Vivre sa vie

“Həyatın mübadiləsinin mümkünsüzlüyü qarşısında başqa bir həll yolu da onu ikili həyata dəyişməkdir.

90-cı illərdə bir cinayət işinin qəhrəmanı Romansın etdiyi kimi: Tibb imtahanındakı uğursuzluğunu ailəsinə demə cəsarətini tapmadığı üçün paralel bir həyat yaşayır, guya ki, tibb sahəsində karyera qurub. Hər cür maliyyə hiyləsilə bir müddət ailəsinə baxdıqdan sonra hamısını qətlə yetirir: ana-atasını, yoldaşını və uşaqlarını; səbəbi bilinməsə də, son anda məşuqəsinə toxunmamağı qərara alır.

Bu qətliamın səbəbi nə ola bilər? Maskası düşməzdən əvvəl, o ana qədər ona güvənən insanların inamlarını itirmələri dözülməzdir – həqiqəti ifşa etməməlidirlər. Bunun bircə yolu var: Onları aradan götürmək. Zira intihar etməsi belə bu fırıldaqçılığı ailəsinin zehnindən silməyə bəs etməyəcək. Olduqca məntiqli: Romans, onları, həqiqəti öyrəndiklərində duyacaqları utancdan xilas etmişdir.

Yalnız bu hadisəyə məxsus olmayan başqa bir ehtimal: hər cinayət gizlindən kəşf edilməyini istər. Ancaq bu dəfə simulyasiya çox uğurlu olmuşdur və Romansın qəzəbi də, ailəsinin həqiqəti ortaya çıxara bilməməsidir; bütün bir həyat boyunca həqiqəti vaxtında aşkarlamamış və Romansın, özünün qurduğu aldanışa getdikcə daha çox batmasına şərait yaratmış, onun gerçək bir simulyasiya maşınına çevrilməsinə səbəb olmuşlar. Romansın məşuqəsi isə eyni məntiq çərçivəsində həyatını xilas edə bilmişdir; çünki bir müddət sonra əməkdaşlıqdan boyun qaçırmışdır. Zatən Romans da, axırlara yaxın, sırf bu ikili rolun gətirdiyi sehrli atmosferi, bu dramatik köləliyi parçalamaq üçün onu özünə məşuqə kimi tutmuşdur. Gerçək bir cinayət törədərək öz məsuliyyətini sərgiləmə imkanını qazanır nəhayət. Buradakı fiqur, maskasını düşürə biləcək şəxsləri məntiqə əsasən aradan götürən öyrəşdiyimiz qatil fiqurunun tərsidir. Belə ki, ayaqlarını gerçək psixoloji məntiq zəmininə basan ədalət Romansa bu nöqtədə qarşı çıxır: “İnsan sevdiklərini aradan götürməz (çünki Romans həm cinayət əsnasında həm də cinayətdən sonra onlara qarşı bəslədiyi sevgidən heç bir şey itirmədiyini söyləyir). Ən pis ehtimalla intihar edər.” Onları aradan çıxarmaqla onların məyusluğa düçar olmasının qarşısını almağa çalışmasına heç cür inanmırlar. Bütün bunlar bir-birinə sıx şəkildə bağlıdır: Romansa bu qədər inanmamış olsaydılar, o da onları öldürməzdi.

Zəif, melodramatik, mahiyyətdə ikiüzlü olmayan bir şəxsiyyət – cinayətkar mayasını daşımadığı mütləqdir. Bu ikili həyata əvvəlcədən heç bir planlama olmadan girir və digər sadə insanlar kimi həyatını yaşayırdı. Bir mənada ailəsi və yaxınları getdikcə onun ikinci həyatına çevrilirdilər və Romans onları aradan götürməklə bəlli bir gerçəkliyə və kimliyə qovuşur. Zatən onlar da, həyatda olduqları günlərlə müqayisədə, Romansın qatil olaraq yaşadığı ağrılı günlərdə varlıqlarını daha çox hiss etdirirlər. Ya da bəlkə, gerçəklə gerçəyin surətinə eyni anda yer verməyən qaydaya görə gerçək həyatını paralel həyatına fəda edir.

Hər mənada bunun bir qısqanclıq dramına bərabər olduğu deyilə bilər. Romans, yaxınlarının zehnindəki öz imajını qısqanır. Bu imaj onların nəzərində əl dəyməmiş olaraq qalmalıdır və baş vurduğu yol da ölümə qədər buna imkan verəcək. Ehtiras dramındakı məntiqlə eynilik. Əgər obyekt sizdən uzaqlaşırsa, mütləq olaraq varlığını itirməli, yəni yox edilməlidir.

Hadisəyə əsasən radikal bir şübhə oyadılmağa çalışılır: Bəlkə hər bir “normal” varoluşun arxasında uğurlu bir simulyasiya – pozulmuş ya da romanesk bir simulyasiya yox, bütünlüklə adi bir simulyasiya -, digərilə kəsişməyən paralel bir varoluş var (bəzən də olsa, bu paralel varoluşların kəsişmələrinin nəticəsi fəlakətdir)? Xəyali ehtimal: Ətrafımız mitomanlarla dolubmuş və bizim xəbərimiz yox imiş; “normal” bir insanı hər hansısa saxta olanından ayırd etmək mümkün deyil və o da üzüyola formada aramızda dolaşır (eynilə xarici ölkədə “yatmış” və günlərin bir günü “oyadılan” xəfiyyələr kimi). Bu perspektivdən baxanda vətəndaşlarımızın ən boş olanları belə şübhəlilər sırasına girir. Bütün fərdlər, sırf həqiqətin ortaya çıxmamasından ötrü potensial olaraq öz ailələrini qətlə yetirəcək gücə qovuşurlar. Hər bir həyat, bir digərini gizlədə biləndə hər şey mümkün görünür. Həyatı dəyişdirməyə ehtiyac yoxdur – iki dənə olması kifayətdir.

İynədən sapa qədər hər şeydən şübhələnmək üçün siyasi və ictimai dünyaya baxmaq ən yaxşıdır; bu dünyada hər şeyin, saysız hiləli və paralel karyeradan, heç bir vaxt ifşa olunmayan spekulyasiya və fırıldaqçılıqdan, yeni başlayanların etdiyi “koralmış” cinayətlərdən, əslini heç vaxt tapmayacağımız aldanışlardan ibarət olduğunu təxmin etmək asandır. Bütün bu saxtakarlıqlar və qazanc, sistemin özü içində silinib gedərkən öz psixodramanın kiçik bir aktyoru olan Romans, sonda gerçəklə üz-üzə gəlməyə məcbur qalır.

Ədalət, Romansın şəxsiyyətini məhkum etməklə, əslində onun şəxsi kimliyini, yəni bütün bir ictimai nizamın belinə yüklədiyi fövqəladə şübhəni məhkum edir. Romansın işlədiyi bu cinayət ömür boyu həbs cəzasına layiqdir.

Doğurdan da Romansın xətası, əxlaq qarşısında işlədiyi xəta deyil, gerçəklik qarşısında törətdiyi – yəni çox daha təhlükəli olan – bir xəta idi. Simulyasiyadakı zəncirləməni açıqlaya bilmədiyini deyərkən səmimi idi. Çünki bu simulyasiya, lap əvvəldən, digərlərinin cinayətə ortaqlığı sayəsində formalaşmışdı. Simulyasiya bir kəhanət kimidir; duyulduğu andan etibarən gerçəklik gücü qazanır.

İlk təkan üçün hər hansısa bir şeyə ehtiyac duyulmur; səbəb-nəticə əlaqəsi olmadan, proses boyunca öz-özünə hərəkətlənir. Buna görə də Romansı bu cinayətin səbəblərilə bağlı sorğulamaq ya da ona hər hansısa bir şeyi etiraf etdirməyə çalışmaq mənasızdır; çünki yalnız səbəblər qarşısındakı məsuliyyətdən danışıla bilər; halbuki Romans, ölümcül zəncirləmə ilə bağlı, nəticələrin qarşısıalınmaz – mənasız, amma effektli – zəncirləməsilə bağlı cavabları bilir. Mükəmməl cinayət, gizlin düşüncə olmadan törədilən cinayətdir; düşüncənin öz axışını izləyərək törədilən cinayət…”

Jan Bodriyarın “Mümkünsüz mübadilə” (1999) kitabından