Platonik bəşərilik səltənəti

Ştefan Svayq‘ın qitə humanizminin baş bilənlərindən olan rotterdamlı Erazmla bağlı tarixi-bioqrafik oçerki, mənim fərdiyyətçilik ehkamına tutulmuş “niyə Svayq ola bilmirəm?!” sualımın növbəti illərdə, heç gözləmədiyim anda mənə toxunmuş xanımın əlindən düşən cavabıdır.

***

…Humanizmin bu cür tərbiyəsi üçün humanizm bircə yol tanıyır: savad yolunu. Erazm və erazmçıların fikrincə, insanın daxilindəki insanlıq yalnız savadın və kitabın vasitəsilə arta bilər, çünki yalnız savadsız, yalnız qanmaz adam düşünmədən öz ehtiraslarının qurbanı olur. Savadlı insan, sivilləşmiş şəxs – onların baxışlarındakı fəci yanlışlıq da bundan ibarətdir – qaba zorakılığa qəbil ola bilməz və savadlılar, mədəniləşmiş və sivilləşmiş insanlar üstünlük qazanarlarsa, xaotik və heyvani olan şeylər öz-özlüyündə gücdən düşməlidir, müharibələr və mənəvi qısnamalar ömrünü yaşamış anaxronizmə çevrilməlidirlər. Sivilləşməyə həddən artıq önəm verməklə humanistlər öz buxovsuz zorakılığından əl çəkməyən instiktin ulu gücünü nəzərdən qaçırırlar və özlərinin mədəniyyət nikbinlikləri ilə insani nifrətin və insanların hüdudsuz iztirab psixozlarının qorxunc və söndürülməsi mümkün olmayan problemini mənasızlaşdırırlar. Onların məsələyə yanaşmaları xeyli sadədir: onlar üçün iki təbəqə var, aşağı və yuxarı təbəqə, aşağı təbəqəyə sivilləşməmiş qaba, ehtiraslı kütlələr daxildir, yuxarı təbəqəni isə savadlıların, qananların, humanist və sivilləşmiş insanların toplumu təşkil edir və aşağı təbəqənin, mədəniləşməmişlərin böyük hissələrini mədəniyyətin yuxarı qatına çəkmək onlara müyəssər olursa, əsas işlərini bitmiş sayırlar… Erazm və tərəfdarları savadsız, sütül xalqa – onlardan ötrü istənilən savadsız adam hələ sütüldür – ən cüzi hüquqları verməyi bircə an da ağıllarına gətirmir və mücərrəd şəkildə bütün bəşəriyyəti sevmələrinə baxmayaraq, vulgus protanum-la (lat. məzmunsuz qara camaat) eyniləşməkdən çəkinirdilər. Yaxından diqqət yetirilsə, bəlli olur ki, onlarda qədimi zadəgan təkəbbürünün yerinə yenisi keçmişdir, sonradan üç əsr dalbadal yaşar olan akademik lovğalıq, haqq və haqsızlıq, əxlaq və əxlaqsızlıq barədə hökm çıxarma haqqını yalnız latın dilində danışanlara, universitet təhsili almışlara tanıyan bir təkəbbürlülük yaranmışdır. Dünyanı hökmdarlar zor adından, kilsələr Məsihin adından idarə etdiklər kimi, humanistlər də onu ağlın adından idarə etmək qərarına gəlmişdilər. Onların niyyəti oliqarxiyaya, savadlılar aristokratiyasının hökmranlığına tuşlanır: yalnız ən yaxşılar, ən mədəniləşmişlər dövlətin idarəçiliyini öz əlinə almalıdır. Üstün bilikləri, parlaq və human baxışları sayəsində millətlərin onlara səfehlik və geriqalmışlıq kimi görünən çəkişmələrinə vasitəçi və rəhbər sifətiylə müdaxilə etməkdə özlərini haqlı sayırlar, lakin vəziyytin yaxşılaşdırılmasına heç də xalqın köməyilə deyil, kütlələrin başı üzərindən nail olmaq istəyirlər. Kökünə vardıqda humanistlər cəngavərliyi ləğv etmirlər, əksinə, onun mənəvi baxımdan yeniləşməsini istəyirlər. Cəngavərlər dünyanı qılıncla fəth etdiyi kimi, onlar da qələmlə zəbt etmək ümidilə yaşayırlar və elə onlar kimi də qeyri-ixtiyari özlərinin ictimai quruluşlarını yaradırlar ki, bu da, bir növ, saray mərasimi olaraq “barbarlardan” ayrılır, humanistlər adlarını kübarlaşdırıb xəlqi mənalarını gizlətmək üçün onları latın, yaxud yunan dilinə tərcümə edirlər, Şvarserd əvəzinə Melanxton, Qayshüster əvəzinə Mikonius, Ölşleger əvəzinə Olearius, Koxhafe əvəzinə Kitreus, Dobnik əvəzinə Koxleus adlarını götürürlər, digər şəhərlilərin silkindən zahirən fərqlənmək üçün xüsusi canfəşanlıqla qara, uzun və dalğalı libaslar geyinirlər. At belində qoşunun başını çəkmək əvəzinə yerə enib qara camaatla bir yerdə addımlamağı cənagvərə təklif edəndə o, necə hirslənirsə, onlar da hansısa kitabı və ya məktubu ana dilində yazmağı eləcə təhqir sayırlar. Birgə mədəni ideal sayəsində ayrılıqda götürülmüş hər biri rəftar və müraciətində xüsusi kübar mövqeyi təmsil etməyə özünü borclu sayır, kəskin və qara ibarələrdən yan ötürlər, kobudluq və qabalıq əsrində qanacaq və nəzakəti xüsusi borc hesab edirlər. Bu mənəviyyat aristokratları sözdə və yazıda, danışıqda və davranışda, düşüncə və nitqin gözəlliyi qayğısına qalırlar, beləliklə də, imperator Maksimilian’la torpağa gömülmüşmüş cəngavərliyin son şövkəti xaç əvəzinə kitabı özünə bayraq etmiş bu mənəvi ordendə əks olunur. Topları od-alov püskürən kobud zorunun kübar cəngavərliyi kimi bu nəcib, idealist kütlə də Lüter’in, Svinqli’nin başçılıq etdiyi xalq inqilabının kəndlitək güclü, sanballı təkanından əməlli-başlı, lakin bihuş halda can verəcək. Çünki məhz xalqı bu şəkildə saya salmamaq, gerçəkliyə qarşı bu cür etinasızlıq istənilən davamlılıq imkanını lap ilkindən Erazm səltənətindən və birbaşa təsir gücünü onun ideyalarından qoparmışlar: humanizmin başlıca üzvi səhvi ondan ibarət olmuşdur ki, xalqı başa düşüb ondan öyrənməyə cəhd etmək əvəzinə, ona yuxarıdan aşağı öyrətmək istəyirdi. Bu akademik idealistlər hökmranlıq edəcəklərinə inanırdılar. Çünki səltənətləri çox uzaqlara yayılmışdı, çünki onların bütün ölkələrdə, saraylarda, universitətlərdə, monastırlarda və kilsələrdə “eruditio” (lat. savad) və “eloquentia”nın (lat. bəlağət) nailiyyətlərini hələ də barbar əyalətlərdə yayan öz xidmətçiləri, öz elçiləri, öz nümayəndələri vardı, lakin dərindən yanaşdıqda həmin səltənət yalnız yuxarı üst qatı əhatə edirdi və həqiqətə dərin kök atmamışdı. Hər gün Polşa və Bohemiyadan məktublar, Macarıstan və Portuqaliyadan Erazmın ürəyini açan xəbərlər gələndə, Allahın kölgəsi altındakı ölkələrin hamısından krallar, padşahlar və papalar onun mərhəmətini qazanmağa çalışanda Erazm özünün iş otağına qapılaraq hərdən ağılsız inamla düşünərdi ki, ağlın səltənətinin artıq uzun müddətə əsası qoyulmuşdur. Latın dilində yazılmış bu məktubların təsirindən, milyonlardan ibarət kütlənin susqunluğuna əhəmiyyət vermir və dibi görünməyən bu dərinlikdən get-gedə güclənən narazılığı qulaqardına vururdu. Onun üçün xalq anlayışı mövcud olmadığına, kütlələrin rəğbətini qazanmağı və savadsızlara, “barbar”lara ümumiyyətlə baş qoşmağı savadlı adama layiq görmədiyinə görə humanizm həmişə yalnız “happy few”lər üçün mövcud olub, heç vaxt xalqa xidmət etməyib və onun platonik bəşərilik səltənəti son olaraq duman səltənəti kimi qaldı, bütün dünyanı qısa bir zaman üçün nurlandıraraq, qəribə də olsa, yaradıcı ruhun pak təzahürü və qaranlığa qərq olmuş dünyaya yuxarıdan aşağıya boylanaraq. Lakin bu soyuq və süni yaradılış əsl fırtınaya – artıq o, qaranlıq içindən qalxmaqdadır – duruş gətirməyəcək və faniliyin qucağına döyüşsüz atılacaqdır…

***

Laurent Seksik‘in “Son günlər” romanı məhz Svayq’ın iztirablarının sadəlövh müşahidəçisidir…