Adamların planeti

“…Biz yalnız o zaman köks dolusu nəfəs alırıq ki, qardaşlarımızla birləşirik və bizim ümumi məqsədimiz olur; biz təcrübədən bilirik ki, sevmək bir-birinin üzünə baxmaq deyil, bir yerdə eyni istiqamətə baxmaq deməkdir. Yalnız o adamlar yoldaşdırlar ki, alpinistlər kimi bir iplə eyni zirvəyə qalxırlar, – onlar bir-birlərini belə qazanırlar. Başqa cür olsaydı, komfort əsri olan əsrimizdə nə üçün səhrada son qurtum olan suyu belə bölürük? Sosioloqların peyğəmbərliyi qarşısında bu əhəmiyyətsiz deyilmi? Bizə, Böyük səhra həyatının qumluqlarında yoldaşının harayına çatmaq səadətinə nəsib olmuşlara, hər cür başqa sevinc sadəcə miskin görünür.
Bəlkə də elə buna görə dünyada hər şey cırıldayır və laxlayır. Hər kəs ehtirasla ona ruhi rahatlıq verə biləcək din-iman axtarır. Biz qəzəblə mübahisə edirik, sözlərimiz müxtəlifdir, amma onların arxasındakı həmin ehtiraslar, həmin qayələrdir. Bizi metodlar – mühakimə bəhrəsi ayırır, amma məqsədimiz birdir.
Bəs onda nəyə təəccüblənəsən? Kim Barselonada anarxistlərin zirzəmisində yoldaşını qurtarmaq üçün həyatından keçməyə hazır olmaqla bu amansız, sərt ədalətlə üz-üzə gələrək hiss edir ki, onda tamamilə yeni, tanış olmayan hiss baş qaldırmışdır, həmin adam üçün bu gündən yalnız bir həqiqət – anarxistlərin həqiqəti mövcuddur. Kim bir dəfə səcdədə olan, vahiməyə düşmüş rahibləri mühafizə üçün İspaniya monastırında qarovulda durmuşsa, o kilsə yolunda ölər.
Ürəyində qələbə təntənəsi And yüksəkliyindən Çili vadisinə şığıdığı zaman Mermoz’a desəydilər ki: ey axmaq, bir alverçinin məktubları xatirinə həyatından keçməyə dəyərmi, o zaman Mermoz yalnız gülümsərdi. Həqiqət – And üzərindən uçarkən onun daxilində yaranmış adamdır.
Əgər siz müharibədən imtina etməyən bir adamı müharibənin dəhşətli və iyrənc olmasına inandırmaq istəyirsinizsə, onu vəhşi hesab etməyin, pisləməzdən əvvəl onu anlamağa çalışın…

İnsanı, onun ehtiyac və arzularını anlamaq, onun mahiyyətinin özünü dərk etmək üçün, sizin məlum həqiqətlərinizi qarşı-qarşıya qoymaq lazım deyil. Bəli, siz haqlısınız. Hamınız haqlısınız. Bəşəriyyətin bütün bədbəxtliyində qozbelləri ittiham etmək fikrinə düşən adam da haqlıdır. Qozbellərə müharibə elan etmək kifayətdir, biz dərhal onlara nifrət edəcəyik. Biz bütün cinayətləri üçün qozbellərdən amansız intiqam almağa başlayacağıq. Əlbəttə, qozbellər arasında da canilər var.
İnsan mahiyyətinin nədə olduğunu anlamaq üçün heç olmasa, bir anlığa ixtilafı unutmaq lazımdır, axı hər cür nəzəriyyə və hər cür din bir Quranlıq sarsılmaz müəyyən edir və onlar da fanatizm doğurur. Adamları sağlar və sollara, qozbellər və qeyri-qozbellərə, faşistlərə və demokratlara bölmək olar, həm də bu təqsimatın heç birini rədd edə bilməzsən. Lakin, siz bildiyiniz kimi, həqiqət odur ki, dünyanı daha sadə, daha təbii edir, qətiyyən o deyil ki, onu xaosa çevirir. Həqiqət ümumini idraka kömək edən dildir. Nyuton heç də uzun müddət gizli qalan qanunu “kəşf etməmişdir” – bu cür ancaq rebus həll edirlər: Nyutonun etdiyi yaradıcılıq idi. O elə bir dil yaratdı ki, o dil bizə almanın çəmənə düşməsini də, günəşin doğmasını da danışır. Həqiqət o deyil ki, isbata ehtiyacı olsun, həqiqət sadəlikdir.
İdeologiyalar barədə mübahisənin nə mənası? Onlardan hər birini sübutlarla möhkəmləndirmək olar, eyni zamanda onların hamısı bir-birinə ziddir, odur ki, bu mübahisələrdən ancaq insanların xilasına ümidini itirirsən. Axı ətrafımızda olan adamların hamısı hər yerdə eyni şeyə can atırlar.
Biz azadlıq istəyirik. Külünglə işləyən adam istəyir ki, külüngünün hər bir zərbəsində məna olsun. Kürək cəzasına məhkum edilmiş adam külünglə işləyəndə, külüngün hər bir zərbəsi onu alçaldır. Lakin külüng kəşfiyyatçının əlindədirsə, onun hər bir zərbəsi kəşfiyyatçını yüksəldir. Katorqa külüngün işlədiyi yer deyil. Katorqa ona görə dəhşətli deyil ki, o ağır əmək tələb edir. Katorqa o yerdədir ki, külüngün zərbəsi mənadan məhrumdur, orada əmək adamı insanlarla birləşdirmir.
Biz isə katorqadan qaçmaq istəyirik.
Avropada iki yüz milyon insan boş-boşuna sürünür və onlar həqiqi yaşayış üçün yenidən dirçəlmələrinə şad olardılar. Sənaye onları, kəndli tayfasını nəsildən-nəsilə davam edən həyatdan ayırmış və hisdən qaralmış vaqonlarla dolu olan tərtibat stansiyasına oxşayan nəhəng gettolara doldurmuşdur. Fəhlə qəsəbələrində basırılmış adamlar həyata  qayıtmalarına şad olardılar.

Usandırıcı, yeknəsəq işin əldən saldığı adamlar da vardır, kəşfiyyatçıların, möminlərin, alimlərin sevinci onlara müyəssər deyil. Bəziləri təsəvvür edir ki, onları dirçəltmək, ayağa qaldırmaq bir elə çətin iş deyil, təkcə onları geyindirmək, yedirtmək, onların gündəlik ehtiyacını təmin etmək lazımdır. Onlardan yava-yavaş Kurtelinin romanları ruhunda meşanlar, kənd siyasətçiləri, heç bir mənəvi mənafeləri olmayan mhdud mütəxəssislər hazırladılar. Bu adamlar pis təlim görməmişdilər, amma hələ mədəniyyətə alışmamışdılar. Mədəniyyətin guya zərbələnmiş formulalardan ibarət olduğunu ehtimal edənlərin mədəniyyət haqqında təsəvvürləri çox miskindir. Dəqiq elmlərdən uzaq olan hər bir məktəbli təbiətin qanunları haqqında Dekart və Paskal’ın bildiklərindən çox-çox artıq bilir. Lakin məktəblidə onların təfəkkür qabiliyyəti varmı?

Bizim hamımız, kimi bir az tutqun, kimi bir az aydın duyuruq ki, ayılmaq lazımdır. Lakin nə qədər saxta yollar açılır…Əlbəttə adamlara hər hansı bir forma geyindirməklə, onları ruhlandırmaq olar. Onlar mübarizə mahnısı oxumağa başlar və çörəklərini yoldaşları ilə yeyərlər. Onlar axtardıqlarını taparlar, öz birlik və icmalarını hiss edərlər. Lakin bu çörək onlara ölüm gətirər.
Unudulmuş taxta bütləri qazıb çıxarmaq olar, özlərini pismi, yaxşımı göstərmiş olan köhnə xurafatı diriltmək olar, adamlara yenidən panalmanizm yaxud Roma imperiyasına inam təlqin etmək olar. Alman olduqları və Bethoven’in həmvətənləri olduqları üçün almanları lovğalandırmaq, başlarını dumanlandırmaq olar. Adi bacatəmizləyənin də başını beləcə gicəllətmək olar. Və bu, bacatəmizləyəndə Bethoven hissi oyatmaqdan çox asandır.
Lakin bu bütlər yırtıcı bütlərdir. Bir elmi kəşf naminə yaxud ağır bir xəstəliyin müalicəsi üçün dərman tapmaq naminə ölən adam öz ölümü ilə həyat işinə xidmət edir. Bəlkə də yeni torpaq fəth etmək üçün ölmək gözəldir, amma müasir müharibə hər şeyi, müharibə nəyin xatirinə aparılırsa onun hamısını məhv edir. İndi söhbət bir az qan töküb, bütöv bir xalqı dirçəltməkdən getmir. Təyyarə və iprit silah olan vaxtdan müharibə sadəcə qırğına çevrilmişdir. Düşmən beton divarlar arxasında gizlənir, hər biri daha yaxşı çıxış yolu tapmağı bacarmadığından hər gecə eskadrilya göndərir, bu eskadrilya birbaşa düşmənin üzərinə soxulur, onun həyat mərkəzinə bombalar tökür, sənayesini və rabitə vasitələrini dağıdır. Qələbə axırıncı tələf olacaq adamın olacaqdır – həm də hər iki rəqib diri-diri çürüyür.

Dünya səhraya dönmüşdür, biz hamımız onda yoldaş tapmaq həsrəti çəkirik; biz yoldaşlar arasında çörək yemək xatirinə müharibəni məqbul sayırıq. Amma yoldaşlıq mehribanlığını qazanmaq, çiyin-çiyinə eyni məqsədə doğru getmək üçün qətiyyən vuruşmaq lazım deyil. Biz aldanmışıq. Müharibə və nifrət ümumi sürətli hərəkətə heç bir sevinc əlavə etmir.
Niyə biz bir-birimizə düşmən kəsilməliyik? Biz hamımız bir şey tərəfdarıyıq, planetdə dolaşırıq, biz bir gəminin heyətiyik. Müxtəlif mədəniyyətlər arasında mübahisədə yenisinin, daha kamilinin yaranması yaxşıdır, amma onların bir-birini didişdirməsi iyrəncdir.
Bizi azad etmək üçün, qardaşlıq telləri ilə birləşib, çiyin-çiyinə gedəcəyimiz məqsədi görməyimizə kömək etmək lazımdır, bəs onda niyə elə bir məqsəd axtarmayaq ki, o hamını birləşdirsin? Həkim xəstəni müayinə edərkən iniltiləri eşitmir. Həkimə lazım olan şey xəstəyə şəfa verməkdir. Həkim ümumi qanunlara xidmət edir. Onlara bir dəfədə atom və ulduz dumanını müəyyən edən, demək olar, ilahi tarazlıq tapmış fiziklər də xidmət edir. Adi çoban da onlara xidmət edir. Qoy ulduzlu səmanın altında onlarca qoyun qırxan adam öz əməyinin mənasını dərk etsin, bu zaman o adi xidmətçi olmur. O qarovulçudur. Hər bir qarovulçu isə imperiyanın taleyinə cavabdehdir.

Nə vaxt ki, biz yer üzündə öz rolumuzu – qoy o lap cüzi və gözə çarpmayan olsun – dərk etdik, o zaman xoşbəxt olacağıq. Yalnız o zaman rahat yaşayıb, rahat ölə bilərik, çünki həyatın verdiyi mənanı ölüm də verir…”

“Adamların planeti” (1939), Antuan de Sent-Ekzüperi

***

Картинки по запросу Antoine de Saint-Exupéry

Antuan de Sent-Ekzüperi (1900-1944)