“Onlar bilirdilər zərbə niyə vurulmadı, zərbə ona görə vurulmadı ki, bıçağın canlı ətə saplanıb onu necə doğradığını və axıb yerə tökülən qanı görmək istəmirdilər.”
1983-cü ildə adını Nobelçilər sırasına yazdıran ingilis qələm adamı Uilyam Qoldinqin “Milçəklər kralı” romanından olan bu çıxarış, ən böyüyünün 12 yaşında olduğu kommunanın şiddətə olan ilkin həssaslığını vurğulayır. Adaya düşmüş uşaqların ibtidai icmaya uyğun həyat tərzləri və bu əsnada baş verənlər bəşəriyyətin ‘sosial təkamül’ünün unudulmaz alleqorik təsviridir. Rahatlıqla nəyəsə xəsarət yetirmək? Mümkün deyil. Kiçik sakinlərimizə görə bıçaq adi mətbəx aləti, öldürmək isə pis obrazların əməlidir. Lakin mürəkkəbləşən hadisələr onlara qan tökməyi öyrətməklə qalmır, onu haqq qazandırılmış və həzm edilmiş bir hərəkətə çevirir. Eynilə media tərəfindən evlərimizə olan təcavüzün gündəlik ritual halına çevrilməsi kimi. Şiddət mövzusunun romanın başlıca dinamizmi olması təsadüfi deyildir. Çünki əsrlər boyu daha çox fiziki formada özünü büruzə verən bu məfhumun istənilən cəmiyyətdəki mövcudluğu danılmazdır.
Romanda şiddətin anatomiyasına primitiv baxış olsa da, barəsində deyilib-yazılmalı çox şey var. Milyonların qatili olan insanlığın müasir vəziyyətə qədər keçdiyi yolun olduqca qısa, amma əsaslı icmalı ola biləcək əsər, həm də şiddət fonunda fərdi xarakteristikanın kütləvi manipulyasiya ilə mübarizəsini göstərməyə çalışır. Ovçuluq qabiliyyəti yüksək olan Cekin öz qəbiləsini yaratması və digərləri üzərindəki diktator tipli iqtidar həvəsinə qarşı Ralfın barışmaz mövqeyi bunun göstəricisidir. Kitab öldürülən qabanın nizəyə keçirilmiş başı ətrafında dolaşan milçəklərə ithafən “Milçəklər kralı” adlandırılıb və adaya məxsus bu simvolik abidə şiddətin davamlı istehsalı ilə məşğuldur. Yəni onunla hər qarşılaşma yaddaşın “qana bulanması”dır ki, bu da qorxu yolu ilə mass-idarə üçün effektiv təsir vasitəsidir. Bu isə görünüş dünyasının “kral”ı olan televizorların kütlələrə şiddət aşılamasına bənzəyir. “Milçəklər kral”ındakı cinayətlərin oxşar motivlərini oxumaq yox, görmək istəyənlər isə aşağıdakı filmə vaxt ayıra bilər…
***
Açılış səhnəsində 5-6 nəfərin əhatəsində olan, bağlanmış donuzun xüsusi silahla öldürülməsinin video yazısını seyr edirik. Video lent geri alınır və həmin kadrları bu dəfə yavaş, sanki şiddət dozası artırılmış şəkildə yenidən izləməyə məhkumuq. Bu cür provokativ intro ilə başlayan “Benninin videosu” filminin müəllifi isə kinoda şiddət mövzusunun ustad təhlilçisi, avstriyalı rejissor Mixail Hanekedir. “Buzlaşma” trilogiyasının ikinci filmi olan “Benninin videosu” (1992), Arno Frişin canlandırdığı Benni obrazı ilə müasir kütləvi informasiya vasitələrinin yetişdirdiyi “hannibal” gəncliyə işarə vurur. Kifayət qədər asosial bir xarakterə malik olan Benni orta sinif ailənin yeganə övladıdır. Otağındakı şiddət motivli video görüntülər və şəkillərdən ibarət kolleksiyası ilə özünü cəmiyyətdən təcrid etmiş bu yeniyetmə, valideynlərinin evdə olmadığı gün sinif yoldaşını qonaq qəbul edir. Qıza çəkdiklərini göstərərək bir mənada qürrələn Benninin keçirmək istədiyi növbəti təcrübə isə filmin süjet xəttini yaradır. Videodakı silahla qızın öldürülmə səhnəsini görməsək də, qəhrəmanımızın təlaşı tamaşaçı təsəvvürünü formalaşdıra bilir. Bəs baş verən qanlı hadisəni necə açıqlamalı?
Ziqmund Freyd şiddətin səbəbi kimi insanda olan “thanatos” instinktini ortaya atır. Özünəzərər mahiyyəti daşıdığı düşünülən bu instinktin ölümlə nəticələnməsinin qarşısını almaq üçün fərd ətrafa aqressiya yayır. Bunu bir növ ölüm instinktinin digərlərə yönəldilməsi kimi də anlamaq olar. Şiddətin səbəblərinin uşaqlıqdakı travmalar ilə bağlanılması başqa bir geniş yayılmış fikirdir. Uşağa “örnək” ola biləcək bu cür davranışlar fərdin xüsusiyyətinə çevrilə və vaxt keçdikcə özünü fiziki təcavüzkarlıqda büruzə verə bilər.
Son əsrdə isə insanların şiddətdən əziyyət çəkməsinin başlıca səbəbi kimi media göstərilir. Müxtəlif ölkələrdəki müxtəlif qanlı hadisələrin TV vasitəsilə ictimaiyyətə çatdırılması informasiya xarakterini itirərək ictimai problemi fərdə yükləyir və yenidən şiddət istehsal edir. Qanlı cinayətlərin orgiyasına bənzəyən proqramları izləyənlər əvvəlcə hadisələrin passiv iştirakçısına, sonra isə soyuqqanlı şahidinə çevrilirlər. Filmin analizinə də məhz bu perspektivdən yanaşmaq düzgün olardı. Daha çox görüb-eşitdiyimiz şeyi daha yaxşı mənimsəyirik. Modern dünyada şiddət Benni və onun yaşda olan digər uşaqlara heç də yad deyil. Sosiumu uçuruma aparan faktorun – burada KİV-in şiddət istehsalı – aradan qaldırılması hər kəs tərəfindən, xüsusilə də idarəçilərin çıxışları ilə düzgün hesab olunur, lakin yerinə yetirilmirsə, “cəmiyyətdəki şiddətin səbəbi nədir?” sualına ayrı mövqedən yanaşmaq lazımdır…
***
“Media olmasaydı terror olmazdı. Medianın əsiri olan terrorizmin mənbəyi elə medianın özüdür” deyən fransız sosioloq Bodriyar, terrorizmin məqsədinin ‘sakit kütlələr’ə hücum etmək olduğunu vurğulayır. Təbii ki, bu yolda diyalektik münasibətdə olduğu mediaya ehtiyacı vardır. Çünki mediada əks etdirilən şiddət onun qidasıdır. Şiddətin bir çox tipi olsa da, fiziki və psixoloji növlər artıq bir qəlibə salınır. Buna səbəb realda olan fiziki şiddətin KİV vasitəsilə psixoloji silah funksiyası yerinə yetirməsidir. Son cümlənin kino sənayesinə sıçraması isə ‘snuff’ filmlərin çəkilməsilə geniş vüsət almışdı.
İlki 1971-ci ildə çəkilən bu tip filmlərin əsas xüsusiyyəti şəxs və ya insanların heç bir özəl effekt istifadə edilmədən şiddətə məruz qalması, işgəncə verilməsi, öldürülməsinin lentə alınmasıdır. Əsasən kommersiya məqsədi güdən ‘snuff’ filmlərin paylanması hüquqi cəhətdən qeyri-qanuni, əxlaqi tərəfdən qəbulolunmaz hesab edilsə də, bu filmlərin internet üzərindən minlərlə istehlakçısı var. Bu faktın mövcudluğu sanki şiddəti insan təbiətinə xas, qəbulu və istifadəsi qaçılmaz bir məfhuma çevirir. Bu mövzunu uğurla təsvir edə bilən digər bir film kimi ispan rejissor Alexandro Amenabarın ilk uzunmetrajlı işi olan “Tezis”i (1996) göstərmək olar. Diplom işi mövzusu ‘audiovizual şiddət’ olan Anxela, təsadüfən ələ keçirdiyi ‘snuff’ film kasseti ilə yaşanmış cinayətin tədqiqatına girişir.
İlk səhnədə sərnişinlərin qatar tərəfindən vurulan şəxsi görmək həvəsləri insanlar üçün şiddət motivli görüntülərin mahiyyətini itirdiyinə işarədir. Artıq kütləvi şiddət istehlakı görüləni “dəyər”dən salır, onun təsir effektini aşındırır. Bəlkə də motiv olduğu kimi qalıb, dəyişmir, dəyişən isə bizlərik. Anxelanın elmi rəhbəri ilə şiddət barədə dialoqu isə filmin tənqid hədəfini üzə çıxarır: “Kütlələrə istədiklərini ver!”. Bu da bizim “məsum” tələblərimiz…
Hind əsilli folosof Ciddi Krişnamutri qədimdən indiyə qədər olan vaxtda insanın şiddətə istiqamətlənmiş aqressiv və amansız tərəflərinin heç də dəyişmədiyini vurğulayırdı. Mətni isə Qoldinqin romanında qeyd etdiyi və günahkar axtarışına meylli bəşəriyyətə dair fikirlərilə yekunlaşdıraq: “Bəlkə də burada vəhşi var…bəlkə də bu bizik.”.
***