Fəlsəfənin arxa pilləkənləri – 1

Fəlsəfəsində hər şeyin mənbəyinin su olduğunu irəli sürüb materializmin ilk mərhələsini yaratdığını düşündüyümüz ancaq bir anda digər fikri ilə – “realın arxasında hər bir şey tanrılarla doludur” – bizi yanıldan miletli Fales üzü yuxarıya dönük ulduzları müşahidə edərkən quyuya düşür və trakiyalı qızın lağına məruz qalır: “Göydə nə olduğunu anlamaq istədi, amma qarşısında və ayaqlarının altındakı şey onun üçün gizli qaldı”.

“Kanavanın böyük dalğaları” (1829-32), Katsuşika Hokusay

***

“Ruhun bir logos’u vardır” deyimilə fəlsəfədə ilk dəfə baxışı insanın içinə yönəldən və İran şahı Dara ilə yazışdığı belə güman edilən Heraklit‘in doğum yeri Efesdən dostu Hermodor’sun qovulması ilə demokratiyanı rədd etməsi və gündən-günə pisləşən siyasi vəziyyətə ironik şərhi – “bu situasiyada bütün vətəndaşlar özlərini asmalıdırlar” – onu insanlardan uzaqlaşıb dağlarda bitkilərlə qidalanıb sağ qalmaq uğrunda mübarizəyə sövq etmişdir.

Картинки по запросу hanged man by goya

“Asılmış adam” (1810-20), Fransisko Qoyya

***

Əslində bir şair olan Parmenid‘ın fikirləri gerçəyin axtarışına çıxan və bu yolda daima mübarizə aparıb sonda məqsədə yaxınlaşdıqda ona – gerçəyə sahib ola bilməyən müdrik insan prototipi timsalında büruzə versə də, yunan tərzi fəlsəfəetmə metodu ilə reallığın illüziya – faniliyə aldanma – olmasını vurğulayaraq gerçəyin dərin düşüncə ilə əldə edilə bilməyəcəyini, yalnız insanın özünü gerçəyə aça biləcəyini və ikincinin subyektə gələcəyini bildirmişdir.

“Müqəddəs üçlük” (1577-79), El Qreko

***

Evlilik həyatı boyu arvadı Ksantife’nin məişət “təqib”lərinə məruz qalan Sokrat‘ın xilasını küçələrdə axtarması cəhdləri onun digər insanlarla söhbətlər aparmaqla mübahisə metodunu yaratması ilə nəticələnir ki, sonradan müəlliminin bu fəlsəfi “sərgüzəşt”lərini şagirdi özünün “Dialoqlar” kitabında ətraflı şəkildə təsvir edir və cəmiyyətdə disput mədəniyyəti formalaşdırmaqla idarəetmə aparatının qəzəbinə tuş gəlib edama məhkum edilən bu böyük insanın – “indi getmək vaxtıdır, mənim üçün ölməyin, sizin üçün yaşamağın zamanı; bizlərdən hansımızın daha doğru yola getdiyini Tanrıdan başqası bilmir” sözləri bəlkə də intihar dilemmasının ilk notlarına çevrilir.

David - The Death of Socrates.jpg

“Sokratın ölümü” (1787), Jak-Lui David

***

Hiyləgər və kələkbaz deyə müraciət etdiyi qadınların sevilmə formasına məhz onun adının verilməsi, Platon‘nun bütün şiddətli istək və şəhvani hisslərdən uzaq Eros idea’sına – “mümkün gözəlliy”ə çatması fikirləri, reallıqda mövcud olan şeylərin idea’ların surətləri olduğu ümumiləşdirməsinə gətirib çıxarır və doğumdan öncə olan idea’larla əslində ‘tanımaq’ prosesinin olmadığını, yalnız insanın hər şeyi ‘yenidən xatırlama’sını vurğulayaraq ruhun ölümsüzlüyü düşüncəsinə nərdivan dirəmiş olur.

Картинки по запросу declaration of love painting

“Eşq elanı” (1735), Jan-Fransua de Trua

***

Pedaqogikasının 13 yaşında müəllimi seçildiyi gələcəyin böyük siyasi xadimi və fatehi Makedoniyalı İsgəndər üzərində nə dərəcədə təsirli olduğunu bilmədiyimiz Aristotel fərdiyyətə aid etdiyi fikrini universal pilləyə qaldıraraq var olan hər şeyin imkanları daxilində özünü realizə etməyə çalışması və bu prosesdə enerji rolu oynayan, dünyaya hökmran olan bu itələyici qüvvənin təbiət olmasını bildirməsilə “özün ol!” düsturunu insan mahiyyətinin dərkində ön plana alır, “İnsan logos’a sahib varlıqdır” fikrindən ətrafı tanımaq missiyası ilə ön plana çıxarılan subyektə görə humanizmin atasına çevrilir.

“Edip və Sfinks” (1864), Jan Ogüst D. Enqr

***

Həzzi xoşbəxt bir həyatın hədəfinə çevirən Epikür dövr insanları tərəfindən yaşadığı həyata görə hay-küylü bir şəxs kimi qələmə verilməsinə baxmayaraq fikirlərində qaba ehtirasdan imtinası diqqət cəlb etməklə yanaşı onun boynuna atılan ifrat zövqalma – ki, seksuallıq ön planda olmaqla – maddələrini heçə endirir və “biz varsaq ölüm yoxdur, ölüm gələndə isə biz” sitatı ilə Tanrıları inkar etməsə də, onları həyat xəttindən kənara itələməklə fərdin azadlığına dair müddəalar ortaya atır, bəlkə də keçən əsrin hippi dalğasına hələ eradan əvvəl təməl ideyalar verir.

Drunkenness of Noah bellini.jpg

“Nuhun sərxoşluğu” (1515), Ciovanni Bellini

***

Həyatın mənasını ‘insanın özü ilə barışması’nda görən Zenon və tələbələri sonradan stoik məktəbinin yaradıcıları olaraq tarixdə ilk dəfə şəxsiyyət qavramı ilə çıxış edir, fərdin təbiəti tanımaq istəyini ətrafa olan maraqla bağlamır və sırf özünə xidmət etdiyini, xarici tanıyaraq daxili öyrənməyə dair cəhdlər toplusu olduğunu bildirməklə ehtiraslardan uzaq, sadə yaşayışı tərifləyir və ağılla olan bağlılığına işarə edərək insanların həyatında epikürçülərdən fərqli olaraq Tanrıların yerlərini bərpa edirlər.

“Venera və Adonis” (1624), Nikola Pussen

***

Xəstələndiyi vaxt belə dərman içməyi rədd edərək içərisində “oturduğu” bədəninə nifrətini ifadə edən Plotin‘in son nəfəsini verərkən divar çatlağında görünüb qeyb olan ilanla ola biləcək bağlantısı barədə düşünən tələbələrinə filosofun nəzəriyyəsində cismaniliyin şüurlu şəkildə arxa plana atılması və ilahiliyin kəşfi üçün Tanrıya veriləcək sifətləri – sonsuz, sərhədsiz, məkansız, bölünməz və s. – ard-arda düzməsilə vəhdətə gəlib çıxması və ‘saf Bir’i əldə etməsi məlumdur.

“Filosof meditasiyada” (1632), Rembrandt van Reyn

***

“Uşaq ikən süd istəmək üçün ağlamağım günah deyilmi?” sözlərilə dizlərüstə çöküşün və təslimiyyətin nümunəsinə çevrilən Avqustin‘in ilk günah doktrinasını əsas götürərək insanın yaxşılıq etmək qabiliyyətindən məhrumiyyətini dilə gətirməsilə azad iradənin heç olduğu, ilahi diktatura və fatalizmin ilk yerə qoyulduğu duyulur və “yaradılan şey, yaradıcıdan izlər daşıyır” deyimilə potensial yaradıcı axtarışı üçün formula verən filosofun bu cür sadəlövh açıqlamanın sonrakı dövrlərdə rahatlıqla Tanrı (!) əleyhinə fırlanmasını öncədən görə bilməməsinin səbəbi kimi 3 pərdəli pyesi andıran “ssenari yazması”nı göstərməliyik: Mələklərin Tanrıya xəyanəti; İsa’nın yer üzünə enişi; İlahi məhkəmədə şərin lənətlənməsi və Tanrı krallığının qurulması.

“Adəm və Həvva”, Frans fon Ştuk

***

Xeyiri bazis götürərək ən böyük yaxşılıqların birləşdiyi nöqtədə ilahinin isbatına çatdığını düşünən və “sevən bir kəs sevgilisini tanımaq istədiyi kimi Tanrını sevən insan da onu tanımaq istəyir” cümləsilə inancı bilməyin önünə qoyan Kenterberili Anselm, “əgər mən inanmasaydım, heç vaxt anlamayacaqdım” etirafında beyhudə axtarışların doğurduğu ümidsizliyinin şüuraltına sıxışdırılmış o bilinməyəni çıxardığı günə qədər mübarizədə olduğuna işarə edir.

“Lemminkyaynen’in anası” (1897), Akseli Qallen-Kallela

***

Yuxarıdakı abzaslar Vilhelm Vayşedel’in “Fəlsəfənin arxa pilləkəni” kitabından yararlanılaraq alınan ümumiləşdirmələrdir. Aşağıdakı abzas isə yuxarıdakıların hasilidir…

Melanxoliya

“I’m free, that’s why I’m lost!” KAFKA

“Ey həyat, mən bu yaxınlarda sənin gözlərinə nəzər saldım! Və mənə elə gəldi ki dərkedilməzliyə baş vururam.”*

Bəzən olur ayaqqabının içindəki daşı görmədən geyinib yola düzəlirsən. Əvvəl heç nə hiss etmirsən deyə hər şey normal görünür sənə. Sonra dəqiqələr keçir, artıq nəyinsə səni narahat etdiyini sezirsən. Yarı yolda dayanmaq istəmirsən; özünəinam. Getdiyin yol sənə heç bitməyəcək kimi gəlir, uzandıqca uzanır; özünüimtahan. Daş isə bir tərəfdə qalmır; əzab çəkmək; sonrasında özünəyazıqlıq hissin baş qaldırır; bundan doğulan özünəqəzəb. Çəkdiyin ağrı yolda gedənlərdə də olsun istəyirsən: “kaş mənim əvəzimə onlar olardı”. Sonra özünənifrət pilləsi: “bu qədər pis insan ola bilmərəm.” Sonda bezdiyin an gəlib çatır; artıq gecikmiş kimi görünürsən, pis-yaxşı, istədiyin yerə gəlib çatmısan axı. Çıxardıb tullayırsan daşı, qalan yolu rahat gedə bilmək üçün. Bəzən də olur ki, çıxartmırsan, yox, mazoxist deyilsən, sadəcə dünən fikrinə uyğun bir not  düşmüşdün dəftərinə: “Ölüm gələcək..gözləri gözlərin olacaq..”.

“5 həftədir ki, ancaq bu fikirlə yaşayıram. Bu düşüncənin varlığı belə məni dəhşətə salır, ağırlığı altında əzilirəm. Bir vaxtlar – çünki mənə həftələr deyil də, illər keçmiş kimi gəlir – hər kəs kimi mən də bir insan idim. Mənim üçün də hər günün, hər saatın, hər dəqiqənin bir mənası və dadı var idi. Gənc və zəngin ruhum xəyallarla dolu idi. Həyatın sərt və incə parçasını, qarışıq naxışlarla işləyən ruhum, bunları, dayanmadan axan bir lent kimi gözümün önündə sıralamaqdan zövq alırdı.”**

***

melancoly_3

“Melanxoliya”, Edvard Munk (1891). Həyat da bu deyilmi?! Sənin bitməyən baxışlarını müşayiət edən zaman: keçmişdən gələcəyə doğru. Yunanlı Heraklit düz demişdi: “Panta rhei.” (“Hər şey axır.”)

Yas və melanxoliya məqaləsində Freyd yas üçün bu cür tərif verir: “Yas əsasən sevilən bir kəsin ya da bir abstraksiyanın (ölkə, azadlıq, ideal və b.) itirilməsinə verilən reaksiyadır. Bəzi insanlarda eyni səbəblər yas əvəzinə melanxoliyaya gətirib çıxara bilər.”

Yasda açar söz itkidir. Bəs yasla melanxoliya arasındakı fərq nədir? İkisində də itirilən nəsə var. Melanxoliyada əsas məsələ, itirilənin kənar olaraq qavranılmaması, insanın bir hissəsi kimi daxili aləmə salınmasıdır. Melanxolik insan, yas periodunu yaşaya bilməz; çünki əvvəlcədən itiriləni öz əksiyi kimi daxilinə həbs etmişdir…Melanxolik insan yeni birini, hətta özündən savayı heç kimi sevə bilməz (özünü özündə gizlətmək cəhdin).

Melanxoliya davamlı olaraq ölü bir bədəndə yaşamaq kimidir; melanxolik insan harada və nə vaxt olursa olsun, içində bir cəsəd gəzdirir. İnsan, qarşısındakının onun əksiyini örtəcəyini, onu “bir” edəcəyini düşünür; halbuki əksik, adından da göründüyü kimi, heç olmamış olandır; başqa bir sözlə əsla gəlməyəcək olan. Ancaq melanxolik insan onu sadəcə itirdiyini fikirləşər və geri qayıtmasını, yəni təkrar “bir” olmağı gözləyər (Martin Buber‘in “Mən-Sən” konsepsiyası barədə başqa yazıda). Əksik və itki arasında yaşanan bu illuziya gözləməyə səbəb olur; halbuki əksiyin özü, gözləməyi sonsuz bir zamana yayır…

Melanxoliya ağrılarla dolu bitməyən bir yas kimidir (…həzz kimidir).

Melanxoliyanın digər bir simptomu da insanın öz səsi ilə arasında bir sədd yaratmasıdır (“Danışmalı deyilsən, hiss edirəm”, Björk‘dən).

Melanxoliya itkiyə verilən narsist reaksiyadır. Melanxolik insan əksiyini itki kimi qavrayar və bu qavrama narsizmlə əlaqəlidir (Narsizmin altında qəzəb yatır. O’nunla birlikdə öz’ünü də itirdiyi üçün, ondan çox özünə qəzəblənir).

Narsist insan, özünə bənzər birini, xəyallarının proyeksiyasına ən uyğun insanı arzulayar və aşiq olar. Bu vəziyyətdə libidinal enerjinin aşiq olunan kəsə yönəldilməsi başa düşülür; ancaq həmin insan bu yönləndirməni özünə edir. Və eyni zamanda qarşısındakını əksiyi – özünü bir bütün edəcək itmiş hissə – olaraq ifadə etdiyi üçün ayrılıq anında daxildən bir hissənin qopduğunu düşünür. Hər bir qarşılıqlı əlaqənin sona çatması ilə yasdan əlavə bir eqo yaralanması – narsistik bir yaralanma – yaşayır və gedənin geri qayıtmasını gözləyir. Bu gözləmənin sonsuzluğu da melanxoliyaya səbəb olur.

Narsist və melanxolik insan arzuladığının özündən başqası olmadığını bildiyini üçün, əsla çata bilməyəcəyini bildiyi kəsə aşiq olmağı seçir. İtkidə ortaya çıxa biləcək mənfi halları və fərdin özü ilə üzləşməsini əngəlləməyin tək bir yolu var: arzunun reallaşmasına imkan verməmək (İdeal eşq həqiqətin deyil, fantaziyanın bir parçasıdır).

***

“Bəli! Ölüm! İçimdə bilinməyən bir səs “bu sözü deməklə nə itirəcəksən ki” deyə təkrarlayırdı. Edam qərarı çox vaxt yağışlı və soyuq bir qış gecəsində, qaranlıq və hüzn dolu bir otaqda, məşəllərin işıqları altında açıqlanmırdımı? Avqust ayının bu gözəl günündə, səhər saat 8də, bu cür ürəyiyumşaq hakimlərin ölüm cəzasını oxuması mümkünsüz idi! Gözlərim fırlanıb axtarır, yenə də günəşin altındakı o sarı rəngli çiçəyə ilişib qalırdı.”**

“..lakin mən öz fərdi işığımda yaşayıram, mən özümdən şölələnən alovları yenidən özümə çəkirəm..”*

Yes, I know, there’s something inside you, but it is hard to explain. So, take it easy and write: “Spleen the literary meaning was invented by the famous poet Charles Baudelaire. Mainly it refers to boredom, melancholy.”

*Fridrix Nitsşe‘nin “Zərdüşt belə dedi” kitabından.

**Viktor Hüqo‘nun “Bir edam məhkumunun son günü” kitabından.

***Məqalənin (melanxoliya) müəllif hüquqları Freyd‘ə aiddir. Əlavələr istisnadır.

*****