Club 27

27-club

Yəqin ki bir çoxunuz “27-lər Klubu” haqqında eşitmisiniz. Eşitməmişsəniz də, bu yazımda həyatlarını 27 yaşında başa vurmuş və dünya musiqisi, mədəniyyət və incəsənətinə yeniliklər gətirmiş və yaşadıqları bu 27cə il ərzində miyonların sevimlisi olmağı bacarmış insanlardan söz açacağam.

“Klub 27” qeyd etdiyim kimi, əsasən rok və blues janrlarında öz sözünü demiş yenilikçi musiqiçilərin, sözün əsl mənasında “Musiqi Əjdaha”larının klubudur. Daha doğrusu,  27 yaşlarında həyatlarını müəmmalı şəkildə sonlandırdıqları  onlara verilən ümumi addır.

“Klub 27” üzvü olmayan, lakin həyatlarını 27 yaşında sonlandırmış digər sənət adamları da var, lakin  belə desək “rəsmi” olaraq, bu klubun yeddi  üzvü tanınsa da, burada ondan artıq insanların adı var. Bugün bu yazıda dördü haqqında söz açacağıq.

  • Başlayaq…Rəsmi olaraq klubun ilkin nümayəndəsi braziliyalı bəstəkar Aleşandre Levi (Alexandre Levy) hesab olunur,
    Alexandre Levy

    Alexandre Levy ( 1864-1892)

    Levi klubun ən yaşlı nümayəndəsidir. Ailəsi yahudi əsilli olub Fransadan Braziliyaya mühacirət etmişlər. Artıq 12 yaşından sərbəst şəkildə bəstələr yaradan musiqiçinin atası Enrike Luis Levi o dövrün ən istedadlı dühalarından hesab olunurdu. Levi 1892-ci ildə, ad günündən 2 ay sonra, 27 yaşında vəfat etmişdir. Onu digər üzvlərdən fərqləndirən cəhətlərdən başlıcası odur ki, onun ölüm səbəbi hələ də bilinmir. Digərlərinin ölümü haqqında bir neçə mülahizələr olsa da Levinin ölümü hələ də sirr olaraq qalır. Onun ölümü klubun ən tragik və mistik ölümü hesab olunur desək yanılmarıq.

  • Növbəti əfsanə 27 dövrünün reqtaym (ragtime) musiqisinin piano dahisi Lui Şovendir. (Louis Chauvin) 20-ci əsrin  əvvəllərinin ən görkəmli piano ifaçısı hesab olunan Şoven 1908-ci ildə vəfat etmişdir.
Louis Chauvin

Louis Chauvin (1881-1908)

  • Təəssüf ki onun haqqında məlumatlar yalnız söyləntilər və belə desək əfsanələr əsasında əldə olunub və maraqlıdır ki, həyat fəaliyyəti boyu yalnız üç kompozisiyası rəsmi olaraq yazılıb. Ən məşhur parça isə “Heliotrope Bouquet”  başlıqlı piano parçasıdır,  belə ki, bu da dövrünün digər reqtaymçısı Skott Coplin  (Scott Joplin) ilə birlikdə ərsəyə gəlmişdir. Şovenin ölüm səbəbi olaraq sifiliz əsaslı skleroz hesab olunur.
  •  Klubun növbəti üzvü amerikalı əfsanəvi cazmen, bluzmen  Robert Conson ( Robert Johnson) sayılır. Ölümünün rəsmi açıqlanmış  səbəbi sevgililərindən birinin qısqanc həyat yoldaşı tərəfindən güllələnməsidir. Lakin, bununla yanaşı onun zəhərləndiyi,daha doğrusu   kiminsə onu zəhərlədiyi fərziyyəsi də mövcuddur. Yazdığı əsərləri Eric Clapton, Ry Cooder, John Mayall kimi gitaristlər, RHCP (Red Hot Chili Peppers), Led Zeppelin, The Doors, The Rolling Stones kimi rok nəhəngləri ifa etmişlər və hələ də bu ənənəni davam etdirməkdədirlər. Maraqlıdır ki, “Me and the devil blues”, “Hellhound on my trail” kimi ifalarında o, gitarada bluz ifa etmə qabiliyyətini ona bəxş etməsi üçün şeytanla müqavilə bağladığını, və həyatının 20li yaşlarında hansısa mistik qüvvənin onun bu sahədəki səriştəsini artırdığını qeyd edir.
Robert Johnson

Robert Johnson (1911-1938)

  •  27-lər siyahımızı Brayan Cons (Brian Jones) davam etdirir. Çoxunuzun bildiyi kimi, “The Rolling Stones” qrupunun əsas təsisçisi, gitaristi hesab olunur. Həyatı boyunca yüksək dozalarda qəbul etdiyi narkotik maddələr şəxsi həyatına və karyerasına təsirsiz ötüşməmişdir. Dəfələrlə bunun üstündə nəzarətdə saxlanılmış, hətta bir dəfə real olaraq həyatını həbsdə keçirmək təhlükəsi ilə üzləşmişdir. Hətta 1969-cu ildə qrupun ABŞ-a səfəri Consun narkotik və alkoqol bağımlılığının məntiqi nəticəsi kimi təxirə salınmış və baş tutmamışdır. Bütün bunlar təbii ki, qrupun üzvləri ilə də münasibətinə mənfi təsir göstərirdi. Belə ki, qrup 1969-cu ilin iyuluna “Let İt Bleed” adlı albomlarını təqdim edəcəklərini planlaşdırarkən albomunun buraxılışını ABŞ-a səfərləri vaxtı etməyi düşünürlər. Lakin belə bir problem yaranır ki, rəsmilər Brayan Consun gəlişini qəbul etmədiklərini bildirirlər. Və bundan sonra qrup üzvləri ilə problemlər yaşayan musiqiçinin artıq daha böyük əhatə tərəfindən də rədd edilməsi ikinci zərbə olur. Beləliklə, 1969-cu ilin iyununda artıq Mik Jagger, Kit Riçards Consu ziyarət edib artıq onun kollektivdən kənarlaşdırıldığını bildirirlər. Tezliklə o yeni gitarist 20 yaşlı Mik Teylorla (Mick Taylor) əvəz olunur. Dostları və onu tanıyanlar qrupu tərk etdikdən sonra çox dəyişdiyini deyirdilər, bəziləri hətta yaxşılığa doğru getdiyini, yeni bir qrup, musiqi aləminə yeni bir nəfəs gətirmək istədiyini deyirdilər. Cons həyatından çox məmnun görünürdü. Bütün bunlara baxmayaraq,1969-cu il iyul ayının üçündə gecəyarısı onu evinin hovuzunun dibində tapırlar.
  • Rəfiqəsi Annanın dediyinə görə bir o, bir neçə dəqiqəlik hovuza girmişdi və hovuzdan çıxarıldıqda belə hətta sağ imiş və nəbzi vururmuş. Ekspertizanın rəyi “ehtiyatsızlıq ucbatından ölüm” oldu. Bundan başqa, Consun ürəyi və qaraciyərinin alkoqol və narkotikin təsirindən deformasiyaya uğradığı da qeyd olunmuşdu.. Anna hətta  «The Murder Of Brian Jones» (Brayan Consun qətli) adlı kitab da çıxarmış və orda ölümu haqqında başqa fikirləri sadalamışdır. Consun ölümündən sonra evində çox şey itmiş, oğurlanmışdır. Musiqi alətləri, müxtəlif ziynət əşyaları və sair. Belə bir şayiə də yayılmışdı ki, itən əşyalar arasında Consun üzərində işlədiyi layihənin demo versiyası da var imiş. Ölümündən sonra bir çox musiqiçilər onu yad etmişlər. Peter Taunşend ( “The Who” qrupunun yaradıcısı) “The Times” jurnalında “Brayan üçün normal gün, hər gün ölən adam” adlı peoma dərc etmiş, Cimi Hendriks radioların birində onun şərəfinə mahnı ifa etmişdir. Cim Morrison isə, “Los Angelesdən Brayan Consun ölümünü düşünərkən  ithaf “ını dərc etdirmişdir.
Brian Jones (1942-1969)

Brian Jones (1942-1969)

Bir şərh yazın