Edam

1

“Bu əhvalat oktyabrın axırında baş verib, saat beşdə soyuq və qaranlıq olur, həbsxana pristavı keşikçi dəstəsi ilə yavaşca içəri girərək, ehmallıca onun çiyninə toxunur, o qalxıb dirsəklənir, işıq görür. “Nə olub?” – “Saat onda edamdır”. O, yuxulu olduğu üçün inanmır, mübahisə etmək istəyir ki, kağız bir həftədən sonra gələcək, lakin lap ayılandan sonra mübahisə etməyib susur – belə nağıl edirdilər – sonra deyib: “Hər halda, bu cür birdən olması müsibətdir…” – sonra yenə susub, daha heç bir şey demək istəməyib. Belə halda məlum şeylər üçün: keşişlə görüşmək, səhər yeməyi, bu zaman ona şərab, qəhvə və mal əti verirlər, üç-dörd saat keçir (məgər bu masqara deyilmi? Axı fikirləşirsən ki, bu, dəhşətli əhvalatdır, o biri tərəfdən də, vallah, bu sadəlövh adamlar bu işi təmiz ürəklə edirlər, özləri də əmindirlər ki, bu, insanpərvərlikdir), sonra tualet (cinayətkarın tualetinin siz nədən ibarət olduğunu bilirsinizmi?), nəhayət, şəhərin içi ilə eşafota qədər aparırlar… Mən güman edirəm ki, bax, gərək ki, burada da, eşafota çatana qədər intəhasız bir ömür qalır. Mənə belə gəlir ki, o, yolda ikən düşünürmüş: “Hələ çox vaxt var, hələ üç küçəlik ömür qalıb, bax bu küçəni ötüb-keçəndən sonra hələ o birisi qalacaq, sonra yenə biri, sağda bulka dükanı olan küçə qalacaq… Hələ kim bilir bulka dükanına nə vaxt çatacağıq!” Hər tərəf camaatla doludur, hay-küy ətrafı bürüyüb, on min sifət, on min göz – bütün bunlara dözmək, davam gətirmək lazımdır, başlıcası isə belə bir fikrə: “Onlar on min nəfərdir, onlardan heç kəsi edam etmirlər, amma məni edam edirlər!” Bax bütün bunlar edamdan qabaq baş verir. Eşafota pilləkənlə qalxırlar, elə bu dəm o, pilləkənin qarşısında birdən ağlamağa başladı, halbuki qüvvətli və cəsarətli adam idi, deyirlər, böyük cinayətkar olub. Keşiş daim onun yanında idi, arabada da onunla yanaşı oturmuşdu, özü də ara vermədən danışırdı – amma cinayətkar, çətin ki, ona qulaq asırdı: qulaq asmağa başlayır, iki kəlmədən sonra, yəqin, heç bir şey başa düşmürdü (…) Nəhayət pilləkənlə qalxmağa başladı, ayaqları buxovlanmışdı, ona görə də xırda addımlarla yeriyirdi. Keşiş, görünür, ağıllı adam idi, danışmağına ara verdi, amma hey xaçı ona tərəf tutub öpdürmək istəyirdi. Pilləkənin aşağısında onun rəngi lap qaçmışdı, amma yuxarı qalxıb, eşafota ayaq basanda birdən kağız kimi ağardı, lap ağ yazı kağızı kimi. Yəqin onun qıçları heydən düşüb taxtaya dönürdü, ürəyi də elə bulanırdı ki, sanki, boğazını nə isə sıxırdı, buna görə də, elə bil, qıdığı tuturdu – siz bəzən qorxanda, yaxud da dəhşətli anlarda bunu hiss edibsinizmi? Bu, elə anlardır ki, insan şüurunu itirmir, lakin heç bir şey etməyə taqəti çatmır. Mənə elə gəlir ki, məsəl üçün, ev başına uçanda mütləq məhv olacağını hiss edən insan birdən yerdə oturacaq, gözünü yumaraq gözləməyə başlayacaq – düşünəcək ki, nə olacaq olsun!.. Bax elə bu məqamda, bu zəiflik başlayanda, keşiş cəld və dinməz-söyləməz birdən xaçı onun lap dodaqlarına yapışdırırdı, balaca, dördbucaq, gümüş xaç idi, tez-tez, hər dəqiqə dodağına tərəf tuturdu. Xaç edam olunanın dodaqlarına toxunan kimi gözlərini açaraq, yenə bir neçə saniyə, elə bil ki, canlanır və qıçları hərəkət edirdi. O, xaçı tələsə-tələsə öpürdü, nəyi isə ehtiyat olaraq, hər ehtimala qarşı götürməyi unutmamaq üçün tələsirmiş kimi, xaçı öpməyə tələsirdi, lakin bu anlar onun dini bir şey dərk etməsini heç ağlım kəsmir. Taxtaya çatanadək halı belə idi… Təəccüblü orasıdır ki, bu son saniyələrdə çox nadir adam bayılıb özündən gedir! Əksinə, adamın başı çox iti işləyir, mən təsəvvür edirəm, tamamlanmamış olan müxtəlif fikirlər baş qaldırır, hələ, bəlkə də, gülməli, bir cür kənar fikirlər: “Bax, o, mənə tamaşa edir, onun alnında ziyil var, bax cəlladın alt düymələrindən biri paslanıb…” Halbuki hər şeyi bilir, hər şeyi xatırlayırsan, heç vaxt yaddan çıxmayan belə bir nöqtə var, heç bayılmaq da olmaz, hər şey onun yanında, bu nöqtənin yanında hərəkət edib fırlanır. Təsəvvür edin ki, bu, son dörddəbir saniyə ərzində, baş artıq kötüyün üstünə qoyulmuş olduğu məqamadək davam edir, özü də gözləyir, həm də…bilir, qəflətən başı üzərində dəmirin qıjıltısını eşidir!..”

F. Dostoyevski’nin “İdiot” romanından

Ölümün bir addımlığında olan təhkiyənin zamanı yavaşlatmağı, oxucuya məhkumu hiss etməyə imkan verir. Bir azdan eşafotda son nəfəsini verəcək olan məhkumun müşahidəsini edən və onun əvəzinə danışan müəllif, bəzən soyuq mühakimə tərzini itirir, qismən (şəxsi) melanxolikliyə qapılır. Vaxtilə edam gülləsindən xilas ola bilməsinin – ki, xilasın nəticəsi əsərlərinin metafizik fundamentini yaradır, beləliklə ölümü qabaqlamış Fyodor, həyatdolu surətlərin quduzlaşmasına maneə ola bilmir – “minnətdarlığ”ını (kimə?!) bir səhnəciklə bildirməyə çalışan yazar, zaman/məkan ikiliyini küncə sıxışdırır, həmin o qaçılmaz dəhşəti “monad”laşdırır (Leybnits) və şahidi olduğu həyat qarşısında özünü o qədər kiçildir ki (Dekart), təsvir edilən hadisə yığılmış bir nöqtədən partlayaraq bir ‘snapshot’a çevrilir. Çünki ölüm/bitmə təlaşına görə həyatı bir anda/indicə qucaqlamağa çalışan insanın hərisliyi qavrayış arealını aşır. Yuxarıdakı hissə bir-birindən qopuq hadisələr toplusu deyil, əksinə, oxucunun üzərindən keçdiyi cümlələr bir tablonun çoxu gözdənqaçmış detallarıdır. Və danışanın məhkum deyil, yazar olması individual təcrübənin təxəyyülü qabaqlaması ilə nəticələnir…

***

2

“Hisslərimi ifadə etmək üçün sözlər kafi deyildi. Çətinliklə irəliləyirdik və geniş Pont-au-Change körpüsünün ortasına çatmamış dəhşətli bir qorxu məni bürüdü. Qürurumun son zərrəsi ilə huşumu itirəcəyimdən qorxurdum… keşişin tez-tez kəsilən sözlərindən başqa hər şeyə gözlərimi və qulaqlarımı bağladım.
Xaçı öpdüm və “Tanrım, mənə mərhəmət et!” deyə dua edib özümü tamamilə bu düşüncəyə buraxdım.
Di gəl ki, kobud görünüşlü araba yol boyu hər dəfə sallananda mən də sarsılırdım. Qəflətən şiddətli bir soyuq hiss etdim. Paltarlarıma hopmuş yağış, qısa kəsilmiş saçlarımın arasından başımın dərisini isladırdı.
Keşiş, “Soyuqdan titrəyirsiniz, oğlum?” deyə soruşdu.
“Bəli.” deyə cavabladım.
Əslində məni titrədən təkcə soyuq deyildi. Çox gənc olduğuma görə körpünün döngəsində dayanmış qadınların mənə yazıqları gəlirdi… Sanki sərxoşdum, dəhşətlərə bürünmüş, bir cür qəribə olmuşdum. İnsana tuşlanmış bu qədər baxışların ağırlığına tab gətirmək çox çətin idi.
Artıq nə keşişə, nə də xaça baxırdım, eləcə yerimin üstündə titrəyirdim. Məni əhatələmiş uğultular içində, mərhəmət çığırtılarını sevinc nərələrindən, qəhqəhələri deyinmələrdən, insan səslərini gurultudan ayırd edə bilmirdim…
Gözlərim şüursuz bir halda mağazaların lövhələrini oxuyurdu. Birdən qəribə bir maraqla başımı geri çevirib hara getdiyimizi görmək istədim.
Bu, zehnimin həyata son müqaviməti idi. Fəqət bədənim imkan vermədi. Boynum iflic olmuş, sanki artıq ölmüşdüm…
Və araba gedir, gedir, dükanların qarşısından keçirdi. Hər tərəfdə yazılı, boyalı, qızılı rəngli lövhələr. İnsanlar sevinclə gülüşür, sanki palçığın içində oynayırdılar. Artıq bir yuxudaymışcasına tamamilə bu vəziyyətə təslim olmuşdum…
Birdən araba dayandı. Az qala üzüüstə yerə yıxılırdım. Keşiş məni saxlayıb “Cəsarət!” deyə pıçıldadı. Arabanın arxasına bir pilləkən söykədilər. Keşiş əlini mənə uzatdı və mən aşağı düşdüm. Bir addım atdım. Sonra bir addım daha atmağa çalışsam da, bacara bilmədim. Dokdakı iki fənər arasında çox dəhşətli bir şey görmüşdüm.
“Ah! Bax, bu, gerçəyin özü!” Qüvvətli bir zərbə almış kimi səndələyib dizlərimin bükülməməsinə çalışırdım.
“Son dəfə çıxış etməyimə icazə verin” deyə yavaşdan dilləndim…”

Viktor Hüqo’nun “Edam məhkumunun son günü” romanından

Hər sətirdə həyəcanını gizlətməyən məhkum, dar ağacına gedən yolda əzabın romantikləşdirilməsilə təsəlli tapmağa çalışır. Keçdiyi yollarda həyat selini zərrəsinə qədər hiss edən gəncin fiziki tabsızlığı ağıya çevrilməsə də, nəticədə taleyinə təslim olmaq istəmir. Bu cür qürursuz (!) etirazın təsiri isə keçicidir. Hüqonun yaratdığı məhkum mübarizədən məhrum, axına qarşı deyil, onunla birgə (F. T. Çokor) sonuna yaxınlaşır. Təhkiyədə Maarifçilik dövrü sonrası incəsənətə toxumlarını səpən romantist meyllər hiss olunur. O, hamıdan fərqlidir, ‘Mən’ olaraq hər şeyin üzərindədir, hər şeyi daha yaxşı müşahidə etdiyi kimi ətrafın da ona nüfuz etməsinə maneə ola bilmir. Qeyri-mümkünü istəməyin realist şüara (Çe G. ilə) çevrilməsinə qədər, romantizmdə, imkansız olana çatmaq əsas hədəf idi. Bu cür dekorasiya ilə bəzənmiş mətnin qəhrəmanı isə yaşamağa “çalışmır”, amma ona cəsarət aşılamağa çalışan keşişə də qulaq asmır. Bu itaətsizliyin zəifliyi isə bədənini sarmış qorxunun təzahürüdür. Hər halda o bir “Duman dənizi üzərindəki səyyah”dır (K. David Fridrix). Və yalnız o, iztirablarında Gerçəkliyə çatdığını düşünəcək qədər sadəlövhdür…

***

3

“- Yox oğlum, – dedi və əlini çiynimə qoydu. – Mən sizinləyəm. Lakin siz bunu başa düşəcək halda deyilsiniz. Çünki ürəyiniz kordur. Mən sizin əvəzinizə dua edəcəyəm.

Bu yerdə heç bilmirəm nədənsə, içimdən partladım. Boğazım yırtılanacan bağırdım, onu söyüb dedim: mənim yerimə dua etmək lazım deyil, birdəfəlik yox olmaqdansa odda yanmaq yaxşıdır.

Əlimi atıb cübbəsinin yaxasından yapışdım. Qəzəb və sevincdən əsirdim, qəlbimin dərinliklərində nə vardısa hamısını üzünə çırpdım. Dedim ki, o, yalnız üzdə belə arxayındır və guya qəlbində şübhə toxumu yoxdur. Lakin onun bütün bu saxta inamı bircə qadın tükünə belə dəyməz. O, əbəs yerə əmindir ki, guya yaşayır, bu cür yaşamaqdan nə fayda, o ki ölü kimi yaşayır. Baxın, mən zahirən dilənçiyə, səfilə oxşayıram. Ancaq mən özümə inanıram və hər şeydə ondan çox inamlıyam: yaşadığıma inanıram, tezliklə öləcəyimə inanıram. Bəli, bu inamdan başqa heç nəyim yoxdur. Lakin bu inamı heç kəs məndən ala bilməz, necə ki, məni ondan ayırmaq olmaz. Mən indi də, elə əvvəllər də – həmişə, həmişə haqlı olmuşam. Mən bu cür yaşamışam, başqa cür də yaşaya bilərdim, onu etməmişəm – bunu etmişəm.  Nə olsun ki? Fərqi nədir? Həyatımı necə qurduğumdan, necə yaşadığımdan asılı olmyaraq belə çıxır ki, mən həmişə bax, bu dəqiqəni, bu sübh çağını gözləyirmişəm. Bir azdan isə ölümümlə mənim haqlı olduğum təsdiqlənəcək. Heç nəyin fərqi yoxdur, hər şey mənasızdır və mən bu mənasızlığın səbəbini artıq çox gözəl bilirəm. Onun özü də bilir. Özgələrinin ölümündən, ana məhəbbətindən, onun Allahından mənə nə? Mənim ki, alnıma bircə tale yazılıb və indi ondan, onun kimi özlərini mənim qardaşım adlandıran, mənim kimi alınlarına bircə tale yazılmış milyardlarla varlıqdan mənə nə? Bütün bunlar ona aydındırmı, aydındırmı nəhayət? Yer üzündəki bütün adamlar – seçilmişlərdi. Başqaları mövcud deyildir. Gez-tez hamı mühakimə olunub məhkum ediləcək. Elə onun özü də. Dünən qətlə ittiham olunan adam bu gün anasının dəfnində ağlamadığına görə edam olunur. Məgər bunun elə bir fərqi varmı? (…) Nəzarətçilər keşişi zorla əlimdən aldılar. Sonra hədəylə üstümə atıldılar. Amma keşiş onları sakitləşdirdi və bir dəqiqəyəcən lal-dinməz dayanıb mənə baxdı. Gözləri yaşarmışdı. Sonra dönüb gözdən itdi.

O, qapıdan çıxan kimi sakitləşdim. Hiss etdim ki, bərk yorulmuşam. Çarpayıya uzandım. Yəqin ki, yuxulamışdım, çünki oyananda ulduzlar üzümə baxırdı. Çöldən gələn səsləri aydınca eşidirdim. Sərin gecənin, torpağın və dənizin ətri gicgahlarımı oxşadı. Uyumuş yayın ecazkar sakitliyi sahilə çırpılan dalğalar kimi qaynayıb qanıma qarışdı. Birdən haradansa, gecənin sərhədlərindən gəmi fitlərinin fəryadı eşidildi. Onlar artıq mənim üçün öz mənasını itirmiş səfər və ayrılıqlarından dünyaya xəbər verirdilər. (…)

Coşqun qəzəb dalğası elə bil bütün ağrılarımı yuyub apardı, məni ümidlərdən xilas elədi, sirli işarələr və ulduzlarla dolu bu gecədə mən ilk dəfə olaraq ağuşumu biganə dünyanın görüşünə açıram. O, necə də mənə oxşayır, o mənə qardaş kimidir və bu səbəbdən hiss edirəm ki, xoşbəxt imişəm və indi də xoşbəxtəm. Hər şey başa çatsın deyə, bu cür tənha olmayım deyə, bircə onu arzulamaq qalır ki, edam günümdə meydana daha çox tamaşaçı yığılsın və qoy onlar məni nifrət sədalarıyla qarşılasınlar…”

Alber Kamyu’nun “Yad” romanından

Mövcudluğu ilə bağlı çarəsizliyinin fərqinə varmış məhkum qəzəb içində boğulur. Bu qəzəb əvvəlki mətnlərdən fərqli olaraq fərdi/şəxsi deyil. Ölümün olması həyatı mənalı etmək əvəzinə onu bayağılaşdırır. Dünyanın bivecliyi qarşısında qolları yanına düşmüş insan, kainatın dözülməz səssizliyində ‘ratio’ vasitəsilə absurda çatır. Edam gününü digərlərindən fərqləndirən heç nə yoxdur; artıq zaman bizi daşımır, bizlər onun yükünü çəkirik. Bu ağırlığı azaltmaq üçün ‘fraqmentasiya’ – hərəkətlərin bölünməsi – önəmlidir. Məhkum şüur axınından uzaqdır. Cəzasını (!) qəbullanır, eynilə taleyinə boyun əymiş Sizif kimi. Ancaq bu itaət mütilikdən uzaqdır. İnsan yalnız o halda aktivdir ki, absurdu qucaqlayır, hər hansı metafizik alternativə ehtiyac duymur, özünü/dünyanı yenidən yaradır. Hər kəs kimi səbəbini tam qavraya bilmədiyimiz xoşbəxt olma istəyini dəf edə bilməyən prototip də bu yolla dünya ilə “birləşir”, “yüksəlir”. Bu cür qiyamın yoluxucu olub-olmadığını isə edam kürsüsünün ətrafına yığışmış kütlələrin övladlarında axtarmaq lazımdır, güclü siyasi/sosial immunitetə sahib böyüklərdə yox…

***

Hər üç mətndə ortaq cəhət hər bir məhkumun öz yol yoldaşının olmasıdır: keşişlər. Heç də mərkəzdə olmayan, amma hər üç tabloda, qurbana ən yaxın fiqurlar. İnkvizisiya dövründən etibarən eşafotları qanla bəzəyən din adamlarının öləcək olanları müşayiəti. Ya müqəddəs sadəlik (Nitsşe) ya da tarixi ikiüzlülük…