Viva la revolution!

SOL’lara səslənirik!

The+Adicts+Adicts

The Adicts 1975-ci ildən günümüzə qədər fəaliyyətdə olan ingilis pank-rok qrupudur. İlk adları “Afterbirth & The Pinz” olsa da, sonradan isim dəyişikliyinə gedən qrup, bundan sonra istər oxu tərzləri və istərsə də mahnılarının konteksti baxımından köklü dəyişikliklər yaşadılar. Onları dövrün digər qruplarından fərqləndirən amillərdən biri də yeni geyim tərzləri olmuşdu. 1971-ci il istehsal tarixli, rejissoru Stenli Kubrik olan “A clockwork orange” filminin xarizmatik qəhrəmanı Aleks və dostlarından təsirlənmiş qrup, məhz onlar kimi geyinməyə başladılar. Filmə baxıb nəticə ilə bağlı özlərində ümumi təsvir formalaşdıranlar The Adicts’in bu qərarını daha yaxşı başa düşərlər. 80ci illərdən daha çox sol və anarxist ifaları ilə seçilən qrupu ilk dəfə dinləyənlərdə mahnılar “soft” (istər musiqi, istər sözlər baxımından) təəssürat yarada bilər. Ancaq bunun elə olmadığını vurğulamalıyıq.

Məsələn, qrupun ən uğurlu işlərindən biri olan “Viva la revolution” (1982) özündə bir məqalə olacaq qədər ‘eyham’ ehtiva edir. Amma ən çox diqqət çəkən məqam kimi sonuncu hissəni qeyd etmək istərdim. Corc Oruell’in “Heyvanıstan” əsərinin sonuna göndərmə olduğunu görməmək mümkün deyil. Tragik inqilab yerinə, tam hədəfə yönəlmiş istiqamətin lazım olduğu şübhəsizdir. ‘Tragik’ ifadəsilə totalitarizm arasında paralellik aparacaqsınızsa, o zaman “insanı şərait formalaşdırır” (əvvəl Monteskyö, sonra Marks da qeyd etmişdi) fikri ilə də razılaşmağa məcbursunuz. “İnqilab olduğu üçün nəzəriyyə doğru idi yox, nəzəriyyə düzgün olduğundan inqilab baş verdi” cümləsini xatırlayaq; müəllif fransız filosof Luis Altyusser.

OK! Hər kəsdə bir narazılıq var. Ekspressiv metod kimi “sosial şəbəkə hay-küyü” və ya “evdar narazılıq” seçimləri öndədir. Əsas olaraq anlamalıyıq ki, düşdüyümüz (ya da məhkum olduğumuz) bu şərait ‘a priori’ deyil axı. Bu cür düşünmək kifayət qədər idealist yanaşma olardı. Bəs nə etməli? İndiki halda (bu bizim vəziyyətə mütləq şəkildə aiddir) sualı bir kəlmə ilə cavablandırsaq, çox sadə: maariflənmək. Roza Lüksemburq’la davam edirəm: “Nəzəri bilik partiya daxilindəki bir ovuc “intellektual”ın imtiyazı olduğu müddətcə hədəfdən yayınma təhlükəsi həmişə olacaqdır. Yalnız, böyük işçi kütləsi elmi sosializmin kəskin və etibarlı silahlarını əlinə götürəndə bütün kiçik burjua cəhdləri və bütün fürsətcil axımlar boşa çıxacaqdır. Və beləcə hərəkat özünü sağlam bir platforma üzərində saxlaya biləcəkdir. Kütlə bunu bacaracaqdır.” Buradakı ‘kütlə’ni Fridrix Nitsşe’nin dönə-dönə vurğuladığı ‘kütlə psixologiyası’ndan mütləq fərqləndirməliyik. Altyusser’in ingilis kommunist partiyasının üzvü olan Con Lüis’ə cavabında dediyi kimi: “Tarixi formalaşdıran kütlələrdir”. Məhz həmin kütlələr ki, onları əli cibində şəhəri qarışlayan və özlərini apolitik adlandıran (halbuki bunu şüursuz bir ‘tərəfseçmə’ də adlandırmaq olar) şəxslər deyil, ‘siyasi yadlaşma’ klişesi altında gizlənməyən və öz taleyinin özündən başqa müqəddəratı olmadığını başa düşən fərdlər təşkil edir.

…və ‘şikayətlənərək məsuliyyətdən boyun qaçırma yolu’ndan Marksın köməyilə uzaqlaşırıq: “…şərait insanı formalaşdırdığı kimi, insan da şəraitə təsir edə və onu dəyişə bilər.”  

Sonda mahnının tərcüməsini təqdim edirik:

Günahkar insanlar zindana
İnsanlar yenə ayağa qalxıblar, biz yenə azadıq!
Çıxın tualetlərdən
Çıxın deşiklərdən
Çxın emalatxanalardan
Bir yerə yığışın!
Üsyanlar və döyüşçülər, öldürməyə icazə,
Dağlardan olan quldurlarla birləşin!
Pəncərələrinizi açın!
Qapılarınızı açın!
Beyninizi açın!
Azad düşüncəyə!

Yaşasın inqilab!

Qaldırın səsimizi, qaldırın bayrağımızı!
Sındırın həyatın heç vaxt olmayan simvollarını!
Yaşasın simvollar!
Yaşasın planlar!
Yaşasın ümidlər!
Yaşasın arzu!
Küçələrdəki karnavalda rəqs edin!
Qeyd edin indi qələbəni!
Şərabı varlı adamın çəlləyindən için!
Bu inqilab sonuncu olmayacaq!

Yaşasın inqilab!

SOLFRONT.ORG

Bir şərh yazın