İncəsənətdən bizə ithafən

“Bizim zəmanəmizdə qələmə, fırçaya və ya klarnetə daxili meyl duyan bir kəs, əsasən, hansı xəyallara düşür? İlk öncə o, sənətkar olmaq arzusuyla yanır. Sənət əsəri yaratmaq eşqiylə yanır. Gözəllik, Xeyirxahlıq və Həqiqət vasitəsilə özünü və həmvətənlərini zənginləşdirəcəyi xəyallarına qapılır, öz istedadının xəzinəsini əzabkeş bəşəriyyətə qurban verərək xadim və peyğəmbər olmaq istəyir. Eləcə, həm də, güman ki, öz istedadını İdeya və Xalqın xidmətinə sərf etməyi arzulayır. Necə də böyük məqsədlərdir! Necə heyrətamiz niyyətlərdir! Məgər Şekspirlərin, Şopenlərin rolu bundan ibarət olmayıbmı? Ancaq bir düşünün, bütün müəmma da buradadır, siz axı hələ Şopenlər, nə də Şekspirlər deyilsiniz – sizi hələ sənətkar və sənət xadimləri kimi tam realizə olunmamısınız – siz ən yaxşı halda yalnız yarım Şekspir və dörddəbir Şopensiniz (ey, lənətə gəlmiş hissələr!) – ona görə də sizin iddianız sizin bütün miskin əhəmiyyətsizliyinizi ifşa edir – bu da ona oxşayır ki, siz bədəninizin qiymətli və həssas hissələrini təhlükə altına ataraq bir sıçrayışla abidənin pyedestalına tullanmaq istəyəsiniz.

Mənə inanın: artıq özünü sübut etmiş sənətkarla hələ yenicə söz demək istəyən yarımsənətkar və dörddəbir peyğəmbər arasında fərq var. Və o şey ki, artıq sözünü demiş sənətkara yaraşır, sizin simanızda başqa cür görünür. Ancaq siz öz gerçəkliyinizin ölçüsü ilə öz inkişafınızın konsepsiyasını yaratmaq əvəzinə, özgələrin yerişini yeriyirsiniz – bax ona görə də namizədə, əbədi fərsizə, əbədi üç alana çevrilirsiniz, siz sizi dəhlizdən o yana buraxmayan İncəsənətin nökəri və epiqonçuları, heyranı və pərəstişkarısınız. Həqiqətən də, sizin necə çalışdığınızı və necə sizdə heç bir şeyin alınmadığını, necə hər dəfə sizə hələ o qədər də alınmayıb deyildiyini, sizin isə yeni bir əsəri soxuşdurduğunuzu, bu əsərləri necə zorla qəbul elətdirmək istədiyinizi, necə müdhiş ikinci dərəcəli uğurlarla özünüzü təmizə çıxarmağınızı, bir-birinizə kompliment payladığınızı, bədii gecəciklər təşkil etdiyinizi, özünüzü və ətrafdakıları fərsizliyinizin elə hey yeni xırda məmulatları ilə doladığınızı görmək bir dəhşətdir. Siz hətta yazdığınızın və başdansovdu etdiyinizin nəsə bir əhəmiyyət kəsb etdiyini dərk etmək sevincindən belə məhrumsunuz. Çünki bütün bunlar, təkrar edirəm, yalnız təqliddir – hamısı ustadların işindən gözaltı edilib – yalnız xəyallardır ki, guya bunların nəsə dəyəri var, guya bu artıq bir dəyərdir. Sizin vəziyyətiniz yanlışdır və yanlış olduğundan zəruri olaraq acı məhsul verir – və sizin mühitinizdə artıq qarşılıqlı düşmənçilik, etinasızlıq, acıdillik çiçəklənir, hər bir kəs başqasına, üstəlik də özünə nifrət edir, siz özünənifrət qardaşlığısınız – belə ki, sizin özünüzə etinasızlığınız nəticə etibarilə sizi məhv edəcək. Zira mahiyyət etibarilə ikinci növ yazıçının vəziyyəti hamını bürüyən böyük müqavimətdən, zərbədən başqa, daha nəyin üstündə qərar tutur ki? Birinci və amansız zərbəni ona onun əsərlərindən qəti olaraq zövq almaq istəməyən sıravi oxucu vurur. İkinci və biabırçı zərbəni ona onun ifadə edə bilmədiyi öz gerçəkliyi vurur. Hamısından birabırçı olan üçüncü zərbə və təpiyi isə içində gizləndiyi, ancaq ona fərsiz və qanmaz kimi nifrət edən sənəti vurur. Bu da biabırçılığın son həddidir. Burada artıq tam sahibsizlik başlayır. Bu ona gətirib çıxarır ki, ikinci növ ümumi gülüş obyektinə çevrilir, çünki çarpaz rəddolunma atəşi altına düşür. Doğurdan da, üç dəfə biri o birindən biabırçı zərbə almış adamdan nə gözləyəsən? Məgər bu cür rədd olunmuş adam çıxıb getməli, hər hansı bir küncə qısılmalı, gözdən uzaq olmalı deyilmi? Məgər özünü hamıya nümayiş elətdirən, şan-şöhrət acgözü olan miskin adam sağlam ola bilərmi və o, təbiətdə hıçqırıq doğurmamalıdırmı?…

…Onda siz soruşa bilərsiniz ki, bizim reallıqla uzlaşdırılmış, deməli, daha suveren konsepsiyamız necə olmalıdır? Cənablar, bizim ixtiyarımızda deyil ki, bax belə, çərşənbə axşamından çərşənbəyə keçən gecə ərzində yetkin sənətkarlara çevrilək, ancaq siz, sizə belə zəhlətökən yancaq pərçimləyən İncəsənətdən uzaqlaşmaqla müəyyən mənada öz ləyaqətinizi xilas edə bilərsiniz. İlk növbədə qəti və həmişəlik olaraq “incəsənət” və eyni zamanda fürsətdən istifadə edib “sənətkar” sözündən əl çəkin. Zəhlətökən bir daimiliklə vird etdiyiniz bu sözün içində çimməyinizi boşlayın getsin. Məgər hər bir kəsin bir qədər sənətkar olmağı həqiqət deyil? Məgər doğru deyil ki, bəşəriyyət incəsənəti təkcə kağız və kətan üzərində deyil, gündəlik həyatın hər dəqiqəsində yaradır: gənc qız saçına gül taxanda, söhbət vaxtı dilimizdən zarafat qopanda, biz işıq-kölgənin ala-toran qammasında əriyib itəndə – bu, sənət əsəri yaratmaq deyil də, nədir? Bəs onda bu qəribə və cəfəng “sənətkar” və yerdə qalan bəşəriyyət bölgüsü nə üçündür? Və özünü qürurla sənətkar adlandırmaqdansa, daha doğru olmazdımı ki, siz, sadəcə olaraq, deyəsiniz: “Ola bilsin, mən başqalarına nisbətən incəsənətlə bir az çox məşğul oluram?” Bir də, necə deyərlər, “əsərlər”ə aid etdiyimiz bu sənət kultu nəyinizə lazımdır, – bu, haradan ağlınıza gəlib və xəyalınıza düşüb ki, guya insan incəsənət əsərlərinə belə heyrandır, guya biz Baxın fuqasına qulaq asanda ilahi bir zövqdən donub-qalırıq? Yəni heç bir vaxt ağlınıza belə bir fikir gəlməyib ki, mədəniyyətin – sizin öz adi frazeologiyanızın içində əsir etmək istədiyiniz – bədii sahəsi necə zibillənib, bulanıb, yetkinlikdən uzaqdır? Sizin ağına-bozuna baxmadan və daima buraxdığınız səhv ondan ibarətdir ki, siz insanın incəsənətlə ünsiyyətini ifrat fərdiyyəçilik aktı kimi başa düşərək istisnasız olaraq bədii emosiyaya bağlayırsınız, sanki bizim hər birimiz başqalarından keçilməz bir divarla ayrılmış vəziyyətdə məxsusi olaraq əlimizlə, ayağımızla incəsənətdən zövq alırıq. Ancaq gerçəklikdə biz burada emosiya çoxluğundan ibarət bir qatışıqla, üstəlik insanların bir-birinə təsir edərək kollektiv bir yaşantı yaratması ilə qarşılaşırıq.

Belə deyək, pianoçu estradada Şopendən bir şey dınqıldadanda siz təsdiq edirsiniz ki, Şopen musiqisinin ecazkarlığı dahi pianoçunun uyğun interpretasiyasında dinləyiciləri məftun etdi. Ancaq ola bilər, əslində, heç bir dinləyici məftun olmayıb. Onu da istisna etmək olmaz ki, Şopenin, eləcə də pianoçunun böyük dahi olduğu onlara məlum olmasaydı, onlar bu musiqini daha az maraqla dinləyərdilər. Həm də onlardan hər birinin coşqunluqdan əl çalaraq sıçrayıb qışqırmağının ətrafında hər bir kəsin eynilə o cür qışqırıb sıçramasına bağlı olduğunu söyləmək də mümkündür, zira hər bir kəs düşünür ki, başqaları olmazın bir ləzzət, ilahi bir heyranlıq yaşayır, bu səbəbdən onun şəxsi heyranlığı da özgələrin mayası hesabına qıcqırır; ona görə də çox rahat mümkündür ki, heç kəs öz-özlüyündə heyranlıq yaşamadığı halda, hamı heyranlıq bildirir – zira hər bir kəs qonşusuna istina edir. Və yalnız o vaxt ki, onlar hamısı eyni zamanda lazımi dərəcədə qarşılıqlı coşğunluğa çatacaq, yalnız o vaxt, mən deyirəm, zahiri emosiya ifadəsi onlarda həyəcan doğuracaq – çünki biz zahirən ifadə etdiklərimizə uyğunlaşmağa məcburuq. Ancaq o da düzdür ki, bu konsertdə iştirak etməklə biz bir növ dini mərasim həyata keçiririk (eynilə sübh, ya günorta ibadətində olduğu kimi), sənət Bütününün qarşısında pərəstişlə diz çökürük; bu halda isə bizim heyranlığımız yalnız sitayiş aktı və mərasimi həyata keçirmək işinə uyğun olacaqdır. Buna baxmayaraq kim deyər, bu Gözəllikdə həqiqi gözəllik payı nə qədər, tarixi-sosioloji proseslərin payı nə qədərdir? Bəli, bəli, yaxşı məlumdur ki, bəşəriyyətin miflərə ehtiyacı var – o, çox sayda sənətkarların arasından birini seçərək (ancaq kim bu seçimə aparan yolu tədqiq və təsvir etmək qabiliyyətindədir?), onu başqalarından üstün tutaraq əzbərləməyə, onda öz sirlərini açmağa, öz hisslərini ona tabe etməyə başlayır – ancaq əgər biz eyni inadkarlıqla başqa sənətkarı göylərə qaldırsaydıq, onda bizim Homerimiz o olardı. Yəni siz görmüsünüz ki, sənətkarın və əsərlərin böyüklüyü nə qədər müxtəlif və çox vaxt estetik olmayan elementlər (bunların siyahısını mən tərəf tutmadan saysız uzada bilərəm) çoxluğundan yaranır? Və bizim incəsənətlə bu şübhəli, ziddiyyətli və çətin birgə yaşayışımızı siz “ilhamlı şair oxuyur, heyran dinləyici qulaq asır” kimi sadəlövh bir kəlmə içinə salıb əsir etmək istəyirsiniz?

Bəsdir bu incəsənətin nazı ilə oynadınız, əl çəkin – Tanrı xatirinə! – bütün bu onu şişirtmə və göylərə qaldırma sistemindən; əfsanələrə uymayın, imkan verin faktlar sizi yaratsın. Tək bircə elə bu, sizi Gerçəkliyə açaraq sizə xeyli yüngüllük gətirməli idi, – ancaq, bununla bərabər, qorxudan da qurtulun, guya bu, miskinliyə və ruhunuzun aşılanmasına gətirəcək – zira Gerçəklik həmişə sadəlövh illüziyalarla və yalançı uydurmalarla zəngindir. Və mən indi yeni yolda sizi hansı sərvətlər gözlədiyini göstərəcəyəm…”

Vitold Qombroviç’in “Ferdidurka” romanından bir hissə

***