Adieu vox!

Uzaqdakılara, Sona’ya

***

Bach – Ich ruf zu dir, Herr Jesu Christ BWV 177 (1708-1717)

“Orgelbüchlein” Veymarda orqanist kimi fəaliyyət göstərən Bax’ın kilsə xoru üçün düşündüyü 164 kompozisiyanı birləşdirməli idi. Ancaq nəhayətdə kitabça 46 lüterian himnlə bitirilir. “Sənə səslənirəm, Tanrı İsa Məsih”. Xaça gərilmiş bədənin əzabları orqanistin ifasından mədət umur. Maddiləşən ruh halının (bəstə) dinləyicini yenidən əsarətə alması (ikonalarla tilsimini itirmiş dünyanın yenidən ovsunlanması) ibadəti rituala çevirir. Mükəmmələ edilən tərif ləkələməyə bərabərdir. Hər bir ucaltma manerası dünyəvi məstlik axtarışıdır. Baxın həyatı dinə ithafdır. Ən yaxşı əsərlərin müəllifi kimi tarixə düşmüş bəstəkarın kilsə kataloqu genişdir. O, ya həqiqi bir səltənət aşiqidir (orqanistin onanizmi/divin) ya da arzusuna (!) boyun əymiş dekadent (onanistin orqanizmi/diabolique).

***

Claude Debussy – Prelude to the afternoon of a faun (1894)

Fransız impressionistləri sırasında adına rast gəlinən Debüssi’nin 10 dəqiqəlik simfonik poeması fleytanı yenidən kəşf edir. Girilməkdən savayı müşahidə belə edilməmiş meşənin musiqisi favnın yuxusunu qaçırır. Təbiətin oyanışı ibtidaidir. Günəşin şüalarından qidalanan oyanışın sehri Edvard Qriq’də (“Morgenstemning i ørkenen”, 1875) coşub-daşırdı: cismin saf formada gələcək inamı, ümid. Debüssi’də isə yorğunluq ab-havası sezilir: itirmə qorxusunun gətirdiyi beziklik, spleen. Hekayə canlandırmanı tətikləyir. O hekayə ki, Malarme’nin mürəkkəbindən kağıza köçürülür. İlk təqdimatdan sonra Malarme dostu Valeri’yə yazdığı məktuba – “..ən yaxşı musiqi olsa belə, şeirlə musiqini birləşdirmək cinayəti..” – əks çalarda Debüssi’yə müraciət edir: “..Sizin “Favnın günortası” illüstrasiyanız nəinki mənim mətnimlə səsləşmir, hətta onu da aşır..”. Günorta. Nimfaların təqibi tərləyən bədəni arzuya boğur. Oyanış. Erection. Və Nijinski’nin eyniadlı baletin (1912) sonunda, uğursuz yanaşmalardan geriyə qalmış yeganə nişan olan nimfa örtüyünə göstərdiyi fetişist sevgi Malarme’nin misrası ilə söz/səs+ləşir: “İkinizə də əlvida! Çevrildiyiniz kölgəyə baxmağa gedirəm.”

***

Soltan Hajibeyov – Karvan (1945)

Tamamlanmamış operanın (“Kəminə və Qazı”) Orta Asiya mənzərələrini əks etdirəcək orkestr lövhəsi 1952-ci ildə bəstəkar tərəfindən yenidən işlənilir. Sifarişçi Türkmənistan Opera və Balet teatrıdır. Hacıbəyov notlarla peyzaj çəkir. Modernist bəstəkarın şərq təsviri orientalistdir. Gözlərin fəth edə bilmədiyi üfüqlərə uzanan musiqi daxili təlaşı üzə çıxarır. Tozlu küləklərlə bürkülü havanın su damcılarına həsrət qoyduğu səhrada yol bitmir. Və Günəşin altında Bekket’ə xilaf yeni bir karvan peyda olur. Təkrarlanan karvanlar heç də farş deyil, öz hekayəsi ilə əvvəlkilərdən daha tragikdir.

***

Penderecki – Threnody for the victims of Hiroshima (1960)

52 simli musiqi aləti üçün bəstələnmiş kompozisiyanın asossasiyası Xirosima qurbanlarıdır. Təlaşın atonallığı Şönberq’in “Varşavadan sağ qalmış”ını (1947) xatırladır. Fəlakətin səsi sözlərə (lied) ehtiyac duymur. Daimi gərginlik, qorxu və qeyri-müəyyənlik. Xibakuşa. 1945-ci ildəki iki atom bombasından əziyyət çəkmişlər üçün işlədilən yapon dilində söz. Mənası? Sözün qadağası ilə (Primo Levi) Auşvitzdən sonra yazılmamış bütün şeirlərdən tutmuş İmamura’nın kamerasından insanların üzərinə yağan “Qara yağış”a (1989) qədər hər şey. Bəs musiqi? Dünyasız bir baş? Başsız bir dünya? Yoxsa başdakı bir dünya? (E. Kanetti). Ya da daha anti-poetik. Arzudan xilas etdiyimiz bütün sənət əsərləri kimi hövsələsiz öyümə. Boşalma. Qusma.

***

Brian Eno – Fullness of wind (1975)

Alman bəstəkar İohann Paxelbel’in ən tanınmış əsəri olan “Canon D” britaniyalı musiqiçi Brayn Eno tərəfindən dördüncü albomu (“Discreet Music”) üçün yenidən işlənilir. Əlyazması XX əsrdə tapılan bəstənin barokluğu heç bir əsr keçməmiş elektro müdaxilə ilə dəyişir. Dövrünün coşqun Avropasını dini çalarla harmoniyalaşdıran orijinal forma eyforik atmosferə malikdir. Ehtişam yerini soyuq empirizmə buraxır. Eno’nun məşhur eksponata “ehtiyatkar” (discreetly) yanaşması refleksiyanın uzanması ilə nəticələnir. Müşahidə prosesi anlamağa fokuslanılıb. Paxelbel’də dinlənilən notlar Eno da dinşənilir. Diqqət meyarı motivdən çox materialdır. (as if) Təkrarın inadkarlığında bəstə, özünüdərkə məcbur edilir. Eno klassik musiqini işarələr dilində (yazı, not) deyil, elə musiqidə izah edir.

***

Arvo Part – Fratres (1977)

Tintinnabuli tərzinin yaradıcısı olan estoniyalı Arvo Part “Fratres” kompizisiyası ilə növün ən yaxşı nümunəsini sərgiləyir. Nəzərdə tutulan xəyali motiv – Qardaşlar – hər qırılmada – zərblərlə – yeni bir mərhələdən başlayır. Kilsə üçün xoral bəstələr müəllifi kimi də tanınan Part’ın bu işində sakral qəzəb dünyəviləşir. Sorğulama minvallı tonlar şübhələr yaradır. Bilinməyən ətrafında dolanan nəticəsiz düşüncələr profane‘a aparır. Gərgin axtarışlar hasil yaratmadıqda qan tökülməsi (“There will be blood” ya da Qabil’in əxlaqı) qaçılmazdır. Daxilimizdəki sonsuzluqla mübarizəni işlədiyini düşünən bəstəkar o məşum qarşılaşmanı unudur. ‘Autre’? Dünyaya atılmışlıq (Geworfenheit, M.H.) və boşluğa ünvanlanan çağırışlar. Vicious circle. Yorulmuş sonluq isə əl-ətək çəkməyə işarədir. Epoché! Bizlərsə susmağın qızıl olduğu dövrü heç vaxt görməyəcəyik.

***

Tim Hecker – Chimeras (2006)

De te fabula narratur! Sənin hekayəni danışırlar! Marks “Kapital”ında digər ölkələrdə istimar olunanlara çiyin çəkən yerli işçiləri oyatmağa çalışırdı. Narrativ əksikliyinin artıq hiss belə olunmadığı – kinayəli formada tələffüzlə – müasir dövrdə kütləvi sosial natamamlıq – ki, qaydaları təyin edə biliriksə, istənilən karma termin üzərində sonuna qədər haqq iddia etmə imtiyazımız da var – cəmiyyəti şəffaflaşdırır. Latergiya yuxusundakı Gözəli oyadacaq öpüşün sahibi Qodot xarakteri deyil, əsla. O bir saudade qurbanıdır. Təxəyyül dalana dirənib. “Chimeras” vəziyyət’ə (A. Badyu) ağıdır. Qopmalarla inkişaf edən tarix isə intişara məhkumdur. Vergül üçün ölünən dünya (E. Sioran) intizarı yeni bir Hekayə vəd edir. Həqiqət iki göz qırpımı arasındakı ‘durée‘dir.

***

Nils Frahm – Says (2013)

Arzu (desire) bir məğlubiyyətlər zənciridir. X var, ələ keçirilsə də, doyumcul deyil. X-1, X-2, X-n deyə proses uzadılır. Əvəzetmələr motiv, yaranan silsilə süjetdir. Həyat montajlanmış arzular yığınıdır. Digər X-lara olan kor inamdır. Aşağı-yuxarı tonlamalarla bir hekayədir. Bəs bir X-a səcdə etmək? Səcdə, tutulmaq (numb), ilişib qalmaqdır. Eyni X-a oyanıb, onunla da gecələməkdir. Yeyin addımlarla ətrafında fırlanmaq, dəyər bahasına halqa yaratmaqdır (drive). Bu cür təkrar jouissance (həzz) yaradır.

Nilsin kompozisiyasında axtalanmış desire bədbinliyə yol salır. Həsrət, mübarizədə tələf olan eyni notlardır. Gözlənilən jouissance hədəqədən çıxmış drive‘dan intişar edir.

***

David August – Happiness (2015)

Klassizmlə elektro arasında var-gəl edən, daima tətikdə olan piano dillərinin qarışıqlığa background olması ilə növbəti yuxu vaxtını gündəlik həyatına background edən insanın oyaq saatlarında xoşbəxtliyi axtarması arasında fərq. Filmləri ilə insanların dəri altına qorxunu işləmiş Hiçkok’un xoşbəxtliyə dair şübhəli çıxarışı və ya səsin (qorxu) arxeologiyası. Şəklənmiş qulaqların qapı arxasındakı addım səslərini eşitmə potensialı (məsələn, bir Hiçkok filmi səhnəsi) ya da dinlənilən musiqinin xəyal dünyasının dəyişmə arealını yaxalama cəhdi (məsələn, bir Avqust treki)

“Sizin xoşbəxtlik tərifiniz nədir?

Açıq bir üfüq, qarşınızda narahat olacaq bir şey yoxdur. Yalnız yaradıcı şeylər var, yıxıcı olanlar deyil. Mənə yaxın şəxslərin qəzəblənib dediyi kəskin sözlər günlərlə məni incidir. Mən bilirəm ki, biz sadəcə insanıq və neqativ emosiyalar dediyimiz bu cür fərqli emosiyalara qapılırıq. Ancaq bunların hamısı kənarlaşdırılanda sən irəli baxa, qarşındakı təmiz yolu görə bilərsən. Və indi sən nə isə yarada bilərsən. Bu, mənim olmağını istədiyim xoşbəxtlikdir.”

Experiment OK

Azərbaycanın ilk professional rok qrupu kimi “Experiment OK” (1968).

Qrupun üzvləri: vokalçı Azər Mehdiyev, zərb aləti və vokal Azər Kərimov, bass gitara Qarik İşxanov, solo gitara Marik Vaynbrand.

SSRİ-də rok musiqisinin inkişafı 60-cı illərin ortasından başlasa da, ölkəmizdə bunun təsirləri 70-ci illərin əvvəllərinə təsadüf edir. Professionallıq axtarışında olanlar üçün “Experiment OK” əsl tapıntı olmuşdu. Qrupun yaradıcısı bəstəkar Oktay Kazımov idi, hansıki Azərbaycanda ilk rok opera müəllifi kimi də tarixə keçib. Elə musiqi birliyinin adı da təsadüf deyil: Experiment OK, yəni Oktay Kazımovun eksperimenti.

“Experiment OK” öz eksperimentləri ilə bir az da folk roka yaxın, daha çox sintez xəttini izləyib.

Müasir dövrdə daha çox “Yuxu”, “Karvan”, “ColDünya”, “Ozan” kimi qrupları xatırlasaq da, rokun ölkəmizdəki ilk təmsilçilərini unutmaq olmaz…

***

Qrupla bağlı hazırlanmış qısa süjet…

***

Qrupun bəzi ifaları…