Teatrda Qrotovski fərqi

İrji Qrotovski polyak teatr xadimi və XX əsr avanqard incəsənətində innovator kimi tanınmış, özünəməxsus səhnə konsepsiyaları ilə teatr sənətinə  yeni bir nəfəs gətirmişdir. Məhz Qrotovskinin “teatr laboratoriyası”“kasıb teatr” kimi nəzəri işləri 60cı illərdən sonra özü tərəfindən praktikaya uyğunlaşdırılaraq ona dünya şöhrəti qazandırmışdır.

AMERICAN THEATRE | Student Assistant to Jerzy Grotowski Reveals Secrets From Inside the Lab

1933cü ildə Polşanın Rzessov adlı bölgəsində anadan olmuş İrji Qrotovski  1955ci ildə, 4 illik təhsildən sonra, Krakovdakı Milli Teatr Akademiyasından məzun olur. 1956cı ili Moskvada keçirən Qrotovski, bu müddət ərzində Stanislavski, Meyerhold, Vaxtanov kimi sənət adamlarının himayəsində biliklərini genişləndirir. 1957ci ildə ilk dəfə səhnədə aktyor kimi özünü sınayır. 1958də isə “Tanrıların yağışı” adlı pyesin adaptasiyasına rəhbərlik edir. Növbəti ildə yaradılmış “13 sətir” adlı tamaşa birliyi ilə uzunmüddətli işlərinin başlanğıcını qoyur. Birliyin nümayiş etdirdiyi tamaşalar “kasıb teatr” konsepsiyasının ilk addımları kimi qeyd edilməlidir. Bibliya və yunan mifologiyasından götürülmüş hekayələrin adaptasiyalarından başqa, bu dövrdəki işlər arasında Stanislav Vpianski’nin “Akropol” adlı pyesi daha çox diqqət cəlb etmişdir.

Ardınca Çinə səfər edən İrji, Polşaya qayıtdıqdan sonra Opol şəhərindəki yerli teatrlardan birində rejissor vəzifəsini tutur. 1965ci ildə isə “Laboratoriya”nı qurduqdan sonra Polşada, professional teatr anlayışına dəyişiklik gətirir. 1967ci ildəki “Şahzadə Konstant” əsəri elə debüt vaxtında tamaşaçılar tərəfindən olduqca hərarətlə qarşılanır.

Qrotovskinin peşəkar rejissor kimi son fəaliyyəti “Apokalipsis Cum Figuris”da özünü göstərir. Bibliyadan olan mətnlərdən istifadə ilə yanaşı, Tomas Elliot (amerikan yazar-tənqidçi) və Simon Vayl’dan (fransız filosof-mistik) əlavələr pyesin uğuruna şübhə yeri qoymur.

1968ci ildə, Edinburq festivalındakı “Akropolis” tamaşası “kasıb teatr” konsepsiyasının qərbə doğru axımı kimi qəbul oluna bilər. Britaniyadakı çıxışlarından sonra tənqidçi Piter Bruk da, hansı ki, özünün də teatra müstəsna töhfələri olmuşdur, Qrotovski barədə xoş sözlər sərf etmişdi. Daha sonrasında ABŞ səfəri və uğurların davamı.

*

“Mənə elə gəlir ki, Qrotovski bizlərə əvvəllər mövcud olub, lakin əsrlər keçdikcə unudulmuş şeyləri göstərir; bu da insanın teatr sənətindəki başqa bir dərketmə səviyyəsinə imkan verən vasitələrdən biridir.”

Piter Bruk

İrji Qrotovski 1973də çap etdirdiyi “Holiday” adlı jurnalla nəzəriyyənin əsaslarını genişləndirməyə çalışmış, 1978ci ilə kimi “Paratheatrical” perioddan istifadə edərək aktyor-tamaşaçı arasındakı görünməz əlaqələrin tədqiqatını aparmışdır.

Səhnələşdirdiyi əsərlərdə müxtəlif mədəniyyətlərin ənənəvi teatr metodlarından istifadə etmək üçün Hindistan, Meksika, Haiti səfərlərinə çıxır. Beynəlxalq ekspedisiyasının davamı kimi Romada mühazirələr deyir. 1982ci ildə isə dostlarının köməkliyi ilə ABŞdan siyasi sığınacaq alır və Kolumbiya Universitetində tədqiqatlarının yeni səhifəsinə başlayır.

1983cü ildə professor Robert Kohenin təkidi ilə İrvin ştatına gələn Qrotovski, “obyektiv dram”ın əsasını qoyur. Konsepsiya müxtəlif tipli mahnı və ritualların səhnə performansına və izləyicilərə təsiri barədə araşdırmalarla yadda qalmışdır.

3 il sonra İtaliyadan gələn dəvəti qəbul edən Qrotovski ömrünün axırına kimi burada qalır. Vaxtını Piter Bruk’a aid olan “sənət vasitə kimi” anlayışının araşdırmasına sərf edir. 1999cu ildə, uzun müddətdir əziyyət çəkdiyi xərçəngdən vəfat edir.

***

“Bizlər teatrın nə olduğunu müəyyənləşdirməyə çalışırıq, bu fəaliyyəti digər performans və səhnə kateqoriyalarından ayıran nədir…bizim işlərimiz aktyor-tamaşaçı arasındakı əlaqələrin hərtərəfli araşdırılmasını əhatə edir.” 

İrji Qrotovski həmişə teatrın kino ilə mübarizə üçün heç bir dayaq nöqtəsinin olmadığını qeyd edirdi; ancaq fikrincə teatr öz tarixi köklərinə qayıtmalı idi: “Əgər bunu (teatr) kinodan daha zəngin edə bilmirsənsə, imkan ver kasıb olsun.”

Qrotovskinin araşdırmalarında teatrın başlıca qüvvəsi kimi aktyor mərkəzi planda yer alırdı. O, “kasıb teatr” terminini, aktyor və tamaşaçı arasındakı kommunikasiyanı artıra biləcək əsas dramatik elementləri açıqlamaq üçün istifadə edirdi. Nəzəriyyəçi Antonin Arto kimi, İrji də qeyd edirdi ki, teatr özünün xüsusi dili ilə sözlər toplusundan (ssenari nəzərdə tutulur) çox şey ifadə edir. Dramatik ədəbiyyat aktyorlara yalnız özünükəşf üçün “çərçivə” təklif edir; onların stereotiplik qazanmış intuisiyaları və ənənəvi və ya vərdiş edilmiş davranışlarının izləyiciyə çatdırılması teartrın məqsədi kimi qəbul olunurdu. Qrotovski teatrın həmçinin həqiqətin kəşfi və sevgini ortaya çıxaran bir spiritual proses olduğunu dəfələrlə öz yazılarında vurğulayır, əsərlərindəki şəxsi və sosial transformasiyaları da buna bağlı olaraq yaradırdı.

Qrotovski’nin teatrındakı xüsusiyyətlər:

  1. Aktyorluq. Əvvəla aktyorlar vokal və fiziki bacarıqlara malik olmalı, izləyici ilə kommunikasiyasında səs və hərəkətlərinə xüsusi diqqət yetirməli idi. Aktyorların daxili harmoniyalarını müvazinətdə saxlaması, onların səhnədəki performanslarına təsir göstərən əsas faktorlardan biri olduğu üçün, məşq prosesi zamanı onlara bütün limitləri aşaraq öz potensiallarını sona qədər reallaşdırmaq öyrədilirdi. İrjiyə görə aktyorluq özünüdərkdir.
  2. Səssizlik. Qrotovski aktyorun “heç nə”dən başlamalı olduğunu qeyd edirdi. O, bir qrup aktyorun bir neçə dəqiqə tamamilə sakit bir aurada saxlanılmasının, onların fikirlərini cəmləmək və bunları növbəti keçidlərə tətbiq üçün əvəzolunmaz hesab edirdi. Hətta metoda ad da vermişdi: “Kreativ passivlik”.
  3. Fiziki məşq. Onun aktyorları fiziki cəhətdən hazırlıqlı şəxslər olmalı idi. İnkişaf etdirdikləri yeni üsul ilə səhnədə atılan hər addım belə nəzarətdə saxlanılırdı. Bu teatrda insan bədəni təkcə fiziki mövcudluq olmamalı, həm də şəxsiyyət və təxəyyülümüzü, hiss və fikirlərimizi ifadə edən mental funksiya daşımalı idi.
  4. Səs. Vokal məşq də əsas idi. Aktyorlar səslərini hündürdün alçağa doğru dəyişdirərək səhnədə texnika, heyvan, şimşək və s. təqlid etməyi bacarmalı idi. Mahnı oxumaq, dini ritualları həyata keçirmək və ya hər hansı şeirdən sitat gətirmək üçün səsin aydınlığı mütləq hesab olunurdu.
  5. İnsanla əlaqə. Qrotovski insanlar arasındakı həqiqi əlaqəyə inanırdı. O, fərdlər arasındakı real harmoniyanın onların bir-birlərinə baxma və eşitmə qabiliyyətlərindəki inkişafdan (fiziki deyil) asılı olduğunu deyirdi. Aktyorlar digər insanlar üzərindəki təsirlərindən xəbərdar olmalı idilər.
  6. Transformasiya. İrji “kasıb teatr”da həmişə minimalist mövqedə dayanmağı seçirdi: səhnə dekorasiyası, işıqlandırma sistemi, aktyorların geyim tərzi, xüsusi effektlər və s. Bu sadəlik aktyorları bütün bacarıqlarını göstərməyə və mövcud boşluqları özlərinin xəyali dünyalarındakı obyektlər ilə doldurmağa məcbur edirdi; beləliklə simvolizmə yol açılırdı. Tamaşaçı ilə əlaqələrin daha da artırılması üçün, Qrotovski bəzən oturacaqlarla səhnə arasındakı məsafəni azaldaraq, izləyicini bir növ səhnəyə daxil edirdi.
  7. Yaddaş. Bertolt Brext kimi İrji də, emosional yaddaşın köməkliyi ilə yeni təcrübələrin əldə oluna biləcəyini qeyd edirdi. O, aktyorlara qarşı bu işdə çox tələbkar idi və yaddaşdakı hadisələrin, şəxsi və ya əzabverici olmasından asılı olmayaraq, istifadəsini ön plana çıxarmağa çalışırdı. Bu metod aktyorların performanslarını daha da səmimi edir və onları özünüdərkə daha da yaxınlaşdırırdı.
  8. Həqiqət. Qrotovski aktyorlarından həm gündəlik həyatda, həm də səhnədə “gözəl yalan”dan uzaqlaşmalarını istəyirdi. Beləliklə o, “sən bunu edirsən, çünki kənardan bu yaxşı görünür və ya insanların səndən gözlədikləri budur”u açıqlamağa çalışırdı.

Stanislavskidən bəri, heç kim aktyorluğu məna və quruluş baxımından bu dərəcə sistemli şəkildə araşdırmamışdı, Qrotovskiyə qədər. O və komandasının mental, fiziki və emosional proseslər arasındakı əlaqələrin izahına yönəlmiş təcrübələri müasir teatr nəzəriyyələri və məşq proqramları üçün olduqca vacibdir. Qrotovskiyə görə kasıblıq maneə deyil və pulun çatışmaması səmərəsiz çıxış üçün bəhanə ola bilməz. Onun “kasıb teatr” konsepsiyası 1960-70ci illərdə çox populyar idi və müxtəlif teatr truppaları tərəfindən praktikaya tətbiq edilirdi və indi də edilir.

“Why do we sacrifice so much energy to our art?

Not in order to teach others but to learn with them what our existence, our organism, our personal and repeatable experience have to give us; to learn to break down the barriers which surround us and to free ourselves from the breaks which hold us back, from the lies about ourselves which we manufacture daily for ourselves and for others; to destroy the limitations caused by our ignorance or lack of courage; in short, to fill the emptiness in us: to fulfill ourselves…art is a ripening, an evolution, an uplifting which enables us to emerge from darkness into a blaze of light.” 

Bir şərh yazın