Diplom

“Sənət uzun, həyat qısa; hökm vermək çətin, fürsət qaçağandır. Etmək asan, düşünmək çətindir. Düşünüləni etmək isə darıxdırıcıdır. Hər başlanğıc həzzdir. Gözləmə yeri eşikdir. Uşaq heyrətlər aləmindədir, onu formalaşdıran isə təəssüratlardır. Oynayaraq öyrənir; ciddilik qarşısında təəccüblənir. Təqlid bizdə anadangəlmə var. Təqlid ediləcək şeyi tanımaq isə asan deyil. Mükəmməli tapmaq nadirən olur, təqdir olunması isə daha aztapılandır. Bizi dartan pillələr deyil, yüksəkliklərdir. Düzənlikdə olarkən gözlərimiz təpələrdə gəzməyi sevirik. Sənətin yalnız bir qismi öyrənilə bilər, sənətkar isə bütünə möhtacdır. Sənəti yarı tanıyan daima yanılar və mənasız laqqırtı vurar. Ona tamamilə yiyələnmiş şəxs isə yalnız əməlilə görsənər; az və ya axırda danışar. Onlar sirr və qüvvədən xalidir. Nəzəriyyələri şişmiş çörək kimi ləzzətli və bircə günlük doyurucudur; fəqət onu torpağa əkmək mümkün deyildir. Toxumluq buğda da üyüdülməməlidir. Söz yaxşıdır, amma ən yaxşı deyildir. Ən yaxşını isə sözlə aydınlatmaq mümkün olmaz. Ən yüksək qüdrət bizi hərəkətə gətirən ruhdadır. Hərəkətlər yalnız mənəviyyatla qavranılır və təkrar təsvir edilir. Dürüstün hərəkətində heç nə gözə çarpmır; haqsız hərəkətlərimizi isə hər zaman tanıyırıq. Təkcə nümayişlə təsir oyatmağa çalışan şəxs ya dikbaş, ya riyakar ya da şarlatandır. Bu cür kəslərə çox yerdə rast gəlmək olar. Onlar toplu halda bəyənərlər. Onların laqqırtıları, tələbənin inkişafını ləngidən bayağılıqları ən yaxşıları hürküdür. Zehinləri açan isə gerçək sənətkarın tutduğu yoldur; zira sözün olmadığı yerdə işdən danışar. Xalis tələbə bilinməyənin bilinəndən çıxdığını öyrənər və ustasına bir az da yaxınlaşar.”

Y.V.Götenin “Usta Vilhelmin şəyirdlik illəri” romanından