Malon ölür

“…mən artıq ciddiliyin məngənəsinə düşmüşdüm. Belə bir xəstəliyim vardı. Başqaları necə anadangəlmə sifilis olursa, mən də anadangəlmə ciddi doğulmuşdum. Və tam ciddiyyətimlə ciddi olmamağa çalışırdım, yaşamaq və yaratmaq istəyirdim – bu sözləri hansı mənada işlətdiyimi mən özüm bilirəm. Ancaq hər cəhdimdə mən başımı itirdim, sığınacağa qaçırmış kimi öz kölgəmə qaçdım, özü yaşamadığına görə yaşayanları da gözü götürməyənlərin sığındığı qaranlıqda özümə yer tutdum. Mən “yaşayanlar” dedim, ancaq bu sözün nə demək olduğunu bilmirəm. Mən yaşamağa çalışdım, ancaq bu sözün nə demək olduğunu dərk etmədən. Ola bilər, mən hər halda, dərk etməsəm də, yaşamışam. Görəsən, mən bunları nəyə görə danışıram. Hə, sıxıntılarımı qovmaq üçün. Yaşa və yaşat. Sözləri suçlamaq mənasız işdir, onlar ifadə etdiklərində daha yaxşı deyillər. Uğursuzluqdan, təsəllidən, fasilədən sonra mən yenidən yaşamağa can atıram, özümü yaşamağa məcbur edirəm, başqa bir insan oluram, istər özümdə, istər başqasında. Nə qədər yalan var bu sözlərdə. Ancaq açıqlamağa vaxt nə gəzir. Yenə də başladım. Ancaq məqsədim xeyli dəyişilib – indi uğur qazanmağı deyil, uğursuzluğa düşməməyi düşünürəm. Fərqi çox deyil. Var gücümü toplayıb öz kahamdan çıxandan sonra, ardıyca da əlçatmaz xoşbəxtliyə gedən yolda havanın şüşə təbəqəsini yarıb, başqa bir şeyi deyil, başgicəllənmənin, özünü taleyin ixtiyarına buraxmağın, uçuruma yuvarlanmağın, boşluğun, qaranlığın, heç olmanın keyfini axtarırdım. Mən heçliyə doğru, ciddiliyə doğru, məni gözləyən və mənə hər zaman ehtiyacı olan evimə doğru yol almışdım – həmişə məni qucaqlayıb bağrına basan, hər zaman məndə qal deyən, mənə baxan, yerini verən, ondan hər dəfə ayrılanda dərd çəkən, həmişə dərd verdiyim, heç xoşbəxtlik vermədiyim o evi gözümə tutub gedirdim. Baxın, yenə də özümü unuduram. Özümlə deyil, özümdən çox aşağıda olan birisiylə maraqlanıram, gör hələ kimi qısqanıram, nəhayət onun başına gələnlər haqqında danışa bilərəm, ancaq bilmirəm necə. Özüm haqqında danışmağa gəlincə, əlimdən yaşamaq gəlmədiyi kimi, başqalarından söz etməyi bacarmadığım kimi, bunu da bacarmıram. Necə bacara bilərəm ki, heç vaxt bunu yoxlamadım? Yox olmanın bir addımlığında özümü göstərmək və eyni zamanda özümü mənə tanış olmayan başqa bir adamın cildinə salmaq, bu sadəcə kasanı daşırdan son damla deyil. Sonra isə yaşamaq və gözlərini əbədi yumandan sonra da bu gözlərin arxasında başqa bir gözün yumulacağını hiss edərək yaşamaq. Gözəl sonluqdur…”

“Malon ölür” (1951), Semyuel Bekket

***

“Nothing is more real than nothing.”

Bir şərh yazın