“Alplar” (2011), Yorqos Lantimos

Fransız psixoanalitik Jak Lakan‘ın ‘ayna mərhələsi’ (‘stade du miroir’) adlı konseptual baxışı insanın subyektivləşməsinin ilkin mərhələsi kimi nəzərdən keçirilir. Bu fikrə görə 6 aydan yaşlı olan körpələr güzgüdə əkslərini görür və öz simvolik mövcudluqlarının fərqinə varırlar. Şüur inkişafı baxımından geri qalması normal olan uşaqların bu yaşda özlərini dərketməsinin qeyri-mümkün olduğunu bildirən digər elm adamlarının fikrincə bu proses üçün uşaq ən azı 15 ya da 18 aylıq olmalıdır. Jak Lakan sonradan ‘ayna mərhələsi’ni təkcə körpənin həyatı üçün deyil, eləcə də hər bir fərdin subyekt kimi daimi strukturunun başa düşülməsində önəmli bir yerə qoymuşdu.

Freyd‘ə tənqidindəki yazılarında ‘ayna mərhələsi’ni eqonun fundamental başlanğıcı hesab edən Lakan, aynadakı əksin ‘başqa’laşmasını, ‘obyekt’ləşməsini qeyd edir. Zatən Lakan üçün ‘baxış’ın obyektivləşdirmə funksiyasını yerinə yetirdiyini bilirik. Bu proses individuallığın yaranmasına və fərdin sosial və linqvistiv çərçivələr daxilində cəmiyyətə inteqrasiyasına şərait yaradır.

Primitiv olaraq bu mərhələ bədənimizi ‘Mən’ və ‘Başqa’ adlandırılacaq ikiliyə məruz qoyur.  Güzgüdə gördüyümüz həmin ‘Başqa’, sosiuma qarışır. Deməli biz həmin o ‘Başqa’ timsalında insanlarla əlaqə saxlayırıq. Bu ikiləşməni qeyri-realın (‘Başqa’, proyeksiya, əks) real (‘Mən’) üzərindəki hakimiyyəti kimi də dəyərləndirmək olar.

Çox vaxt poeziyanın elmi-nəzərini qabaqladığının yunan mifologiyalarından şahidi olmuşuq. Və mənə görə Lakan’ın doğuluşundan onillər öncə həmvətəni, şair Artur Rembo psixoanalitikin bu konsepsiyasını, fərqində belə olmadan bir cümlədə ifadə edə bilmişdi: “Mən bir başqadır” (“I is another”). Təbii ki, postmodernizm fonunda cümlənin müxtəlif cür interpretasiyanı verə bilərik. Fikrimcə “Mən bir başqadır”, mənim ‘Başqa’ya olan simpatiyamı bildirir. Həmin o ‘Başqa’ olaraq yaşamaq istəyi müasir insanın ən ciddi porblemlərindən biridir. Bu həm də başqasının, məsələn, qonşunuzun yerində olmaq ehtiyacı hiss etdiyinizdə yaranır. Yəni qarşınızdakı şəxsin bütün xüsusiyyətlərini (burada temperament deyil, şərait olaraq xüsusiyyətlər nəzərdə tutulur) birləşdirərək özünüzü onun yerində görmək. Düşünmək olar ki, “kaş sənin (və ya onun) yerində olaydım” tipli şikayət motivli cümlələr, məhz arxa plana atılmış ‘Mən’, arzuolunan ‘Başqa’ və modern sistemin fərdi yadlaşdırma ilə bükməsindən qaynaqlanır. Həyatı isə toxunulmaz hesab etdiyimiz qeyri-reallıqların arxasınca qaçarkən sürüşüb yıxıldıqda görürük…

***03

2011-ci il Venesiya kinofestivalı, ‘ən yaxşı ssenari’ nominasiyasında qalib olmuş “Alplar” filmi, ondan 2 il əvvəlki “Köpək dişi” filmilə distopik kontekstə yeni baxış sərgiləyən yunanlı rejissor Yorqos Lantimos’un barəsində çox şey deyilib-yazılmalı olan digər bir ekran əsəridir. Hər iki filmin eyni interpretasiyada olduğunu düşünmək, bəlkə də onların oxşar kinotexnika vasitəsilə ərsəyə gəlməsindən doğulan yanlış fikirdir. Bu barədə rejissorun özü nə deyir: “..”Köpək dişi” insanın uydurma bir dünyadan qaçışını əks etdirsə də, “Alplar”da bunun tam əksi olaraq saxta dünyaya girmə cəhdləri təsvir olunur..”. Əsas qəhrəman kimi qadın fetişizmindən əl çəkməyən Lantimos’un fərd-cəmiyyət əlaqələrini artıq içi boşalmış ‘yadlaşma’ fonunda, olduqca qeyri-emosional, duyğusuz kadrlar şəklində lentə alması postmodernist dünyanın insanı qəlibləşdirmə prosesinə vurğudur.

4 nəfərdən – tibb bacısı, ilk yardım işçisi, gimnast və onun məşqçisi – ibarət “Alplar” adlı xidmət şirkəti ölən şəxsləri əvəz etmək üçün sifarişlər qəbul edir. Mərhumların qohum-tanışlarının göstərişilə pullu şəxsiyyət dəyişikliyini qəbul edən işçilərin lideri özünə Alp dağlarının ən yüksək zirvəsi olan Monblanı ləqəb seçib. Digər işçilər üçün daha alçaq zirvələr ad funksiyasını yerinə yetirir. Yaradılmış iş mühitində müəyyən qaydalar var ki, onlara tabe olunması mütləqdir. Lakin hadisələrin gedişatında şəxsiyyət qarışıqlığından əziyyət çəkən tibb bacısının “biznes etikası”na uyğun olmayan səhvləri prosesi mürəkkəbləşdirir. Vizual baxımdan – əsasən  dialoqlardakı kamera maneraları – qənaətbəxş hesab edilə biləcək “Alplar”, narrativ səbəb-nəticə əlaqələrini əlindən yerə qoymayan orta statistik izləyici üçün bəlkə də normalın altında bir filmdir. Amma fundamentalist yanaşma “səthiliyin mənasızlığı”nı aradan qaldırmağa kömək edir.

Bəs niyə məhz Alp dağları?! Liderin fikrincə dünyadakı bütün dağların yerində ola biləcək ancaq özü əvəzsiz olan yeganə coğrafi quruluş Alp dağlarıdır. Yəni qrup şəklində onlar istənilən şəraitə adaptasiya ola bilərlər. İlkin olaraq bu əvəzetmə – kor qadının ən yaxın dostu olmaq, hansısa babanın nəvəsi olmaq,  ölmüş tennisçi qızı oynamaq – mexaniki xarakter daşısa da, sonradan rola bürünməyin real həyatdan daha cəlbedici olduğu üzə çıxır. Və adət etdiyimiz çarxın realdan fiksiyaya doğru tərsinə döngüsünün şahidi oluruq. Qrupdan çıxış edərək cəmiyyətdəki şəxsiyyətsizləşməyə və uydurma personalizasiyaya  eyham vuran filmin mövzusunu Bodriyar‘ın bir cümləsinə sıxışdırmaq olar: “Saxta olan həqiqidən daha realdır”

***02

“Köpək dişi” filmində olduğu kimi “Alplar”da da totalitarizmə göndərmələr gözdən qaçmır. Məşqçinin gimnast qız üzərindəki hakimiyyəti, eləcə də ilk yardım işçisinin bütün qrupa nəzarət etməsi, “Köpək dişi” filmindəki ata rolunun xüsusiyyətlərini yada salır. Qorxu və cəzalandırma ilə manipulyasiya isə hər iki işin digər ortaq cəhətidir.

İlk səhnədə klassik notlar müşayiətində lentlə rəqs edən gimnastın arzusu hərəkətlərini pop musiqi fonunda icra etməsidir. Bunu klassizmdən modernizmə keçid, dəyərlərin dəyişməsi, yeninin köhnə üzərində qələbəsi kimi də anlamaq olar. Ancaq bunun “Pirr qələbəsi” olduğunu müşahidə etmək heç də çətin deyil. Avanqard axım olaraq başlayan futuristlərin faşizmə meylləndiyi, ehkamları qırmaq adı altında hərəkatların fundamentalizmə kök saldığı və dəyərsiz elan edilən çərçivələrin dekonstruksiyası sayəsində boşluğa yuvarlanan cəmiyyətlərdə fərdin həyatı kopyalamağa imkan verən metaya çevrilib. Filmdə adları çəkilən məşhurlar vasitəsilə rejissor müasir dünyamızın ‘Hollivud effekti’ adlanan “xoşbəxt” illuziya ilə çevrələnməsini tənqid etməklə qalmır, həm də bu populizm istehlakçılığını sosial qüsur olaraq qiymətləndirir.

Filmdəki iki səhnə sanki analogiya aparılmalı motivlərə malikdir. Bunlardan ilki tibb bacısı ilə Monblanın dialoqunda keçir. Məşhur amerikalı müğənni Prins’in ölüb-ölməməsilə bağlı qısa müzakirəyə ilk yardım işçisi “Ölüb!” deyə son qoyur. Və eyni şeyi bundan əvvəlki səhnədə gimnast qız üçün demişdi. Maraq üçün qeyd edək ki, əsl adı Rocers Nelson olan Prins ləqəbli pop ifaçısının 56 yaşı var və hələ sağdır. Filmin həm də ssenari müəllifi olan Lantimos’un bu cür reaksiya seçməsi Nitsşe‘nin deyimilə əlaqələndirilə bilər. Çünki Prins ingiliscədən “prince” – “şahzadə” anlamına gəlir və idarəçi, hakimi-mütləq kimi tanınır. Bu hissədə Monblanı, gimnast qızın pop musiqiyə olan həvəsini, onun ikonasının ölümünün elanı ilə qırmağa çalışan bir lider kimi qəbul etmək olar.

İkinci səhnə Monblanın tibb bacısına olan şiddəti zamanı ortaya çıxır. Gimnastika aləti bulaba vasitəsilə qıza zərbə endirən lider, cəzanın sonunda mavi rəng alınarsa onun vəziyyətini kafi ancaq etibarsız, qırmızı olarsa yalnızca etibarsız olacağını vurğulayır. Təbii ki, hər hansı fantastikadan uzaq olan filmdə zərbə sonrası tibb bacısı üzü qan içində yerə sərilir. Bu səhnə qəhrəmanımızın illuzionar həyat yaşaması, yəni Elektra kompleksi adlandırıla biləcək ata-qız münasibətindən (real) saxta qız rolu oynadığı ailədəki (qeyri-real) qarışıqlıqdan sonra baş verir. Mavi ya qırmızı rəngin vəziyyəti dərəcələndirməsindən yola çıxsaq, 1999-cu ildə çəkilmiş “Matriks” filmini xatırlamalıyıq: “Bu sənin son şansındır. Geriyə yol yoxdur. Mavi həbi qəbul etsən, hekayə sona yetir, sən yatağında oyanırsan və nəyə istiyirsən ona inanırsan. Əgər qırmızı həbi seçsən, sən bu Möcüzələr ölkəsində qalırsan və mən sənə dovşan deşiyinin necə dərin olduğunu göstərirəm”. Neo’ya deyilən bu sözlərin bazis olduğunu qəbul etsək, “Alplar” filminin izləyici üçün qeyri-optimist sonluq gətirdiyini düşünmək olar.

Fərdin hər zaman o ‘Başqa’da yaşayacağını, heç vaxt real ‘Mən’i ələ keçirə bilməyəcəyini göstərən filmin son kadrında gimnastın öz arzusuna çatdığının şahidi oluruq. Bəs o artıq xoşbəxtdirmi? Boş gözlərlə baxan aktrisa bu sualı izləyicilərin öhdəsinə buraxır…

Mənbə: Kult.az

***