Q. Q. Markez’dən hekayə

NƏHƏNG QANADLI QOCA    

Üç gün olardı ki, yağış ara vermədən yağırdı və evə o qədər xərçəng sürünərək dolmuşdu ki, onlar ikilikdə belə ancaq çatdırıb öldürürdülər. Sonra Pelayo onları su basmış həyətdən keçərək aparıb dənizə tökürdü. Ötən gecə yeni doğulmuş körpə qızdırma içində yanırdı; görünür bu nəmliyin və üfunətin təsirindən idi. İkinci gündən başlayaraq sanki dünya da dəyişmişdi, hər zaman martda günəşin şüalarını özündə əks etdirib işıq saçan sahildəki qum, indi molyuskların çürükləri ilə qarışmış çirkli bir kütləyə çevrilmişdi. Hətta günorta belə işıq o qədər zəif və solğun idi ki, Pelayo bir az aralıda həyətdə nəyin çabaladığını və iniltili səs çıxardığını heç cür görə bilmədi. Ancaq lap yaxınına çatandan sonra aydın etdi. Bu ağzı üstə palçığa düşən çox qoca bir insan idi. O, çabalayaraq ayağa qalxmağa çalışırdı, lakin qanadlarının böyüklüyündən bunu edə bilmirdi.

Görüntüdən qorxaraq Pelayo həmin anda içəridə körpə uşağa yaş sarğı qoyan arvadı Elisendanın ardınca qaçdı. Hər ikisi heykəl kimi donub çaşqın halda palçığın içində yıxılıb qalan varlığa baxırdılar. O, tör-töküntülü dilənçi libasındaydı. Bir neçə rəngsiz solğun tükləri keçəl başına yapışmışdı, ağzında isə demək olar ki, dişləri qalmamışdı və ümumi onun görüntüsündə heç bir əzəmət yox idi. Yarıya qədər yolunmuş böyük qırğı qanadları həyətdəki qatı çirkab palçığın içində ilişib qalmışdı. Pelayo və Elisenda gözlərini zilləyib o qədər baxdılar ki, sonunda onun qəribə görünüşünə öyrəşdilər. Onlara elə gəldi ki, onu tanıyırlar, cəsarətlənib onunla danışmağa başladılar. O da onlara anlaşılmaz dildə xırıltılı dəniz səyyahı səsi ilə cavab verdi. Çox düşünmədən hətta onun qəribə qanadlarını unudaraq burulğan nəticəsində qəzaya düşən hər hansısa əcnəbi gəmidə dənizçi olduğunu zənn etdilər. Amma hər ehtimal üçün onlar həm o, həm də bu dünyadan xəbəri olan qonşularını çağırdılar. Onun bir dəfə baxmağı bəs elədi ki, onların fikrini tamamən təkzib etsin.

O dedi: “Bu, mələkdir. Onu yəqin uşağın ardınca göndəriblər amma yazıq çox qoca olduğu üçün güclü leysana dözə bilməyib yerə yıxılıb.”

Tezliklə hamı Pelayonun əsl mələk tutduğunu bildi. Heç kəsin onu öldürməyə əli gəlmədi. Hətta hər şeydən xəbəri olan qonşu bildirmişdi ki, indiki mələklər Allaha qarşı üsyan qaldıran mələklərdir, hansılar ki, cəzadan qaça bilib yerdə sığınıblar. Günün qalan yarısını Pelayo hər ehtimala qarşı ipi əlində tutaraq mətbəxin pəncərəsindən ona nəzarət edirdi. Axşam isə mələyi palçıqdan çıxardıb toyuqlarla bərabər hinə salıb bağladı. Gecə yarı idi, artıq yağış yağmırdı, lakin Pelayo və Elisenda hələ də xərçənglərlə əlləşirdilər. Bir az keçmişdi ki, uşaq yuxudan oyandı və yemək istədi, qızdırma tamam getmişdi. Bu an onlarda mərhəmət hissi oyandı və öz aralarında qərara gəldilər ki, mələk üçün balaca bir qayıq düzəldib, üç günlük ərzaq və su ilə təmin edib azadlığa buraxsınlar. Ancaq sübh tezdən onlar həyətə çıxanda bütün kənd camaatının orda olduğunu gördülər. Onlar hinin qarşısında toplaşaraq hissiyatsızca gözlərini mələyə zilləyib, məftil tordan çörək dilimləri dürtürdülər, sanki bu səma varlığı deyil, heyvanxanadakı bir heyvandır.

Qeyri-adi xəbərdən təşvişə düşən keşiş Qonsaqa axşam saat yeddidə Pelayonun evinə gəldi. Bu vaxtı artıq hinin ətrafında daha mötəbər adamlar toplaşmışdı. İndi hamı əsirə qarşı nə kimi tədbirlər görüləcəyini müzakirə edirdi. Avam insanlar düşünürdülər ki, onu dünyanı idarə edən hakim təyin edəcəklər, nisbətən dərrakəlilər təxmin edirdilər ki, onun qismətinə bütün müharibələrdə qalib gələ biləcək general olmaq düşüb. Bəzi xəyalpərəstlər məsləhət görürdülər ki, kainatda əmin-amanlıq yarada biləcək yeni növ qanadlı və müdrik insanları çoxaltmaq üçün saxalsınlar. Müqəddəs ata  Qonsaqa keşiş olmazdan əvvəl odunçu olub. O, dini kitablardan oxuduqlarını tələsik yadına salaraq məftil tora yaxınlaşdı. Hinin qapısını açdırdı ki, ona baxsın. Ətrafında toyuqlar olan cılız qoca özü də böyük bir köməksiz quşa bənzəyirdi. O, küncdə çaşqınlık içində oturmuşdu. Qanadlarını günəş şüaları altında, zibilliklərin və səhər vaxtı ona atılan yemək qalıqlarının içində açmışdı. Müqəddəs ata Qonsaqa hinə girib onu salamlayanda o, baş verənlərə biganə yanaşırmış kimi, tor tutmuş gözlərini çətinliklə açaraq öz ləhcəsində nə isə donquldandı. Kənd keşişi görəndə ki, bu məxluq Allahın dilini bilmir və onun quluna itaət etmir, şübhələndi. Diqqətlə baxdıqdan sonra o aşkar etdi ki, mələk sayılan bu qoca hədsiz dərəcədə insana oxşayır. Ondan kəskin sərsərlik qoxusu gəlirdi, qanadlarında həşəratlar qaynaşırdı, lələkləri küləkdən tökülmüşdü və ümumiyyətlə onun dilənçi görünüşünün mələyə bənzərliyi yox idi. Keşiş Qonsaqa hini tərk edib kənd camaatına bəyan etdi ki, sadəlövhlük etsələr onları ciddi təhlükə gözləyə bilər. Xatırlatdı ki, təmizqəlbli insanları ləkələmək üçün İblisin başqa-başqa cildlərə girmək kimi pis adətləri var. Nəhayət sonunda haqlı olaraq bildirdi ki, əgər təyyarə ilə qartalı əsas fərqləndirən cəhət qanad deyilsə, onda qanadların olması onun mələk olmasına işarə deyil. Buna baxmayaraq o söz verdi ki, yepiskopa məktub yazacaq ki, o primata, o da, öz növbəsində roma papasına  yazsın ki, son qərarı ən yüksək qurum versin.

Onun təhlükə xəbərdarlığı özünü doğrultmadı. Əsir mələk haqqında xəbər elə sürətlə yayıldı ki, həyət tez bir zamanda insanlarla dolub daşdı və bazar meydanına bənzədi. Yaranmış qarışıqlığı aradan qaldırmaq və kütləni dağıtmaq üçün onlar əsgər qüvvəsi çağırmalı oldular. Elisendanın dəqiqədə zir-zibil yığmaqdan beli ağrıyırdı və elə bu zaman onun ağlına  yaxşı bir fikir gəldi: həyəti hasara almaq və mələyə baxmaq istəyən hər kəsdən beş sentavo pul götürmək.

Hətta Martinika adalarından insanlar axışıb bura gəlirdi. Günlərin birində səyyah sirk hava gimnastları ilə birlikdə gəldi. Onlar şou göstərərək camaatın başı üzərindən bir neçə dəfə pırıldayaraq o üz bu üzə uçsalar da onlara heç kəs əhəmiyyət vermədi, çünki onların qanadı mələk deyil, səhnə üçün olan ulduz qanadı idi. Karib dənizi sahilinin hər yerindən ümidsiz xəstələr şəfa tapmaq üçün gəlirdilər; uşaqlıqdan ürəyinin döyüntülərini sayan, artıq hesabı belə itirən bədbəxt qadın, ulduzların səsindən yata bilməyən Yamaykadan olan cəfakeş və ya yuxuda gəzərək səhər düzəltdiklərini gecə oyanıb dağıdan və başqa nisbətən az təhlükəli xəstələr. Bu hədsiz insan axınından artıq yer titrəyirdi. Pelayo və Elisenda bundan yorulsalar da, xoşbəxt idilər, çünki bir həftədən də az bir vaxta onlar evin hər künc-bucağını pulla doldurmuşdular. Növbədə durub mələyi görmək istəyən insanların sayının isə ucu – bucağı  görünmürdü.

Mələk baş verənlərdən çox narazı idi. Zəvvarların gətirdikləri şamlar və çıraqların işığı hini cəhənnəm oduna çevirmişdi. Çarəsizlik içində o, özünə sığınmaq üçün yer axtarırdı. Əvvəlcə ona bilici qonşularının məsləhəti ilə kamfora kristalları yedirtməyə çalışdılar. Onların fikrincə bu mələklərin əsas qidası idi. Ancaq o, zəvvarların gətirdiyi yeməklərdən olduğu kimi bundan da imtina etdi. Heç kəs bilmirdi bunu o mələk olduğu üçün yoxsa qocalığından edir. O ancaq badımcan kürüsü yeyirdi. Görünür onun yeganə fövqəltəbii qüvvəsi dözüm idi. Xüsusən də onun hindəki ilk günlərində, toyuqlar onun qanadlarında törəyib çoxalan parazitləri dənləyəndə, şikəstlər onun lələklərini yaralarının üzərinə qoymaq üçün dartışdırıb qopardanda, daha dinsiz və insafsızlar isə onu yaxşı görmək üçün daş atanda. Bir dəfə isə onun dirsəyini damğa ilə yandıraraq  tamamən özündən çıxartdılar. O, uzun müddət hərəkətsiz qaldığından insanlar onun ölüb–ölmədiyini yoxlamaq istədilər. O çırpınaraq sıçradı, yaş dolu gözləriylə qışqıraraq öz anlaşılmaz dilində nəsə dedi. Qanadlarını bir neçə dəfə çırpıb quş peyinindən və ay tozundan duman qaldırdı. Qəfildən əsən külək o biri dünyanın soyuq ruhlu nəfəsinə bənzədi. Çoxları bunu qəzəb yox, ağrıya olan reaksiya olduğunu düşündü. Bu hadisədən sonra, çalışdılar ki, onu çox həyacanlandırmasınlar. Hamı anladı ki, onun sakitçiliyi heç də zəifləmiş qocanın deyil, qasırğadan sonrakı sakitçiliyə bənzəyir. Əsiri təbiətin ali təfsiri hesab edən camaatı, keşiş Qonsaqa tövbə etməyə çağırırdı. Amma onun cəhdləri uğursuzluqla nəticələnirdi. Görünür Romada tələskənliyin nə olduğunu bilmirdilər. Bütün qiymətli vaxt gəlmənin göbəyinin olub–olmaması, arami dilində danışıb-danışmaması, onun kimi neçə belə varlığın sancağın ucunda yerləşməsi, bəlkə də onun qanadları olan norveçli olması kimi sualların müzakirəsinə gedirdi. Ardı-arası kəsilməyən məktublar bəlkə də sonuna qədər davam edərdi əgər günlərin birində baş verən hadisə keşişin iztirablarına son qoymasaydı.

Hadisə belə baş verdi. Günlərin bir günü Karib dənizinin sahillərində dolaşan yarmarka attraksionu gəldi. Qəmli mənzərə: valideynlərinin sözünə itaət etmədiyi üçün hörümçəyə çevrilmiş qadın. Hörümçək qadına baxmaq mələyə baxmaqdan daha ucuz idi. Onun görünüşü ilə bağlı istənilən suallar verməklə yanaşı ona toxunmaq, bu möcüzənin həqiqətən də Tanrı cəzası olduğuna əmin olmağa icazə verilirdi. Bu qəmli qız başı olan qoyun böyüklükdə irgənc tarantula idi. İnsanlar bu cəhənnəm övladının dəhşətli görünüşündən daha çox bədbəxt hörümçək qadının kədərli həyat hekayətinin təfərrüatlarının həqiqətə uyğun olmasına mat qalmışdılar. Gənc olarkən o, valideynlərinin etirazına baxmayaraq rəqs etmək üçün evdən qaçmış və bütün gecəni rəqs etmişdi. Meşə cığırı ilə evə qayıdanda dəhşətli ildırım göyü iki hissəyə böldü və yarıqdan parlaq bir şimşək çaxaraq qızı hörümçəyə çevirdi. Onun yeganə qidası səxavətli insanların ona atdığı çəkilmiş ət kürəcikləri idi. Yer üzünün həqiqətini və Allahın cəzasını təcəssüm edən bu möcüzənin qarşısında fani dünya sakinlərini bir baxışına layiq bilməyən təkəbbürlü mələyə insanların marağının azalması təbii idi. Bundan başqa insanlar arasında gəzən şaiyələr onun bir qədər əqli əlilliyinə işarə edirdi. Uzaq diyardan  şəfa diləyi ilə gələn kor qocanın gözləri açılmadı amma əvəzində 3 yeni dişi çıxdı, iflic olmuş xəstə ayağa bir daha qalxmadı, lakin az qala həyatının ən böyük lotoreyasını qazandı, cüzam xəstəsinin isə xoralarından günəbaxan cücərdi. Bütün bunlar müqəddəs işlərdən daha çox istehzaya bənzəyirdi və mələyin nüfuzunu əsaslı şəkildə gözdən saldı. Hörümçək qadının isə meydana çıxması onun nüfuzunun üstündən tamamilə xətt çəkdi. Bax elə həmin gündən keşiş Qonsaqa əzabverici yuxusuzluqdan azad oldu və Pelayonun həyəti üç gün dayanmadan yağan yağışda xərçənglərin evə sürünərək dolduğu günlərdə olduğu kimi boşaldı.

Ev sahibləri talelərindən gileylənmirdilər. Toplanılan pula onlar bağçası və eyvanı olan hündür, geniş ev tikdilər ki, qışda xərçənglər evə dırmaşmasın, mələklərin evə girməməsi üçün isə pəncərələrə dəmir tor qoydular. Şəhərin yaxınlığında Pelayo dovşan tingi açdı və məhkəmə icraçısı vəzifəsindən birdəfəlik imtina etdi. Elisenda isə özünə dəri ayaqqabılar və günəş işığında əlvan rənglərə çalan və o zamanlar mötəbər xanımların bazar günləri geyindiyi ipək aldı. Təsərrüfatda yeganə diqqətdən kənar qalan toyuq hini idi. Onun içini bəzən yuyub təmizləyib içərisində müxtəlif ətirli bitkilər yandırsalar da bunu heç də mələyin xətrinə deyil, ordan gələn dəhşətli üfunət iyinin təzə evin hər tərəfinə hopmasının qarşısını almaq üçün edirdilər. Uşaq yeriməyə başlayanda ona daha çox nəzarət edirdilər ki, hinə yaxın durmasın. Amma yavaş yavaş bu qoxuya onlar vərdiş etdilər və bütün qorxular geridə qaldı. Buna görə də uşaq süd dişləri tökülməmişdən  əvvəl heç bir maneə olmadan köhnəlmiş torun yırtığından hinə keçə bilirdi. Mələk onu da bütün canlılar kimi narazıçılıqla qarşılayırdı amma uşağın bütün  dələduz hərəkətlərinə itaətkarlıqla dözürdü. Onlar  eyni vaxtda su çiçəyi xəstəliyinə yoluxdular. Uşağı müalicə edən həkim maraq üçün mələyi də müayinə etdi. Onun ürəyinin çox zəif olduğunu və böyrəklərinin də yaxşı işləmədiyini görüb onun hələ də sağ qalmasına təccüb etdi. Ancaq  onu ən çox valeh edən onun qanadlarının quruluşu idi. Onlar o qədər insan orqanizması tərəfindən təbii qəbul edilmişdi ki, digər insanlarda belə qanadların olmaması şübhəli görünürdü.

Oğlan məktəbə getməyə başlayanda yağış və günəş hini tamamən dağıtdı. Azad olmuş mələk taqətdən düşmüş  halda var-gəl edirdi. Ona evin hər tərəfində rast gəlmək olurdu. Yataq otağından güclə qovulan mələk bir anda artıq mətbəxdə dolaşırdı. Hərdən elə gəlirdi ki, o eyni anda bir neçə yerdə ola bilir. Ev sahibləri şübhələnirdilər ki, mələk evin müxtəlif künc-bucağında öz-özünü törədərək ikiləşir. Elisenda çarəsizlikdən qışqırdı ki, mələklərlə dolu evdə yaşamaq bir cəhənnəm işgəncəsidir. Mələk o qədər zəifləmişdi ki, artıq yemək yeyə bilmirdi. Tor tutmuş gözləri heç nəyi bir–birindən ayırmadığı üçün əşyalara ilişib-dolaşırdı. Qanadlarında isə bir neçə lələk qalmışdı. Pelayonun mələyə yazığı gələrək onu yorğana bürüyüb talvarın altına yatmağa apardı. Elə həmin vaxt gördülər ki, onun gecələr qızdırması olur və o yerli balıqçıların sahildən tapdığı norveçli kimi sayaqlayırdı. Pelayo və Elisenda ciddi narahatçılıq keçirdilər – çünki, hətta ziyalı qonşu belə ölmüş mələklə nə etmək  lazım olduğunu bilmirdi.

Lakin mələk ölmək fikrində deyildi. O, özünün ən ağır qışını keçirdi və ilk günəş çıxan kimi sağalmağa başladı. Bir neçə gün o yad nəzərlərdən gizlənmək üçün evin artırmasında hərəkətsiz qaldı. Dekabrın əvvəlləri isə gözləri açıldı və əvvəlki şəffaflığı qaytardı. Qanadlarında yeni sərt lələklər əmələ gəlməyə başladı elə bil qoca quş qanadlarını ağ örpəyə bürüyürdü. Bütün bu dəyişiklərin səbəbini mələk bildiyi halda bunu hamıdan gizlədirdi.

Bir gün Elisenda səhər yeməyi üçün soğan doğrayanda dənizdən əsən külək qəflətən mətbəxə doldu. Qadın pəncərədən boylananda mələyin yerdə olan son dəqiqələrini gördü. O, solğun günəş şüaları altında bacarıqsız hərəkətlərlə uçuşa hazırlaşırdı. Yöndəmsiz sıçrayışlarla irəliləyib iti caynaqları ilə bostanı şumladı. Qanadlarının zərbəsındən talvar sirkələndi. Nəhayət o, havaya qalxa bildi. Elisenda  onun qartal qanadlarına bənzəyən nəhəng qanadları ilə havada şövqlə qanad çalıb kəndin kənarında olan evlərin üzərindən uçub getdiyini görəndə çiyinlərindən ağır yük götürülmüş kimi dərindən nəfəs aldı və həm özünün, həm də mələyin əvəzinə sevindi. Elisenda əlindəki soğanı doğrayaraq mələyi gözdən itənə qədər izlədi. Artıq mələk onun həyatında bir maneə deyildi. O sadəcə üfüqdə görünən xəyali bir nöqtə idi.

Tərcümə etdi: Kəmalə Həsən