Libertango

Astor_Piazzolla.jpg

“Tanqonu dəyişmək istəyirsiniz? Yaxşısı budur, boks və ya hansısa döyüş sənətini öyrənin.”

Argentinalı tanqo bəstəkarı, bandoneon ifaçısı və aranjmançı Astor Piazzolla caz və klassik musiqi elementlərini ənənəvi tanqo musiqisi ilə birləşdirərək  Nuevo tango-nu yaradan inqilabçılardan biridir.

“İlk bandoneonumu atam hədiyyə etmişdi. Qutunun içində idi. O vaxt çox həyəcanlanmışdım, çünki çoxdan idi ki, atamdan mənim üçün diyircəkli konki almasını xahiş edirdim. Qutunu açdıqda isə məyus oldum, konki əvəzinə həyatım boyunca heç vaxt görmədiyim əldə hazırlanmış bir əşyayla qarşılaşdım. Atam əyləşdi, onu qucağıma qoyub: ‘Astor, bu, tanqo musiqi alətidir. Səndən bunu öyrənməyini istəyirəm’, – dedi. İlk reaksiyam qəzəb idi. Tanqo atamın işdən gəldikdən sonra hər gecə dinlədiyi həmin o musiqi idi. Tanqodan zəhləm gedirdi.”

8 yaşının tamam olması münasibətilə atası ona bandoneon hədiyyə edir. Astor 1 il bu musiqi alətində ifa etməyi öyrənir. 1933-cü ildə o, Raxmaninovun şagirdi macar pianoçu Bela Uildadan musiqinin sirrlərini öyrənməyə başlayır. Astor sonralar Bela haqqında deyirdi: “Baxı sevməyi ondan öyrəndim”. Qısa müddət sonra Karlos Qardel ilə tanış olan Astor “El Dia Que me Quieras” (The day that you will love me) adlı filmdə epizodik qəzetsatan oğlan rolunu oynayır. Bu bədii film tanqonun tarixində monumental xarakter daşıyır.

“Ağlımda Bax, Şuman və Motsart, bir az da tanqo var.”

1946-cı ildə özünün ilk orkestrını yaradan Astor 3 il sonra bu orkestrı dağıtmaq qərarına gəlir və az qala tanqonu tərk edir. O, fərqli bir müqəddərat axtarışında idi. Bartok və Stravinskini tədqiq etməyə davam edir, dayanmadan caz dinləyir. Onun üslub axtarışı aludəyə çevrilir, tanqo ilə əlaqəsi olmayan yeni bir şeyə can atır. 28 yaşında Astor bandoneonda ifa etməyi dayandıraraq özünü musiqi araşdırmalarına həsr edir.

1953-cü ildə Piazzolla “Buenos Aires” adlı əsərini Fabien Sevitzki müsabiqəsinə təqdim edir. Əsər 1-ci yerə layiq görülür və Buenos-Ayres Hüquq Məktəbində Sevitskinin drijorluq etdiyi simfonik orkestr tərəfindən ifa olunur. Konsertin sonunda qalmaqal yaşanır. Belə ki, simfonik orkestrın tərkibində bandoneonun olmasını auditoriyanın bəzi üzvləri “təhqir” hesab etmiş və sərt reaksiya göstərmişdilər.

“Astor, sənin klassik musiqi parçaların əladır, amma əsl Piazzolla burdadır, onu heç vaxt tərk etmə.”

Müsabiqənin mükafatlarından biri Fransa hökümətinin təqdim etdiyi təqaüdlə Parisdə həmin dövrdə musiqi dünyasının ən yaxşı təlimçisi olan Nadia Boulanger ilə hazırlaşmaq idi. İlk vaxtlar Piazzolla tanqo və bandoneon ilə bağlı öz keçmişini gizlədir. O, ürəyini Nadiaya açır və öz tanqo parçasını onun üçün ifa etdikdən sonra vəziyyət dəyişir.

Bu hadisədən sonra Piazzolla tanqo və öz musiqi aləti bandoneona geri qayıdır. Bir vaxtlar mükəmməl musiqi, yaxud tanqo arasında seçim, indi mükəmməl musiqi və tanqo idi. Astor mürəkkəb musiqi quruluşunu tanqo ehtirası ilə birləşdirməli idi. Parisdə simli orkestr ilə bir sıra tanqo parçaları bəstələyir, bir ayağını stulun üstünə qoyaraq ayaq üstə bandoneonda ifa etməyə başlayır (bandoneon oturaq vəziyyətdə qucaqda ifa olunan musiqi alətidir).

1955-ci ildə Argentinaya qayıdan Piazzolla  Octeto Buenos Aires adlı qrup yaradır. Bu, müasir tanqo əsrinin başlanğıcıdır. 2 bandoneon, 2 skripka, kontrabas, violonçel, fortepiano və elektro gitaradan ibarət olan qrupla o, klassik tanqodan ayrılan yeni əsərlər yaradır. Onun yaratmış olduğu üslub ənənəvi tanqo bəstəçiləri arasında nifrət yaradır, tənqid atəşinə tuş gəlir. O, bütün bunlara məhəl qoymayaraq, öz yoluna davam edir, ancaq mətbuat və səsyazma şirkətləri bunu amansız mübarizəyə çevirir. 1958-ci ildə qrupu ləğv edən Astor Nyu-Yorka geri dönərək aranjmançı kimi fəaliyyət göstərir.

1973-cü ildə üzləşdiyi ürək infarktı bəstəkarı bədii fəaliyyətindən bir müddətlik uzaqlaşdırır. Eyni ildə İtaliyaya köçən Piazzolla 5 ilin bəhrəsi olan Libertango-u hazırlayır. Əsər Avropa İcması tərəfindən geniş şəkildə qəbul olunur. 1986-cı ildə “El exilio de Gardel” adlı filmə bəstələdiyi musiqiyə görə “Sezar” mükafatını qazanır.

Astor Piazzollanın musiqisi unikaldır, caz, klassik musiqi elementlərindən təşkil olunmuş tanqo rəqs etməyi bacarmayan insanı belə bu haqda düşündürür. Tanqo sevgidir, sevgi tanqodur. Rəqs edin…

Bir şərh yazın