Oruel’in sinfi mübarizəsi

Corc Oruel‘in bioqrafik naxışlarla bəzədiyi “Paris və Londonda qara qəpiksiz” romanı, vaxtilə Çarlz Dikkens‘in romantizmlə bağladığı bu iki şəhərin ağuşuna düşmüş qəhrəmanın yaşadığı aclıq və səfaləti təsvir edir. Olduqca realistik baxışa sahib olan roman sakinlərinin həyat tərzləri detallı şəkildə incələnmiş və sol-fikirli Oruel’in aşağı təbəqə gözündən sistemə olan kəskin tənqidlərilə ortaya mükəmməl bir əsər çıxmışdır.

***

“…PLONGEUR otelin ya da restoranın quludur və işinin elə də əhəmiyyəti, faydası yoxdur. Çünki, böyük otellər və dəbdəbəli restoranların mövcud olmağı nə qədər vacibdir? Bu cür yerlərdə müştərilər təmtəraqlı qulluq görməlidirlər, amma əslində sadəcə olaraq bunun imitasiyasını görürlər. Demək olar ki, hamının otellərdən zəhləsi gedir. Bəzi restoranlarda digərləri ilə müqayisədə vəziyyət daha yaxşıdır, amma yenə də evdə hazırlanan yemək qədər keyfiyyətlisini heç bir yerdə tapa bilməzsən. Təbii ki, otellər də, restoranlar da olmalıdır, amma daha yüzlərlə insanın bu yerlərdə qul kimi işlədilməyinin mənası yoxdur. Çünki bu yerlərdə yaxşı qulluq deyə bir şey yoxdur, sadəcə olaraq bu uğurlu formada imitasiya edilir. Dəbdəbə dedikləri isə, işçilərin daha çox əziyyət çəkməsi və müştərilərin daha çox hesab ödəməsindən başqa bir şey deyil. Bunun isə otel və restoran sahiblərindən başqa heç kimə faydası olmur. Onlar da bu pulla Dovilldə özlərinə əzəmətli bir malikanə alırlar. Dəbdəbəli dediyimiz oteldə təxminən yüz insan heyvan kimi işləyir ki, iki yüz müştəri, əslində onlara lazım olmayan şeylər üçün hesab ödəsinlər. Əgər heç bir mənası olmayan xidmətlər ortadan qaldırılsa PLONGEUR-lar – on beş saat əvəzinə, gündə altı, ya da səkkiz saat işləməli olarlar.

Gəlin qəbul edək ki, PLONGEUR işinin elə də böyük faydası yoxdur. Onda da belə bir sual yaranır, niyə hələ də onların işindən istifadə olunur? İşin iqtisadi tərəfini bir kənara qoyub ömrünün sonuna qədər zirzəmidə qab yuyan insanların mövcudluğu hissinin adama necə təsir etdiyi haqda düşünmək istəyirəm. Şübhəsizdir ki, vəziyyəti yaxşı olan insanlar bunu düşünməkdən zövq alırlar. Mark Katonun da dediyi kimi, qul yatmadığı saatlarda ancaq işlə məşğul olmalıdır. Bu işin vacib olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Qul sadəcə olaraq işləməlidir, çünki işləmək vacibdir – təbii ki, qullar üçün. Bu fikir hələ də aktualdır və buna görə də yüzlərlə lazımsız iş var olmağa davam edir.

Məncə bu cür işlərin hələ də var olmasının əsas səbəbi kasıb insanların təhlükə olaraq görülməsidir. Kasıb insanlar (hakim olan əsas düşüncə belədir) o qədər səviyyəsiz və lazımsız təbəqədir ki, boş vaxtları olsa təhlükəyə çevrilərlər. Ən yaxşısı onları bütün günü işlətmək və düşünməyə vaxtlarının olmamasını təmin etməkdir. Hələ də, hər necəsə, dürüst düşünə bilən varlı bir insan, iş şərtlərinin yaxşılaşdırılması haqqında fikirlərini bildirsə, təxminən belə bir şey deyər: “Yoxsulluğun yaxşı bir şey olmadığını bilirik; amma əslində, bizdən çox uzaqdı deyə, biz bunun necə əzabverici bir şey olduğunu düşünüb vaxtımızı xoş keçiririk. Amma bizdən bu vəziyyətin düzəldilməsi üçün nəsə edəcəyimizi gözləməyin. Sizin bu vəziyyətinizə pis oluruq; amma bu qotur tutmuş pişik üçün üzülməklə eyni şeydir. Hətta sizin vəziyyətinizin düzəlməməsi üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, siz elə buna da layiqsiniz. Hal-hazırda mövcud olan şərtlər bizi tam qane edir və biz risk edib sizi bir saatlıq belə boş vaxtla təmin edə bilmərik. Buna görə də, əziz qardaşlar, siz gecə gündüz tər tökməlisiniz ki, biz pul qazanıb İtaliyaya gedə bilək. Heyvan kimi işləyin, siz buna layiqsiniz!”.

Ağıllı və təhsilli insanın düşüncələri təxminən belədir; bu düşüncə tərzini təsdiq edən yüzlərlə məqalə var. Təhsilli, savadlı insanlar arasında illik təxminən dörd yüz sterlinqdən az gəliri olanına rast gəlmək çətin məsələdir və bu da o deməkdir ki, onlar da təbii olaraq varlı insanlara daha yaxındırlar. Buna görə də kasıb insanların vəziyyətindəki kiçik inkişaf belə onların da azadlıqları üçün təhlükə mənbəyi hesab olunur. Bu vəziyyətin alternativi olaraq görünən Marksist Utopiyadı deyə təhsilli insanlar mövcud sistemin dəyişmədən davam etməsinin tərəfdarı olurlar. Bəlkə də, onlar, öz varlı dostlarını da sevmirlər, amma yenə də ən axmaq, qaba varlı belə, bu təbəqəyə, kasıblardan daha yaxındır və ən yaxşısı elə varlıların yanında olmaqdır. Savadlı insanlardakı mühafizəkar düşüncənin əsas mənbəyi kasıb insanlara qarşı qorxu hissidir.

Kasıb insanlara qarşı var olan qorxu, mövhumatçı qorxudur. Bu qorxunun əsas mənbəyi, varlı və kasıblar arasında fundamental fərqliliklərin olduğu mifdir. Bu fərqin ağ və qara insan arasındakı fərqlilik kimi bir şey olduğu düşünülür. Amma əslində belə bir fərq yoxdur. Varlı və kasıb insan arasındakı tək fərq sahib olduğu puldur və hər hansı bir milyonçu əslində təzə və dəbdəbəli kostyum geyinmiş adi qabyuyandan başqa bir şey deyil. Bir anlıq bunların yerini dəyişin, budur, indi hansı mədəni, hansı oğru oldu? Yoxsul həyat yaşamış bütün insanlar bunu çox yaxş bilirlər. Amma əsas problem də budur ki, liberal düşüncə tərzinə sahib olmalı olan təhsilli və savadlı insanlar heç vaxt kasıblarla eyni şərtlərdə yaşamırlar. Bu insanların əksəriyyəti aclq və yoxsulluq haqqında nə bilirlər? Viyonun şeir kitabının məndəki nüsxəsində kitabın redaktoru “NE PAİN VOYENT QU’ AUX FENESTERS” (“Çörəyi ancaq vitrində görürlər”) misrasına belə bir şərh yazıb: “Bu cür yoxsulluq təhsilli insandan çox uzaqdır.”

Bu cür ayrı-seçkiliyin təməlində yoxsul insana qarşı duyulan o qorxu hissi yatır. O düşünür ki, bircə gün belə azad olsalar, bu insancıq sürüsü gəlib onun evini qarət edəcək, kitablarını yandıracaq, özünü də qul kimi işlədəcək, misal üçün paltar yudurdacaq. Bu insanlar düşünür ki, hər şey, bütün ədalətsizliklər belə kasıb insanların azadlığından daha vacibdir. Amma onlar, varlı insan sürüsü ilə kasıb insan sürüsü arasında elə də bir fərq olmadığını görmürlər. Kasıb insan əslində azaddır və qarşımıza varlı insan timsalında çıxır. Bunlar “dəbdəbəli” otellər inşa edib insanları istismar edirlər.

Uzun sözün qısası, PLONGEUR quldur, lazımsız qul və gördüyü işin böyük hissəsi də lazımsız və əhəmiyyətsizdir. Bu işin hələ də mövcud olmasının tək səbəbi “kasıb insanlar boş olsa çox təhlükəli olar” qorxusudur. Bu insanların yanında olmalı olan təhsilli və savadlı adamlar da mövcud vəziyyətin tərkib hissəsi olurlar, çünki gündəlik həyatlarında heç vaxt yoxsul insanla qarşılaşmadıqlarına görə onların təhlükəli olduğuna inanırlar. PLONGEUR haqqında dediyim hər şey sadəcə olaraq bu peşə üçün keçərli deyil, bunu sadə bir misal olaraq gətirirəm. Bu tərzdə yüzlərlə peşə var. Bunlar mənim PLONGEUR həyatı haqqında, işin iqtisadi tərəfini bir kənara qoyub, düşündüklərimdir və təbiidir ki, çox bayağı görünə bilər. Bunları, oteldə işləyən bir insanın nələr düşünə biləcəyini göstərmək üçün yazıram…

***

“It’s easy to imagine the end of the world — an asteroid destroying all of life, and so on — but we cannot imagine the end of capitalism. So what are we doing here?..” by Zizek…