My Simone and “Love”

                                                                       weil2

“Sevgi təsəlli deyil. Sevgi işıqdır.”

Məşhur fransız filosof, ictimai fəal Simone Weil müasir sivilizasiyanın bir sıra xüsusiyyətlərinin geniş təhlili və sağlam ictimai öhdəlikləri ilə tanınır. Simone Weil öz zəkası, işçi sinfinə olan empatiya hissi ilə tanınan, yəhudi olmasına baxmayaraq, İsaya güclü dini inancı olan görkəmli ziyalı idi. Varlı burjua ailəsində boya-başa çatsa da, hələ kiçik yaşlarından yoxsulların acınacaqlı vəziyyətindən agah idi. Bir sıra şeir və jurnal məqalələri qələmə alan Weil-ın ədəbi işlərinin çoxu ölümündən sonra nəşr olunaraq, ona öz dövrünün ən orijinal filosofu adını qazandırır. Onun əsərləri ironiyanı yüksək intellektual nəsr və böhran içində olan ilahiyyatla birləşdirirdi. Uşaq yaşlarından zəkalı, qəlbən üsyankar olan Simone bütün ömrü boyu bakirə qalmağı seçir.

“Xəyali pislik romantik və cürbəcürdür; həqiqi pislik tutqun, monoton və cansıxıcıdır. Xəyali yaxşılıq darıxdırıcı, həqiqi yaxşılıq isə həmişə yeni, ecazkar və məstedicidir.”

Simone fəhlələrə fəlsəfəni öyrətmək istəyirdi, ancaq nasaz səhhətinə görə müəllimliyi tərk edərək həyatını işçi sinfinin əsas ehtiyac və tələblərini öyrənməklə keçirir. O, dəmir yolu, mədən və tarla işçilərinə təmənnasız dərslər verməklə yanaşı, iqtisadi ədalətə nail olmaq üçün öz əmək haqqı və vaxtını da onlara həsr edir.

Müəllimliklə yanaşı o, işsiz və təzyiq altında olan işçilərə kömək etməyə davam edirdi. Bir müddət sonra müəllimliyi tərk edir və heç bir təlim keçmədən bir il Fransanın ən aşağı dərəcəli fabrikində işləyir. Qeyri-adi ölçüdə kiçik əlləri və olduqca yüksək intellekti onun sürətlə işləməsinə mane olurdu. Odur ki, valideynlərinə ərzaq üçün pul verir, pulu qurtardıqda isə ac qalmalı olur. Bu müddət ərzində o, fiziki və əqli zəifliklə nəticələn şiddətli baş ağrılarından əziyyət çəkirdi. Sülhsevər olsa da 1936-cı il İspaniya Vətəndaş Müharibəsində Respublikaçılarla birlikdə könüllü işləyir. Yazıçı Georges Bataille onu “Don Kixot” adlandırırdı.

“Bütün günahlar boşluqları doldurma cəhdləridir.”

1935-ci ildə xristianlığa meyl etməyə başlayır, ancaq vəftiz olunmaqdan imtina edir. Yunan poeziyasını oxuyur və qriqorian musiqisini dinləyir. 1937-ci ildə İtaliyada Müqəddəs Assizli Fransisk kilsəsində mənəvi təcrübə yaşayır. Bu mistik təcrübəni o, belə izah edirdi: “Məndən daha güclü biri həyatımda ilk dəfə məni diz çökdürdü”. Bir il sonra Simone xristianlıq dinini qəbul edir.

“İnsan mövcudluğu çox kövrəkdir. Elə təhlükələrə məruzdur ki, titrəyərək sevirəm.”

II Dünya Müharibəsi zamanı almanlar Parisi istila edəndə Weil ailəsi Fransanın cənubuna köçür. 1942-ci ildə Simone ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına qaçır, müvəqqəti olaraq Harlemdə yoxsul insanlarla birlikdə yaşayır. 1943-cü ildə ona vərəm diaqnozu qoyulur, sağlam qidalanmaq və dincəlmək tövsiyə olunur. Buna baxmayaraq, Simone siyasi fəlsəfə və ictimai fəallığına əsaslanaraq, hər hansısa bir xüsusi müalicədən imtina edir. Bir fransız olduğunu vurğulayaraq, almanların istilası altında olan Fransada sanksiya tətbiq edilmiş miqdardan artıq qidalanmaqdan imtina edir. Bu, onun xəstəliyini şiddətləndirir. İmmun sistemi və funksional orqanları tamamilə zəifləyən Simone bir neçə ay sonra İngiltərədə vəfat edir.

Bir şərh yazın