Bonjour tristesse!

“…Bəzi şeylər.

Yeni bir pencəyin qısa gələn qolunun içindən göz deşən sivri bir dirsək.

Hər kəsin rahat olduğu bir mühitdə bir kəsə edilən yersiz zarafata gülməmək.

Çox qoca olmaq.

Ciddi bir yığıncaqda qəflətən partlayan bir qəhqəhə.

Davam gətirə bilməmək.

Cilovlana bilinməyən qaşınma ehtiyacı.

Bilməmək.

Bir stansiyada tək qaldığı anlaşılan, tanımadığınız kiçik bir qız, ağlayırdı, sürətlə uzaqlaşan qatarın pəncərəsindən görmüşdük onu.

Bərəkətli, yorğun, yumşaq torpaq parçasının içərisindən fışqırmış bir qayalıq.

Bilə-bilə həmişə eyni yanlışı təkrarlamaq…”

Maks Horkhaymer

Bekket’in “Molloy”u

Absurd teatrın əsas simalarından Semyuel Bekket‘in “Molloy” romanından seçmələr…

***

Molloy3_Main.1 “Və əgər bir gün mən öz həyatımda bir məna axtarmağa başlasam, heç bilmək olmaz bu həyatın ilk növbədə hansı tərəfini qazacağam, təkcə bir uşaq doğmuş bu zavallı qəhbə tərəfini, yoxsa insan və ya heyvan cinsindən olduğu bilinməyən mənim öz tərəfimi.”

“Kimlərsə elə bu saat başını əlləri arasında tutaraq dərin düşüncələrə dalıb. Onların arasında heç özünü mənim yerimdə təsəvvür edəcək heç olmasa bircə nəfər varmı ki, mənim bu saat nə çəkdiyimi başa düşsün, nə qədər böyük gərginlik içərisində olduğumu gözlərinin qabağına gətirə bilsin. Bəlkə də vardır. Hə, mən var gücümlə aldadıcı dərinliklərə can atırdım, guya bu dərinliklər mənə ruhən sakitlik verəcəkdi, mən oraya, heç bir şeyimlə risk etmədiyimi bilərək, canımda yığılıb qalmış bütün ağrı-acılarımla can atırdım.”

“Həyatı yaxından öyrəndikcə əxlaqi qaydalara əməl edərək yaşamağın getdikcə daha da çətinləşdiyini, digər yandan da belə məhdudlaşdırılmış çərçivələrdə onların icra edilməsinin mümkünsüzlüyünü dərk edirsən.”

“Ola bilər nə vaxtsa elə bir gün yetişəcək, mən çəkinmədən sizə bu günki həyatım haqqında danışacam. Onda aydın olacaq, nə vaxtsa uzun zaman əvvəl, mənə elə gəlirdi mən yaşayıram, amma əslində mən sadəcə mövcud idim. Bu yaşamaq deyildi. Onda bəlkə mən sizə bu çürüyən canımı ən gizlin dərinliklərinə qədər yandıran mahiyyətsiz, arasıkəsilməz ehtiraslarım haqqında da danışaram. Və onda bütün bu mövcud olanlar haqqında tamamilə biliksizliyini dərk etdiyim beynimdə qopan harayı müşahidə edirsən. Bu haray həmişə eyni cür olur, bütün şiddətliliyi və aşkarlığı ilə birlikdə. Elə isə gəlin ürəkdən bir haray çəkək. Bəli indi və burada haray çəkək, sonra bəlkə daha bir dəfə, sonra ola bilsin sonuncu dəfə yenə.”

“Təqib olunmamışdan əvvəl gizlənmək – başından bəri bu fikir mənə ağıllı görünüb.”

“Ancaq öz qınında yaşasan belə həyata qarşı etinasız qalmamalısan, daima özünə suallar verməlisən, məsəlçün: Mən hələ də mövcudammı yoxsa yox? Mövcudluğum sona çatıbmı, çatıbsa nə vaxtdan çatıb? Yox əgər hələ də yaşamaqdayamsa onda bu nə vaxta qədər davam edəcək? Sualları kəsmək olmaz, hər qəbildən olan suallarıla özünü yormaq lazımdır, təki həyat adlanan yuxugörməylə səni birləşdirən bağların qopmasın. Mənə gəlincə, mən cavablamaq üçün yox, sadəcə özümü dinləmək üçün böyük həvəslə özümə dalbadal suallar verirdim.”

“Nə qədər maraqsız olsa da daim bir şeyləri təkrar etməli olursan. Əlindən bir şey gəlməz, həyat təkrarlar üzərində qurulub, bir tərəfdən ölüm özü də təkrardır. Təkrarçılığa əsla təəccüblənməmişəm.”

“Nədənsə ovçu təbiətcə duyğusal və mərhəmətli olur. Bu çoxlu qan tökməklə əlaqədar ola bilər.”

***

 

Özünüqəsd

1972-ci il Nobel mükafatçısı Haynrix Böll‘ün “O illərin çörəyi” kitabından seçmələr…

“…Sonra atamla mən həkimlə danışanda, laqeyd olduğuna görə, həkimə nifrət eləyirdim; bizimlə danışa-danışa həkim nəsə başqa bir şey barədə fikirləşirdi; atamın suallarına cavab verə-verə o gah qapıya, gah pəncərəyə baxırdı və həkimin qırmızı nazik dodaqlarından bilinirdi ki anam öləcəkdir…”

“…Bu qızın sifəti mənim bütün varlığımı yarıb keçmişdi, dəmirkəsən bir ştamp yumşaq mumun içinə necə asanlıqla keçirsə, eləcə də bu sifət mənim ürəyimə batmışdı; mənə elə gəlirdi ki, içimdən parçalanmışam, təkcə qanım axmır; bir anlığa mənim bu sifəti yox etməyim gəlirdi – necə ki rəssam bircə dəfə üzün çıxardığı rəsmin orijinalını məhv etmək istəyir…”

“…onsuz da, mən bu qızdan əl çəkməyəcəkdim, bu gün də, sabah da, hamısını bir yerə cəmləyəndə adına həyat deyilən hələ başlanmamış gələcək günlərdə də mən bu qızla bir yerdə olacaqdım. İndi məni qorxudan başqa şey idi, indi məni qorxudan bu şey hələ sonra baş verəcəkdi, mənim minmək istədiyim qatar artıq səfərə hazır idi, bir azdan tərpənəcəkdi, sərnişinlər yerlərini tutmuşdular, semafor açılmışdı və qırmızıpapaqlı adam, yola düşmək işarəsi olaraq, dəmir çubuğunu yerə qaldırmışdı; hamı məni gözləyirdi, çünki mən qatarın səkisində dayanmışdım və artıq bir ayağım vaqonun içində idi, ancaq mən birdən-birə səkidən yerə atılmalı oldum. Mən bu hərəkətim üçün deməli olacağım sözləri fikirləşdim, saysız-hesabsız izahatlar verəcəyimi düşündüm və bu vaxt başa düşdüm ki, izahat verməkdən, üzrxahlıq eləməkdən mənim heç xoşum gəlməmişdir. Nəhayətsiz, məzmunsuz çərənçilik, kimin haqlı, kimin haqsız olduğunu aşkar etmək məqsədilə saatlarla davam edən boş laqqırtı, küsü, danlaq, məktublar, telefon zəngləri, boynumda olan və üstümə götürməli olacağım təqsir – hamısına indi nifrət edirdim. Bunacan yaşadığım həyat, bu günəcən tam qənaətbəxş hesab etdiyim gələcək güzəranım gözlərimin önündəcə məndən uzaqlaşırdı… ”

“…Məni sakitləşdirmək məqsədilə atam deyirdi ki, əşyaların bircə doğru əksi varsa, o da gözəgörünməz kamerada, yəni Allahın insana bəxş etdiyi şüur və idrakıdır, lakin atamın bu sözləri də o vaxt mənə son dərəcə dayaz görünürdü, çünki ‘Allah’ sözü böyüklərin dilində kiçikləri aldatmaq üçün bir vasitə idi və bu sözün arxasında onlar həqiqəti gizlətməyə çalışırdılar…”

“…Rastımıza çıxan güzgülərin üstündə öz sifətimi məhv etmək mənə daha xoş gəlirdi; sındırdığımız aynaların gümüş qırıntıları güclü şəlalə kimi ətrafa səpələnirdi…”

***

Anarxist gecə attraksionu

Herman Hesse‘nin “Yalquzaq” romanından seçmələr…

“…Ah, bizim yaşadığımız həyatda, həddən artıq razı, həddən artıq meşşan, həddən artıq mənəviyyatsız bir zəmanədə, belə arxitekturalı mənzərələrin, belə alverin, belə siyasətin, belə insanların arasında həmin müqəddəs cığırı tapmaq çətin məsələdir! Bir dünyanın ki heç bir işinə qarışmayasan, heç bir sevincini bölüşməyəsən, orada yalquzağa, tükü tökülmüş bir abdala dönməyə bilərsənmi? Nə teatrına, nə kinosuna dözür, nə qəzetini, nə də müasir kitablarını oxuya bilirəm. Heç başa düşmürəm ki, bu insanlar ağzına kimi dolu vağzallarda, otellərdə, sönük, zəhlətökən musiqilərin başına götürdüyü qəhvəxanalarda, varyetelərdə, beynəlxalq sərgilərdə, bayram şənliklərində, elm-savad tamarzıları üçün oxunan mühazirələrdə, iri idman meydanlarında hansı həyat həvəsini, hansı sevinci axtarır?! Minlərlə adamın əldən-ayaqdan getdiyi bu sevincləri mən nə anlayır, nə də bölüşə bilirəm. Halbuki, istəsəm, hamısı mənə də nəsib olar. Ömrümün çox nadir xoşbəxt anlarında mənim duyğularımı, adına əsl səadət, böyük hadisə, ekstaz, əsl ilham dediyim şeyləri isə – aləm olsa-olsa, poeziyada axtarır, poeziyada sevir. Adi həyatda isə bunları səfehlik sayır. Əgər bütün aləm düz eləyirsə, qəhvəxanalardakı musiqi, kütləvi əyləncələr, aza qane olan amerikansayağı adamlar haqlıdırsa, demək, onda mən haqsızam, mən dəliyəm; demək mən elə doğrudan da, tez-tez dediyim kimi, yalquzağam, yolunu azıb tanımadığı, bilmədiyi, duymadığı bir aləmə düşən, özünə yurd-yuva, yemək-içmək tapmayan heyvanam…”

“…Meşşanlığın özü isə mövcud həyat tərzi kimi tarazlığa can atmaqdan, insan münasibətlərindəki saysız-hesabsız təsadüflərlə təzadlar arasında ortaq nötqə tapmaq cəhdindən başqa bir şey deyil. Nümunə üçün o təzadlardan birini – elə lap paklıqla əxlaqsızlığı götürsək, bizim bu bənzətmənin mənası öz-özünə aydınlaşır. İnsanın imkanı var ki, özünü bütövlükdə mənəvi həyatın ixtiyarına versin, ilahi qüvvəyə qovuşmağa can atsın, paklıq idealı ilə yaşasın. Ancaq onun, eyni zamanda, özünü bütövlükdə ehtirasın ixtiyarına buraxmaq, hislərin əsirinə çevirmək və hər şeyi bircə anın səadətinə qurban vermək imkanı da vardır. Bu yollardan biri paklığa, mənəvi şəhidliyə, Allah yolunda fədakarlığa, digəri isə əxlaqsızlığa, eyş-işrət əsirliyinə, çürüməyə aparır. Ancaq meşşan bu yolların tən ortasında yaşamağa çalışır. Heç vaxt ümidsizliyə qapılmır, nəşənin, asketizmin quluna çevrilmir, nə, onun idealı fədakarlıq deyil, öz “Mən”ini qoruyub saxlamaq olur, nə paklığa, nə də onun əks qütbünə can atır, heç nəyin mütləqliyinə dözmür, həm Allaha, həm də nəşəyə tapınır, comərd olmaq istəyir, ancaq bu dünyanın zövq-səfasından da keçə bilmir. Bir sözlə, son hədlərin arasında hər cür fırtınadan, tufandan uzaq, rahat bir yer axtarır, axırda onu da tapır, ancaq bu zaman mütləqliyə, son həddə aparan mənalı həyatı, mənalı hisləri itirir. Mənalı həyatı isə yalnız öz “mən”ini qurban verməklə qazanmaq olar. Meşşansa öz “mən”ini (özü də kəm-kəsirli “mən”ini) hər şeydən yüksək tutur. Beləliklə o, qurban verdiyi həmin mənanın hesabına etibarlı, təhlükəsiz bir həyat tapır, divanəlik əvəzinə vicdan rahatlığı, nəşə əvəzinə zövq, azadlıq əvəzinə rahatlıq, od-alov əvəzinə xoş bir hərarət qazanır. Buna görə də meşşan öz mahiyyəti etibarilə ölüvay, qorxaq olur, öz-özünə qiymət verməyə çəkinir, ipə-sapa tez yatır. Nəticədə də hakimiyyətin yerinə əksəriyyəti, gücün əvəzinə qanunu, məsuliyyətin əvəzinə isə səsverməni qoyur…”

“…Eyni zamanda da düşündüm: bu cür ki geyinib-kecinib professora qonaq gedirəm, ikimiz də istəməyə-istəməyə özümüzü nəzakətli göstəririk – bunları hamı hər gün, hər saat, istəməyə-istəməyə, məcburən eləyir: qonaq gedir, söhbətə başlayır, iş yerlərində, idarələrdə oturub qalır. Hamısını da məcburən, qeyri-ixtiyari, istəməyə-istəməyə eləyirlər! Bütün bunları maşınlar da eyni səviyyədə eləyə bilərdi və ya heç eləməmək də olardı…”

***

Mətndən kənar,

Yalnızlıq elə bir ruh halıdır ki, artıq sənin üçün başqalarının təsdiqi mifdir. Miflər isə gec-tez dağılmağa məhkumdur. Dağıntılar altında qalan sən, günah hissi içində qıvranmağa meyllənirsən. Əslində isə düşündüklərin deyilməli olanlara adekvat deyil. Yalnızlıq özdən o tərəfdir, sənin bitdiyin yerdə o başlar. Yalnızlığı paylaşmaq gözdən pərdə asmaq, özünü aldatmaqdır, ikiüzlü təsəllidən başqa bir şey deyil…