Bekket’in “Molloy”u

Absurd teatrın əsas simalarından Semyuel Bekket‘in “Molloy” romanından seçmələr…

***

Molloy3_Main.1 “Və əgər bir gün mən öz həyatımda bir məna axtarmağa başlasam, heç bilmək olmaz bu həyatın ilk növbədə hansı tərəfini qazacağam, təkcə bir uşaq doğmuş bu zavallı qəhbə tərəfini, yoxsa insan və ya heyvan cinsindən olduğu bilinməyən mənim öz tərəfimi.”

“Kimlərsə elə bu saat başını əlləri arasında tutaraq dərin düşüncələrə dalıb. Onların arasında heç özünü mənim yerimdə təsəvvür edəcək heç olmasa bircə nəfər varmı ki, mənim bu saat nə çəkdiyimi başa düşsün, nə qədər böyük gərginlik içərisində olduğumu gözlərinin qabağına gətirə bilsin. Bəlkə də vardır. Hə, mən var gücümlə aldadıcı dərinliklərə can atırdım, guya bu dərinliklər mənə ruhən sakitlik verəcəkdi, mən oraya, heç bir şeyimlə risk etmədiyimi bilərək, canımda yığılıb qalmış bütün ağrı-acılarımla can atırdım.”

“Həyatı yaxından öyrəndikcə əxlaqi qaydalara əməl edərək yaşamağın getdikcə daha da çətinləşdiyini, digər yandan da belə məhdudlaşdırılmış çərçivələrdə onların icra edilməsinin mümkünsüzlüyünü dərk edirsən.”

“Ola bilər nə vaxtsa elə bir gün yetişəcək, mən çəkinmədən sizə bu günki həyatım haqqında danışacam. Onda aydın olacaq, nə vaxtsa uzun zaman əvvəl, mənə elə gəlirdi mən yaşayıram, amma əslində mən sadəcə mövcud idim. Bu yaşamaq deyildi. Onda bəlkə mən sizə bu çürüyən canımı ən gizlin dərinliklərinə qədər yandıran mahiyyətsiz, arasıkəsilməz ehtiraslarım haqqında da danışaram. Və onda bütün bu mövcud olanlar haqqında tamamilə biliksizliyini dərk etdiyim beynimdə qopan harayı müşahidə edirsən. Bu haray həmişə eyni cür olur, bütün şiddətliliyi və aşkarlığı ilə birlikdə. Elə isə gəlin ürəkdən bir haray çəkək. Bəli indi və burada haray çəkək, sonra bəlkə daha bir dəfə, sonra ola bilsin sonuncu dəfə yenə.”

“Təqib olunmamışdan əvvəl gizlənmək – başından bəri bu fikir mənə ağıllı görünüb.”

“Ancaq öz qınında yaşasan belə həyata qarşı etinasız qalmamalısan, daima özünə suallar verməlisən, məsəlçün: Mən hələ də mövcudammı yoxsa yox? Mövcudluğum sona çatıbmı, çatıbsa nə vaxtdan çatıb? Yox əgər hələ də yaşamaqdayamsa onda bu nə vaxta qədər davam edəcək? Sualları kəsmək olmaz, hər qəbildən olan suallarıla özünü yormaq lazımdır, təki həyat adlanan yuxugörməylə səni birləşdirən bağların qopmasın. Mənə gəlincə, mən cavablamaq üçün yox, sadəcə özümü dinləmək üçün böyük həvəslə özümə dalbadal suallar verirdim.”

“Nə qədər maraqsız olsa da daim bir şeyləri təkrar etməli olursan. Əlindən bir şey gəlməz, həyat təkrarlar üzərində qurulub, bir tərəfdən ölüm özü də təkrardır. Təkrarçılığa əsla təəccüblənməmişəm.”

“Nədənsə ovçu təbiətcə duyğusal və mərhəmətli olur. Bu çoxlu qan tökməklə əlaqədar ola bilər.”

***

 

Absurd teatrda bir səhifə

Oskar Uayld yazılarının birində: “Tanrı, hər cür mənəvi əzaba dözməyə hazıram, ancaq mənə fiziki ağrı vermə” deyirdi. Sitat həmçinin “Yeni dalğa” hərəkatının qurucularından olan Fransua Trüffonun “Cim və Cil” adlı kinosunda da qeyd edilir. İstər fiziki, istərsə də mənəvi olsun, əzab-ağrılar yüz illərdir incəsənətin müxtəlif sahələrində müxtəlif cür təsvir edilir. Teatrda bu təsviri “absurdizm” adı altında görə bilərik. Haqqında yazdığım şəxsin də ağrılarla bağlı maraqlı fikri olmuşdur: “Mazoxizm ölüm əleyhinə immunitetdir”. So, Artur Adamov.

Arthur Adamov, écrivain et auteur dramatique by Blanc & Demilly on artnet

Artur Adamov Rusiyada doğulmuş fransız teatr nəzəriyyəçisidir. Ailəsi Fransadan əvvəl İsveçrə, Almaniyada olmuş, sonra Parisə gəlmişlər. 16 yaşında sürrealistlərlə tanış olan Artur bir müddət “Discontinuité” (tərc. “Davamsızlıq”) adlı jurnalda işləmişdir. 1933cü ildə atasının intiharından sonra ağır depressiya keçirmiş, bu vaxtlardakı hissləri sonralar yazacağı oyunlarda da özünü göstərəcəkdi. Adamov marksizmə yaxınlığı və İspaniya vətəndaş müharibəsi illərində (1936-39) cümhuriyyətçi olması ucbatından 1941də əsir düşərgəsində 1 ilə yaxın saxlanılır.

Artur Adamov’un ilk əsəri avtobioqrafik olur: “Etiraf”, 1946cı il. Əsərdə Strindberq və Kafkanın təsiri hiss olunur. 1947ci ildə ilk oyunu “Parodiya”nı yazır. Ümumiyyətlə Artur əsərlərində yuxu temasını işləyir, hadisələr içərisində insan varlığının mənasızlığı, sıxıcılığına da toxunurdu. Ona görə mənasızlıq dildən başlayır. İnsan mənasızlıq içərisində hansısa metafizik varlıqlara yönəlməyə can atır. Artur fikrincə mənasızlıq zəncirinin axırı var və əgər insan onu izləməyə davam edib, pillələri bir-bir keçərsə, o, sona çataraq yeni ümumbəşəri qanunlar yarada biləcəkdir. (Nitsşe “Tanrı öldü!” deyərkən məhz bunu nəzərdə tuturdu. Tanrısız insan öz üzərində bir növ inqilab etməli, özünü arxada qoymalı, aşmalıdır.)

“Professor Taranne” (1953) və “Ping-Pong” (1955) adlı oyunları Adamovun sırf absurdluğa yönəlmiş işləridir. Adını çəkdiyimiz 1ci oyun həddən artıq açıq-saçıq olması və plagiarizm kimi tənqidlərə məruz qaldı. 1950ci illərdə əsasən alman yazar Brextin sosial-siyasi tərkibli tamaşaları Arturu təsirləndirir və onun bundan sonrakı fəaliyyətində siyasətin də böyük yer tutmasına səbəb olur. Belə ki, “Paolo Paoli” (1957) adlı oyundan başlayaraq 1960cı ildə Əlcəzairin azadlıq mübarizəsini dəstəkləyən bir çox digər intelektuallar kimi o da,  “121-lər manifesti”nə imzasını qoyur. 1968də isə Vyetnamdakı ABŞ imperializmini pisləyir və bununla bağlı “Off limits” (“Sərhədlərdən kənara”) adlı oyunu yazır.

Artur Adamov yazar olmaqla yanaşı həm də tərcüməçi kimi də tanınmışdır. O, Qoqol, Rilke, Brüxner, Qorki, Çexov kimi yazarları fransızcaya tərcümə etmişdir. Həmçinin psixologiya ilə maraqlanmış, tərcümələri arasına Karl Yunqun kitablarını da əlavə etmişdir.

Son illərində narkotik istifadəçisi olmuş Artur, 1970-də həddən artıq yuxu dərmanı qəbul edərək intihar etmişdir.