Coup d’Etat

Dövlət ağlının işləmə prinsipi və analiz etmə formasını göstərmək üçün müəyyən bir nümunədən, yəni çevriliş (‘coup d Etat’) nəzəriyyəsindən danışacağam. Çevriliş konsepti XVII əsr sonu üçün, haqqında çoxlu kitabların yazıldığı çox vacib bir qavramdır. Misalçün, Node (Gabriel Naude) 1639-cu ildə “Çevrilişlər üzərinə siyasi mülahizələr” əsərini nəşr etdirmişdir. Bundan bir neçə il əvvəl isə Sirmonun (Jean Sirmond) daha mübahisəli və birbaşa hadisələrə toxunan bir mətni yayımlanıb: “XIII Luinin Çevrilişi”, ki, bu da əslində XIII Luiyə qarşı deyildir, əksinə. Zira XVII əsrin əvvəllərində çevriliş kəlməsi kiminsə dövləti, indiyə qədər əllərində saxladığı digərindən tutub zorla alması mənasına gəlmir. Çevriliş tamam başqa bir şeydir. Bəs bu dövrdə çevriliş deyiləndə nə nəzərdə tutulur? Bu əvvəla qanunların və qanunvericiliyin dondurulmasıdır. Çevriliş ictimai hüququ aşan bir şeydir. “Excessus iuris commutiis” deyir Node. Ya da (çevriliş) ictimai hüququn əleyhinə fövqəladə bir aktdır. Bu akt öz içərisində heç bir nizama və ya ədalət formasiyasına uyğun gəlmir. Görəsən bu xarakteri etibarilə, çevriliş, dövlət ağlına yad bir şeydirmi? Dövlət ağlı perspektivindən bir istisnadırmı?

Şübhəsiz ki, xeyr. Çünki dövlət ağlının özü – bu başa düşülməli olan təməl nöqtədir – heç bir formada leqallıq və ya legitimlik sistemi ilə üst-üstə düşmür. Dövlət ağlı nədir? Çemnits (Philipp von Chemnitz) bu cür açıqlayır: “Dövlət ağlı, formasından – ictimai, şəxsi, təməl – asılı olmayaraq bütün qanunlardan kənarda qalmağa icazə verən şeydir”. Dövlət ağlı ‘qanunlara uyğun idarə etməməlidir’, yeri gələndə ‘qanunlara da hökm etməlidir’ və ‘bu qanunlar cümhuriyyətin o andakı halı ilə uyuşmalıdır’. Yəni çevriliş, dövlət ağlına nəzərən bir qopma demək deyil. Əksinə, dövlət ağlının ümumi formasına, ümumi üfüqünə yaraşan bir element, bir hadisə, bir qurğulama tərzidir, qanunları aşan ya da qanunlara tabe olmayan bir şeydir. Yaxşı, bəs dövlət ağlını bu qədər xüsusiləşdirən və onu dövlət ağlının təzahürlərindən biri olaraq görməyə maneə olan nədir? Təbiəti etibarilə qanunlar qarşısında boyun əyməyən dövlət ağlı, işləyişi çərçivəsində ictimai, şəxsi, təməl qanunlardan kənarda olan dövlət ağlı, normal vəziyyətində qanunlara hörmətlə yanaşır. Ona görə yox ki, pozitiv, əxlaqi, ilahi qanunlar ondan daha güclüdür. Dövlət ancaq istədiyi müddətcə, qanunları öz oyununun bir hissəsi gördüyü müddətcə onlara hörmətlə yanaşır. Dövlət ağlı zatən bu qanunlara nəzərən təməldir, oyunda onları istifadə edir, çünki bunu gərəkli və faydalı görür. Ancaq dövlət ağlının artıq bu qanunları istifadə etməyəcəyi, hansısa bir təcili məsələ, bir zərurət səbəbilə bu qanunlardan xilasının şəksiz olduğu anlar vardır. Nəyin naminə? Dövlətin qurtuluşu adına. Dövlətin özünə dair ortaya qoyduğu bu zərurət, dövlət ağlını indiyi qədər tanıdığı və öz oyununda istifadə etdiyi mədəni, əxlaqi, təbii qanunları tapdalamağa sövq edir. Dövlətin özünün zəruri olması, təcililiyi, qurtuluş ehtiyacı bu qanunları xaric edir və dövlətin özü ilə zərurət və qurtuluş perspektivindən qurduğu müəyyən bir əlaqə yaradır. Dövlət özü üzərində sürətli və qaydasız şəkildə, gözləmədən, təcilən və zəruri olaraq, dramatik formada bir akt gerçəkləşdirir. Bax, çevriliş budur.

Çevriliş kiminsə başqasının əleyhinə dövləti ələ keçirməsi deyil. Çevriliş, dövlətin özünü ortaya qoyması, özünü bildirməsidir. Çevriliş dövlət ağlının təsdiqlənməsidir – dövləti xilas etmək üçün nə gərəklidirsə onun edilməsini, dövlətin istənilən halda xilasını təsdiqləyən dövlət ağlının. Deməli çevriliş, dövlət ağlının təsdiqlənməsi və dövlətin özünü ortaya qoymasıdır. Dövlət qavramına dair bu araşdırmada vacib olan bir neçə faktor var. İlk olaraq zərurət anlayışı. Dövlətin qanundan üstün olan bir zərurəti var. Ya da belə deyək: “dövlət ağlı” adlandırılan, dövlətə xas olan bu ağlın qanununun məramı odur ki, dövlətin qurtuluşu hər hansı başqa bir şeydən daha vacibdir. Əslində bir qanun olmayan bu təməl qanun, yəni bu zərurət qanunu, istənilən təbii hüququ aşır. Nəzəriyyəçilərin “ilahi qanun” deməyə dillərinin dönmədiyi, yəni birbaşa Tanrının buyruğu ilə ortaya sərilən hüququ aşır. Lakin nəzəriyyəçilər bəzi şeyləri ört-basdır etmək üçün bu qanunun “fəlsəfi” olduğunda israr edirlər. Node isə bu cür vurğulayır: Çevriliş “təbii, universal, alicənab və fəlsəfi ədalətə” – buradakı “alicənab” kəlməsi ironiyadır və “fəlsəfi” kəlməsi də başqa şeyə eyhamdır – tabe deyildir; çevriliş “dövlətin zərurətinə bağlı olan, süni, özəl, siyasi ədalətə” tabedir. Deməli siyasət, hər hansısa legitimliyə ya da qanunlar sisteminə daxil olan bir şey deyildir. Siyasət zərurətlə əlaqəlidir. XVII əsrin əvvəllərinin siyasi mətnlərində zərurətin bir növ, fəlsəfəsi deyil də, necə deyim… bir növ tərifi, müqəddəsləşdirilməsi var. Məsələn, Le Bre (Cardin Le Bret) adlı şəxs o dövrün elmi düşüncəsinə görə olduqca təəccüblü, hətta bu elmi diskursla birbaşa təzadda olan belə bir şey söyləyir: “Zərurətin gücü o qədər yüksəkdir ki, dünyada geri qaytarılması mümkünsüz qərarnamələrin qoruyuculuğundan başqa heç bir müqəddəs şeyə malik olmadığından, hökmdar, bir demiurq kimi ilahi və insani olan hər şeyi öz gücünün ağuşuna alır. Zərurət qanunları susdurur. Zərurət, ona itaət edilməsi məqsədilə, hər kəsin imtiyazlarını ləğv edir”. Burada artıq leqallıq baxımından idarəçilik/hökumət yox, zərurətlə əlaqəsi baxımından dövlətdən danışılır. 

İkinci vacib qavram, əlbəttə ki, şiddətlə bağlıdır. Zira çevrilişin təbiətində şiddət var. Dövlət ağlı adi, öyrəşilmiş icrası zamanı şiddət ehtiva etmir, çünki özünə iradi formada çərçivə və forma olaraq qanunları götürür. Ancaq zərurət doğulanda dövlət ağlı çevriliş halına gəlir və o anda olduqca şiddətlidir. Şiddətlidir, ona görə ki, qurban verməli, şikəst etməli, haqsızlıq etməlidir, haqsız və cani olmalıdır. Bu da bildiyiniz kimi hər bir şəxsin təhlükəsizliyinin hamının təhlükəsizliyi və hamının təhlükəsizliyinin də hər bir şəxsin təhlükəsizliyi olduğunu deyən pastoral fikrin tamamilə əksidir. Bununla da dövlət ağlı pastorallığının bir seçmə pastorallığı ilə, bir xaricetmə pastorallığı, bir kəsin bütün uğruna fəda edildiyi, digərinin dövlətə fəda olunduğu bir pastorallıqla qarşılaşırıq. Şaron (Pierre Charron) Nodenin təkrarladığı bir cümlədə belə ifadə edirdi: “Böyük şeylərin haqqını vermək üçün kiçik şeylərdən əl üzmək gərəkdir”. Çemnits isə Şarlmanın saksoniyalılarla döyüşüb onların torpaqlarını işğal etməsini çevrilişlərin zəruri şiddətinə uyğun bir nümunə olaraq görürdü. Çemnits, Şarlmanın saksoniyalıların üsyanını yatırtmaq və maneralarının qarşısını almaq üçün həmin yerlərə hakimlər təyin etdiyini və bu hakimlərin ilk xüsusiyyətinin də yerli əhali tərəfindən tanınmaması olduğunu vurğulayır; belə ki, sizə kimlərin hökm çıxardığını bilmirsiniz. İkincisi, həmin hakimlər hökmlərini səsləndirərkən məlumatdan məhrumdurlar, yəni hökmünü verdikləri insanların nə ilə təqsirləndirildiklərindən xəbərsizdirlər. Üçüncüsü, hökmlər məhkəmə formasında bəyan edilmir, yəni heç bir ədliyyə ritualı yoxdur. Çemnits bunu demək istəyir: Şarlman saksoniyalılara qatillər yollayıb və onlar da istədikləri şəxsi istədikləri formada, kiməsə izah vermədən öldürürlər. Kimi öldürməlidirlər? Dövlət və ictimai asayişi pozan şəxsləri. Bu cür tarixi anda peyda olan, genişləyən, olduqca vacib bir qavram olduğu üçün analiz edilməsi mütləq olan “dövlət cinayəti” fikri də belə ortaya çıxır. Əlbəttə, deyə davam edir Çemnits, Şarlmanın bu çevrilişində bir sıra ədalətsizliklər olmuş, məsum insanlar məhkum olmuşlarsa da, bu sistem qısa müddət sonra gücdən düşmüş və saksoniyalıların da qəzəbi yatmışdır. 

Yəni çevriliş şiddətlidir. Necə ki, çevriliş dövlət ağlının təzahürüdür, məsələ dövlət olanda da ağıl ilə şiddət arasında heç bir təzad yoxdur. Hətta belə demək də olar ki, dövlətin şiddəti, təkcə öz ağlının şiddətli bir təzahüründən ibarətdir. Aradakı təzadı görmək baxımından – ki, əgər Genenin (Jean Genet) sentyabr ayında Le Monde qəzetində yayımlanan yazısını oxumusunuzsa, bunu rahatlıqla başa düşəcəksiniz – XVII əsrin birinci yarısında, Rişelye dövründə yazılmış anonim bir mətndə belə bir şeylə rastlaşırıq: Şiddətlə qəddarlıq (brutalite) arasında fərq qoymaq lazımdır, zira qəddarlıq yalnız xüsusi insanların kaprizləri nəticəsində meydana gələn şiddət aktıdır, amma müdriklərin bir yerdə törətdikləri şiddət aktlarına isə çevriliş deyilir. Bossyue (Jacques-Benin Bossuet) də qəddarlıqla şiddət arasındakı bu ixtilafı dərhal mənimsəyir. Gene fikri tərsinə çevirir, XVII əsrin nəzəriyyəçilərinin qəddarlıq dediyi şeyi şiddət, dövlət şiddətini isə qəddarlıq adlandırır.

Zərurət və şiddətdən sonra vacib olan üçüncü bir qavram da, belə düşünürəm ki, çevrilişin məcburi olaraq teatral olmasıdır. Doğurdan da çevriliş dövlət ağlının qəflətən ortaya çıxan təsdiqi kimi dərhal tanınmalıdır. Yəni ona haqq qazandıran zərurət əzəmətləşdirilməli, həqiqi xarakteristikasında özünü bəlli etməlidir. Əlbəttə ki, çevriliş, uğurlu olması üçün gizliliyi nəzərə almalıdır. Lakin insanların razılığını almaq üçün, dövlət, icbari formada bağlandığı qanunların qüvvədən düşürülməsi onun əleyhinə çıxmasın deyə çevriliş, birbaşa (açıq) həyata keçirilməli və dövlət ağlını necə lazımdırsa, o cür səhnələşdirməlidir. Çevriliş, təbii ki, üsul və yollarını gizlətməlidir, amma nəticələri və onu ayaqda saxlayan səbəblərilə birgə nümayişkaranə formada təzahür də etməlidir. Çevrilişin səhnələşdirilməsinin mütləqliyi də buradan qaynaqlanır. Buna həmin dövrlərin siyasi praktikasında, Dupes günlərində (la journée des Dupes), şahzadənin tutulmasında, Fukenin (Nicolas Fouquet) həbsə atılmasında şahid oluruq. Bu nümunələr çevrilişin, suverenlik və dövlət ağlının qəflətən peyda olması və onların legitimlik üzərindəki ağırlığını göstərən tərəfləridir. Nə qədər marjinal da olsa bir şeyi də qeyd etmək istərdim: Siyasətdəki teatral praktika ya da dövlət ağlının teatral tətbiqi məsələsi. Teatr, yəni bu teatrlaşdırma və teatral praktika, dövlətin və dövlət iqtidarının təmsilçisi kimi suverenliyin təzahür forması olmalıdır. Hesab edirəm ki, krala dair rituallara – kralın təqdisindən tacqoymaya, şəhərə girişindən cənazəsinə qədər, onun dini obrazını göstərən və iqtidarını teologiya vasitəsilə dini iqtidara əlavə edən ənənəvi kral mərasimləri – əks olaraq, krallığın özünü göstərdiyi və cisimləşdiyi modern teatrı düşünmək olardı və kralın şəxsən özünün çevriliş etməsi bunun ən vacib təzahürlərindən biridir. Yəni burada siyasi teatr və teatrın işləmə prinsipinin, terminin həqiqi mənasında siyasi pyesin və xüsusilə də çevrilişə dair pyesin bir mənzərəsi olaraq üzə çıxdığını görmək olar. Nəticədə Şekspirin tarixi əsərlərinin bir hissəsi çevriliş teatrıdır. Kornelə, hətta Rasinə baxın. Bunlar, şübhəsiz, çevriliş təmsilləridir. Bəlkə də bir az şişirdirəm, amma çox vaxt çevrilişə uyğundurlar. “Andromax”, “Ataliya”, “Berenis” çevriliş pyesləridir. Fikrimcə, klassik teatr çevriliş mövzusu ətrafında qurulub. Eynilə siyasətdə dövlət ağlının özünü bir növ teatrallıqla göstərməsi kimi, teatr da dövlət ağlının, çevrilişin dramatik, kəskin və şiddətli formada nümayişi ətrafında formalaşır. Və XIV Luinin sarayı (la cour) olduğu halında intriqalarla, xəyanətlərlə, seçimlərlə və sürgünlərlə teatrlaşdırılan yerdir; saray həm də teatrın dövləti təmsil etdiyi bir yerdir.

Qısa olaraq belə ifadə edə bilərik: Kainatın imperatorluğa bənzəyən birliyinin dağıldığı, təbiətin dramdan, hadisədən, tragik olandan xilas olduğu dövrdə, siyasi arenada bu prosesə tərs gələn bir şeyin yarandığını düşünürəm. XVII əsrdə, dini müharibələrin sonunda – böyük müqavilələr, Avropadakı nizam axtarışlarından sonrakı Otuzillik müharibələr dövründə – yeni bir tarixi perspektiv açılır: Hüdudsuz idarəçilik perspektivi, sonu və vədəsi olmayan dövlətin davamlılığı perspektivi. Sonu olmadığı üçün ümidi olmayan tarixə boyun əymiş, qeyri-davamlı bir sıra dövlətlər peyda olur; bunlar qanuniliyini sülalə ya da dinmərkəzli legitimlikdən alan ağlın yox, planlanmış olsalar belə risk daşıyan çevrilişlərdəki zərurətdən alan ağlın nizamladığı dövlətlərdir. Hərəkətlənmə, dövlət ağlı, zərurət, riskli çevriliş… Siyasət və tarixin yeni tragik üfüqünü formalaşdıran faktorlar bunlardır. Mənə elə gəlir ki, dövlət ağlının doğuşu ilə eyni anda, indiyə və keçmişə dair şikayətlərin toplandığı əlyazmalardan fərqlənən yeni bir tarix tragediyası doğulub – siyasi praktikanın birbaşa özü ilə bağlı olan tragiklik. Çevriliş də müəyyən mənada bu tragikliyin, elə gerçəklik məkanında səhnəyə qoyulmasıdır. Çevrilişin və tarixin bu tragikliyini, sonu olmayan amma yeri gələndə teatral və şiddətli tərzdə büruzə verən idarəçiliyin bu tragikliyini, nəzəriyyəçi Node çevrilişi konseptləşdirərkən çox yaxşı təsvir etmişdir. Həmin mətndə son dərəcə napoleonçu bir şey var, hitlerçi rejimin “Uzun Bıçaqlar Gecəsi”ni xatırladan bir şey. Node deyir: “Çevrilişlərdə göy gurultusu eşidilməmiş ildırımlar çaxır. Zənglər səslənməmişdən qabaq eşidilir, icra qərardan öncə gəlir. Hər şey Musəvi bir şəkildə baş verib bitir… Kimsə vurduğunu zənn edərkən zərbə alır, kimsə təhlükəsizliyə çıxdığını düşünərkən ölür, kimsə ehtimalı belə olmadığı halda səfilə çevrilir; hər şey gecənin zülmətində, sis və qaranlıqlar içində baş verir.” Bütün səfalətlərə, asketizmin iradi səfalətinə belə dözülməsinə imkan verən pastorallığın böyük vədini, artıq dövlətin teatral və tragik sərtliyi əvəzləyir. Dövlətin daima təhlükədə olan və heç vaxt dəqiqləşməmiş qurtuluşu naminə bəzi şiddət aktları dövlət ağlının ən saf forması olaraq qəbul edilir. Sizlərə dövlətin qurtuluşu və çevrilişlə bağlı demək istədiklərim bunlar idi.

Mişel Fukonun dərs mətnlərindən bir hissə