəngbərəng yelkənli xoşbəxt gəmilər üzüb gəlir. “Ancaq şikayətlənməyə də dəyməz, çe” – və bunabənzər şeylər.

Yuxudan duranda jalüzlərin arasından sübh şəfəqlərini gördüm. Mən gecənin elə bir dərinliyindən çıxırdım ki, elə bilirdim, öz-özümü qaytarıram; məni hər şeyin həmişəki kimi və həminki ruhsuz ardıcıllıqla olacağı yeni gün qorxudurdu: şüur işə düşür, işıq duyğusu əmələ gəlir, gözlər açılır, jalüzlər və aralarındakı işıq görünür.

Elə bu an mən yarıyuxulu halda dinləri heyrətə gətirən və məftun edən bütün dəhşəti başa düşdüm, kainatın əbədi kamilliyi və yer kürəsinin öz oxu ətrafında daim fırlanması. Və qəm-qüssədən, dözülməz əlacsızlıq duyğusundan boğuldum. Mən hər səhər günəşin çıxmasına dözməyə məcburam. Bu dəhşətdir. Qeyri-insanidir.

Mən yenidən yuxuya getməkdən ötrü dəyişə bilən plastik dünyanı təsəvvür etdim (gördüm), elə bir dünyanı ki, onun üzərində möcüzələr bəxş edən kor təsadüf dolaşır, göz üzü isə yığılıb-açıla bilər, günəş çıxmaya, ya da göydə donub-qala bilər, yaxud formasını dəyişə bilər…”

Xulio Kortasar’ın “Xana-xana” romanından bir hissə

( )

“Teatr müdiri və ya məşq: Hissənin sonu” (1885), Uolter Sikert

***

“Həyatım boyu bütün əlaqələrimi hazırlayan, indi olduğum mövqeyimin yaradıcısı olan ən yaxın dostumun xəstələnməsi xəbərilə dərindən sarsılmış vəziyyətdəyəm. Ancaq çox yaxınımıza gələndə varlığını duyduğumuz ölümün keçən onilliklərdə mənə ən yaxın olmuş, həddən artıq qabiliyyətli, musiqi dahisi, güvəndiyim tək insan olan atamı, ən yaxın dostumu əlimdən almağa gəldiyi hissinin dəhşətli qorxusu içindəyəm. Bu vəziyyətdə mənə heç nə təsəlli verə bilməz! Amma Tanrıya bizə bu şansı verdiyi üçün dəfələrlə təşəkkür etməliyik, əziz atam. Nə demək istədiyimi ümidvaram başa düşdün. Niyəsini soruşursansa; həyatımızın sonuna gələndə, şiddətli ağrılarla qıvrılanda, ölümün ən yaxın sirdaşımız olduğunu bizə göstərdiyi üçün. İçində yaşadığımız saxta xoşbəxtlik yerinə, gerçək xoşbəxtliyin, kilidi çevirib açdığı qapı arxasında olduğunu bizə göstərən həqiqi dostumuzun ölüm olduğunu bizə görmək şansı verdiyi üçün. Hal-hazırda gənc olduğumu və ölümün mənə uzaq olması fikrilə saxtakar davranıb, yalan söylədiyimi düşünməyəsən. Bəlkə mən də sabahı görməyəcəyəm. Heç kim yaşının gəncliyinə baxıb sabahı görəcəyi hissinə aldanmasın. Ancaq şükr etsin. Mənim etdiyim kimi. Yaradana hər gün o gün üçün təşəkkür edirəm və ölümün hər an çox yaxında olduğunun fərqindəyəm. Dostumuzun bizə nə vaxt görünəcəyi isə müəmmalıdır.”

Motsart’ın ölüm ayağında olan atası Leopold’a məktubu

( )

William holman hunt-the shadow of death.jpg

“Ölümün kölgəsi” (1873), Uilyam Holman Hant

***

” – Yox, indi siz məni anlayacaq halda deyilsiniz, bir vaxtlar bütün bunları sizinlə paylaşdığımı xatırlayacaqsınız. Elə bir gün gəlir ki, – bəziləri üçün o gün çox da uzaqda deyil – artıq gülüb-danışacaq halda olmursan və baxdığın hər guşədə gözünə ancaq ölüm mələyi görünür. Siz bu “ölüm” kəlməsinin nə ifadə etdiyini də anlamaq iqtidarında deyilsiniz! İndi o, sizə boş bir səs yığını kimi gəlir. Mənə isə əsl dəhşət aşılayır. Onun gerçək anlamını niyə görəsə insan qəfildən və buna hər hansı səbəb olmadan fəhm etməyə başlayır və həmin andan həyatdakı hər şey onun gözündə dəyişir. Bu son on beş ildə həmin yaşantının qurdtək içimi necə gəmirdiyinin fərqindəyəm mən. Hər gün, hər saat o, varlığımın ən dərin qatlarına nüfuz etdiyindən mən daim özümü az sonra yerlə bir olacaq bina kimi hiss edirəm. Həmin hiss məni o dərəcədə eybəcər kökə salıb ki, özümü tanımaqda çətinlik çəkirəm. Otuz il öncə həyat eşqilə coşub-daşan, gümrah və güclü birisi olduğum halda, indi o adamdan əsər-əlamət qalmayıb. Mənim şəvə saçlarımı o sarsıntının hansı əzmlə, günbəgün artan inadla bəyaz rəngə boyadığının şahidiyəm! Hamar dərimi, əzələlərimi, dişlərimi, o cavan bədənimi əlimdən alan o duyğu mənə təkcə ruhumu qıydı və tezliklə onu da alacağı şübhəsizdir. Hə, o yaramaz bütün varlığımı gəmirib. Hiss olunmadan, aramsız, saniyəbəsaniyə, amansızcasına gəmirməklə məni yeyib, dağıdıb. Ona görə də indi nəyə əl atıramsa, ölümün təmasını duyuram. Atdığım hər addım məni ona yaxınlaşdırır, etdiyim hər hərəkət, aldığım hər nəfəs, sanki, o iyrənc ölümün xeyrinədir. Nəfəs almaq, yemək-içmək, yatmaq, çalışmaq, arzular qurmaq – əslində, elə ölmək deməkmiş. Ən nəhayət, yaşamağın özü də ölümə səyahət imiş!

Eh, siz hələ bütün bunlardan xəbərsizsiniz! Əgər vur-tut on beş dəqiqə bu barədə düşünsəydiniz, bunun fərqinə varardınız. Həyatdan nə umursunuz? Sevgimi? Beş-altı öpüş dadınca, sizin həzz duyğunuz korşalacaq. Daha nə istəyirsiniz? Pulmu? Nə üçün? Qadınlara sahiblənmək üçünmü? Əcəb həzmiş! Yoxsa tıxanınca yemək, piylənmək və gecə sübhəcən podaqra sancılarından bağırmaq üçün?
Başqa nə istərdiniz? Şöhrətmi? Bəs əgər həyatınız sevgidən məhrumdursa, neyləyəcəksiniz onu? Başqa nə istəyirsiniz? Axı onsuz da son nəticədə hər cəhdiniz ölümlə nəticələnəcək?!

İndi o görüntü mənə elə yaxınlaşıb ki, çox vaxt əlimi uzadıb onu qovmaq keçir könlümdən. Amma o, torpağın üstünə yayılır, fəzanı doldurur öz varlığıyla. Hər yerdə ona rast gəlirəm. Yolun ortasında tapdanmış böcək də, xəzəllər də, dostumun saqqalındakı dən də ürəyimi deşir və deyir: “Budur o!”. Gördüyüm işi, gözümə sataşan görüntüləri, yeyib-içdiyimi, sevib-xoşladığım hər şeyi: ay işığını, günəşin qürubunu, göylərlə birləşən dənizi, yatağına sığmayan çayları, istədiyin qədər hələ ciyərlərinə çəkmədiyin yay axşamlarının sərinini – mənə zəhər edir o!”

Gi de Mopassan’ın “Əziz dost” romanından bir hissə

( )

The life of Weary, 1892 - Ferdinand Hodler

“Əzgin həyat” (1892), Ferdinand Hodler

***

Həyatın bir aktı – yaşamağı, hərəkəti – bildirməsilə Ölümün təcrübi aktsızlığı arasında Hamletvari o bir neçə saniyəlik tərəddüd…

Edam

1

“Bu əhvalat oktyabrın axırında baş verib, saat beşdə soyuq və qaranlıq olur, həbsxana pristavı keşikçi dəstəsi ilə yavaşca içəri girərək, ehmallıca onun çiyninə toxunur, o qalxıb dirsəklənir, işıq görür. “Nə olub?” – “Saat onda edamdır”. O, yuxulu olduğu üçün inanmır, mübahisə etmək istəyir ki, kağız bir həftədən sonra gələcək, lakin lap ayılandan sonra mübahisə etməyib susur – belə nağıl edirdilər – sonra deyib: “Hər halda, bu cür birdən olması müsibətdir…” – sonra yenə susub, daha heç bir şey demək istəməyib. Belə halda məlum şeylər üçün: keşişlə görüşmək, səhər yeməyi, bu zaman ona şərab, qəhvə və mal əti verirlər, üç-dörd saat keçir (məgər bu masqara deyilmi? Axı fikirləşirsən ki, bu, dəhşətli əhvalatdır, o biri tərəfdən də, vallah, bu sadəlövh adamlar bu işi təmiz ürəklə edirlər, özləri də əmindirlər ki, bu, insanpərvərlikdir), sonra tualet (cinayətkarın tualetinin siz nədən ibarət olduğunu bilirsinizmi?), nəhayət, şəhərin içi ilə eşafota qədər aparırlar… Mən güman edirəm ki, bax, gərək ki, burada da, eşafota çatana qədər intəhasız bir ömür qalır. Mənə belə gəlir ki, o, yolda ikən düşünürmüş: “Hələ çox vaxt var, hələ üç küçəlik ömür qalıb, bax bu küçəni ötüb-keçəndən sonra hələ o birisi qalacaq, sonra yenə biri, sağda bulka dükanı olan küçə qalacaq… Hələ kim bilir bulka dükanına nə vaxt çatacağıq!” Hər tərəf camaatla doludur, hay-küy ətrafı bürüyüb, on min sifət, on min göz – bütün bunlara dözmək, davam gətirmək lazımdır, başlıcası isə belə bir fikrə: “Onlar on min nəfərdir, onlardan heç kəsi edam etmirlər, amma məni edam edirlər!” Bax bütün bunlar edamdan qabaq baş verir. Eşafota pilləkənlə qalxırlar, elə bu dəm o, pilləkənin qarşısında birdən ağlamağa başladı, halbuki qüvvətli və cəsarətli adam idi, deyirlər, böyük cinayətkar olub. Keşiş daim onun yanında idi, arabada da onunla yanaşı oturmuşdu, özü də ara vermədən danışırdı – amma cinayətkar, çətin ki, ona qulaq asırdı: qulaq asmağa başlayır, iki kəlmədən sonra, yəqin, heç bir şey başa düşmürdü (…) Nəhayət pilləkənlə qalxmağa başladı, ayaqları buxovlanmışdı, ona görə də xırda addımlarla yeriyirdi. Keşiş, görünür, ağıllı adam idi, danışmağına ara verdi, amma hey xaçı ona tərəf tutub öpdürmək istəyirdi. Pilləkənin aşağısında onun rəngi lap qaçmışdı, amma yuxarı qalxıb, eşafota ayaq basanda birdən kağız kimi ağardı, lap ağ yazı kağızı kimi. Yəqin onun qıçları heydən düşüb taxtaya dönürdü, ürəyi də elə bulanırdı ki, sanki, boğazını nə isə sıxırdı, buna görə də, elə bil, qıdığı tuturdu – siz bəzən qorxanda, yaxud da dəhşətli anlarda bunu hiss edibsinizmi? Bu, elə anlardır ki, insan şüurunu itirmir, lakin heç bir şey etməyə taqəti çatmır. Mənə elə gəlir ki, məsəl üçün, ev başına uçanda mütləq məhv olacağını hiss edən insan birdən yerdə oturacaq, gözünü yumaraq gözləməyə başlayacaq – düşünəcək ki, nə olacaq olsun!.. Bax elə bu məqamda, bu zəiflik başlayanda, keşiş cəld və dinməz-söyləməz birdən xaçı onun lap dodaqlarına yapışdırırdı, balaca, dördbucaq, gümüş xaç idi, tez-tez, hər dəqiqə dodağına tərəf tuturdu. Xaç edam olunanın dodaqlarına toxunan kimi gözlərini açaraq, yenə bir neçə saniyə, elə bil ki, canlanır və qıçları hərəkət edirdi. O, xaçı tələsə-tələsə öpürdü, nəyi isə ehtiyat olaraq, hər ehtimala qarşı götürməyi unutmamaq üçün tələsirmiş kimi, xaçı öpməyə tələsirdi, lakin bu anlar onun dini bir şey dərk etməsini heç ağlım kəsmir. Taxtaya çatanadək halı belə idi… Təəccüblü orasıdır ki, bu son saniyələrdə çox nadir adam bayılıb özündən gedir! Əksinə, adamın başı çox iti işləyir, mən təsəvvür edirəm, tamamlanmamış olan müxtəlif fikirlər baş qaldırır, hələ, bəlkə də, gülməli, bir cür kənar fikirlər: “Bax, o, mənə tamaşa edir, onun alnında ziyil var, bax cəlladın alt düymələrindən biri paslanıb…” Halbuki hər şeyi bilir, hər şeyi xatırlayırsan, heç vaxt yaddan çıxmayan belə bir nöqtə var, heç bayılmaq da olmaz, hər şey onun yanında, bu nöqtənin yanında hərəkət edib fırlanır. Təsəvvür edin ki, bu, son dörddəbir saniyə ərzində, baş artıq kötüyün üstünə qoyulmuş olduğu məqamadək davam edir, özü də gözləyir, həm də…bilir, qəflətən başı üzərində dəmirin qıjıltısını eşidir!..”

F. Dostoyevski’nin “İdiot” romanından

Ölümün bir addımlığında olan təhkiyənin zamanı yavaşlatmağı, oxucuya məhkumu hiss etməyə imkan verir. Bir azdan eşafotda son nəfəsini verəcək olan məhkumun müşahidəsini edən və onun əvəzinə danışan müəllif, bəzən soyuq mühakimə tərzini itirir, qismən (şəxsi) melanxolikliyə qapılır. Vaxtilə edam gülləsindən xilas ola bilməsinin – ki, xilasın nəticəsi əsərlərinin metafizik fundamentini yaradır, beləliklə ölümü qabaqlamış Fyodor, həyatdolu surətlərin quduzlaşmasına maneə ola bilmir – “minnətdarlığ”ını (kimə?!) bir səhnəciklə bildirməyə çalışan yazar, zaman/məkan ikiliyini küncə sıxışdırır, həmin o qaçılmaz dəhşəti “monad”laşdırır (Leybnits) və şahidi olduğu həyat qarşısında özünü o qədər kiçildir ki (Dekart), təsvir edilən hadisə yığılmış bir nöqtədən partlayaraq bir ‘snapshot’a çevrilir. Çünki ölüm/bitmə təlaşına görə həyatı bir anda/indicə qucaqlamağa çalışan insanın hərisliyi qavrayış arealını aşır. Yuxarıdakı hissə bir-birindən qopuq hadisələr toplusu deyil, əksinə, oxucunun üzərindən keçdiyi cümlələr bir tablonun çoxu gözdənqaçmış detallarıdır. Və danışanın məhkum deyil, yazar olması individual təcrübənin təxəyyülü qabaqlaması ilə nəticələnir…

***

2

“Hisslərimi ifadə etmək üçün sözlər kafi deyildi. Çətinliklə irəliləyirdik və geniş Pont-au-Change körpüsünün ortasına çatmamış dəhşətli bir qorxu məni bürüdü. Qürurumun son zərrəsi ilə huşumu itirəcəyimdən qorxurdum… keşişin tez-tez kəsilən sözlərindən başqa hər şeyə gözlərimi və qulaqlarımı bağladım.
Xaçı öpdüm və “Tanrım, mənə mərhəmət et!” deyə dua edib özümü tamamilə bu düşüncəyə buraxdım.
Di gəl ki, kobud görünüşlü araba yol boyu hər dəfə sallananda mən də sarsılırdım. Qəflətən şiddətli bir soyuq hiss etdim. Paltarlarıma hopmuş yağış, qısa kəsilmiş saçlarımın arasından başımın dərisini isladırdı.
Keşiş, “Soyuqdan titrəyirsiniz, oğlum?” deyə soruşdu.
“Bəli.” deyə cavabladım.
Əslində məni titrədən təkcə soyuq deyildi. Çox gənc olduğuma görə körpünün döngəsində dayanmış qadınların mənə yazıqları gəlirdi… Sanki sərxoşdum, dəhşətlərə bürünmüş, bir cür qəribə olmuşdum. İnsana tuşlanmış bu qədər baxışların ağırlığına tab gətirmək çox çətin idi.
Artıq nə keşişə, nə də xaça baxırdım, eləcə yerimin üstündə titrəyirdim. Məni əhatələmiş uğultular içində, mərhəmət çığırtılarını sevinc nərələrindən, qəhqəhələri deyinmələrdən, insan səslərini gurultudan ayırd edə bilmirdim…
Gözlərim şüursuz bir halda mağazaların lövhələrini oxuyurdu. Birdən qəribə bir maraqla başımı geri çevirib hara getdiyimizi görmək istədim.
Bu, zehnimin həyata son müqaviməti idi. Fəqət bədənim imkan vermədi. Boynum iflic olmuş, sanki artıq ölmüşdüm…
Və araba gedir, gedir, dükanların qarşısından keçirdi. Hər tərəfdə yazılı, boyalı, qızılı rəngli lövhələr. İnsanlar sevinclə gülüşür, sanki palçığın içində oynayırdılar. Artıq bir yuxudaymışcasına tamamilə bu vəziyyətə təslim olmuşdum…
Birdən araba dayandı. Az qala üzüüstə yerə yıxılırdım. Keşiş məni saxlayıb “Cəsarət!” deyə pıçıldadı. Arabanın arxasına bir pilləkən söykədilər. Keşiş əlini mənə uzatdı və mən aşağı düşdüm. Bir addım atdım. Sonra bir addım daha atmağa çalışsam da, bacara bilmədim. Dokdakı iki fənər arasında çox dəhşətli bir şey görmüşdüm.
“Ah! Bax, bu, gerçəyin özü!” Qüvvətli bir zərbə almış kimi səndələyib dizlərimin bükülməməsinə çalışırdım.
“Son dəfə çıxış etməyimə icazə verin” deyə yavaşdan dilləndim…”

Viktor Hüqo’nun “Edam məhkumunun son günü” romanından

Hər sətirdə həyəcanını gizlətməyən məhkum, dar ağacına gedən yolda əzabın romantikləşdirilməsilə təsəlli tapmağa çalışır. Keçdiyi yollarda həyat selini zərrəsinə qədər hiss edən gəncin fiziki tabsızlığı ağıya çevrilməsə də, nəticədə taleyinə təslim olmaq istəmir. Bu cür qürursuz (!) etirazın təsiri isə keçicidir. Hüqonun yaratdığı məhkum mübarizədən məhrum, axına qarşı deyil, onunla birgə (F. T. Çokor) sonuna yaxınlaşır. Təhkiyədə Maarifçilik dövrü sonrası incəsənətə toxumlarını səpən romantist meyllər hiss olunur. O, hamıdan fərqlidir, ‘Mən’ olaraq hər şeyin üzərindədir, hər şeyi daha yaxşı müşahidə etdiyi kimi ətrafın da ona nüfuz etməsinə maneə ola bilmir. Qeyri-mümkünü istəməyin realist şüara (Çe G. ilə) çevrilməsinə qədər, romantizmdə, imkansız olana çatmaq əsas hədəf idi. Bu cür dekorasiya ilə bəzənmiş mətnin qəhrəmanı isə yaşamağa “çalışmır”, amma ona cəsarət aşılamağa çalışan keşişə də qulaq asmır. Bu itaətsizliyin zəifliyi isə bədənini sarmış qorxunun təzahürüdür. Hər halda o bir “Duman dənizi üzərindəki səyyah”dır (K. David Fridrix). Və yalnız o, iztirablarında Gerçəkliyə çatdığını düşünəcək qədər sadəlövhdür…

***

3

“- Yox oğlum, – dedi və əlini çiynimə qoydu. – Mən sizinləyəm. Lakin siz bunu başa düşəcək halda deyilsiniz. Çünki ürəyiniz kordur. Mən sizin əvəzinizə dua edəcəyəm.

Bu yerdə heç bilmirəm nədənsə, içimdən partladım. Boğazım yırtılanacan bağırdım, onu söyüb dedim: mənim yerimə dua etmək lazım deyil, birdəfəlik yox olmaqdansa odda yanmaq yaxşıdır.

Əlimi atıb cübbəsinin yaxasından yapışdım. Qəzəb və sevincdən əsirdim, qəlbimin dərinliklərində nə vardısa hamısını üzünə çırpdım. Dedim ki, o, yalnız üzdə belə arxayındır və guya qəlbində şübhə toxumu yoxdur. Lakin onun bütün bu saxta inamı bircə qadın tükünə belə dəyməz. O, əbəs yerə əmindir ki, guya yaşayır, bu cür yaşamaqdan nə fayda, o ki ölü kimi yaşayır. Baxın, mən zahirən dilənçiyə, səfilə oxşayıram. Ancaq mən özümə inanıram və hər şeydə ondan çox inamlıyam: yaşadığıma inanıram, tezliklə öləcəyimə inanıram. Bəli, bu inamdan başqa heç nəyim yoxdur. Lakin bu inamı heç kəs məndən ala bilməz, necə ki, məni ondan ayırmaq olmaz. Mən indi də, elə əvvəllər də – həmişə, həmişə haqlı olmuşam. Mən bu cür yaşamışam, başqa cür də yaşaya bilərdim, onu etməmişəm – bunu etmişəm.  Nə olsun ki? Fərqi nədir? Həyatımı necə qurduğumdan, necə yaşadığımdan asılı olmyaraq belə çıxır ki, mən həmişə bax, bu dəqiqəni, bu sübh çağını gözləyirmişəm. Bir azdan isə ölümümlə mənim haqlı olduğum təsdiqlənəcək. Heç nəyin fərqi yoxdur, hər şey mənasızdır və mən bu mənasızlığın səbəbini artıq çox gözəl bilirəm. Onun özü də bilir. Özgələrinin ölümündən, ana məhəbbətindən, onun Allahından mənə nə? Mənim ki, alnıma bircə tale yazılıb və indi ondan, onun kimi özlərini mənim qardaşım adlandıran, mənim kimi alınlarına bircə tale yazılmış milyardlarla varlıqdan mənə nə? Bütün bunlar ona aydındırmı, aydındırmı nəhayət? Yer üzündəki bütün adamlar – seçilmişlərdi. Başqaları mövcud deyildir. Gez-tez hamı mühakimə olunub məhkum ediləcək. Elə onun özü də. Dünən qətlə ittiham olunan adam bu gün anasının dəfnində ağlamadığına görə edam olunur. Məgər bunun elə bir fərqi varmı? (…) Nəzarətçilər keşişi zorla əlimdən aldılar. Sonra hədəylə üstümə atıldılar. Amma keşiş onları sakitləşdirdi və bir dəqiqəyəcən lal-dinməz dayanıb mənə baxdı. Gözləri yaşarmışdı. Sonra dönüb gözdən itdi.

O, qapıdan çıxan kimi sakitləşdim. Hiss etdim ki, bərk yorulmuşam. Çarpayıya uzandım. Yəqin ki, yuxulamışdım, çünki oyananda ulduzlar üzümə baxırdı. Çöldən gələn səsləri aydınca eşidirdim. Sərin gecənin, torpağın və dənizin ətri gicgahlarımı oxşadı. Uyumuş yayın ecazkar sakitliyi sahilə çırpılan dalğalar kimi qaynayıb qanıma qarışdı. Birdən haradansa, gecənin sərhədlərindən gəmi fitlərinin fəryadı eşidildi. Onlar artıq mənim üçün öz mənasını itirmiş səfər və ayrılıqlarından dünyaya xəbər verirdilər. (…)

Coşqun qəzəb dalğası elə bil bütün ağrılarımı yuyub apardı, məni ümidlərdən xilas elədi, sirli işarələr və ulduzlarla dolu bu gecədə mən ilk dəfə olaraq ağuşumu biganə dünyanın görüşünə açıram. O, necə də mənə oxşayır, o mənə qardaş kimidir və bu səbəbdən hiss edirəm ki, xoşbəxt imişəm və indi də xoşbəxtəm. Hər şey başa çatsın deyə, bu cür tənha olmayım deyə, bircə onu arzulamaq qalır ki, edam günümdə meydana daha çox tamaşaçı yığılsın və qoy onlar məni nifrət sədalarıyla qarşılasınlar…”

Alber Kamyu’nun “Yad” romanından

Mövcudluğu ilə bağlı çarəsizliyinin fərqinə varmış məhkum qəzəb içində boğulur. Bu qəzəb əvvəlki mətnlərdən fərqli olaraq fərdi/şəxsi deyil. Ölümün olması həyatı mənalı etmək əvəzinə onu bayağılaşdırır. Dünyanın bivecliyi qarşısında qolları yanına düşmüş insan, kainatın dözülməz səssizliyində ‘ratio’ vasitəsilə absurda çatır. Edam gününü digərlərindən fərqləndirən heç nə yoxdur; artıq zaman bizi daşımır, bizlər onun yükünü çəkirik. Bu ağırlığı azaltmaq üçün ‘fraqmentasiya’ – hərəkətlərin bölünməsi – önəmlidir. Məhkum şüur axınından uzaqdır. Cəzasını (!) qəbullanır, eynilə taleyinə boyun əymiş Sizif kimi. Ancaq bu itaət mütilikdən uzaqdır. İnsan yalnız o halda aktivdir ki, absurdu qucaqlayır, hər hansı metafizik alternativə ehtiyac duymur, özünü/dünyanı yenidən yaradır. Hər kəs kimi səbəbini tam qavraya bilmədiyimiz xoşbəxt olma istəyini dəf edə bilməyən prototip də bu yolla dünya ilə “birləşir”, “yüksəlir”. Bu cür qiyamın yoluxucu olub-olmadığını isə edam kürsüsünün ətrafına yığışmış kütlələrin övladlarında axtarmaq lazımdır, güclü siyasi/sosial immunitetə sahib böyüklərdə yox…

***

Hər üç mətndə ortaq cəhət hər bir məhkumun öz yol yoldaşının olmasıdır: keşişlər. Heç də mərkəzdə olmayan, amma hər üç tabloda, qurbana ən yaxın fiqurlar. İnkvizisiya dövründən etibarən eşafotları qanla bəzəyən din adamlarının öləcək olanları müşayiəti. Ya müqəddəs sadəlik (Nitsşe) ya da tarixi ikiüzlülük…

“Addımlar”

1933-də doğulan, 1957-yə qədər Varşava Elmlər Akademiyası üzvü olan Kosinski həmin il Amerikaya köçür və Konnektikutda bir universitetdə müəllimliyə başlayır. O, Amerikada nəslinin ən yaxşı yazarlarından hesab edilir. 1967-ci ildə “Boyalı quş” romanı ilə səsini eşitdirən Kosinski 2 il sonra “Addımlar” romanı ilə Birləşmiş Ştatların ən yüksək ədəbiyyat mükafatı “National Book Award”ı qazanır.

Yazarın Amerikada gördükləri ilə Polşa xatirələrinin bir-birinə qarışdığı, iç-içə keçdiyi “Addımlar” ‘şərin, qorxunc bayağılığ’ın romanıdır.

Kosinski sözbəsöz, damcı damcı, çin işgəncələrindəki kimi, qaranlıqlar arasında yolunu qazıyır. Dərinin altına süzülür, sinirlər boyunca yüksəlir və ən gizli yerlərə zəhərini yerləşdirir. Günahkar olduğumuzu bilir. Etiraf etməyə… ya da kitabını bağlayıb kənara atmağa məcbur edir…

Bu şeytani səhnələr heç bir vəchlə bir-birinə bağlana bilməz…

Qorxunun mübarizəsini təsvirinə görə Kafka, qəddarlığı müqəddəsləşdirdiyi üçün Lotremont, tənha insanı absurd kainatın xaricində göstərdiyi üçün Kamyu, ‘erotizm’ə dini ritualların sehrli gücünü yeritdiyi üçün Jan Gene ilə müqayisə edilir…

Yazar əsərindən danışmağı qəbul edir (əsərləri 26 dilə tərcümə edilmişdir), yazarların “şəxsi iqtidar”ına qarşı çıxır amma dəhşətə səyahətdə “avtobioqrafik töhfələrin rolu” kimi, ona görə mənasız olan sualları cavabsız qoyur.

Qaçacaq ya da cinayət törədəcəkmiş kimi bir profilə sahib, bəzən bağlı dodaqlarında xəfif bir gülümsəməsi ilə Eji Kosinski (Jerzy Kosiński) heç də rahatlıqla “həzm olunacaq” biri deyil. Kitabları da həmçinin.

MÜŞAHİDƏÇİ

“Addımlar”da danışan mən deyiləm. Hamleti oynayanın Hamlet ya da bəsit bir teatr aktyoru olmadığı kimi. Özümü əsərin strukturundan, mövzulardan və ‘birinci şəxsin təki’ ilə danışdığım hadisələrdən məsul hesab edirəm. ‘Birinci şəxsin təki’ bunlardan istədiyi kimi yararlana bilər, bu məni maraqlandırmır. Əlbəttə, aramızda qohumluq bağı var, bir-birimizi təqlid edirik, lakin yenə də bir-birimizdən çox uzağıq.

İnsan, başqa şəxsiyyət vasitəsilə dilə gətirdiklərindən ayrı düşünülə bilərmi?

Xeyr. Qızdırmalı halda və ya tutmalar içində yaratmıram mən. Əksinə. Hər şeyi aşkar şəkildə görə bilməyim üçün mütləq bir biveclik içində olmağa, özümü “dondurmağa” çalışıram. Bitərəfliyi bivecliyi ilə sığortalanan bir müşahidəçi, şahid oluram.

Amma bu müşahidəçinin, bu şahidin gözləri şərin üzərində gəzir.

Sizin şər deyə adlandırdığınız şeylərin üzərində. Qəbul edirsinizsə, deməli şər mövcuddur, sizə tanış bir gerçəyi təmsil edir və sizindir. Oxucu kitabımın onu maraqlandırmadığını deyib onu bağlamaqda sərbəstdir. Təsvir etdiyim güzgüdə hər kəs öz mübtəlalıqlarının əksini görür. Bunlar mənimkilər deyil. Mən çoxlu paltarlar təklif edirəm, istədiyiniz kimi istifadə edin. Məsələn, amerikalı tənqidçilər “Addımlar”ın totalitar rejimlərlə kökündən sarsılan Avropanın narahatlığını vəsf etdiyini söylədilər. Fransız həmkarları isə xüsusilə Amerikada hökm sürən şiddət tapdılar kitabda. Şübhəsiz, hamısı haqlıdır… İnsan qarşısındakını özündən daha yaxşı görür.

Halbuki amerikan gəncliyi əsərlərinizə böyük maraq göstərmişdi.

Elədir, amma əks səbəblərlə. Gənclər, fərqli olduğu üçün hər kəsin “boğduğu” “Boyalı quş”da özlərini tapdılar. “Addımlar”da isə cəmiyyətin onlara təklif etdiyi və rədd edilən misalları gördülər. Mənim üçün olduğu qədər bəlkə onlar üçün də bütləri qırmaq biveclikdən ölməmək üçün əlimizdə qalan son hərəkət kimi görünür.

Amma siz biveclik iddiasındasınız, ona yönəlir və ondan ilham alırsınız.

Çünki büt qırmaq üçün bəzi hərəkətlər vacibdir. Həyəcan yaşadığımız anda, həyatın özündə var olan bir şeydir. Kitablarımda ona yer yoxdur. Başqa nəticə hasil etməkdən də qaçınıram. Kimyəvi tərəfdən saf formada, günümüz insanını qane edən tək çıxış yolunun hökmetmə və qulluq olduğunu göstərməyə çalışıram.

Bu məqsədlə də, kimyəvi tərəfdən saf bir üslub seçmisiniz.

Daha dəqiq desək, ən kiçik kölgənin mətni oxucudan gizləməməsi üçün şəffaf bir üslub. Əvvəllər ingilis dilini çox yaxşı bilmirdim ki, bunun mənə çox köməyi oldu. Məhdud söz xəzinəsi ilə, az sayda sözlərlə dərdimi danışmalı idim. Amma özümü tanıyandan bəri yaxşı təhkiyəçi olduğumu bilirəm. Bu da həyatiliyi davam etdirən, yaşamağa imkan verən bir sənətdir.

Amma Polşada olduğunuz 30 il ərzində bir şey yazmamışdınız?

Kommunist rejimin bir yazardan gözlədiyinə boyun əyməyim imkansız idi. Gizlində, əl altından oxunan bir yazar da ola bilməzdim. Özümlə aramda məsafə qoymağa ehtiyacım var idi. Birləşmiş Ştatlara çatandan sonra keçmişimi “düşünmək, yenidən canlandırmaq” üçün on il gözlədim. Bu qədər uzun bir müddət “qopmasaydım” yəqin ya susardım, ya da başqa bir şey danışardım. Eynilə indi bir neçə aylıq Amerikadan köçsəm, bu canlandırdığım şəxsiyyətlərdən (universitet müəllimi, dəbdə olan yazar və s.) xilas üçün olardı. Ən yaxşısı yol boyunca özünü və qorxularını itirmək, hər cür şəxsiyyətdən imtinadır. Turist – mənə ən yaxın olan peşə. Ancaq hamı hələ də boş vaxtlarımda nə ilə məşğul olduğumu soruşmaqda davam edir.

Həqiqətən, nələr edirsiniz?

İşıq üzü görəcəksə, başladığım tədqiqatı daha da irəliyə daşıyacaq üçüncü bir roman düşünürəm. Şiddətə alışdırmaqdan və insanlığın düşdüyü vəziyyəti bütün yalanlardan təmizlədikdən sonra başımızı ölümə tərəf çevirməyimiz gərəkdir.

– Le Monde –

heç üçün mətn

“Mövcud olduğum yer, xatırlanacağım, xəyal olunacağım yer bir qış gecəsi idi, bu o qədər də vacib deyil, inanırdım özümə, inanırdım özüm olduğuma, xeyr, ehtiyac yoxdur buna, başqaları da var axı, harada, başqalarının dünyasında, uzun ölümlü yollar üzərində, səmanın altında, bir səsə sahib, xeyr, ehtiyac yoxdur, hərəkət etməyə güc də qalmayıb bəzən, başqaları, xalis olanlar hərəkət edirlər amma yer üzərində , şübhəsiz yer üzərində, yeni bir ölüm, yeni bir oyanış müddətində, burada bir şey dəyişsin də, bir dəyişkənlik olsun da, doğumlar daha uzaq olsun deyə, ölümlər daha uzaq olsun deyə, ya da bu anı və xəyallarla dolu fısıltının içində və çölündə yenidən həyata qayıdılsın deyə gözləyərkən. Aysız, ulduzsuz, amma aydınlıq bir qış gecəsi, görür bədənini, qarşını, qabağının bir parçasını, nə aydınladır bu qeyri-mümkün gecəni, bu qeyri-mümkün bədəni, onda xatırlayıram özümü, xalis gecəni, səhərsiz gecəni xəyal edirəm və necə sabaha çıxacağını, sabaha necə qatlaşacağını, danla birlikdə yüksələn günə, dünənə necə dözübsə elə dözəcək. Ah bilirəm, mən deyiləm o, hələki deyiləm, köhnə bir döyüşçü o, gündüzlərə və gecələrə öyrəşmiş, amma unudur, məni düşünür, həddindən artıq düşünür, gün doğumuna hələ çox var, bəlkə də nəhayət gəldi günəşin bir daha doğmayacağı gün. Söylədiyi budur, bir azdan özündən ayrılacaq səsilə, bəlkə bu gecə; Necə də aydınlıq, deyir, necə keçirəcəyəm sabahımı, dünənimi necə keçirdimsə, sabahımı da elə keçirəcəyəm, qurtardı, sabaha hələ çox var, kim danışır mənimlə bu şəkildə, sanki yerini zəbt eləmişəm kimi, həyatına qəsd eləmişəm kimi məhəl qoymur mənə, heç vaxt xilas ola bilmədiyim utanc duyğum əngəl oldu yaşamağıma, bax beləcə, eyni mənasız kəlmələri təkrarlayır, çənəsi ürəyində, qolları dizinin dibində sallanır, gecənin içində. Məni onun içinə, hələ də yaşayan onun içinə, dartmağı bacaracaqlarmı görəsən, mənim xatirəm və xəyalım budur, amma orada deyiləmmi uzun müddətdir, orada deyiləmmi var olandan bəri, zərrə qədər duyulan peşmanlıq kimi; can çəkişən birinin gizli saxladığı gecəm deyilmi bu, məhkəməsindən qaçdığım işim deyilmi bu; bu andan başlayaraq ölənə qədər var olmuş olmağım üçün tək şansım əlimdəki, bəs bu cür boşboğazlıq edən kimdir, hər tərəfdə səslər, hər yanda qulaqlar var, biri danışığını kəsmədən, kim danışır, deyir, o biri eşidir, dilsiz biri, hər kəsdən uzaqda heç nə anlamır, hər tərəfə dağılmış bədənlər, əyilmiş, yerlərində dayanırlar, ümidlərinin doğulduğu yerdə, ümidlərimin heçə endiyi yerdə, o ilk gələndən fərqsiz olaraq. Heç kim gözləməyəcək, o da, başqaları da gözləməyəcək, heç kim mən onun içində yaşayım deyə, onunla birlikdə ölüm deyə gözləmədi heç, amma tələsin, hamısı da ölür. Gəlin tez ölək, tez, o olmadan, yaşadığımız kimi, daha çox gecikmədən, yaşadıqlarımız əlimizdən alınmadan, deyərək. İndi gəldik bu birinə, təbiidir bu, məni uğursuzcasına boynuna götürməyə çalışaraq, özünü uğursuzluqla silməyə çalışaraq mənasız-mənasız danışan, bu son başqası barəsində, saydan da, şəxsiyyətdən də uzaq, tərk edilmiş varlığı maraq dairəmiz olan başqası barəsində heç bir şey deyilə bilməz. Baxın, 3 necə də gözəl şəkildə 1-ə düşdü, həm də heçdən fərqsiz 1-ə. Elədirsə, zamanı gəldi, deməyimi gözləyirlər, yerüzü budur bax, artıq itirməkdə olduğum mənə verilmiş olan beynim, ürəyim kimi orqanlarım, onları itirər-itirməz bir başqasına aid olacaq, çox təşəkkür edirəm, burada ona bu cür sərt sözlər sərf edildiyini eşidincə, gülür, var olmayan müdrikliyin səssiz gülüşü ilə, düşkünləşməyə başladınız, etiraf edin bunu, velosipedə minməyə istəyəcəksiniz nəhayətdə. Mühasiblər xorudur bu, tək bir nəfər kimi deyirlər düşüncələrini, onlara qoşulmaq istəyənlər var, yer üzündəki bütün insanlar kifayət etməyəcək, milyardların sonunda bir tanrıya ehtiyac hiss edirsiniz, mövcudluğuna şahidlik edilməyən hər şeyin şahidinə, hər şeyin bərbad olması necə də xoşbəxtlik gətirir, heç bir şeyin heç vaxt başlamaması, heç bir şeyin heç vaxt olmaması, həyatsız sözlərdən başqa mövcud olan bir şeyin olmaması…”

***

Похожее изображение

Hərəkətlərimizi anlamağa çalışmaq

Adamların planeti

“…Biz yalnız o zaman köks dolusu nəfəs alırıq ki, qardaşlarımızla birləşirik və bizim ümumi məqsədimiz olur; biz təcrübədən bilirik ki, sevmək bir-birinin üzünə baxmaq deyil, bir yerdə eyni istiqamətə baxmaq deməkdir. Yalnız o adamlar yoldaşdırlar ki, alpinistlər kimi bir iplə eyni zirvəyə qalxırlar, – onlar bir-birlərini belə qazanırlar. Başqa cür olsaydı, komfort əsri olan əsrimizdə nə üçün səhrada son qurtum olan suyu belə bölürük? Sosioloqların peyğəmbərliyi qarşısında bu əhəmiyyətsiz deyilmi? Bizə, Böyük səhra həyatının qumluqlarında yoldaşının harayına çatmaq səadətinə nəsib olmuşlara, hər cür başqa sevinc sadəcə miskin görünür.
Bəlkə də elə buna görə dünyada hər şey cırıldayır və laxlayır. Hər kəs ehtirasla ona ruhi rahatlıq verə biləcək din-iman axtarır. Biz qəzəblə mübahisə edirik, sözlərimiz müxtəlifdir, amma onların arxasındakı həmin ehtiraslar, həmin qayələrdir. Bizi metodlar – mühakimə bəhrəsi ayırır, amma məqsədimiz birdir.
Bəs onda nəyə təəccüblənəsən? Kim Barselonada anarxistlərin zirzəmisində yoldaşını qurtarmaq üçün həyatından keçməyə hazır olmaqla bu amansız, sərt ədalətlə üz-üzə gələrək hiss edir ki, onda tamamilə yeni, tanış olmayan hiss baş qaldırmışdır, həmin adam üçün bu gündən yalnız bir həqiqət – anarxistlərin həqiqəti mövcuddur. Kim bir dəfə səcdədə olan, vahiməyə düşmüş rahibləri mühafizə üçün İspaniya monastırında qarovulda durmuşsa, o kilsə yolunda ölər.
Ürəyində qələbə təntənəsi And yüksəkliyindən Çili vadisinə şığıdığı zaman Mermoz’a desəydilər ki: ey axmaq, bir alverçinin məktubları xatirinə həyatından keçməyə dəyərmi, o zaman Mermoz yalnız gülümsərdi. Həqiqət – And üzərindən uçarkən onun daxilində yaranmış adamdır.
Əgər siz müharibədən imtina etməyən bir adamı müharibənin dəhşətli və iyrənc olmasına inandırmaq istəyirsinizsə, onu vəhşi hesab etməyin, pisləməzdən əvvəl onu anlamağa çalışın…

İnsanı, onun ehtiyac və arzularını anlamaq, onun mahiyyətinin özünü dərk etmək üçün, sizin məlum həqiqətlərinizi qarşı-qarşıya qoymaq lazım deyil. Bəli, siz haqlısınız. Hamınız haqlısınız. Bəşəriyyətin bütün bədbəxtliyində qozbelləri ittiham etmək fikrinə düşən adam da haqlıdır. Qozbellərə müharibə elan etmək kifayətdir, biz dərhal onlara nifrət edəcəyik. Biz bütün cinayətləri üçün qozbellərdən amansız intiqam almağa başlayacağıq. Əlbəttə, qozbellər arasında da canilər var.
İnsan mahiyyətinin nədə olduğunu anlamaq üçün heç olmasa, bir anlığa ixtilafı unutmaq lazımdır, axı hər cür nəzəriyyə və hər cür din bir Quranlıq sarsılmaz müəyyən edir və onlar da fanatizm doğurur. Adamları sağlar və sollara, qozbellər və qeyri-qozbellərə, faşistlərə və demokratlara bölmək olar, həm də bu təqsimatın heç birini rədd edə bilməzsən. Lakin, siz bildiyiniz kimi, həqiqət odur ki, dünyanı daha sadə, daha təbii edir, qətiyyən o deyil ki, onu xaosa çevirir. Həqiqət ümumini idraka kömək edən dildir. Nyuton heç də uzun müddət gizli qalan qanunu “kəşf etməmişdir” – bu cür ancaq rebus həll edirlər: Nyutonun etdiyi yaradıcılıq idi. O elə bir dil yaratdı ki, o dil bizə almanın çəmənə düşməsini də, günəşin doğmasını da danışır. Həqiqət o deyil ki, isbata ehtiyacı olsun, həqiqət sadəlikdir.
İdeologiyalar barədə mübahisənin nə mənası? Onlardan hər birini sübutlarla möhkəmləndirmək olar, eyni zamanda onların hamısı bir-birinə ziddir, odur ki, bu mübahisələrdən ancaq insanların xilasına ümidini itirirsən. Axı ətrafımızda olan adamların hamısı hər yerdə eyni şeyə can atırlar.
Biz azadlıq istəyirik. Külünglə işləyən adam istəyir ki, külüngünün hər bir zərbəsində məna olsun. Kürək cəzasına məhkum edilmiş adam külünglə işləyəndə, külüngün hər bir zərbəsi onu alçaldır. Lakin külüng kəşfiyyatçının əlindədirsə, onun hər bir zərbəsi kəşfiyyatçını yüksəldir. Katorqa külüngün işlədiyi yer deyil. Katorqa ona görə dəhşətli deyil ki, o ağır əmək tələb edir. Katorqa o yerdədir ki, külüngün zərbəsi mənadan məhrumdur, orada əmək adamı insanlarla birləşdirmir.
Biz isə katorqadan qaçmaq istəyirik.
Avropada iki yüz milyon insan boş-boşuna sürünür və onlar həqiqi yaşayış üçün yenidən dirçəlmələrinə şad olardılar. Sənaye onları, kəndli tayfasını nəsildən-nəsilə davam edən həyatdan ayırmış və hisdən qaralmış vaqonlarla dolu olan tərtibat stansiyasına oxşayan nəhəng gettolara doldurmuşdur. Fəhlə qəsəbələrində basırılmış adamlar həyata  qayıtmalarına şad olardılar.

Usandırıcı, yeknəsəq işin əldən saldığı adamlar da vardır, kəşfiyyatçıların, möminlərin, alimlərin sevinci onlara müyəssər deyil. Bəziləri təsəvvür edir ki, onları dirçəltmək, ayağa qaldırmaq bir elə çətin iş deyil, təkcə onları geyindirmək, yedirtmək, onların gündəlik ehtiyacını təmin etmək lazımdır. Onlardan yava-yavaş Kurtelinin romanları ruhunda meşanlar, kənd siyasətçiləri, heç bir mənəvi mənafeləri olmayan mhdud mütəxəssislər hazırladılar. Bu adamlar pis təlim görməmişdilər, amma hələ mədəniyyətə alışmamışdılar. Mədəniyyətin guya zərbələnmiş formulalardan ibarət olduğunu ehtimal edənlərin mədəniyyət haqqında təsəvvürləri çox miskindir. Dəqiq elmlərdən uzaq olan hər bir məktəbli təbiətin qanunları haqqında Dekart və Paskal’ın bildiklərindən çox-çox artıq bilir. Lakin məktəblidə onların təfəkkür qabiliyyəti varmı?

Bizim hamımız, kimi bir az tutqun, kimi bir az aydın duyuruq ki, ayılmaq lazımdır. Lakin nə qədər saxta yollar açılır…Əlbəttə adamlara hər hansı bir forma geyindirməklə, onları ruhlandırmaq olar. Onlar mübarizə mahnısı oxumağa başlar və çörəklərini yoldaşları ilə yeyərlər. Onlar axtardıqlarını taparlar, öz birlik və icmalarını hiss edərlər. Lakin bu çörək onlara ölüm gətirər.
Unudulmuş taxta bütləri qazıb çıxarmaq olar, özlərini pismi, yaxşımı göstərmiş olan köhnə xurafatı diriltmək olar, adamlara yenidən panalmanizm yaxud Roma imperiyasına inam təlqin etmək olar. Alman olduqları və Bethoven’in həmvətənləri olduqları üçün almanları lovğalandırmaq, başlarını dumanlandırmaq olar. Adi bacatəmizləyənin də başını beləcə gicəllətmək olar. Və bu, bacatəmizləyəndə Bethoven hissi oyatmaqdan çox asandır.
Lakin bu bütlər yırtıcı bütlərdir. Bir elmi kəşf naminə yaxud ağır bir xəstəliyin müalicəsi üçün dərman tapmaq naminə ölən adam öz ölümü ilə həyat işinə xidmət edir. Bəlkə də yeni torpaq fəth etmək üçün ölmək gözəldir, amma müasir müharibə hər şeyi, müharibə nəyin xatirinə aparılırsa onun hamısını məhv edir. İndi söhbət bir az qan töküb, bütöv bir xalqı dirçəltməkdən getmir. Təyyarə və iprit silah olan vaxtdan müharibə sadəcə qırğına çevrilmişdir. Düşmən beton divarlar arxasında gizlənir, hər biri daha yaxşı çıxış yolu tapmağı bacarmadığından hər gecə eskadrilya göndərir, bu eskadrilya birbaşa düşmənin üzərinə soxulur, onun həyat mərkəzinə bombalar tökür, sənayesini və rabitə vasitələrini dağıdır. Qələbə axırıncı tələf olacaq adamın olacaqdır – həm də hər iki rəqib diri-diri çürüyür.

Dünya səhraya dönmüşdür, biz hamımız onda yoldaş tapmaq həsrəti çəkirik; biz yoldaşlar arasında çörək yemək xatirinə müharibəni məqbul sayırıq. Amma yoldaşlıq mehribanlığını qazanmaq, çiyin-çiyinə eyni məqsədə doğru getmək üçün qətiyyən vuruşmaq lazım deyil. Biz aldanmışıq. Müharibə və nifrət ümumi sürətli hərəkətə heç bir sevinc əlavə etmir.
Niyə biz bir-birimizə düşmən kəsilməliyik? Biz hamımız bir şey tərəfdarıyıq, planetdə dolaşırıq, biz bir gəminin heyətiyik. Müxtəlif mədəniyyətlər arasında mübahisədə yenisinin, daha kamilinin yaranması yaxşıdır, amma onların bir-birini didişdirməsi iyrəncdir.
Bizi azad etmək üçün, qardaşlıq telləri ilə birləşib, çiyin-çiyinə gedəcəyimiz məqsədi görməyimizə kömək etmək lazımdır, bəs onda niyə elə bir məqsəd axtarmayaq ki, o hamını birləşdirsin? Həkim xəstəni müayinə edərkən iniltiləri eşitmir. Həkimə lazım olan şey xəstəyə şəfa verməkdir. Həkim ümumi qanunlara xidmət edir. Onlara bir dəfədə atom və ulduz dumanını müəyyən edən, demək olar, ilahi tarazlıq tapmış fiziklər də xidmət edir. Adi çoban da onlara xidmət edir. Qoy ulduzlu səmanın altında onlarca qoyun qırxan adam öz əməyinin mənasını dərk etsin, bu zaman o adi xidmətçi olmur. O qarovulçudur. Hər bir qarovulçu isə imperiyanın taleyinə cavabdehdir.

Nə vaxt ki, biz yer üzündə öz rolumuzu – qoy o lap cüzi və gözə çarpmayan olsun – dərk etdik, o zaman xoşbəxt olacağıq. Yalnız o zaman rahat yaşayıb, rahat ölə bilərik, çünki həyatın verdiyi mənanı ölüm də verir…”

“Adamların planeti” (1939), Antuan de Sent-Ekzüperi

***

Картинки по запросу Antoine de Saint-Exupéry

Antuan de Sent-Ekzüperi (1900-1944)

Eşitdiklərim, oxuduqlarım, gördüklərim

1903-cü ilin iyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət!”, “Yaşasın sosializm!”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü!”, “Məvaciblər artırılsın!”, “Həbsə salınmış nümayişçilər azad edilsin!” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi.

*

Bakı bələdiyyə idarəsi Rusiyada ən dövlətli bələdiyyə idarəsi idi. Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4000 manat maaş aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Halbuki Rusiya imperiyasının nazirləri ildə 15000 manat maaş alırdılar. Bakı milyonçularının bu avam “səxavəti” dəfələrlə qəzet felyetonlarında lağa qoyulmuşdu.

*

III Aleksandr Bakıda möhtəşəm kilsə tikmək üçün pul buraxır və şərt qoyur ki, əzəmətli və yaraşıqlı olmalıdır. Memarlar məsləhətləşib qərara gəlirlər ki, Novı Afon kilsəsinə oxşar, lakin ondan daha üstün bir məbəd tiksinlər. Akademik Marfeld baş memar təyin edilir. Novı Afondan çertyojların surətini gətizdirirlər. Layihə tamam olanda görürlər ki, buraxılan məbləğ azdır. Başlayırlar ianə toplamağa. Bakıda toplanan 200000 manat ianənin 150000 manatını əhalinin əksəriyyətini təşkil edən müsəlmanlar ödəyir.

*

Seyid Mirbabayevdən sonra qarabağlı xanəndə Seyidi səsini yazmaq üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adamın səsi bizdə var. Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə Şuşinski adını əlavə etsinlər.

*

1906-cı ildə, avqust ayının 15-də, səhər saat 10-da II şəhər məktəbinin salonunda qurultay işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa giriş sözü ilə qurultayı açır. H. Bəy Zərdabi sədr, N. Nərimanov onun müavini, Fərhad Ağayev isə katib seçilir.

Qurultay Azərbaycanda xalq maarifinin bir sıra mühüm məsələlərini: ibtidai və orta rus-tatar məktəblərində ana dilinin icbari bir fənn kimi təlimi, yeni dərs proqramının tərtibi, vahid dərs metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəratinin yaxşılaşdırılması, Qori müəllimlər seminariyasının (Azərbaycan şöbəsinin) Azərbaycanın şəhərlərindən birinə köçürülməsi və qadın təhsilinin inkişafı məsələsini müzakirə edir.

Qocaman müəllim Səmədbəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi: “Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (azərbaycanca) danışasız. Kim bu əmri pozsa müəllimlikdən qovulacaq”. Müəllimlər dəhşətə gəlib nə edəcəklərini bilmirdilər. Onlar deyirdilər ki, “rus dilində ifadə etdiyimiz sözləri balaca uşaqlara nə sayaq başa salaq. “Sabaka” sözünü it kimi hürüb “hamham”, pişik sözünü “miyo…miyo” edib əyan edək?! Tutaq ki, heyvanları, nəbatatın bəzilərini şəkillərlə izah etdik…Bəs başqa minlərlə cisimləri başa salmaq üçün hansı üsuldan, hansı vəsaitdən istifadə edək, nə tədbir görək?!”
Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin.

Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı. H. B. Zərdabi tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçün oxudu, sonuncu cümlə belə qurtarırdı: “Qurultay ədalətli sərəncam vermənizi xahiş edir”. N. Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”.

Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir…

Münaqişə başlandı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun “qurultay tələb edir” təklifi keçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən qışqırdı: “Əqil yaşda deyil, başdadır”.

Qurultayda olan bu əhvalatı Hacı Zeynalabdin Tağıyevə xəbər verirlər. Əhvalat avqustun 21-də baş vermişdi.
Səhəri – avqustun 22-də Zeynalabdin Tağıyev qurultaya gəldi və Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar əsəbi idi. Tağıyev müəllimlərə müraciətlə dedi: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir? Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir…Xahiş edirəm dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb gətirən işdir”.

Məclisdə dərin bir sükut var idi.

“Yoldaşlar!-deyə Nərimanov kürsüyə qalxıb asta bir tərzdə sözə başladı. – Mən də cənab Tağıyevlərdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etmək istəyir ki, onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər; belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılının gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.

*

Qalx! Ey lənətlə damğalanmış,
ac və çılpaq, məzlum dünya!
Zülmə qarşı vicdanlar yanmış,
alovlanmış qanlı dava.
Yıxalım bu köhnə cahanı
quralım bir yeni aləm.
Ərzin səfil, məhkum insanı
ərzə hakim olur o dəm.

Bu qovqa son və ən qəti
Şanlı bir hərb olur,
İnternasionalla
İnsanlıq can bulur.

*

Manaf Süleymanov’un müəllifi olduğu kitabdan çıxarışlar…