Ray və avanqard fotoqrafiya

“Bir rəssam olaraq başladım. Tablolarımda ağ və qara rənglərin reproduksiyasını kəşf etmişdim. Gün gəldi mən rəssamlığı bir kənara qoydum, ancaq reproduksiya yenə də qalırdı. Ondan sonra rəssamlığın köhnə bir ifadəetmə tərzi olduğuna inandım və cəmiyyət vizual olaraq maarifləndikdən sonra şübhəsiz fotoqrafiya onu (rəssamlığı) taxtdan salacaq. Fotoqrafiya mənə mənanı daha sadə və sürətlə çatdırır.” Man Ray

Man_Ray_1934

Man Ray amerikalı fotoqrafdır, ancaq təkcə o deyil. O, XX əsr incəsənətində bir pillədir, insanlığın önə doğru atdığı bir addımdır, dostu olmuş Marsel Duşamp kimi. Man Ray tabuları yıxan avanqard sənətkar kimi yaddaşlara həkk olunmuşdur. Həyat və karyerasının əsas mərhələsini Parisdə keçirmiş Ray, burada dadaizm və sürrealizm cərəyanlarının iştirakçısı olmuşdur. Fotoqrafiyanın bir sənət qolu kimi inkişafında Man Rayın rolu danılmazdır – fotoqram-“rayoqrafiya”solarizasiya texnikasını təklif etmişdir.

Ailəsi Rusiya yəhudilərindən idi. Yaşadığı ərazidə etnik diskriminasiyaya və anti-semitizmə məruz qalması, qardaşının ardınca onun da soyadını dəyişdirməsi ilə nəticələnir (doğum adı Emanuel Radzinski). İncəsənət məktəbində bir müddət rəssamlıq və heykəltaraşlıq təhsili alır. Bu dövrdəki əsas ilham mənbəyi Alfred Stiqletz idi (digər bir fotoqrafçı və novator, barəsində başqa bir yazıda).

images (2)

Nyu York şəhərində (1913) Marsel Duşamp’la tanış olan Ray, əsasən statik tablo çəkməyə yönəlir. Şəkillərində həmin dövrün Avropa incəsənətindəki kubizm havası hiss olunurdu. Sənət anlayışında yeni bir cığır açmış Duşamp’ın “readymade”ləri – adi obyektlərin tamaşaçı qarşısına bir az fərqli tərzdə çıxarılışı – Man Ray’a da təsir göstərmişdi. 1921-ci ildəki məşhur readymade “Hədiyyə” məhz bunlardan biridir. Mismarlı ütü artıq öz ənənəvi funksiyasını itirmişdir, bir növ dekonstruksional xarakter daşıyır. Maraqlıdır ki, işin yaradılmasında məşhur fransız impressionist bəstəkar Erik Sati köməkçi kimi iştirak etmişdi.

images

1920-ci ildə Marsel’lə birgə “New York Dada” adlı art-jurnal buraxmaq qərarına gəlirlər. Lakin Man Ray Nyu-Yorkun vəhşi və səs-küylü küçələrindən dəhşətə gələrək yazılarında qeyd edirdi ki, “Dadaizm Nyu-Yorkda yaşaya bilməz. Çünki Nyu-York özü onsuz da dadaizmdir və başqa rəqibə tolerant yanaşmayacaq.”

Paris dövrü Man Ray’ın karyerasında pik nöqtədir. Monparnessdə, dörd tərəfi məşhurlarla əhatə edilmiş şəkildə yaşayan Ray, ilk sürrealist sərgidə izləyicilərin diqqətini cəlb etməyi bacarır. 1925-ci ildə təşkil edilmiş sərgidə Ray’la yanaşı Max Ernst, Jan Miro, Pablo Pikasso kimi sənətkarlar da iştirak edirdilər. Bu dövrdə çəkilmiş bir çox avanqard qısa filmlərin, hansıki “təmiz kino” (pure cinema) adını daşıdığına eyham vurulurdu, rejissoru məhz Man Ray idi.

images (1)2-ci Dünya müharibəsi Ray’ı ABŞ-a qayıtmağa məcbur edir. 1940-51 arası Los-Anceles şəhərində qalır. 1963-cü ildəki avtobioqrafiya çapından sonra yenidən Parisə qayıdan Ray, 1976-da ağcıyər infeksiyasından vəfat edir. Həyatında 3 əsas qadın olmuşdur ki, onlardan biri tanınmış sürrealist fotoqraf Li Miller idi. Qəbrinin üzərində “qayğısızdır, ancaq biganə deyil” yazısı var. 1999-cu ildə ARTnews jurnalı Man Ray’ı “20ci əsrin ən təsirli 25 sənətkarı” arasına daxil etmişdi.

“Yaratmaq ilahi, reproduksiya insandır.” Man Ray

Daha çox avanqard üçün: http://www.manray-photo.com