Égalité, égalité et égalité

“…Bu barədə xəyala qapılmayaq: küçə mübarizəsində üsyanın qoşun üzərində həqiqi qələbə çalması, yəni iki ordu arasındakı vuruşmada əldə edilən qələbə kimi bir qələbə çox nadir hallarda mümkün ola bilər. Lakin üsyançılar da çox nadir hallarda bu cür qələbə qazanacaqlarına ümid bağlayırdılar. Onların bütün məqsədi mənəvi təsirlə qoşunun ruhunu sarsıtmaqdan ibarət olurdu ki, bu təsir müharibə edən iki ölkə orduları arasındakı mübarizədə heç bir rol oynamır və ya hər halda xeyli az rol oynayır. Bu iş baş tutanda, qoşun atəş açmaqdan çəkinir, yaxud komandirlər başlarını itirirlər və üsyan qalib gəlir. Bu iş baş tutmayanda isə, qoşun, hətta sayca az olsa da, yaxşı silahlanmış və təlimdən keçmiş olması, vahid komandanlığı, döyüş qüvvələrini planla tətbiq etməsi və intizamı nəticəsində üstünlük qazanmış olur. Üsyanın xalis taktiki mənada əldə edə biləcəyi ən böyük nailiyyət ayrıca bir barrikadanı düzgün qurmaq və müdafiə etməkdən ibarət ola bilər. Bütöv böyük bir şəhərin müdafiəsi hələ bir yana dursun, hətta şəhərin hər hansı bir rayonunu müdafiə edə bilmək üçün ehtiyat qüvvələrinin bir-birinə kömək etməsinə, yerləşdirilməsinə və işə salınmasına, – bir sözlə, ayrı-ayrı dəstələrin əməliyyatını bir-birilə uyğunlaşdırmağa, bir-birinə tabe etməyə yalnız çox zəif dərəcədə nail olmaq mümkündür, əksər hallarda isə tamamilə mümkün deyildir; döyüşən qüvvələri həlledici bir nöqtədə cəmləşdirmək isə burada öz-özlüyündə mənasını itirir. Buna görə də başlıca mübarizə forması passiv müdafiədən ibarətdir; bəzi yerlərdə hücum edilirsə də, bu yalnız istisna təşkil edərək, təsadüfi çıxış və cinahdan həmlə etmək məqsədini güdür; bir qayda olaraq hücum, geri çəkilən qoşunun tərk etdiyi mövqeləri yalnız tutmaqdan ibarət olur. Bundan başqa, qoşunun artilleriyası və yaxşı təchiz olunmuş, yaxşı təlim görmüş mühəndis hissələri olur, üsyançıların isə bu mübarizə vasitələri, demək olar, heç bir zaman olmur. Buna görə də təəccüblü deyildir ki, hətta ən böyük qəhrəmanlıq göstərilən barrikada vuruşmalarında, – 1848-ci ilin iyununda Parisdə, 1848-ci ilin oktyabrında Vyanada və 1849-cu ilin mayında Drezdendəki vuruşmalarda, – hücum edən qoşun rəhbərləri hər cür siyasi mülahizəni bir yana atıb xalis hərbi nöqteyi-nəzərə əsasən hərəkət etməyə başlayanda və öz əsgərlərinə arxalana biləndə üsyan məğlubiyyətlə nəticələnmişdir.

1848-ci ilədək üsyançıların əldə etdikləri çoxlu müvəffəqiyyətlərin çox müxtəlif səbəbləri vardır. 1830-cu ilin iyulunda və 1848-ci ilin fevralında Parisdə, habelə İspaniyadakı küçə vuruşmalarının çoxunda üsyançılarla qoşun arasında duran milli qvardiya ya açıqca üsyançılar tərəfə keçirdi, ya da süst və cəsarətsiz hərəkət etməklə qoşun içərisində də tərəddüdə səbəb olur və bundan başqa üsyançılara silah verirdi. Bu milli qvardiya lap əvvəldən üsyan əleyhinə hərəkət etdiyi yerlərdə, məsələn, 1848-ci ilin iyununda Parisdə olduğu kimi üsyan məğlubiyyətə uğrayırdı. 1848ci ildə Berlində xalq qismən ona görə qalib gəlmişdi ki, martın 19-da gecə və səhər bir çox yeni döyüş qüvvələri xalqa qoşulmuşdu; qismən ona görə ki, qoşun yorulmuş və pis təchiz edilmişdi; nəhayət, qismən ona görə ki, qoşunun əməliyyatını tamamilə pozub heçə çıxardan əmrlər verilirdi. Bütün hallarda üsyançılar ona görə üstün gəlirdilər ki, qoşun atəş açmaqdan imtina edirdi, komandirlər qətiyyətlərini itirirdilər və ya onların əl-qolu bağlanmış olurdu.

Deməli, küçə vuruşmalarının hətta klassik dövründə, barrikada maddi təsirdən çox mənəvi təsir göstərmişdir. Barrikada qoşunun mətanətini qırmaq üçün bir vasitə idi. Barrikada bu məqsəd əldə edilənə qədər davam gətirib qalanda qələbə qazanılırdı; davam gətirə bilməyəndə isə mübarizə məğlubiyyətlə nəticələnirdi. Gələcəkdə küçə vuruşmalarının baş tuta biləcəyi ehtimalları tədqiq ediləndə nəzərdə tutulması lazım gələn başlıca cəhət bundan ibarətdir…

…Üsyançılar üçün, əksinə, bütün şərait pisləşmişdir. Bütün xalq təbəqələrinin rəğbət bəsləyəcəyi üsyan, çox çətin ki, bir də baş verə bilsin; belə güman etmək lazımdır ki, sinfi mübarizədə orta təbəqələr, istisna olmadan hamılıqla proletariat ətrafında heç vaxt elə birləşməyəcəklər ki, burjuaziya ətrafında toplaşmış mürtəce partiya demək olar, itib getsin. Beləliklə “xalq” həmişə parçalanmış halda hərəkət edəcək və, deməli, 1848-ci ildə çox böyük təsir göstərən qüvvətli amil daha olmayacaq. Üsyançıların tərəfində hərbi xidmətdən keçmiş əsgərlərin sayı çox olsa da, bunları silahlandırmaq çox çətin olacaqdır. Tüfəng mağazalarında satılan ov tüfəngləri ilə bəzək vurulmuş bahalı tüfənglərin çaxmaqlarının bu və ya digər hissəsi polisin əmrilə qabaqcadan çıxarılıb yaramaz hala salınmış olsa da, bu tüfənglər hətta yaxın məsafədə atışmaq üçün sandıqlı əsgər tüfəngi ilə heç müqayisə edilə bilməz. 1848-ci ilədək hər kəs özü barıt və qurğuşundan lazımi güllə qayıra bilirdi, indi isə hər bir tüfəng üçün xüsusi patron tələb olunur və bu patronlar bir-birlərinə ancaq o cəhətdən bənzəyir ki, hamısı iri sənayenin mürəkkəb məhsuludur, deməli, dərhal hazırlana bilməz, beləliklə, müxtəlif tüfəng üçün münasib döyüş patronu olmazsa, onların çox hissəsi istifadəsiz qalar. Nəhayət, 1848-ci ildən böüyk şəhərlərin yeni salınmış məhəllələrində uzun, düz, enli küçələr, elə bil qəsdən yeni top və tüfənglə əməliyyat keçirmək üçün uyğunlaşdırılmışdır. Berlinin şimal və şərq hissələrindəki yeni fəhlə məhəllələrini barrikada mübarizəsi üçün seçən bir inqilabçı dəli hesab edilə bilərdi.

Lakin bu o deməkdirmi ki, gələcəkdə küçə mübarizəsi daha heç bir rol oynamayacaqdır? Əsla yox. Bu yalnız o deməkdir ki, 1848-ci ildən bəri şərait mülki əhalidən olan döyüşçülər üçün daha az əlverişli, qoşun üçün daha çox əlverişli olmuşdur. Beləliklə, gələcək küçə mübarizəsi yalnız o zaman qələbə ilə nəticələnə bilər ki, əlverişli olmayan bu nisbət başqa cəhətlərlə müvazinətə gətirilsin. Buna görə küçə mübarizəsi böyük inqilabın əvvəlində, sonrakı gedişinə nisbətən daha az olacaq və küçə mübarizəsinə böyük qüvvə ilə girişmək lazım gələcəkdir. Bu qüvvələr isə, belə güman etmək lazım gəlir ki, bütün böyük Fransa inqilabı ərzində, həmçinin 1870-ci ilin sentyabrın 4-ündə və oktyabrın 31-ində Parisdə olduğu kimi açıq hücumu passiv barrikada taktikasından üstün tutacaqlar. 

İndi oxucuya aydındırmı ki, nə üçün hakim siniflər bizi aldadıb hökmən güllə tutan və qılınc işləyən yerlərə çəkmək istəyirlər? Nə üçün indi bizi, küçəyə çıxsaq məğlub olacağımızı qabaqcadan bildiyimizə və sağa-sola baxmadan dərhal küçəyə çıxmaq istəmədiyimizə görə, qorxaqlıqda təqsirləndirirlər? Nəhayət, nə üçün bizi bu qədər təkidlə dilə tuturlar ki, biz qırğına göndərilənlər rolunu oynamağa razılıq verək?..”

Mətn, Karl Marks‘ın “1848-ci ildən 1850-ci ilə qədər Fransada sinfi mübarizə” kitabının 1895-ci il nəşrinə Fridrix Engels‘in giriş məqaləsindən götürülmüşdür.