Fəlsəfənin arxa pilləkənləri – 3

“Lampe unudulmalıdır!” yazılı kağıza hər baxışı ona xidmətçisini qovduğunu xatırladıb evindəki yeni nizama uyğunlaşmağa kömək etsə də, dəqiqlik “xəstə”si olan Kant üçün metafizikanın ənənəvi sualları ilə bərabər insan davranışında yaranan qəti-imperativliklə əxlaqa yeni baxış səciyyəvidir və numen vasitəsilə xəyalın ardında görünən şeyin özündə mövcudluğu – ‘Ding an sich’, insan qavrayışından (fenomen) ayrılır və idealist uçuruma yuvarlanmaqla “Sapere aude!” mottosunun üstündən xətt çəkir.

“Qara kvadrat” (1915), Kazimir Maleviç

***

Tələbələrə mühazirəsi zamanı daş atılıb qırılan pəncərə hadisəsi üzərinə “Bu hərəkətə yalnız doğru deyən kəs məruz qala bilərdi” deyə reaksiya bildirən Fixte üçün mütləq Mən’in xəyali dünyadan qopması, ki, filosofumuz fikirlərilə idealizmin mihəng daşlarından biridir, uzunmüddətli reallıq-Mən mübarizəsinin ardından sonlu olanın azadlıq içindəki – kökü vicdan olan əvvəlcədən müəyyənləşdirilmiş həyat yolu – yaşamının bitimində Tanrıya qovuşması ilə hədəflənən “ruhların dünyası” tablosu tamamlanmış olur.

“Kor adam” (1896), Qustav Klimt

***

Reallığı dərk etmək üçün Mən’in dibinə varmağı söyləyən Şellinq təbiətin şüursuz pilləsi ilə insan ruhunun şüurlu pilləsini ‘Bir’də görərək ətraf aləmi Tanrı ilə eyniləşdirən portuqal yəhudisini xatırlatmaqla yanaşı “Dünyanın və insanın xarakteri tragikdir” ifadəsindən yola çıxaraq ümidsizliyin yaratdığı narahatçılığı Tanrıda boğmağa çalışmışsa da, sonra gələnlərin ‘mistik qəraiblərin izləyicisi’ damğasından qurtula bilməmişdir.

Egon Schiele - Self-Portrait with Physalis - Google Art Project.jpg

“Yergilası ilə avto-portret” (1912), Eqon Şile

***

Reallığın mütləq Geist’ın sərgilənişi olduğunu bildirən Hegel‘in düşüncələrinin konkretləşdirilməsi amalımızdır: Sevgi prosesində sevən şəxs özünü müəyyən etməli, formal olaraq sevgisini bildirməlidir ki, bu tezisdir; Bu prosesə sevən şəxsin özündən çıxması, sevilənə yönəlməsi, onda özünü unutması daxildir ki, bu da özə yadlaşmanın səbəbi olaraq anti-tezdir; Prosesin son mərhələsində sevən şəxs özünü unutduğu sevgilisində yenidən tapır və şüurlu şəkildə mədh edilmə şüurlu şəkildə oyanış və özə qayıdışla bitir ki, bu da sintezə uyğun gəlir.

Похожее изображение

“Ad günü” (1915), Mark Şaqal

***

Otağında daima silah saxlayıb bərbərlərdən boğazının kəsiləcəyi qorxusu ilə uzaq qalan Şopenhauer‘in məzmununda ‘qadına nifrət’ və ‘ağrıya məhkum subyekt’ naxışlarının göz deşdiyi mizantropik əsməcələrindən başlayaraq “Dünya mənim təsəvvürümdür” fikrindən bizlərə ürcah edilən animal metaphyisic‘lə idealist-pessimist baxışın kökünə lövbər salması, bəlkə də fəlsəfəsində “obyektləşdirilmiş iradə” şəkli alan insanın ölümlü dünyadakı “zəfər” ehtirasını doyurması üçün görünməyən sadizmi yaratmışdır.

“Oturmuş şeytan” (1890), Mixail Vrubel

***

Atasının Tanrıya küfr etməsini melanxolik həyatı üzərində lənətli qara bulud hesab etmiş Kyerkeqor (ki, şəxsən [Ki:rkeqa:rd] kimi təntənəli səslənişinə üstünlük verirəm) “Subyektivlik gerçəkdir” ifadəsilə insanı problematikə çevirib ekzistensializmə əvəzsiz əlavəsini edir və qorxu situasiyasını azad seçimə bazis götürərək xristianlıq fonunda kütləvi inancın kəskin tənqidini ‘fərdi mənəvi sıçrayış’ konsepti ilə məntiqi sonluğa çatdırır.

Штюк.Грех.jpg

“Günah” (1893), Frans fon Ştuk

***

Həyatının erkən dönəmlərində “Ölüm və ölümsüzlük üzərinə düşüncülər” başlıqlı yazısını anonim çap etdirərək “Dəccalın ətə-sümüyə bürünmüş halı” deyə tənqid edilən Feyerbax dinin başlanğıcı-mərkəzi-sonu olan insana yer verdiyi antropolojik fəlsəfəsində bəşər tərəfindən Tanrı məfhumunun yaradılmasını psixolojik yollarla açıqlamağa çalışır və bütün ilahi məfkurələrin fərdi eqoizmin nəticəsi olaraq ‘bədbəxtin çoxdan arzuladığı xoşbəxtlik’ naminə formalaşdırdığı fiksiya kimi başa düşür.

Rembrandt Harmensz van Rijn - Return of the Prodigal Son - Google Art Project.jpg

“Sərsəri oğulun qayıdışı” (1666-69), Rembrandt van Reyn

***

Reallığın qavranılmasını mistisizmdən təmizləyib düşüncələr dünyasından yerə endirən Marks‘a görə insanlar izolyasiya olunmuş varlıqlar deyil, əksinə, iqtisadi və sosial təsirlərin onların şüurlarının müəyyənləşdiricisi olduğu cəmiyyətlə daima bağlıdır ki, bu həqiqətin gec dərk edilməsi də ‘siniflərin mübarizəsi’ olan tarixə diyalektik qanunauyğunluqlardan fərqli olaraq təsadüfi zəncirləmə hadisələrin cəmi kimi qeyri-adekvat bir yanaşmadan doğulurdu.

“Paltaryuyan qadın” (1899), Anri de Tuluz-Lotrek

***

Atası öləndən sonra feminin çevrədə – nənəsi, anası, iki xalası, bacısı – böyüyən “qadın düşməni” Nitsşe‘nin “Daima uçurumun kənarındayam” sözlərilə düşmə (turn inside out) ehtirasına işarəsi 45 yaşında ikən Turində reallığa çevrilir və bu düşüş Avropadakı mədəni deqredasiyanın ‘gerçəyə inam-din-əxlaq’ triosu üzərindən tənqidinin Zərdüşt vasitəsilə kütlələrə çatdırıla bilinməməsinin uğursuzluğundan deyil, hər şeyin ‘əbədi dönüş’ünü göz önünə alan ilk nihilist filosofun yaşadıqlarını qəbullanmasıdır, yəni “amor fati“.

Caspar David Friedrich - Wanderer above the sea of fog.jpg

“Duman dənizi üzərindəki səyyah” (1818), Kaspar David Fridrix

***

Kütlədən uzaq gəzməyə çalışan – bioqrafik qeydlərə görə cəmi bir dəfə kinoya, bir dəfə də teatra gedibmiş – Yaspers‘in başqalarına münasibətdə üzə çıxan azadlığın motivator rolu oynadığı ekzistensializmlə “insansız fəlsəfənin fəlsəfə olmadığını” bildirsə də, davamlı suallarla əhatə dairəsi daralan ruh halımızın nihilizmə sürünməsi qaçılmaz hal alır ki, filosof bu “uğursuz” mövcudluq halını aşmaq üçün fikirlərinə Tanrı – “fəlsəfi inanc” -dozası əlavə etməyə məcbur qalır.

Nighthawks by Edward Hopper 1942.jpg

“Yuxusuzlar” (1942), Edvard Hopper

***

Xizək dərslərində istiqamətini dəyişmək istəyərkən sürüşüb yıxılmasını fəlsəfəsindəki potensial düşüşlərindən daha təsirli olduğu güman edilən Haydeqqer ‘varlıq’ və ‘var olan’ arasındakı ontolojik fərqi aşkarlaması ilə qürrələnsə də, insanın məcburi olaraq “həyat səhnəsi”nə itələnməsi və ölümdən xilasın olmayışı kimi fikirlərilə “Dasein”ın özünü gerçəkləşdirməsi yolundakı maneələrə ilişməsi, gələcək nasist rejiminin qulluqçusunun idealizmdən tam qopa bilməməsinə səbəb olmuşdur.

The Enigma of the Hour.jpg

“Saatın tapmacası” (1911), Corco de Kiriko

***

“Onlara xoşbəxt həyat yaşadığımı söyləyin!” deyərək Dublindəki otel otağında can verən Vitqenşteyn yaşadığı dünyanı obyektlərin deyil, faktların cəmi kimi qavrayır və istifadə etdiyimiz cümlələri reallığın məntiqi forması baxışından izah edərək təbiət elmləri sırasından çıxartdığı fəlsəfənin sərhədlərini məhdudlaşdırır, onun tədqiqdən çox təsvirə yönəlməsini faydalı hesab edir, “Bir şey haqqında danışmaq mümkün deyilsə, o barədə susmalı” mottosu ilə modern fəlsəfənin son nöqtəsini qoyur.

“Evdə cinayət” (1890), Yakub Şikaneder

***

Yuxarıdakı abzaslar Vilhelm Vayşedel’in “Fəlsəfənin arxa pilləkəni” kitabından yararlanılaraq alınan ümumiləşdirmələrdir…