Adamların planeti

“…Biz yalnız o zaman köks dolusu nəfəs alırıq ki, qardaşlarımızla birləşirik və bizim ümumi məqsədimiz olur; biz təcrübədən bilirik ki, sevmək bir-birinin üzünə baxmaq deyil, bir yerdə eyni istiqamətə baxmaq deməkdir. Yalnız o adamlar yoldaşdırlar ki, alpinistlər kimi bir iplə eyni zirvəyə qalxırlar, – onlar bir-birlərini belə qazanırlar. Başqa cür olsaydı, komfort əsri olan əsrimizdə nə üçün səhrada son qurtum olan suyu belə bölürük? Sosioloqların peyğəmbərliyi qarşısında bu əhəmiyyətsiz deyilmi? Bizə, Böyük səhra həyatının qumluqlarında yoldaşının harayına çatmaq səadətinə nəsib olmuşlara, hər cür başqa sevinc sadəcə miskin görünür.
Bəlkə də elə buna görə dünyada hər şey cırıldayır və laxlayır. Hər kəs ehtirasla ona ruhi rahatlıq verə biləcək din-iman axtarır. Biz qəzəblə mübahisə edirik, sözlərimiz müxtəlifdir, amma onların arxasındakı həmin ehtiraslar, həmin qayələrdir. Bizi metodlar – mühakimə bəhrəsi ayırır, amma məqsədimiz birdir.
Bəs onda nəyə təəccüblənəsən? Kim Barselonada anarxistlərin zirzəmisində yoldaşını qurtarmaq üçün həyatından keçməyə hazır olmaqla bu amansız, sərt ədalətlə üz-üzə gələrək hiss edir ki, onda tamamilə yeni, tanış olmayan hiss baş qaldırmışdır, həmin adam üçün bu gündən yalnız bir həqiqət – anarxistlərin həqiqəti mövcuddur. Kim bir dəfə səcdədə olan, vahiməyə düşmüş rahibləri mühafizə üçün İspaniya monastırında qarovulda durmuşsa, o kilsə yolunda ölər.
Ürəyində qələbə təntənəsi And yüksəkliyindən Çili vadisinə şığıdığı zaman Mermoz’a desəydilər ki: ey axmaq, bir alverçinin məktubları xatirinə həyatından keçməyə dəyərmi, o zaman Mermoz yalnız gülümsərdi. Həqiqət – And üzərindən uçarkən onun daxilində yaranmış adamdır.
Əgər siz müharibədən imtina etməyən bir adamı müharibənin dəhşətli və iyrənc olmasına inandırmaq istəyirsinizsə, onu vəhşi hesab etməyin, pisləməzdən əvvəl onu anlamağa çalışın…

İnsanı, onun ehtiyac və arzularını anlamaq, onun mahiyyətinin özünü dərk etmək üçün, sizin məlum həqiqətlərinizi qarşı-qarşıya qoymaq lazım deyil. Bəli, siz haqlısınız. Hamınız haqlısınız. Bəşəriyyətin bütün bədbəxtliyində qozbelləri ittiham etmək fikrinə düşən adam da haqlıdır. Qozbellərə müharibə elan etmək kifayətdir, biz dərhal onlara nifrət edəcəyik. Biz bütün cinayətləri üçün qozbellərdən amansız intiqam almağa başlayacağıq. Əlbəttə, qozbellər arasında da canilər var.
İnsan mahiyyətinin nədə olduğunu anlamaq üçün heç olmasa, bir anlığa ixtilafı unutmaq lazımdır, axı hər cür nəzəriyyə və hər cür din bir Quranlıq sarsılmaz müəyyən edir və onlar da fanatizm doğurur. Adamları sağlar və sollara, qozbellər və qeyri-qozbellərə, faşistlərə və demokratlara bölmək olar, həm də bu təqsimatın heç birini rədd edə bilməzsən. Lakin, siz bildiyiniz kimi, həqiqət odur ki, dünyanı daha sadə, daha təbii edir, qətiyyən o deyil ki, onu xaosa çevirir. Həqiqət ümumini idraka kömək edən dildir. Nyuton heç də uzun müddət gizli qalan qanunu “kəşf etməmişdir” – bu cür ancaq rebus həll edirlər: Nyutonun etdiyi yaradıcılıq idi. O elə bir dil yaratdı ki, o dil bizə almanın çəmənə düşməsini də, günəşin doğmasını da danışır. Həqiqət o deyil ki, isbata ehtiyacı olsun, həqiqət sadəlikdir.
İdeologiyalar barədə mübahisənin nə mənası? Onlardan hər birini sübutlarla möhkəmləndirmək olar, eyni zamanda onların hamısı bir-birinə ziddir, odur ki, bu mübahisələrdən ancaq insanların xilasına ümidini itirirsən. Axı ətrafımızda olan adamların hamısı hər yerdə eyni şeyə can atırlar.
Biz azadlıq istəyirik. Külünglə işləyən adam istəyir ki, külüngünün hər bir zərbəsində məna olsun. Kürək cəzasına məhkum edilmiş adam külünglə işləyəndə, külüngün hər bir zərbəsi onu alçaldır. Lakin külüng kəşfiyyatçının əlindədirsə, onun hər bir zərbəsi kəşfiyyatçını yüksəldir. Katorqa külüngün işlədiyi yer deyil. Katorqa ona görə dəhşətli deyil ki, o ağır əmək tələb edir. Katorqa o yerdədir ki, külüngün zərbəsi mənadan məhrumdur, orada əmək adamı insanlarla birləşdirmir.
Biz isə katorqadan qaçmaq istəyirik.
Avropada iki yüz milyon insan boş-boşuna sürünür və onlar həqiqi yaşayış üçün yenidən dirçəlmələrinə şad olardılar. Sənaye onları, kəndli tayfasını nəsildən-nəsilə davam edən həyatdan ayırmış və hisdən qaralmış vaqonlarla dolu olan tərtibat stansiyasına oxşayan nəhəng gettolara doldurmuşdur. Fəhlə qəsəbələrində basırılmış adamlar həyata  qayıtmalarına şad olardılar.

Usandırıcı, yeknəsəq işin əldən saldığı adamlar da vardır, kəşfiyyatçıların, möminlərin, alimlərin sevinci onlara müyəssər deyil. Bəziləri təsəvvür edir ki, onları dirçəltmək, ayağa qaldırmaq bir elə çətin iş deyil, təkcə onları geyindirmək, yedirtmək, onların gündəlik ehtiyacını təmin etmək lazımdır. Onlardan yava-yavaş Kurtelinin romanları ruhunda meşanlar, kənd siyasətçiləri, heç bir mənəvi mənafeləri olmayan mhdud mütəxəssislər hazırladılar. Bu adamlar pis təlim görməmişdilər, amma hələ mədəniyyətə alışmamışdılar. Mədəniyyətin guya zərbələnmiş formulalardan ibarət olduğunu ehtimal edənlərin mədəniyyət haqqında təsəvvürləri çox miskindir. Dəqiq elmlərdən uzaq olan hər bir məktəbli təbiətin qanunları haqqında Dekart və Paskal’ın bildiklərindən çox-çox artıq bilir. Lakin məktəblidə onların təfəkkür qabiliyyəti varmı?

Bizim hamımız, kimi bir az tutqun, kimi bir az aydın duyuruq ki, ayılmaq lazımdır. Lakin nə qədər saxta yollar açılır…Əlbəttə adamlara hər hansı bir forma geyindirməklə, onları ruhlandırmaq olar. Onlar mübarizə mahnısı oxumağa başlar və çörəklərini yoldaşları ilə yeyərlər. Onlar axtardıqlarını taparlar, öz birlik və icmalarını hiss edərlər. Lakin bu çörək onlara ölüm gətirər.
Unudulmuş taxta bütləri qazıb çıxarmaq olar, özlərini pismi, yaxşımı göstərmiş olan köhnə xurafatı diriltmək olar, adamlara yenidən panalmanizm yaxud Roma imperiyasına inam təlqin etmək olar. Alman olduqları və Bethoven’in həmvətənləri olduqları üçün almanları lovğalandırmaq, başlarını dumanlandırmaq olar. Adi bacatəmizləyənin də başını beləcə gicəllətmək olar. Və bu, bacatəmizləyəndə Bethoven hissi oyatmaqdan çox asandır.
Lakin bu bütlər yırtıcı bütlərdir. Bir elmi kəşf naminə yaxud ağır bir xəstəliyin müalicəsi üçün dərman tapmaq naminə ölən adam öz ölümü ilə həyat işinə xidmət edir. Bəlkə də yeni torpaq fəth etmək üçün ölmək gözəldir, amma müasir müharibə hər şeyi, müharibə nəyin xatirinə aparılırsa onun hamısını məhv edir. İndi söhbət bir az qan töküb, bütöv bir xalqı dirçəltməkdən getmir. Təyyarə və iprit silah olan vaxtdan müharibə sadəcə qırğına çevrilmişdir. Düşmən beton divarlar arxasında gizlənir, hər biri daha yaxşı çıxış yolu tapmağı bacarmadığından hər gecə eskadrilya göndərir, bu eskadrilya birbaşa düşmənin üzərinə soxulur, onun həyat mərkəzinə bombalar tökür, sənayesini və rabitə vasitələrini dağıdır. Qələbə axırıncı tələf olacaq adamın olacaqdır – həm də hər iki rəqib diri-diri çürüyür.

Dünya səhraya dönmüşdür, biz hamımız onda yoldaş tapmaq həsrəti çəkirik; biz yoldaşlar arasında çörək yemək xatirinə müharibəni məqbul sayırıq. Amma yoldaşlıq mehribanlığını qazanmaq, çiyin-çiyinə eyni məqsədə doğru getmək üçün qətiyyən vuruşmaq lazım deyil. Biz aldanmışıq. Müharibə və nifrət ümumi sürətli hərəkətə heç bir sevinc əlavə etmir.
Niyə biz bir-birimizə düşmən kəsilməliyik? Biz hamımız bir şey tərəfdarıyıq, planetdə dolaşırıq, biz bir gəminin heyətiyik. Müxtəlif mədəniyyətlər arasında mübahisədə yenisinin, daha kamilinin yaranması yaxşıdır, amma onların bir-birini didişdirməsi iyrəncdir.
Bizi azad etmək üçün, qardaşlıq telləri ilə birləşib, çiyin-çiyinə gedəcəyimiz məqsədi görməyimizə kömək etmək lazımdır, bəs onda niyə elə bir məqsəd axtarmayaq ki, o hamını birləşdirsin? Həkim xəstəni müayinə edərkən iniltiləri eşitmir. Həkimə lazım olan şey xəstəyə şəfa verməkdir. Həkim ümumi qanunlara xidmət edir. Onlara bir dəfədə atom və ulduz dumanını müəyyən edən, demək olar, ilahi tarazlıq tapmış fiziklər də xidmət edir. Adi çoban da onlara xidmət edir. Qoy ulduzlu səmanın altında onlarca qoyun qırxan adam öz əməyinin mənasını dərk etsin, bu zaman o adi xidmətçi olmur. O qarovulçudur. Hər bir qarovulçu isə imperiyanın taleyinə cavabdehdir.

Nə vaxt ki, biz yer üzündə öz rolumuzu – qoy o lap cüzi və gözə çarpmayan olsun – dərk etdik, o zaman xoşbəxt olacağıq. Yalnız o zaman rahat yaşayıb, rahat ölə bilərik, çünki həyatın verdiyi mənanı ölüm də verir…”

“Adamların planeti” (1939), Antuan de Sent-Ekzüperi

***

Картинки по запросу Antoine de Saint-Exupéry

Antuan de Sent-Ekzüperi (1900-1944)

Fəlsəfənin arxa pilləkənləri – 2

Fiziki ölçülərinə və az danışmaq xarakterinə görə kolleqaları arasında “susqun öküz” ləqəbilə tanınan Akvinalı Tomas‘ın dişədəyər faktları keçərli sayan məntiqlə metafizik hadisələri cəmləşdirdiyi inanc arasında uzlaşma axtarması, “Tanrının düşüncələri”ni təbiətə yeritməklə reallığı formanın maddədən asılılığına uyğun olaraq mərtəbələrə – ölülər, bitkilər, heyvanlar, insanlar – ayırması və saf ruhun ən yüksək pillədə dayanmasını göstərməklə Tanrı varlığını sübuta yetirməsi,  ‘səbəblər zənciri’ fərziyyəsi ilə ilkin olana çıxışa imkan (!) verir: “İnancın gerçəyi ağlın gerçəyindən üstündür”.

Dali Crucifixion hypercube.jpg

“Çarmıxa çəkmə” (1954), Salvador Dali

***

Ölümündən sonra Roma papasının, içində 28 cümləsinin din əleyhinə maddələr olduğu əmrilə məhkum elan edilsə də, Mayster Ekxart insanın reallığı ağlından silməsi və bütün hər şeylə əlaqəsini kəsib saf bir unuduluşa yuvarlanmasını istəməklə, geridə qalan heçliyin səhrasında o adlandırıla bilinməyənə – ‘əbədi varlığ’a çatacağını güman edir, ruh-Tanrı ikilisini vəhdətdə görür və müqəddəsə çatmağın mistik yollarını kilsəyə uyğun olmayan dildə izah edirdi.

File:Eugenio Lucas Velázquez - Auto-da-fé - Google Art Project.jpg

“Auto-da-fé” (1853), Lukas Velaskes

***

İstanbulun fəthindən sonra türklərə qarşı xaçlı səfərlərinə hazırlıq proseslərinin iştirakçısı olmuş Nikolaus sonsuzluq fikrini Tanrı ilə uzlaşdırır və əvvəlcədən də məlum olan “mütləq birlik”, “mütləq sonsuz”, “bütün ziddiyyətlərin cəmi” sifətlərilə mənasını açdığı Tanrı məfhumuna yeni bir xarakter əlavə edir – “docta ignorantia” – “bilinən bilinməyən”, ki, qavranılması mümkünsüz olan bir şey üçün ağıl nə qədər işləsə də, əbəsdir, ta o vaxta qədər ki, ilahi özü qaranlığı işığı ilə qovur və özünü insanlara göstərir, əks halda bütün istifadə edilən yollar nəticəsizdir.

“Lənətlənmişlərin düşüşü” (1620), Piter Paul Rubens

***

Fəlsəfəni çökdüyü qaranlıqdan aydınlığa çıxartmaqda riyaziyyat kimi mütləq (ki, ədədlərin sonsuzluğu belə bu “mütləqlik” iddiasını çürüdə bilər) müstəviyə söykənməyə çalışan Dekart reallığın şübhələnmə yolu ilə əldən sürüşüb çıxmasına imkan verməyərək subyektin yuxu-təsəvvür-gerçək fərq etmədən mövcudluğuna – “düşünürəm, deməli varam; şübhələnirəm, deməli varam” – eyham vurmaqla orta əsrlərin mütləqlik axtarışlarını Tanrıda tapmasından fərqli olaraq insanın özünə inamını yaradır və iç dünyada doğuşdan aşılanan ‘idea’ ilə Tanrı üçün açıq qapı buraxsa da, Tanrı isbatının yoxluğunda məntiqin prinsiplərinə təməl tapa bilmir, cavabsız qalan metafizika suallarına görə özü barədə yazdığı “zülmət qaranlıqda yeriyən insan” təsvirilə gələcək nihilizmin ideyasını verir.

“Dekonstruksiya dahisinin triumfu” (1878), Mixail Ziçi

***

Öz qərarın nəticəsi olaraq asket həyata üstünlük verən və 40 yaşını tamamlamamış ölən Paskal sonsuzluq qavramı ətrafında dönməsi ilə sonlu sayılan canlının dünya üzərindəki əhəmiyyətini heçə endirir, gündəlik məşğuliyyətlərlə baş qatılmasının insanların gücsüzlüklərini gizlətmə səyləri kimi qələmə verir və fəlsəfəsinin keçilməz sərhədlərinə çatdığında isə inanışa boyun əyərək Tanrını “deus absconditus” – gizli Tanrı – adlandırmaqla qorxudan qaynaqlanan müti asılılığa düçar olur, tamamilə filosofluğu tərk etməklə özü üçün məntiqi sonluğa yetişir.

“İsa və mələk” (1848-1858), Ari Şeffer

***

“Yalnız gerçəyə boyun əyməli!” şüarı ilə yaşayıb sinaqoq camaatı tərəfindən qovulan Spinoza əbədi olan yolunda sevgi və rahatlığa çatmağı məqsəd edərək “amır intellectualis erga Deum” – Tanrıya qarşı mənəvi sevgini ön plana keçirir, hər şeyin və özünün də səbəbi olan Tanrını sonradan 3 dində təsvir edilən yaradıcıdan fərqli olaraq “lənət möhürlü” fikirlə, yəni təbiət-dünya ilə eyniləşdirir, filosofun ‘özünü ətraf aləmdə büruzə verən Tanrı’ məfhumuna görə alman romantik şairi Novalis’in “Spinoza Tanrı ilə sərxoş bir adamdır” fikri mövcud şəraitlə tam uyğunluq təşkil edir.

“Dağlarda xaç” (1807), Kaspar David Fridrix

***

Reallığın tədqiqində güc qavramına arxalanan Leybnits ətraf aləmin izahında istifadə etdiyi ‘monad’ termininin fundamentsizliyini şeylərin bir-birinə təsir etməməsi kimi yanlış fikirlə özü sübut etmiş olur və harmoniyanın borclu olunduğu Tanrı fiqurunu da daxil edərək sonradan hicvin oxlarına tuş gələcək “mümkün dünyaların ən yaxşısı” (“Die beste aller möglichen Welten”) optimizmi ilə fəlsəfəsinin işləksizliyini daha da dərinləşdirir.

“1755 zəlzələsinə alleqoriya”, Joa Q. Ştrobel

***

Uşaqlığında sağlamlıq problemlərinə görə xaç suyuna salınması belə şübhəli olan və ta o gündən Tanrı ilə arasında uyuşmazlıq yaşayan – “Mən xristian deyiləm, amma bunu Tanrını daha çox sevmək üçün edirəm” – Volter‘in kilsəyə olan üsyanının açıq göstəricisi olan “Ecrasez l’infame!” (“Utanca səbəb olanı yox et!”) imzası və hedonist həyat tərzinə qazandırdığı bəraət şəxsi ədavətdən çox düşüncələrinin həyatına proyeksiyası olsa da, – “Şadlanmaq ilahi bir şeydir və mən yaxşı bir Tokaier şərabı içən, gözəl bir qadını öpən hər kimsənin, qısaca, xoş duyğuları olan bir insanın, yaxşılıq tələb edən yüksək bir varlığın mövcudluğunu qəbul etməyə məcbur olduğuna inanıram” – Lizbonda baş vermiş dəhşətli zəlzələnin təsirilə skeptikliyini ortaya qoyan filosof üçün ‘xoşbəxtlik’, ‘yaxşı Tanrı’, ‘mükəmməl dünya’ ifadəsi elə özü tərəfindən dəfn edilir.

Картинки по запросу otto greiner devil showing woman

“Şeytan qadını insanlara göstərir” (1897), Otto Qrayner

***

Aydınlanma periodunun ilhamının, din əleyhinə baxışlarına görə Vinsenresdə həbsdə tutulan dostu Didro’nun yanına gedərkən yolda açığa çıxmasını Russo özünün xatirələrində dəqiqliklə təsvir etsə də, – “Bir anda minlərlə işıq gözlərimi qamaşdırdı…Şiddətli bir sıxıntı məni bürüdü, nəfəs alış-verişlərim yavaşladı, irəliləyə bilmədiyim üçün ağacın altına çökməyə məcbur oldum…Ayağa qalxanda köynəyim göz yaşlarıma görə yaş olmuşdu…Kaş hiss etdiyimin bir hissəsini izah edə bilsəydim..!” – bu ilhamın gətirdiyi melanxoliya və daimi hüzn geri qalan həyatında onu müşayiət edir, şəxsi izolyasiyadan doğulan yazılar sosiuma üsyanın carçısıdır – “Hər şey insanların əlində bayağılaşır…” – və kökündə (mənəvi) yaxşı olan insanın eqoist davranışlarla əhatələndiyi cəmiyyətdə pisliklər etməsini Tanrının günahına yazmayan filosof, tarixdə ilk dəfə subyekti məsul şəxsə çevirir və azadlıqdan gələn başgicəllənməni zəncirlərə vurmağı bacarır.

Georges Seurat - A Sunday on La Grande Jatte -- 1884 - Google Art Project.jpg

“Qrand-Jatt adasında bazar günü” (1884), Jorj-Pyer Söra

***

Bal ziyafətlərində qadınlar tərəfindən daima pərəstişə məruz qalan şotlandiyalının skeptisizmdən qaynaqlanan din əleyhinə fikirləri müqəddəs kitabların yandırılmasının təklifinə qədər çatsa da, daima təyinat yeri dəyişən Yum‘un əsas düşüncəsi hiss orqanlarımızın qavramadakı bizə yaşatdığı yanılma və gündəlik hadisələrdə səbəb-nəticə bağlılıqlarına aid etdiyimiz amma əslində sırf vərdişlərimizə görə aldadıcı ola biləcək deterministik zəncirlərdir.

Картинки по запросу otto greiner eve the devil and sin

“Həvva, şeytan və günah” (1898), Otto Qrayner

***

Yuxarıdakı abzaslar Vilhelm Vayşedel’in “Fəlsəfənin arxa pilləkəni” kitabından yararlanılaraq alınan ümumiləşdirmələrdir…