Eşitdiklərim, oxuduqlarım, gördüklərim

1903-cü ilin iyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi “Məhv olsun mütləqiyyət!”, “Yaşasın sosializm!”, “Yaşasın hürriyyət”, “8 saatlıq iş günü!”, “Məvaciblər artırılsın!”, “Həbsə salınmış nümayişçilər azad edilsin!” şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi.

*

Bakı bələdiyyə idarəsi Rusiyada ən dövlətli bələdiyyə idarəsi idi. Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4000 manat maaş aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Halbuki Rusiya imperiyasının nazirləri ildə 15000 manat maaş alırdılar. Bakı milyonçularının bu avam “səxavəti” dəfələrlə qəzet felyetonlarında lağa qoyulmuşdu.

*

III Aleksandr Bakıda möhtəşəm kilsə tikmək üçün pul buraxır və şərt qoyur ki, əzəmətli və yaraşıqlı olmalıdır. Memarlar məsləhətləşib qərara gəlirlər ki, Novı Afon kilsəsinə oxşar, lakin ondan daha üstün bir məbəd tiksinlər. Akademik Marfeld baş memar təyin edilir. Novı Afondan çertyojların surətini gətizdirirlər. Layihə tamam olanda görürlər ki, buraxılan məbləğ azdır. Başlayırlar ianə toplamağa. Bakıda toplanan 200000 manat ianənin 150000 manatını əhalinin əksəriyyətini təşkil edən müsəlmanlar ödəyir.

*

Seyid Mirbabayevdən sonra qarabağlı xanəndə Seyidi səsini yazmaq üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adamın səsi bizdə var. Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə Şuşinski adını əlavə etsinlər.

*

1906-cı ildə, avqust ayının 15-də, səhər saat 10-da II şəhər məktəbinin salonunda qurultay işə başlayır. Təsis komissiyasının sədri N. Nərimanov qısa giriş sözü ilə qurultayı açır. H. Bəy Zərdabi sədr, N. Nərimanov onun müavini, Fərhad Ağayev isə katib seçilir.

Qurultay Azərbaycanda xalq maarifinin bir sıra mühüm məsələlərini: ibtidai və orta rus-tatar məktəblərində ana dilinin icbari bir fənn kimi təlimi, yeni dərs proqramının tərtibi, vahid dərs metodunun hazırlanması, kənd müəllimlərinin həyat şəratinin yaxşılaşdırılması, Qori müəllimlər seminariyasının (Azərbaycan şöbəsinin) Azərbaycanın şəhərlərindən birinə köçürülməsi və qadın təhsilinin inkişafı məsələsini müzakirə edir.

Qocaman müəllim Səmədbəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi: “Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (azərbaycanca) danışasız. Kim bu əmri pozsa müəllimlikdən qovulacaq”. Müəllimlər dəhşətə gəlib nə edəcəklərini bilmirdilər. Onlar deyirdilər ki, “rus dilində ifadə etdiyimiz sözləri balaca uşaqlara nə sayaq başa salaq. “Sabaka” sözünü it kimi hürüb “hamham”, pişik sözünü “miyo…miyo” edib əyan edək?! Tutaq ki, heyvanları, nəbatatın bəzilərini şəkillərlə izah etdik…Bəs başqa minlərlə cisimləri başa salmaq üçün hansı üsuldan, hansı vəsaitdən istifadə edək, nə tədbir görək?!”
Qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin.

Teleqramı tərtib etmək qurultayın sədrinə tapşırıldı. H. B. Zərdabi tapşırığı yerinə yetirdi, teleqram mətnini nümayəndələrin nəzərinə çatdırmaq üçün oxudu, sonuncu cümlə belə qurtarırdı: “Qurultay ədalətli sərəncam vermənizi xahiş edir”. N. Nərimanov bu cümləyə etiraz etdi: “Qurultay tələb edir! Xahiş yox”.

Zərdabi həlim bir tərzdə izah elədi ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitskilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir…

Münaqişə başlandı. Hər kəs dediyinin üstündə dururdu. Nümayəndələr iki dəstəyə bölündü; təklifləri səsə qoydular. Nərimanovun “qurultay tələb edir” təklifi keçdi. Bu qələbədən qanadlanmış cavan bir müəllim bərkdən qışqırdı: “Əqil yaşda deyil, başdadır”.

Qurultayda olan bu əhvalatı Hacı Zeynalabdin Tağıyevə xəbər verirlər. Əhvalat avqustun 21-də baş vermişdi.
Səhəri – avqustun 22-də Zeynalabdin Tağıyev qurultaya gəldi və Qafqaz canişininə göndəriləcək teleqram üstündə N. Nərimanovla toqquşması, ixtilafı oldu. Vəziyyət çox gərgin, adamlar əsəbi idi. Tağıyev müəllimlərə müraciətlə dedi: “Sizin dünənki qərarınız göstərir ki, qurultaya N. Nərimanov kimi uzağı görməyən adamlar rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir? Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla oxuyur. İndi gəlib burada inqilabi danışıq aparır, sizi də ağıldan-başdan çıxarmaq istəyir…Xahiş edirəm dünənki qərarınızı dəyişin, çünki hökumət yanında bütün millətimizə ayıb gətirən işdir”.

Məclisdə dərin bir sükut var idi.

“Yoldaşlar!-deyə Nərimanov kürsüyə qalxıb asta bir tərzdə sözə başladı. – Mən də cənab Tağıyevlərdən təqaüd alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul müəllimlərə kömək etmək istəyir ki, onların müstəqil fikirləri olmasın, hərgah indiyə qədər cənab Tağıyev tələbələrə ona görə kömək etmiş ki, onlar yalnız Tağıyevin dediyini desinlər; belə olduqda mən özümün keçmişimi və hal-hazırımı heç zaman ləkələyə, fəryad etmək lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılının gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmamaları üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.

*

Qalx! Ey lənətlə damğalanmış,
ac və çılpaq, məzlum dünya!
Zülmə qarşı vicdanlar yanmış,
alovlanmış qanlı dava.
Yıxalım bu köhnə cahanı
quralım bir yeni aləm.
Ərzin səfil, məhkum insanı
ərzə hakim olur o dəm.

Bu qovqa son və ən qəti
Şanlı bir hərb olur,
İnternasionalla
İnsanlıq can bulur.

*

Manaf Süleymanov’un müəllifi olduğu kitabdan çıxarışlar…