Papillon

…. Kəpənəklər haqqındakı şeir nümunələrindən əlavə eyni mövzuda yapon nəsrindən çox qəribə bir nümunə də var. Sərbəst tərcüməsinə girişdiyim, orijinalı Muşi-İsame (“Böcək nəsihətləri”) adlı kitabda olan bu mətn bir kəpənəyə nitq formasında yazılıb. Əslində bu mətn ictimai yüksəliş və çöküşün mənəvi tərəfi üzərinə öyrədici bir satiradır:  

İndi bahar günəşi altında küləklər o qədər xoş, çiçəklər çəhrayılara bürünmüş, çəmənlər yumyumşaq, insanların könülləri oxşanır. Hər tərəfdə kəpənəklər nəşə içində qanad çırpır; hər kəs kəpənəklər üzərinə çin və yapon dillərində misralar yazır. 

Və bu mövsüm, ey kəpənək, doğurdan da sənin ən firavan dövründür; indi elə cəlbedicisən ki, dünyada səndən savayı məftun olunan bir şey yoxdur. Buna görə də digər həşəratlar sənə heyrandır, aralarında sənə qısqanclıq bəsləməyən qalmayıb. İnsanlar da sənə heyrandır, onlar da səni qısqanırlar. 

Çinli Soşu yuxusunda sənin qılığına büründüyünü görmüş; yapon Sakoku öləndən sonra sənin cildində qeybə çəkilmiş. Oyandırdığın qısqanclıq hissi təkcə həşəratlarda və insanlarda görsənmir, ruhu olmayan əşyalar belə sənin formana qovuşmağa can atır; kəpənəyə bənzəməyə çalışan arpa otuna bax bir. 

Və elə bu səbəbdən “Yer üzündə məndən üstün heç bir məxluq yoxdur!” deyərək qürurla dik tutmusan başını. Eh! Qəlbindəkiləri təxmin edirəm; öz-özündən o qədər xoşhalsan ki… Elə buna görə hər küləyin qabağına düşüb xəfifcə süzülürsən, elə buna görə bir yerdə dayanmırsan, çünki ağlında həmişə eyni düşüncə var: “Dünyada məndən bəxtəvəri yoxdur!”

Ancaq indi dayanıb öz tarixinə nəzər yetirməyinin vaxtıdır. Xatırlamaq faydalı olacaq, çünki sənin tarixində bayağılıq da var. Necə bir bayağılıq? Bilirsən də, doğulduqdan sonra bir müddət görkəminlə iftixarlanacaq halda deyildin. Adi bir böcək, tüklü bir qurdcuq idin, görünüşün başdan-ayağa iyrənc idi və üstəlik çılpaqlığını örtə biləcək bir paltarın belə yox idi. O zamanlar səni görənlər çiyrinərdi səndən. Doğurdan da özündən utanmaqda haqlı idin. O qədər utanardın ki, çör-çöp toplayıb içinə girərdin. Sonra da içində gizlənə biləcəyin bir yuva qurub budaqdan asardın. Həmin vaxt səni görənlər “sürfə böcək” deyə qışqırardılar. Həyatının o dövrlərində çoxlu günahlara da batmısan. Gözəl albalı ağaclarının yumşaq yarpaqları altında dostlarınla birlikdə fövqəladə bir çirkinlik sərgiləyərdiniz. Həmin albalı ağaclarına baxmaq üçün ta uzaqlardan gələn insanların maraqdolu baxışlarını incidər, çirkinliyinizlə onları qüssəyə salardınız. Hələ başqa günahlar da var… Yoxsul, olduqca yoxsul insanların tarlalarında daikon (bəyaz turp cinsi) yetişdirdiklərini, qızmar günəş altında daikon ilə əlləşərkən ürəklərinin necə bir ağrı ilə dolduğunu çox yaxşı bilirdin. Bununla belə dostlarını aldadıb daikon yarpaqlarının və o yoxsul insanların əkdikləri başqa bitkilərin üzərində toplaşardınız. Acgözlüklə yarpaqları talan edər, hamısını gəmirib iyrənc hala salanda həmin yoxsul insanların çəkdiyi əziyyət vecinizə belə olmazdı. Bəli, bir vaxtlar bu cür əməllər törədən, belə bir məxluq idin sən.

Artıq gözalıcı görkəminlə ortalıqda dolaşırsan, köhnə dostlarına nifrət edirsən, onlardan biri ilə qarşılaşanda tanımamış (“heç bilmirəm ki, kimdir bu?”) kimi davranırsan. Artıq yalnızca zəngin və üst sinifdən dostlarının olmasını istəyirsən. Eh! Köhnə günlərini tez bir zamanda unutdun, deyilmi? 

Bir çoxları sənin əvvəlki görünüşünü unutmuş, indiki görkəminin, bəyaz qanadlarına məftun olmuşlar; bəziləri də haqqında çincə ya yaponca şeirlər yazmaqda davam edir. Üst sinifdən olan xanımlar sənin köhnə vəziyyətinə tab gətirə bilməzkən indi səni xoşluqla seyrə dalırlar; saçlarındakı broşkaya qonmağını istəyirlər; yelpiklərilə yolunu kəsib səninlə qarşılaşmağa ümid edirlər. Lakin bu vəziyyət sənin haqqında heç də xoş olmayan çin hekayəsini xatırladır mənə: 

İmperator Genso dövründə sarayda yüzlərlə gözəl xanım var imiş. Sayları o qədər çox imiş ki, aralarından hansının gözəl olduğuna qərar vermək belə çətin olurmuş. Belə bir çarə tapmışlar: bir-birindən gözəl bu xanımlar bir yerə toplaşır, sən də onların arasına buraxılırmışsan. Saç broşkasına qonduğun xanım imperatorluq otağına çağrılma şərəfinə yiyələnirmiş. O vaxtlar bir qanun varmış: Birdən çox xanım imperator ola bilməzmiş. Amma sənin ucbatından imperator Genso ölkədə çoxlu pis əməllər törətmişdir. Zira sənin ağlın xəfiflikdə, yüngüllükdədir; oradakı gözəl xanımlar arasında bəziləri təmizqəlbli, xoşniyyətli olsa da, sən gözəllikdən başqa bir şeyə baxmarsan. Əlbəttə ki, xarici görünüşü gözəl olanları seçirdin. Buna görə də xanımların çoxu namuslu, əxlaqlı düşünmək əvəzinə, kişilərin gözünə qəşəng görünmək üçün nə edəcəklərini bilmədilər. Sənin yüngülxasiyyətliliyinə görə imperator Genso sonunda iztirab içində, acınacaqlı halda öldü. Əslində sənin gerçək xarakterin başqa mövzulardakı davranışından da başa düşülür. Məsələn, həmişəyaşıl ağaclar vardır, yarpaqları saralıb tökülməz, həmişə yaşıl qalar. Bunlar cəsurürəkli, güclü xarakteri olan ağaclardır. Halbuki sən onları qaba və formalist görərsən, görkəmlərinə nifrət edər, səmtlərinə belə yaxın getmərsən. Sən albalı ağacına, kaidoya (Çin və Yaponiyada yetişən ərik ağacı növü), piona, sarı güllərə qonmağı sevərsən; onların nazı ilə oynamağının yeganə səbəbi nümayişkaranə olmalarıdır. Əmin ol ki, bu davranışın qəbuledilməzdir. Qonduğun bitkilərin həqiqətən gözəl çiçəkləri var amma aclığı doyuran meyvələri yoxdur, həm də o bitkilər nümayişdən, lüksdən xoşu gələnlərə üz verirlər. Sənin zərif formandan, qanadlarını çırpışından xoşlanmalarının tək səbəbi də budur; ona görə sənə yaxşı münasibət göstərirlər. 

İndi, bahar mövsümündə, varlı şəxslərin bağçalarında nəşə içində rəqs edir, çiçəklənmiş albalı ağaclarının ortasında yellənirsən və öz-özünə, “Dünyada heç kəs həyatdan mənim qədər zövq almır, heç kimin mənimkilər qədər mükəmməl dostları yoxdur. Kim nə deyir desin, pion da, qızıl rəngli güllər də mənim sevgililərimdir. Onların bir sözünü iki eləmərəm; çünki mənə həm qürur həm də zövq verirlər” deyirsən. Söylədiklərin, bax, bunlardır. Halbuki çiçəklərin bol olduğu bu mövsüm çox qısa çəkər, bütün çiçəklər qısa zamanda quruyub tökülər. Sonrasında isti yay günlərində təkcə yaşıl yarpaqlar qalacaq. Çox keçməmiş payız küləkləri əsməyə başlayacaq; bir sürü yarpaq yağış təki yerlərə səpələnəcək. Həmin vaxt eynilə bu atalar sözündəki kimi sənin taleyin də bəxtsiz olacaq: Tanomi ki no şita ni ame furu (Yağışda sığındığım ağacdan belə su sızar). Çünki kök gəmirici köhnə dostların olan tırtılları axtarmağa başlayacaq, yuvalarına sığınmaq üçün icazə istəyəcəksən. Lakin artıq qanadların olduğuna görə o dəliklərə sığmayacaq, nə cənnətdə, nə də cəhənnəmdə başını soxa biləcəyin bir yer tapmayacaqsan. Bütün yaşıl çəmənlərin sararıb solduğunu görəcəksən; üstəlik damağını islada biləcəyin bir damla şeh belə olmayacaq. Artıq ölümü gözləməkdən başqa çarən qalmayacaq. Hamısı sənin uçarılığın, yüngüllüyün ucbatından. Necə də qəlbi dağlayan bir son!

Lafkadio Hern’in kəpənəklər üzərinə yazdığı essedən bir hissə

***

Şəxsi təlatüm üzərinə qısa qeyd

Yuxusunda havada süzülən Çjuan Tszı oyandığında “röyamda kəpənək olduğumu gördüm yoxsa röyasında insan olduğunu görən kəpənəyəm?” deyə karıxmışdı. So pathetic, no?